Ev / Həmsədrlər / Məqalələr / ”Səfirliklər dilimizə hörmətsiz yanaşırlar”

”Səfirliklər dilimizə hörmətsiz yanaşırlar”

Millət vəkilləri ciddi tədbir görülməsini istəyirlər

Image Bu gün Bakıda fəaliyyət göstərən xarici ölkə səfirlikləri Azərbaycan dilinə hörmətlə yanaşmırlar. Səfirlərdən müsahibə götürmək üçün diplomatik korpuslara zəng vurduqda ingilis və digər dillərdə cavab alırıq. Bəzi səfirliklər hətta bildirir ki, ingilis dilində hazır suallar göndərin. Maraqlıdır ki, ərəb ölkələrinin Bakıdakı səfirlikləri də ingilis dilinə üstünlük verirlər. Rusiya, Qazaxıstan, özbəkistan səfirlikləri də müraciətləri rus dilində cavablandırırlar. ümumiyyətlə, səfirliklərin əksəriyyəti bütün yazışmaları əcnəbi dillərdə aparırlar ki, bu da haqlı narazılıq doğurur. Məsələylə əlaqədar ”Həftə içi”nə açıqlama verən DAK həmsədri, millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı bildirdi ki, bununla bağlı bir dəfə Milli Məclisdə məsələ qaldırıb:

”Mən müraciət etdiyim səfirliklərdən azərbaycanca cavab almayanda onları geri qaytarıram. Bir neçə dəfə belə hal təkrarlanıb. Geri qaytardığım müraciəti həmin səfirlik yenidən dilimizə çevirərək mənə qaytarıb”. Məsələnin bir dəfə parlamentdə qaldırıldığını önə çəkən millət vəkilinin fikrincə, əslində hamının borcudur ki, bununla bağlı tələbkar olsun: ”Hər kəs öz dilinə hörmətlə yanaşmalıdır. Təəssüf ki, biz bunun şahidi olmuruq. Bəzən Azərbaycan dilində salamlaşırsan, amma sənə rusca cavab verirlər. Belə hallara xüsusən gənclərdə daha çox rast gəlinir. Biz öz dilimizə belə yanaşdığımız halda, təbii ki, əcnəbilər də bizə və dilimizə hörmət etməyəcəklər. Bu işdə jurnalistlərin də üzərinə böyük yük düşür. Səfirlikləri məcbur etmək lazımdır ki, onlar Azərbaycan dilində cavab versinlər”.
”Bu məsələ parlamentdə qaldırılmalıdır və dövlət dilinə bütün xarici ölkə səfirlikləri hörmətlə yanaşmalıdırlar” deyən millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa diqqətə çatdırdı ki, bununla bağlı zəruri addım atılmalıdır: ”Qanunvericilikdə nəzərdə tutulub ki, diplomatik korpuslar ölkə daxilində yazışmaları ancaq Azərbaycan dilində aparmalıdırlar. Amma təəssüf ki, qanuna riayət olunmur və diplomatik korpuslar yazışmaları istədiyi dildə aparırlar”. / Əli Zülfüqaroğlu /

Həmçinin bax!

DAK həmsədri təşkilatın fəaliyyəti ilə əlaqədar növbəti səfərdədir

Təzyiqlər Sabir Rüstəmхanlını qorхutmur www.D-A-K.org -un ”OLAYLAR”a istinadən yaydığı məlumata görə, son vaхtlar ölkədə rezonans ...

Kommentera