Ev / Xəbərlər / Siyasi xəbərlər / tənzilə rüstəmxanlı «mandata doğru uzanan yolda» niyə büdrədi?!

tənzilə rüstəmxanlı «mandata doğru uzanan yolda» niyə büdrədi?!

Türkçülük dəyərlərini lokal maraqları reallaşdırmaq vasitəsinə çevirməyin acı sonluğu

Azad və ədalətli şəraitdə keçən parlament seçkiləri Azərbaycanın ən yeni tarixində demokratik inkişaf istiqamətində mühüm addımlardan biri kimi qaldı. Seçicilərinin real dəstəyini əldə edən deputatlığa namizədlər uğur qazanaraq deputat mandatı qazandılar. Bu seçkilər bəzi səciyyəvi cəhətləri ilə ölkədə radikalizmin tam süqutunun əyani təsdiqi olmaqla yanaşı, həm də mandat umsuqlarının siyasi riyakarlığını nümayiş etdirdi.

Bəli, 1 noyabr seçkiləri göstərdi ki, seçki kimi mühüm siyasi prosesə hələ də «eksperiment» kimi yanaşan, imkanları ilə iddiaları tərs mütənasiblik təşkil edən, real situasiyanı dəyərləndirə bilməyən, ciddi­lik­dən uzaq olan insanlar var. Belələrindən daha da pisi isə seçki yarışına öz cılız iddialarını reallaşdırmaq üçün atılan, bu yolda bütün dəyərlərin üstündən xətt çəkməyə hazır olan bəzi “tanınmışların” qoşulması idi.

Seçkilərə bu cür fürsətcilliklə qoşulanlardan biri də «Azər-Turk» qadınlar cəmiyyətinin sədri, özünü “türkçü” elan edən, əslində isə türkçülük dəyərlərini lokal maraqlarını reallaşdırmaq vasitəsinə çevirməyə çalışan Tənzilə Rüstəmxanlı idi. Elə buradaca qeyd edək ki, siyasi imici birmənalı olmayan bu xanım özünü qatı türkçü, millətsevər kimi göstərməyə, bu yolla cəmiyyətin müəyyən kəsiminin rəğbətini qazanmağa çalışsa da, buna heç zaman nail ola bilməyib. Təkcə ona görə yox ki, yaratdığı «Azər-Türk» qadınlar cəmiyyətinə nəinki Azərbaycan, ümumən türk qadınlarının adından çıxış etmək səlahiyyətini kimsə verməyib. Həm də ona görə ki, qrant marağı güdən qeyri-hökumət təşkilatı statutusundan uzağa gedə bilməyən bu qurum Tənzilə Rüstəmxanlı üçün reabilitasiya və özünüreklam vasitəsinə çevrilib. Fəaliyyəti populist bəyanat və çıxışlardan uzağa getməyən bu qurum indiyədək türkçülük dəyərlərinin real təbliğinə, türk xalqlarının mədəni inteqrasiyasına xidmət edən hansısa real layihə və təklif ortaya qoymayıb.

Türkçülük dəyərlərindən dəm vuran Sabir və Tənzilə Rüstəmxanlılar hər dəfə Milli Məclisə seçkilər ərəfəsində nümayiş etdirdikləri davranışlarla cəmiyyətdə isterik vəziyyətə düşüblər. «Azər-türk» qadınlar cəmiyyətinin sədri hər dəfə parlament seçkilərində iştirak etməməsini həyat yoldaşı Sabir Rüstəmxanlıya böyük güzəşt kimi izah etməyə çalışıb. Dolayısı ilə ona işarə edib ki, bir ailənin 2 üzvünün – tanınmış ər-arvadın eyni zamanda parlamentə düşməsinə (seçilməsinə yox!) xeyir-dua verilməz.

Halbuki seçkilərdə iştirak da, real seçici səsi qazanıb seçilmək də hər bir vətəndaşın müstəsna hüququdur. Və Tənzilə xanım da parlamentə real seçilmək imkanının olduğuna inansaydı, yəqin ki, bu əcaib və əsassız yanaşmasını heç zaman ictimailəşdirməzdi. Lakin Tənzilə Rüstəmxanlı açıq-aşkar deyirdi ki, həyat yoldaşı Sabir Rüstəmxanlının deputat seçilmək arzusu onun mandat qazanmaq iddialarına ciddi sipər çəkir.

Son parlament seçkiləri ərəfəsində bu sərsəm fikir yenə gündəmə gəldi. Tənzilə Rüstəmxanlının deputatlıq məsələsində həyat yoldaşı Sabir Rüstəmxanlıya  güzəştə getmək niyyətində olmadığı barədə xəbərlər birincinin seçki piarı kimi bir çox saytlarda tirajlandı. Türkçülük dəyərlərinə, mental ənənələrə tapındığını iddia edən qadın mandat naminə mediada öz həyat yoldaşına meydan oxuyurdu. Sabir Rüstəmxanlının seçkilərdə iştirak etməyəcəyi bəlli olandan sonra isə Tənzilə Rüstəmxanlı özünü “mandata doğru uzanan yolda” ən ciddi baryeri adlamış kimi göstərməyə başlıdı.

Əlbəttə, ciddi seçki mübarizəsində populizmə və avantüraya yer olmadığı Azərbaycan təcrübəsində dəfələrlə təsdiqini tapıb. Seçkilərə qatılan hər kəs real imkanlarını, elektoratını dəyərləndirməyi bacarmalı, düzgün qərar verməlidir. Mətbuatdakı pafoslu çıxışlarından, məhdud çevrədə tanınmasından eyforiyaya qapılan Tənzilə xanım isə birdən-birə Sumqayıt seçicilərinə üz tutaraq deputatlıq kimi ciddi bir iddia ortaya qoydu. Lakin çox az sonra – qeydiyyat mərhələsində lazımi sayda imzanı yığa bilmədiyi üçün namizədliyi Dairə Seçki Komissiyasında təsdiqlənmədi. MSK-ya şikayət etsə də, imzalarının böyük əksəriyyətinin etibarsız və saxta olduğu məlum oldu. Əlbəttə, Tənzilə Rüstəmxanlı bu qərardan narazı olduğu halda məntiqlə «hüquqlarının müdafiəsi» məqsədilə məhkəməyə müraciət eməli idi. Amma görünür, haqlı olmadığını, üstəlik Sumqayıt şəhərindən deputat seçilmək imkanlarının sıfra bərabər olduğunu görərək sosial şəbəkələrdəki statusları ilə hakimiyyətə qarşı aşkar təhdid və şantajlara keçdi.

«Zahidin bir barmağın kəssən, dönüb həqqdən qaçar». Bir tərəfdən həyat yoldaşının mandatdan kənarda qalmasını, digər tərəfdən isə özünün labüd uğursuzluğunu həzm edə bilməyən Tənzilə Rüstəmxanlı facebook sosial şəbəkəsindəki statusunda guya hakimiyyətin «böyük haqsızlığına məruz qaldığını», bu üzdən türk dünyası tərəfindən dəstəkləndiyini iddia etdi. Sabir Rüstəmxanlının deputat seçildiyi dönəmlərdə “ağzına su alıb duran” Tənzilə xanım son parlament seçkilərinin şəffaflığına və demokratikliyinə şübhə salmağa xidmət edən qeyri-hüquqi, əsassız açıqlamalarla çıxış etməyə başladı. Bir daha təsdiqləndi ki, əslində, onun ictimai fəaliyyəti də ümumtürk birliyinə, cəmiyyətin həmrəyliyinə, bütpvlüyünə deyil, cılız şəxsi məqsədlərə xidmət edir.

Ruslarla yaxşı məsəl var: deyirlər, yarımçıq hamiləlik olmur. Bizim  cəmiyyətdə də özünü həm hakimiyyətə, həm də müxalifətə yaxın göstərməyə çalışan, ortada var-gəl edən adamlara çox rast gəlinir. Son parlament seçkilərinədək Tənzilə Rüstəmxanlı da belə bir mövqedə görünürdü. Amma ailəliklə üzləşdikləri uğursuzluq fonunda əsl siyasi mövqeyini pərdələyə bilmədi…

İqtidardakı müəyyən məmurlar vasitəsilə imtiyazlar əldə etməyə çalışan, övladlarını vəzifələrə yerləşdirən, hətta mandat qazanmağa şirniklənənlərin maskası artıq yırtılıb. Belələrinin mövcud iqtidarın əleyhinə ittihamlar səsləndirməsi, özünü haqq-ədalət fədaisi kimi qələmə verməyə çalışması ən yaxşı halda ikrah doğurur. xəbərservis / Aysel Çağlayan

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016