Ev / Layihələr / İcra edilmiş layihələr / Uzaqda da uzaqlaşmayan dərdlərimiz (yol düşüncələri) IV hissə

Uzaqda da uzaqlaşmayan dərdlərimiz (yol düşüncələri) IV hissə

Image Bu səhər İran saytlarında oxumuşduq. Yazırdılar ki, millət vəkili, DAK sədri Sabir Rüstəmxanlı şiəliyi təhqir edib. Nədənsə bu uzaq körfəzdə həmin uydurmalar düşdü yadıma. Camaatın zəif damarını necə ustalıqla tuta bilirlər. Sahildəki tək oturacaqda oturub bu haqda danışır, bu yalanlara cavab verməyin zərurəti barədə düşünürük. Sonra yenidən gəmiyə doğru üzürük.

……..Axşamüstü Türkiyənin Avstraliyadakı səfiri zəng vurub görüşlərimiz haqda ətraflı məlumat aldığını dedi. Təşəkkür etdi və təəssüfləndi ki, əməliyyat olunduğundan işə çıxa bilmir və görüşlərimizə gələ bilməyib. O da Avstraliyada Azərbaycan səfirliyinin açılmasını vacib saydı. Konfransdan sonra iraqlı soydaşlarımızın radiosu da bizi dəvət etdi və orada da iki saatlıq maraqlı dialoqumuz oldu. Sakit okeanla Hind okeanının əhatəsində, dünyanın cənub yarımkürəsində yerləşən bu qitə-dövlətin ən böyük şəhəri olan Sidneyi ən çox olimpiya oyunlarında görmüş, bu qitə ilə də ən çox onda maraqlanmışdıq. Qalan vaxtlar Avstraliya deyiləndə daha çox dəvəquşu və kenquru düşür yadımıza. Avstraliya dövlətinin gerbində də ölkənin rəmzi olaraq bu iki canlı seçilib.
Ancaq etiraf edim ki, Avstraliyanı gəzəndə yadıma nə dəvəquşu düşürdü, nə də kenquru. çünki o kenquru və dəvəquşuların yaşadığı meşələrin təxminən 400 min hektara yaxın bir hissəsi yanırdı. Şimalda isə 2400-dən çox evi sel dağıtmışdı. Yanğında 4000-dən çox ev, bütöv qəsəbələr məhv olmuş, aralarında kıprıslı Atagün Ənvər də olan 200-dək adam alovun qurbanı olmuşdu. Başqa canlılar da bu fəlakətin içində idi. Yanğından qaçan kenqurular, seldən qaçan timsah və ilanlar evlərə doluşurdu. Hətta 3 metrlik bir timsah 5 yaşlı bir uşağı ata-anasının gözü qarşısında udmuşdu. Ancaq timsahların yumurtlama dönəmi olduğu üçün ”cinayətkar”ı əfv edib öldürməmişdilər.
Bütün ölkə ayaq üstə olsa da yayın istisində saatda 20 km sürətlə irəliləyən yanğının və qarşısına keçən hər şeyi yuyub aparan selin öhdəsindən gəlmək mümkün deyildi. ölənlərin, ev-eşiyini itirənləri hər gün sayı artırdı. Televiziyalar ailələrin faciəsini göstərirdi. İstər-istəməz bundan qat-qat ağır şəraitdə Ermənistandan, Qarabağdan qopan qaçqınlarımızı düşünürdüm. Onu da düşünürdüm ki, Avstraliyadakı yanğın söndürüləcək, o meşələr də yenidən yaşıllaşıb artacaq, o qaçqınlar da daha gözəl evlər tikib doğma meşələrinə-çöllərinə qayıdacaq. Heyvanlar da yenidən artıb çoxalacaq, kenqurular və dəvəquşular da öz məkanını başqasına verməyəcək. çünki Avstraliya dövlətinin ehtiyacı olmasa da, artıq bir yardım kampaniyası başlamışdı. İdman mövsümünün gur vaxtında ilk növbədə idmançılar, qaliblər və məğlublar hərəyə 100-150 min dollar yardım etdiklərini bəyan edirdi. İkincisi, xalq ayaq üstəydi və telekanallar millətdən para toplayanların səbətinə zərif əlləri ilə xırda qəpik-quruşlar salan körpələri qürurla göstərirdi. Qısa müddətdə 100 milyona yaxın pul toplanmışdı. Yanğın Melbrunun şimalında türklərin çox yaşadığı yerlərə yaxın olduğundan türklər də yardım edirdi.
Lakin türkün siyasi tənbəlliyi Avstraliyada da sorunlar yaradır. ”Yeni Vatan” qəzetindəki ”Toplumdakı vurdum duymazlıq nedir Tanrı aşkına?” yazısı bir haray idi: ”Şimdi soruyorum, kökəni türk və bir az da milli onuru olan bir avstraliyalı nasıl ediyor da böylə çirkin irticalar karşısında (ermənilərin və pontus rumluların Avstraliyada təbliğ etdiyi soyqırım iddiaları-S.R.) səssiz, təpkisiz qala biliyorlar? Bu sözdə yurdsevər-millətçilər, aydınlar ortaya milli-ulusal bir dava çıxdımı, həpsi köstəbək gibi yer altına çekiliyor. Amma rəsmi bir dəvət oldumu, bakıyorsunuz, hepsi ortada. Bu davetlerde boy göstərməsini yiyib-içməsini, laf əbəliyi yapmasını da çox iyi başarıyorlar. Türklərin tarixində vəhşətə dayanıb, heç bir katliam, soykırım olmadığını söyləyib, əksinə, amerikalıların qızıldərililərə, fransızların cəzairlilərə, Hitlerin yəhudilərə, Avstraliyanın aborigenlərə yapdıkları katliamları, soyqırımları onlara xatırlatmalıyız” (Hülusi Şener).
Nə Azərbaycana yaraşan sözlərdir! Suallarımız cavablarımızdan çoxdur. Hər kəsin öz taleyi, arzuladıqları ilə əldə etdikləri arasındakı fərq, cəmiyyətdəki ədalətsizlik, yolsuzluq, millətinin gələcəyi, Allahlı dünyada allahsızlığın getdikcə daha geniş meydan açması, nəhayət, ölümdən sonra olacaq və olmayacaqla bağlı bitib-tükənməyən sualları var. Hər ömrün doğurduğu, hər insanla yenidən təkrarlanan və cavabı aranmayan, ya da cavabsız suallar…
Dünyanı gəzdikcə beynimdə bir sual da dolanır və məncə, bu sual hər bir azərbaycanlını düşündürməlidir. Biz nədən beləyik? Niyə hər kəs ancaq özünü düşünür? Niyə toparlanaraq yurdumza, işlərimizə, rəftarımıza bir dürüstlük və ədalət gətirə bilmirik?
Avstraliyada gördüklərimdən sonra başqa suallar da yaranır. Görəsən Avstraliyada qaçqının, köçkünün itən yurdlarının bərpası üçün yığılan pulların bircə qəpiyinə göz dikən bir iqtidar, bir müxalifət, bir təşkilat, bir məmur, bir vicdansız tapılarmı? O dəqiqə dünyanın ən böyük sözləri ilə təriflədiyimiz Vətənimizdə millətin və dövlətin parası ilə kişi olub mal-mülk qazanan, şellənə-şellənə millətə üstdən aşağı baxan və onu adam yerinə qoymayanlar düşür yadıma.

Dünyaya cəmi 240 il öncə açılmış və o vaxta qədər yerli qəbilələrin ibtidai icma quruluşu səviyyəsində yaşadığı bu qitədəki həyat tərzi adamı heyrətə gətirir. Avstraliyadan da rahat, bəxtəvər, azad bir ölkə tapmaq çətindir. Şübhəsiz, buranın da öz çətinlikləri var. Ancaq ölkə mükəmməl bir qayda-qanun, kamil bir idarəçilik sistemi içindədir. Bu sistemin bir mühüm prinsipi var: ümumi razılıq əldə olunana qədər sürən dialoq. ölkənin müxtəlif vilayətlərindən parlamentə seçilən deputatların və senatorların sayı da, müxtəlif təmsilçilik payları da razılıqla müəyyənləşdirilir.
Sidney dünyanın ən gözəl şəhərlərindəndir. Kanberra da dünyanın ən sakit, hətta kənd dərəcəsində dinc bir paytaxtıdır. Onu da ümumi razılıqla yurd ediblər. Paytaxt olmaq uğrunda ölkənin ən iri şəhərləri – Sidneylə Melburn arasındakı mübahisələrə son qoyan bir qərar qəbul edilib, onların ikisindən də eyni uzaqlıqda, ikisinin arasında, yastı, meşəli təpəliklərdə yeni şəhər salınıb. Cəmi 240 il öncə kəşf edilmiş, 1901-ci ildən müstəqillik qazanmış bu vəhşi qitə nədən belə qurula, bu cür nizam içində yaşaya, insanlarına bu cür sayğı ilə yanaşa bilir, neçə min illik tarixi olan Azərbaycanda isə bu mümkün olmur?
Torpaq, su, dəniz, meşə, yol, dağ-daş hər yerdə eynidir. Maşın da, bitum da, qum, çınqıl da eynidir. Ancaq nədən Avstraliyanın, Qərb ölkələrinin yolları bu qədər səliqəlidir? Nədən küçə işığı yanmamış bir adam yolu keçməz, dayanacaq üçün icazə işarəsi olmayan yerdə kimsə maşın saxlamaz, şəhərlərdə siqnal verən, bir-birinə əsəbiləşən tapılmaz, dünyanın hər yerindən gələn adamların qarışqa kimi qaynaşdığı çimərliklərdə kiminsə bərkdən danışdığı eşidilməz, küçədə siqaret çəkən və ya keflənib meymunluq edən görməzsən? Hər yerdə ideal əmin-amanlıq var. Bizsə tam bir xaosun içindəyik. Avstraliya şəhərləri təmizlik baxımından Avropa və Amerika şəhərlərinin əlinə çöp verər. Nəinki şəhərlər, okean körfəzləri, meşələrarası yollar da belədir. Bir adam yerə bir kibrit çöpü atmaz. Amma bizdə hər kəs evini yığışdırıb küçəyə vızıldadır. Sidneydə də uca evlər tikilir. Ancaq hansı gözəllikdə! Orada da yollar çəkilir – səkiləri mərmərdən! Bütün səkilərdən uşaq və əlil arabalarının keçməsi üçün yerlər qoyulur. Təkrelsli balaca qatar mərkəzi küçələri dolanıb keçir. Hiss olunmadan, yolları daraltmadan. Bu boyda meşələri olan ölkədə şəhər meri bir ağacı kəsə bilməz. Parkların ucu-bucağı görünmür. Kimsə cəsarət edib onlardan birini hasara ala, milləti kor sayaraq ağaclarını bir gecədə doğrayıb tökə bilməz. Bakıda isə il boyu ağac qırğınıdır. Elə bil dədələri əkibmiş. Bir ucdan bağları işğal edir, bərpa adına millətin pullarını mənimsəyirlər. Bu – müsəlman Şərqi, o da ”pozğun” Qərb və ya ”vəhşi” Avstraliya!
Avstraliyanın qızmar yayından Bakının yağışlı-soyuq günlərinə düşdüm və təsadüfən bir neçə qəsəbəyə gedəsi oldum. Dərnəgül, Nardaran, Zabrat, Maştağa, Bilgəh… Harda çökək varsa, dənizə dönüb. Keçmək mümkün deyil. Bu nə fəlakətdir? Bu qədər pullar xərclənir. Bu yolçəkənlər düşünmürmü ki, Bakıya da yağış yağır? Niyə şəhərin və ətrafın alt yapısı bu cür biabırçı vəziyyətdədir? Dünyanın hansı şəhərində torpağı abadlaşdırmadan, planlaşdırmadan, qazını, işığını, kanalizasiyasını çəkmədən insanlara paylayırlar? Hansı paytaxtın ətrafında bu qədər plansız, əyri-üyrü yollar, bu qədər keçilməz hasarlar, bu qədər ”qala divarları” var? Kim haranı istəyir, zəbt edir, kəsir-doğrayır. Bir də görürsən millətin yüz illərlə istirahət etdiyi bir qayalıq dönüb kiminsə evinə, kiminsə ticarət mərkəzinə çevrildi, təbiət abidəsi olan bir təpə birinin hasarına salındı. Vaxtilə Bakının ”Kubinka” adlı bir ”güllü dərəsi” vardı. İndi onlarladır. Zeytun, badam, üzüm bağları daş hasarların və imarətlərin altında məhv edildi. Hava tutulan kimi Bakının beş addımlığında qaz, işıq yoxa çıxır. Azərbaycanın ən ucqar kəndləri də paytaxtın ətrafından daha abaddır. Bu düşmən münasibətin kökünü harada axtarmalıyıq? Vərdiş edib yaşayırıq. Dözürük. Ancaq bir az aralıdan baxanda adamı heyrət götürür.
Qənaət üçün mənzil tipli bir oteldə, Sidneyin okeana yaxın yerində yaşayırıq. Əsl ev şəraitidir. Ayrı-ayrı otaqlar, ümumi salon, mətbəx. Birdəfəlik bazarlıq edib ərzağımızı soyuducuya yığmışıq. Restoran bədxərcliyinə yol verə bilmərik. Bu işlərdə Firidun bəyin səriştəsinə söz ola bilməz. Əslində bu mənzildə keçirdiyimiz günlər, söhbətlər, yol yoldaşlarımın zarafatları ayrıca bir yazının mövzusudur. Təbriz hazırcavablığı, Azərbaycanın gələcəyi ilə bağlı ümid və arzular, Əjdər bəyin İran həbsxanalarında çəkdikləri ilə bağlı xatirələr, keçdiyimiz mübarizə yolları, taleyimizlə bağlı kitablar, yollarda görüb tanıdığımız insanların maraqlı taleləri… Gərək diktofon qoyub hamısını yazasan. çünki bu qürbət söhbətlərinin öz havası, öz gözəlliyi var.
Əslində boş vaxtımız qalmamışdı, ancaq bura gəlib Sidneyin zümrüd örtüklü məşhur Opera Teatrını, Eyfel qülləsi ilə müqayisə edilən körpüsünü, okean altındakı akvariumunu görməmək günah olardı. İstirahət axşamları Sidney gənclər tərəfindən ”işğal” edilir. Buna ”sevgi işğalı” da demək olar. Qabıqdan çıxmış evkalipt ağaclarının qol-budağı kimi ağaran uzun çılpaq ayaqlar, çılpaq qollar küçələri doldurur, elə bilirsən şəhər ağ bir hörümçək toruna düşüb və bu tordan heç vaxt çıxa bilməz. Küçə və meydanlarda, sahillərdə sərbəst uçuşan, ayaqlar arasında dolaşan qağayılarla gənc qızlar bir-birinə qarışır. Bura bir gözəllik şəhəridir. özəlliklə yayda küçə və meydanlarda yaşlı adamlar, demək olar ki, gözə dəymir. İşləyənlər, istirahət edənlər, dünyanın uzaq guşələrindən uçub gələnlər hamısı gənclərdir.
İnsanların azadlığı, sərbəstliyi, istədiyi kimi geyinib-kecinməsi, dincəlməsi və bu boyda azadlığın içindəki dinclik, yüksək mədəniyyət, gülər üz, xoş rəftar qibtə doğurur. çünki bu sərbəstlik və azadlıq bir əxlaqsızlıq, bədən alveri anlamını daşımır. İynə atsan yerə düşməyən çimərliklər də belədir. Qayalar dibində, dənizdən qoparılıb hasarlanmış sahil hovuzlarının suyunu qabarıb-çəkilən okean özü dəyişir. Dalğadan qaçanlar o hovuzlara üz tutur. Gənclərsə su xizəklərində dalğalarla çarpışır. İsti havalarda çimərliklər o qədər dolu olur ki, qum üstündə yer tapmaq çətinləşir. Amma ucsuz-bucaqsız bu sahillərdə yerə atılmış bir zibil görməzsən.
Avstraliya idman ölkəsidir. Səhər tezdən dəniz qırağına çıxanda gördüyüm bir mənzərə isə burada uşaqların sağlamlığına necə fikir verildiyini göstərir. Bütün sahil dəstə-dəstə uşaqlarla dolu idi. Hər dəstədə 100-150 uşaq. Okean yayın ortasında da soyuqdur. Buna baxmayaraq üzgüçülüklə məşğul olan uşaqları hər gün bu soyuq dalğaların arasında məşq elətdirirlər. Geri dönməzdən öncə görüşdüyümüz rəsmilərə məktub yazıb yanğının və selin gətirdiyi faciələrdən dolayı onların kədərinə şərik olduğumuzu bildirərək başsağlığı verməyi özümüzə borc bildik. Axırıncı gün İmadəddinin dostu Yaşar həkimin gəmisi ilə Sidney körfəzində gəzintiyə çıxdıq. İstanbul boğazını xatırladan körfəz qitənin içinə doğru uzanır. üstündən nəhəng körpülər salınıb. Sahilləri gözəl villalar bəzəyir.
Yaşar bəy Trabzon ətrafındandır. 20 ildir Sidneydə yaşayır. özəl klinikasında 30 həkim çalışır. Körfəzin ən gözəl yerində şəxsi villası və gəmisi üçün dayanacağı var. Görüşəndə elə bildik neçə ilin dost-tanışıyıq. Hazırlıq vaxtı İmadəddin ”Sən ayrı tədarükü gör, buzu biz gətirərik” dedi. Yaşar bəy etiraz etdi: ”Olmaz! Azərbaycandan qos-qocaman millət vəkili gələcək, sən də yanında buz daşıyacaqsan”. Gəmidə 3 köməkçisi var. Hulki bəy 20 il Almaniyada yaşayıb, Firidun bəyi görən kimi öz almancasını işə salır. Körfəzin gözəl mənzərələri bir-birini əvəz edir. Yaşar bəy üzmək istədiyimizi eşidən kimi gəmini sakit bir sahilə yönəltdi. Suya baş vurdum və sahilə doğru üzdüm. Həkim öncə narahatdır. Göyərtədə dayanıb baxır: bu boyda məsafəni üzə biləcəmmi, yoxsa arxamca gəlməlidir? Sonra arxayınlaşdı. Ağappaq narın qumu olan bu kimsəsiz sahil əsl istirahət yeridir. Qırağa çıxan kimi diqqətimi cəlb edən, yamacı bürüyən böyürtkən kolları oldu. Şirələnmiş salxımlar budaqlara ağırlıq edir. Bizdə isə qışın ortasıdır. Dadına baxıram. Heç bir fərqi yoxdur. Əjdər də üzüb gəlir: ”Nə yeyirsən?” ”Yardımlı böyürtkəni”- deyirəm.
Bu səhər İran saytlarında oxumuşduq. Yazırdılar ki, millət vəkili, DAK sədri Sabir Rüstəmxanlı şiəliyi təhqir edib. Nədənsə bu uzaq körfəzdə həmin uydurmalar düşdü yadıma. Camaatın zəif damarını necə ustalıqla tuta bilirlər. Sahildəki tək oturacaqda oturub bu haqda danışır, bu yalanlara cavab verməyin zərurəti barədə düşünürük. Sonra yenidən gəmiyə doğru üzürük.
Yaşar bəy Türkiyənin indiki yönəticilərindən narazıdır. İctimai proseslər barədə bir çox fikirlərimiz üst-üstə düşür. Qaradəniz türklərinin dəlisidir. Qürub vaxtı gəminin burun tərəfində oturub gözləri yol çəkə-çəkə gur, amma kövrək bir səslə türkünü türküyə qoşur:

Burda ölməyəcəyəm
Bir gün dönərəm əlbət,
Doğru deyirəm, yavrum,
Zor gəldi mənə qürbət.
Qürbətdə pərişanım,
Dağlar qədər peşmanım,
Dön gəl mənə, dönəyim
Yoxdu qapı çalanım.
Yalnızam qürbət eldə,
Qızlar gəzər çevrəmdə
Səni unudamadım,
İstəyin hələ məndə.

Bu sadə sözləri və təsirli melodiyanı Türkiyədən bu qədər uzaqda dinləmək asan deyil, adamı yandırıb-yaxır. Yaşar bəysə davam edir:

Lənət yağdıracağam
Amerikanın səsinə,
Hamısı qurban olsun
Yeni türk lirəsinə.
Parasının üstündə
Var kilsənin papazı,
ömrümün çoxu keçdi,
Qaldı geriyə azı.
Almaniya dedik-dedik,
Sən dedin də nə oldu?
Dön də gəl vətəninə,
Türkiyəm cənnət oldu.

…Bu qəmli türkülərlə Yaşar bəy bizimlə, biz isə Avstraliya ilə vidalaşırdıq…
Bakı-Moskva-Sidney-Kanberra-Bakı / Yeni Müsavat /

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə Azərbaycanda səfərdə olan dünya şöhrətli ziyalı Rza Bərahani gənc yazarlarla görüşdü

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, ...

Kommentera