Ev / Həmsədrlər / Müsahibələr / “Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Qəzvin Həmədan vilayətləri Azərbaycanın öz tarixi ərazisidir”

“Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Qəzvin Həmədan vilayətləri Azərbaycanın öz tarixi ərazisidir”

Sabir Rüstəmxanlı: ”Bizim əlimizə silah alıb İran adlanan yerlə vuruşmaq, onun daxili işlərinə qarışmaq kimi bir niyyətimiz yoxdur. Sadəcə olaraq orada yaşayan soydaşlarımızın hüquqlarını müdafiə edirik”

”Bunun üçün mətbuatın inkişafına, informasiya sisteminin genişlənməsinə və Güneydə yaşayan vətəndaşlarımızın öz hüquqlarını daha yaxşı bilmələri üçün həyata keçirilən işlərin strukturunun genişləndirilməsinə çalışırıq”

Image Ermənistanla diplomatik münasibətlər qurmaq istəyən Türkiyə hökumətinin Dağlıq Qarabağ məsələsində tutduğu mövqe anlaşılmalıdır. Bu günə qədər rəsmi Ankara ”Azadlıq” radiosunun yaydığı ”Türkiyə Dağlıq Qarabağ şərtindən imtina edir” xəbərinə münasibət bildirməyib. AKP hökuməti Türk Dünyasının, Azərbaycanın maraqlarına zidd siyasətini davam etdirə biləcəkmi? Suallarımızı DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı cavablandırır.

– Sabir bəy, bu yaxınlarda Dünya Azərbaycanlıları Konqresinin (DAK) Avstraliya səfərinin nəticələri ilə bağlı təşkil etdiyiniz mətbuat konfransında qeyd etdiniz ki, orada yaşayan azərbaycanlı tələbələrin xahişilə Avstraliyada Azərbaycan səfirliyinin açılması ilə bağlı prezidentə müraciət edəcəksiz. Sözügedən məsələnin gerçəkləşməsi nə dərəcədə realdır?

– Bu, prezidentin sərəncamı ilə həll olunan bir məsələdir. Məsələ ilə bağlı təklif planı Milli Məclisin təsdiqinə göndəriləcək. Hər halda bu, çox mühüm bir məsələdir. Mən bununla bağlı hökmən öz fikrimi bildirəcəm. İctimaiyyətə, müvafiq dövlət strukturlarına Avstraliya parlamentindəki görüşlərimiz haqqında ətraflı məlumat verəcəm. Ola bilsin ki, Xarici İşlər Nazirliyinə də təklif göndərək. Amma təklifin gerçəkləşmək imkanı realdır.

– DAK-ın fəaliyyəti ilə bağlı müxtəlif xarici ölkələrdə olursuz. Həmin ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiz? Bununla bağlı mövcud durumu qənaətbəxş hesab etmək olarmı?

– Bizim diasporamız başqa ölkələrin diaspora təşkilatlarına nisbətən çox gəncdir. Odur ki, hələ istədiyimiz səviyyədə fəaliyyət göstərə bilmirlər. Yəni öz içimizdə necə birləşmə problemi varsa, diaspora daxilində də bu problemlər mövcuddur. Belə ki, müxtəlif dərnəklər bir araya gələ bilmirlər, Azərbaycanla bağlı kifayət qədər məlumatları olmur. Eyni zamanda diaspora komitələrində fəaliyyət göstərənlərin bir qisminin təhsil səviyyəsi imkan vermir ki, onlar kifayət qədər ciddi iş aparsınlar. Bu çatışmazlıqlar var. Amma bununla belə, Azərbaycan diasporası çox sürətlə inkişaf edir. Xüsusən də Diasporayla İş üzrə Komitəsinin yaranması, Heydər Əliyevin təşəbbüsü ilə keçirilən dünya azərbaycanlılarının birinci qurultayı, həmçinin Azərbaycan və Türkiyə diasporalarının birgə qurultayı, dövlətin diasporanın fəaliyyəti ilə yaxından maraqlanması və s. Bütün bunlar diasporanın səviyyəsini ildən-ilə artırır. Ən önəmlisi dövlətin olmasıdır. Vaxtilə dövlət yox idi və diaspora komitələrinin əli-qolu bağlanmışdı. Bu gün dövlət var və diasporaların fəaliyyətinə yaxından kömək edir, işlərində dəstəkləyir, müvafiq informasiya ilə təmin edir. Onlar sərbəst şəkildə Azərbaycana gəlib-gedə bilirlər. Onu da qeyd edim ki, dövlət qayğısını gördükdə onlar daha ürəklə işləyirlər və fəaliyyətləri də genişlənir.

– Xarici ölkələrdə fəaliyyət göstərən türk və Azərbaycan diasporalarının münasibətləri necədir? Birgə tədbirlər keçirirlərmi? Milli Televiziya və Radio Şurasının türk filmlərinin yayınına qoyduğu qadağa ilə bağlı qərar onlar arasında soyuqluq yaratmayıb ki?

– Azərbaycan dili inkişaf etməlidir. Mən Azərbaycanda yaranmış ictimai təşkilatın, Azərbaycan Dil Qurumunun başçısıyam. Amma bu dili türk dilini kənarlaşdırmaq hesabına inkişaf etdirmək lazım deyil. Buna gərək yoxdur. Əksinə, televiziya kanallarında türk dilində proqramların getməsi, ortaq ünsiyyət dilinin yaranmasına kömək edər. Bir yandan Türkiyə və Azərbaycan diaspor təşkilatları ilə görüşəndə dövlət başçıları tərəfindən qərar çıxarılır ki, ortaq dil, ortaq əlifba yaranmasında birgə fəaliyyət göstərmək lazımdır. Bir yandan da buna mane olan rəsmi qərar çıxarılır. Bu, dövlətin milli və ideoloji xəttinə tamamilə zidd olan bir addımdır və mən bunu qətiyyətlə pisləyirəm. Onsuz da kabel televiziyaları vasitəsilə kim istəyirsə türk kanallarını izləyə bilir. Amma Azərbaycanda normal səviyyəli türk serialları əvəzinə, indi dövlətçiliyə uyğun olmayan, Rusiyanın və digər xarici ölkə istehsalı olan çoxlu sayda filmlər tərcümə olunaraq yayınlanır. Həmin filmlər də Azərbaycan mənəviyyatına çox az şey verir və buna zərbə vurur. Mən bu cür addımların Türkiyə və Azərbaycan arasında soyuqluq yaradacağına inanmıram. Düzdür, Türkiyə hakimiyyətinin son illərdə apardığı siyasət və Azərbaycanda da müəyyən ermənipərəst, iranpərəst, ruspərəst qüvvələrin açıq-aşkar türk düşmançılığı təbliğatı və bu düşmənçiliyə xidmət edən qəzetlərin çıxması və bu tipli fərmanların verilməsi heç vaxt Türkiyə-Azərbaycan əbədi dostluğunu poza bilməz. Əksinə, bu cür addımlar insanları daha çox düşünməyə vadar edir və həm Azərbaycanda, həm də Türkiyədə yaşayan insanlarımız dostu ilə düşmənini daha yaxşı seçir.

– Bildiyiniz kimi, son vaxtlar Türkiyə-Ermənistan yaxınlaşması ilə əlaqədar olaraq, Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyi məsələsində müxtəlif fikirlər səsləndirilir.

– Əgər siz Barak Obama, Abdulla Gül və Ərdoğanın telefon danışıqlarının mətnləri ilə tanış olsanız görərsiz ki, yarım saatlıq bir telefon danışığında ən ciddi məsələlərdən bir kimi Türkiyənin Ermənistanla münasibətləri yaxşılaşdırmasının əhəmiyyəti qeyd olunur. Görünür, erməni diasporunun təsiri ilə Amerikada yeni seçilmiş prezident belə Türkiyə və Ermənistan sərhədlərinin açılmasında maraqlıdır. Mənə elə gəlir ki, Türkiyə rəsmiləri, baş nazir və prezident Obamanın bu təklifinin qarşısında həmən cavab verməli və tələb etməli idilər ki, ABŞ da Ermənistana təsir etsin ki, işğal olunmuş torpaqlardan çıxsın. Azərbaycan məsələsi bizim tale məsələmizdir. Mən inanmıram ki, onlar bu sözləri deyələr. Mən onlardan bu cəsarəti gözləmirəm. Amma hər halda mən Türkiyə televiziyalarındakı çıxışlarımda da dəfələrlə demişəm. Türkiyə heç Dağlıq Qarabağ məsələsini dilə gətirmir. Bu məsələni minnət kimi boynumuza qoymasın. Bir şey aydındır ki, Türkiyədə Azərbaycana biganə münasibət bəsləyən məmur hakimiyyətdə uzun müddət qala bilməz. çünki Azərbaycan hər bir türk vətəndaşının ürəyindədir. Türkiyə Dağlıq Qarabağ məsələsini bir kənara qoyub, başqa şey deməli idi. Türkiyə deməli idi ki, Ermənistan ilk növbədə mənim sərhədlərimi, ərazi bütövlüyümü tanımalıdır, mənə qarşı torpaq iddialarından əl çəkməlidir, yalançı soyqırım iddialarından əl çəkməlidir, öz dövlət simvolundan Ağrıdağın rəsmini götürməlidir. Ancaq bu məsələləri deyəndən sonra Türkiyə Ermənistanla bir masa arxasında otura bilər. Türkiyə bunları da demir. İlk əvvəl bu məsələlər gündəmə gətirilməlidir. O ki, qaldı Qarabağ məsələsinə, bu, çox ciddi bir məsələdir. Amma çox təəssüf ki, Türkiyə Qarabağ probleminin həllində əlində olan imkanlardan vaxtında istifadə edə bilmədi. Bundan sonra Türkiyənin diplomatik səyləri genişləndirməsi, əslində Minsk qrupunun səylərindən bir o qədər də fərqlənmir. Onlar da qarşılıqlı güzəşt tərəfdarıdırlar, Türkiyə də. Azərbaycan nəyi güzəştə gedə bilər? 7 rayonumuz işğal olunub. Bu rayonların ermənilərə nə dəxli var? Ermənilər bir an öncə oranı tərk etməlidirlər. Yalnız bundan sonra oturub Dağlıq Qarabağdakı ermənilər və onların statusu haqqında danışa bilərik. Amma indi dünya ictimaiyyəti özünü elə aparır, elə bil Dağlıq Qarabağ Ermənistanın ərazisi imiş.

– İran adlanan yerin son vaxtlar Azərbaycanla bağlı apardığı siyasət barəsində nə deyə bilərsiz?

– İran adlanan yer açıq-aşkar bizə meydan oxuyur. Beyinləri zəhərləyir. Hətta iş o yerə çatıb ki, Nardaranda, cənub zonasında olanlar özlərini İran adlanan yerin vətəndaşı hesab edirlər. Mən onlarla tez-tez görüşürəm və bunu öz gözlərimlə görürəm. İran adlanan yer qonşuluq deyil, düşmənçilik yolu tutub. Bu onun istər daxili, istərsə də xarici siyasətində özünü göstərir. İnsanları maarifləndirmək lazımdır. Onları İran adlanan yerin zərərli təsirlərindən qorumaq lazımdır. Bizim fəaliyyət prioritetlərimizdən biri də məhz bununla bağlıdır. Hətta mənim haqqımda ölüm fətvası verənlər barədə belə mən heç bir şikayət etmədim və bunu hüquq-mühafizə orqanlarının öz öhdəçiliyinə buraxmışam. Sadəcə mənim yeganə tələbim odur ki, mənə bu fətvanı verənlər üzr istəməlidirlər. Əminəm ki, həmin əməllər də İran adlanan yerin mənfur qüvvələrinin təsiri ilə törədilir. Elə bircə ”Səhər” televiziya kanalınının fəaliyyətini xatırlatmaq kifayətdir ki, deyilənlər sübut olunsun.

– Güney Azərbaycanda soydaşlarımız ana dili uğrunda kampaniyaya başlayıb. DAK öz fəaliyyəti ilə onlara necə yardım edir?

– Güney Azərbaycan tarixi torpaqlarımızdır. Ora bizim öz ərazimizdir. Orada yaşayanlar öz doğma ərazilərində yaşayırlar. Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Qəzvin Həmədan – bu 6 vilayət Azərbaycanın öz tarixi ərazisidir. Bəlkə də Quzey Azərbaycan ərazisindən də qədim tarixi var. Əslində Tehran da qədim türk torpağıdır. DAK öz fəaliyyəti ilə onlara hər zaman arxa, kömək durur. Bununla bağlı İran adlanan yerin mətbuatı ilə də işləyirik. Xarici ölkələrdə səfərdə olarkən orada baş verənləri dünya ictimaiyyətinin diqqətinə çatdırırıq. Biz diplomatik yollarla mübarizə aparırıq. Bunun üçün əlimizə silah alıb İran adlanan yerlə vuruşmaq, onun daxili işlərinə qarışmaq kimi bir niyyətimiz yoxdur. Biz sadəcə olaraq orada yaşayan soydaşlarımızın hüquqlarını müdafiə edirik. Bunun üçün mətbuatın inkişafına, informasiya sisteminin genişlənməsinə və Güneydə yaşayan vətəndaşlarımızın öz hüquqlarını daha yaxşı bilmələri üçün həyata keçirilən işlərin strukturunun genişləndirilməsinə çalışırıq / Aygün Telmanqızı, Olaylar /

Həmçinin bax!

DAK rəhbərliyi Şərqi Türküstanta baş verən hadisələrə münasibətini açıqlayıb

Sabir Rüstəmxanlı: ”Bu faciə uyğurların taleyində yeni bir dönüş nöqtəsi olacaq” ”Bu ilin payızında, inşallah, ...

Kommentera