Ev / Həmsədrlər / Məqalələr / ”Rəhbərlik etdiyim DAK legitim bir təşkilatdır”

”Rəhbərlik etdiyim DAK legitim bir təşkilatdır”

Sabir Rüstəmxanlı: ”Baş verənlər Azərbaycan diasporunun bir araya gəlməsinə maneçilik törədir

Image Məlum olduğu kimi, artıq neçə müddətdir ki, Dünya Azərbaycanlıları Konqresi (DAK) ətrafında yaranmış problem öz çözümünü tapa bilmir. Bir tərəfdən millət vəkili, şair Sabir Rüstəmxanlının həmsədrlik etdiyi təşkilat, digər bir tərəfdən isə onun şair həmkarı, professor Paşa Qəlbinurun həmsədrlik etdiyi qurum DAK adına iddia edir. Belə olan halda, görəsən, DAK adına iddia edən iki təşkilatın bir araya, ortaq məxrəcə gəlməsi ehtimal olunandırmı, gözləniləndirmi? Bununla bağlı ”525”in müxbiri ilə söhbətində DAK-in həmsədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, əvvəla, DAK adına iddia edən qarşı tərəf, əslində, DDAK – Demokratik Dünya Azərbaycanlıları Konqresidir. Onun sözlərinə görə, eyni zamanda, sonradan DDAK-a DAK-dan ayrılmış üç nəfər birləşib: ”Bununla yanaşı, DDAK-da 30 nəfərdən ibarət bir qrup yığışıb – onlar kimdir, nəçidir, bu adamların DAK-a aidiyyəti olub, yoxsa olmayıb, heç onu da dəqiq bilmirəm, qurultay adı altında bir toplantı keçiriblər və özlərini DAK-çılar kimi təqdim edirlər. Bu adamlar da heç nədən çəkinmədən DAK adına iddia edirlər. Bir daha aydınlıq üçün bildirmək istəyirəm ki, DAK-ın sonuncu qurultayında bu qurumun İdarə Heyətinin böyük əksəriyyəti, eləcə də bölgələrdən seçilmiş 150 nəfərə yaxın mandatlı üzv, həmçinin daha 150 nəfərə yaxın qonaq, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Demək istəyirəm ki, rəhbərlik etdiyim qurum legitim bir təşkilatdır, qeydiyyata alınıb. İndi hansı haqla o üç nəfər DAK-ın adına iddia edə bilər və edir? Ona görə həmin adamlar indi nə cür bəyanat verirlərsə-versinlər, bunun DAK-a heç bir aidiyyəti yoxdur. Onlar DDAK-dırlar, qoy, DDAK kimi də qalıb fəaliyyət göstərsinlər”.

Bəs gələcəkdə necə, ortalıqda olan ümu-küsünü, narazılığı bir kənara qoyub, bir araya gəlmək mümkündürmü? Ən azı, buna cəhd göstərilə bilərmi? S.Rüstəmxanlının iddiasına görə, əgər ortalıqda normal münasibət olsaydı, qarşı tərəfdəkilər DDAK kimi qalsaydılar, DAK adına iddia etməsəydilər, o zaman gələcəkdə bir araya gəlib, oturub söhbət etmək olardı: ”Söhbət, müzakirələr aparmaq olardı ki, ortalıqda olan fikir ayrılıqlarını, narazılıqları aradan qaldıra bilək. Amma ”nə cür istəyirəmsə, o cür hərəkət edirəm” prinsipi ilə məsələlərə yanaşmaq, bütün ölkə, xalq qarşısında heç nədən abır-həya etmədən özü-özünü DAK, DAK-çılar elan etmək artıq onu göstərir ki, bu adamlar üçün müqəddəs heç nə yoxdur. Bunlar, sadəcə, ürəkləri nə cür istəyir, o cür də addım atırlar. Bu adamlar öz ətraflarına bir neçə insanı cəlb edərək, mətbuata, internet saytlarına istədiklərini ötürürlər. İndi özünüz fikirləşin, biz bu adamlarla nə cür birləşək və yaxud bir araya gələ bilərik?” Bəs, görəsən, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (XYAİDK) konkret olaraq, hansı tərəfi DAK kimi tanıyır? S.Rüstəmxanlı qeyd edib ki, bu haqda həmin qurumun rəhbərliyi ilə onların söhbətləri, müzakirələri olub: ”Əslində, onlar bu məsələyə qarışmırlar. Amma hər halda, onlar özləri də gördülər ki, hansı tərəf DAK-dır, hansı tərəf DAK deyil. Hamı kimi onlar da DAK-ın sonuncu qurultayını izləyib, hər şeydən agah olublar. Hətta, onu nəzərinizə çatdırım ki, bizim qurultaya Milli Məclisdən də bir sıra deputatlar qatılıblar. Bir sözlə, hamı görüb ki, qurultayımız hansı səviyyədə keçib. İndi bundan sonra durub kiməsə nəyisə sübut etməyə ehtiyac yoxdur ki?” Yeri gəlmişkən, yaxın zamanlarda S.Rüstəmxanlının həmsədrlik etdiyi DAK-ın hansısa geniş bir tədbirinin, toplantısının keçirilməsi gözlənilmir ki? Millət vəkili bildirib ki, onların keçirməyi nəzərdə tutduqları bir sıra tədbirlər var: ”Amma bu barədə indidən danışmaq istəmirik. Bizim ağzımızdan nə çıxırsa, ağlımızdan nə keçirsə, onu yamsılayırlar. Məsələn, biz təşkilatımıza həmsədr seçdik, onlar da həmsədr seçdilər. Dedik ki, Belçikanın paytaxtı Brüsseldə ofis açırıq və hazırda da açmışıq, o zaman onlar da dedilər ki, biz də Brüsseldə ofis açırıq. Yəni, biz nə deyirik, hansı addımı atırıq, dərhal onlar da bu yöndə addım atırlar, onlar bizim kölgəmiz kimi yaşayırlar. Ona görə indidən hansısa tədbiri keçirmək istədiyimizlə bağlı heç nə söyləmək istəmirəm”. ümumiyyətlə, eyni ada iddia edən bu iki təşkilat arasında baş verən hadisələr bütövlükdə Azərbaycan diasporunun bir araya gəlməsinə, onların bütünləşməsinə maneə yaratmır ki? S.Rüstəmxanlının dediyinə görə, baş verənlər Azərbaycan diasporunun bir araya gəlməsinə maneçilik törədir. O deyib ki, əgər qarşı tərəf bunun məsuliyyətini hiss edirsə, onda gərək bu cür yanlış addımlar atmasın: ”Biz hətta qurultayımızı iki həftə gecikdirdik ki, onlar da gəlib iştirak etsinlər. Ancaq onlar bunu etmədilər, özləri yığışaraq qurultay adı altında bir toplantı keçirdilər. Görünür, onlar bunun məsuliyyətini hiss etmirlər, ya da kiminsə sifarişi ilə oturub-dururlar”. ”Siz bu prosesin sonucunu necə görürsünüz” sualına cavabında isə S.Rüstəmxanlı bunlar bildirib: ”Görünür, hər halda, növbəti qurultaylara qədər proseslər belə davam edəcək. Eyni zamanda, biz baş verənlərdən bir o qədər də ciddi narahatçılıq keçirmədən öz işlərimizi görürük, bundan sonra da belə olacaq”.

Həmçinin bax!

DAK həmsədri təşkilatın fəaliyyəti ilə əlaqədar növbəti səfərdədir

Təzyiqlər Sabir Rüstəmхanlını qorхutmur www.D-A-K.org -un ”OLAYLAR”a istinadən yaydığı məlumata görə, son vaхtlar ölkədə rezonans ...

Kommentera