Ev / Tədbirlər / Həyata keçirilmiş tədbirlər / Seyid Cəfər Pişəvərinin anadan olmasının 117-ci ildönümü qeyd olundu

Seyid Cəfər Pişəvərinin anadan olmasının 117-ci ildönümü qeyd olundu

Image

Sabir Rüstəmxanlı: ”AMEA-nın nəzdində Güney Azərbaycan Araşdırma İnstitutu yaradılmalıdır”

Əjdər Tağızadə: ”Pişəvəri Güney Azərbaycanda dövlətçilik ənənəsinin əsasını qoyan bir şəxsiyyətdir”

Avqustun 26-da saat 14:00-dan 16:00-dak Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda (bu otaq Seyid Cəfər Pişəvərinin iş otağı olub) 1945-1946-cı illərdə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin banisi Seyid Cəfər Pişəvərinin anadan olmasının 117-ci ildönümü münasibətilə ”Dəyirmi masa” keçirildi. AMEA-nın Şərqşünaslıq İnstitutu, Dünya Azərbaycanlıları Konqresi (DAK) və 21 Azər Təşkilatının təşəbbüsü və təşkilatçılığıyla keçirilən tədbirdə tədqiqatçı-alim Əkrəm Rəhimlinin Seyid Cəfər Pişəvəriyə həsr olunmuş kitabı da iştirakçılara təqdim edildi. DAK Idarə Heyətinin üzvü Səftər Rəhimli, DAK Gənclər Təşkilatının sədri Samir Turan, DAK Nəzarət-Təftiş Komissiyasının sədr müavini Samir Əsədli, DAK Mətbuat Xidmətinin əməkdaşı Real Cəfərli, VHP üzvləri, DAK gəncləri, Azərbaycanın tanınmış tarixçi alimləri, siyasi, ictimai xadimləri, diaspor təşkilatlarının rəhbərləri, yazarlar, tələbələr, güneyli-quzeyli fəallar və s. qatıldığı konfrans Seyid Cəfər Pişəvərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasıyla öz işinə başladı.

Tədbiri AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva açaraq bildirdi ki, 26 avqust Güney Azərbaycan Milli Hərəkatının simvoluna çevrilmiş bir şəxsiyyətin – Seyid Cəfər Pişəvərinin ad günüdür: ”Bilirsiniz ki, Azərbaycan xalqı tarix böyu azadlığa can atıb. Azərbaycanın Quzeyində 1918-ci ildə Xalq Cümhuriyyəti qurulduğu kimi, Güneydə də 1905-1911-ci illərdə Məşrutə İnqilabı (Səttarxan hərəkatı), 1920-ci ildə Azadistan dövləti (Şeyx Məhəmməd Xiyabani hərəkatı) və 1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Milli Hökumət yaradılıb. Onların hamısı xəyanətlər nəticəsində süquta uğramasına, qan içində boğulmasına baxmayaraq, ikiyə bölünmüş xalqımızın taleyində böyük rol oynamış və iz qoymuşdur. Bunun nəticəsi olaraq, 1991-ci ildə Azərbaycanın Quzeyində müstəqillik əldə olunub”. Onun sözlərinə görə, Əkrəm Rəhimlinin Pişəvəriyə həsr etdiyi kitabda Milli Hökumətin banisinin həyat və yaradıcılığı, siyasi fəaliyyəti və s. geniş şəkildə əks olunub. Müəllif kitab üzərində üç il müddətinə işləyib.
Kitabın müəllifi Əkrəm Rəhimli isə qeyd etdi ki, indiyə qədər Güney Azərbaycan Milli Hərəkatının öndəri haqqında çox az yazılıb. Sanki onun adının qabardılması yasaqlanıb: ”Ancaq mən bu tilsimi sındırdım və üç il bundan əvvəl Pişəvərini araşdırmaq üçün AMEA Şərqşünaslıq İnstitutuna müraciət etdim. Qurumdan mənə müsbət cavab verdilər və mən Güney Azərbaycana getdim. Pişəvərinin doğulduğu Xalxal şəhərindəki Zeyvə kəndində oldum, kənd sakinlərilə söhbətlər apardım”. Onun sözlərinə görə, bu gün cəmiyyətdə Pişəvərilə bağlı ziddiyyətli məqamlar çoxdur: ”Ancaq onun həyat və yaradıcılığını, siyasi fəaliyyətini araşdırdıqda bütün mübahisələr aradan qalxmış olur. Bu adam kommunist deyildir. Düzdür, 1918-1928-ci illər arasında bu düşüncədə olub. Lakin istintaqa verdiyi ifadədə səhv yolda olduğunu etiraf edib. çünki bu ideologiyanı İran adlanan yerə tətbiq etməyin mümkünsüz olduğunu başa düşüb. 1942-ci ildə həbsdən çıxdıqdan sonra siyasi fəaliyyətini davam etdirir, İran adlanan yerdə bir neçə təşkilatın təsis olunmasında birbaşa əməyi olur, sonra həmin cəmiyyətlərdə bəzi məsələlər onu narazı saldığından Azərbaycan Demokrat Firqəsini yaradır”. Əkrəm Rəhimli vurğuladı ki, Pişəvəri gözəl dövlət adamı olub. Onun qurduğu Milli Hökumətdə əsasən gənclərə üstünlük verilib. Ancaq təəssüflər olsun ki, Pişəvəri Sovet kəşfiyyatı tərəfindən aldadıldı və onun sonrakı taleyi hər kəsə məlumdur.
DAK həmsədri, VHP sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, Pişəvərilə bağlı müxtəlif kitablar yazılıb. Ancaq həmin əsərlərdə ziddiyətli məsələlər var. Lakin Əkrəm Rəhimli həmin mübahisələrə işıq salan bir kitab yazıb: ”Pişəvəri Güney Azərbaycan tarixində dəyərli 3 şəxsiyyətdən biridir, yəni Səttarxan və Xiyabaninin davamçısıdır. Bunlar bir xalqın azadlıq mübarizəsinin üç mərhələsidir. Hər biri Azərbaycan xalqının qeyrətli oğludur, şəxsiyyətidir”. Onun sözlərinə görə, Pişəvəri öz xalqının qurtuluş yolunu axtardığı üçün hər cür xarici yardıma normal baxırdı. Ona görə də onun sovetlərin işarəsilə hərəkət etməkdə günahlandırmaq əsassız fikirdir. Pişəvərinin idealı sinfi birlik deyil, milli birlik idi. Bu gün Güney Azərbaycanda istiqlal mübarizəsi davam edir. çünki Pişəvərinin idealları hələ həyata keçməyib. 35 milyondan artıq bir millət bütün hüquqlarından məhrum olunub. Sanki fars şovinist rejimi Güney Azərbaycan türklərindən onların intiqamını alır. Ancaq unutmasınlar ki, türk milləti yatmayıb. Bu gün də İran adlanan yerdə Səttarxan, Pişəvəri ideyaları uğrunda mübarizə davam edir. Azərbaycan xalqı mübarizəsini uğurla davam etdirib ideallarına çatacaq. Azərbaycan xalqının Güney-Quzey mübarizəsi yoxdur. Azərbaycan xalqının bütöv bir mübarizəsi var: ”Hesab edirəm ki, bu kitab Güney Azərbaycanda yayılmalıdır. Bundan əlavə, Milli Elmlər Akademiyası qarşısında məsələ qaldırılmalıdır. çümki Güney Azərbaycanla AMEA Şərqşünaslıq İnstitunun tərkibində bir şöbə məşğul olur. Bunun üçün ayrıca institut yaradılmalıdır. Eyni zamanda ABŞ-da, Avropada Güney Azərbaycan üzrə strateji institutlar qurulmalıdır. Azərbaycanda isə AMEA-nın nəzdində Güney Azərbaycan Araşdırma İnstitutu yaradılmalıdır. Əgər millətimizin taleyini, bütövlüyünü düşünürüksə, bütün bunlar mütləq həyata keçirilməlidir”.
Yazıçı Abbas Abdulla qeyd etdi ki, Pişəvəri Azərbaycanda kifayət qədər tanınmır. Ona qarşı olan sovet düşmənçiliyi bu gün də davam edir. Bunun aradan qaldırılması üçün müəyyən işlər görülməlidir. Eyni zamanda Pişəvərinin adının əbədiləşdirilməsi üçün müxtəlif təşkilatlara müraciət olunmalıdır. Güney Azərbaycan türkləri qadağalara baxmayaraq, öz ana dillərini yaşadırlar və Pişəvərinin yolunu uğurla davam etdirirlər.
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə vurğuladı ki, Pişəvəri Güney Azərbaycanda dövlətçilik ənənəsinin əsasını qoyan bir şəxsiyyətdir: ”Pişəvərinin dövlətçilik ideologiyasının əsasında demokratiya dururdu. Onun ideologiyasında dünyaya nümunə olacaq Azərbaycan türklərinin demokratik dövlət modeli dururdu. O nə solçu, nə də sağçı idi. O bu ideologiyalardan istifadə edərək demokratik Azərbaycan dövlətini qurmağı qarşısına məqsəd qoymuşdu. O da M.Ə.Rəsulzadə, M.K.Atatürk, Ş.M.Xiyabani və Ə.Elçibəy kimi milyonları öz arxasınca aparmağı bacarıb. Bu şəxsiyyətlər arasında ayrı-seçkilik salmaq olmaz. Pişəvəri də böyük bir türk sevdalısı idi, böyük ictimai-siyasi xadimdi. O, sosial ədalət istəyirdi”. Onun sözlərinə görə, türkün böyük şəxsiyyətlərinin əksəriyyəti kəndlərdə doğulub: ”Rəsulzadə Novxanıdan, Atatürk Salonikdən, Pişəvəri Zeyvədən, Elçibəy Kələkidən və s. çıxıb”. Onun sözlərinə görə, bu gün Pişəvərinin ruhu qəlblərdə yaşayır. Pişəvəri ideyaları indi də aktualdır. Hazırda Güney Azərbaycanda Pişəvərinin ruhuna oxşar istiqlal mübarizəsi gedir və Azərbaycan türkləri tezliklə öz müstəqilliyini əldə edəcək”.
Nəğməkar şair Vüqar Əhməd, tədqiqatçı alim Pərvanə Məmmədli, 21 Azər Hərəkatının iştirakçısı, filologiya elmləri doktoru Sabir Nəbioğlu və başqaları çıxış edərək öz fikirlərini bildirdilər. Konfransın sonunda tədbir iştirakçıları Fəxri Xiyabanda mərhum Seyid Cəfər Pişəvərinin məzarını ziyarət etdilər.

Image

Image

Image

Image

Həmçinin bax!

DAK nümayəndə heyəti AAK-ın III qurultayında iştirak edib

Tədbirdə DAK Daimi Şurasının sədri Əjdər Tağızadə də çıxış edərək, ən ağrılı dərdlərimizdən biri olan ...

Kommentera