Ev / Həmsədrlər / Görüşlər / ”Olaylar” DAK həmsədri Sabir Rüstəmxanlı ilə görüş keçirib

”Olaylar” DAK həmsədri Sabir Rüstəmxanlı ilə görüş keçirib

Tədbir Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən ”Azərbaycançılığın və diaspora quruculuğunun təbliği” layihəsi çərçivəsində baş tutub

Image Sentyabrın 29-da ”Olaylar” qəzetinin redaksiyasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən ”Azərbaycançılığın və diaspora quruculuğunun təbliği” layihəsi çərçivəsində tanınmış ziyalı, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı ilə media nümayəndələrinin görüşü keçirilib.

Görüşü açan ”Olaylar” qəzetinin həyata keçirdiyi ”Azərbaycançılığın və diaspora quruculuğunun təbliği” layihəsinin rəhbəri Elman Cəfərli layihə barədə məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi Azərbaycan mediasını diaspora quruculuğu işinin, xaricdəki Azərbaycan diasporunun fəaliyyətinin təbliğinə cəlb etməkdir: ”Apardığımız müşahidələr göstərir ki, obyektiv və subyektiv səbəblərdən azərbaycançılığın təbliği, diaspora quruculuğu, xaricdəki diasporamızın fəaliyyəti Azərbaycan mediasının diqqətindən kənarda qalıb. Bu məsələ yalnız dövlətin keçirdiyi tədbirlər (qurultaylar, forumlar) zamanı diqqət mərkəzinə gəlir. Azərbaycançılıq ideyasının mətbuatda az təbliğ olunması isə cəmiyyətdə vətənpərvərlik, dövlətçilik hisslərinin, diaspora ilə media arasında əlaqələrin zəifləməsinə səbəb olur. Bu da gələcək nəslin azərbaycançılıq ideyası əsasında yetişməsi istiqamətində başlıca maneələrdəndir”. Layihə rəhbəri qeyd edib ki, layihənin əsas məqsədi icra müddətində Azərbaycan mediasını azərbaycançılıq ideyasının, diaspora fəaliyyətinin təbliğinə cəlb etməkdir. 4 ay davam edəcək layihə çərçivəsində nüfuzlu diaspora nümayəndələri və ziyalılarla jurnalistlərin görüşləri keçiriləcək, media nümayəndələrinin Azərbaycanın tarixi abidələrlə zəngin olan bölgələrinə səfərləri təşkil olunacaq. Elman Cəfərli deyib ki, layihənin icrasına sentyabrın 7-dən başlanıb. Həmin vaxtdan ”Olaylar” qəzetində ayrıca ”Diaspora” rubrikası açılıb. Diaspora quruculuğu ilə bağlı təbliğat xarakterli yazılar, ayrı-ayrı ölkələrdə yaşayan diaspora təmsilçiləri ilə müsahibələr dərc olunur. Sonra DAK həmsədri Sabir Rüstəmxanlı çıxış edərək, Azərbaycan diasporunun son 20 ildə keçdiyi yola nəzər salıb. Sabir Rüstəmxanlı deyib ki, dünyada miqrasiya, ölkədən-ölkəyə köç etmək tarixə yoldaş olan bir hadisədir. Dünya durduqca, insanlıq durduqca yer kürəsi çalxalanıb, insanlar bir ərazidən başqa bir əraziyə köç ediblər. Keçən əsrdə də qloballaşma, yeni texnologiyalar və informasiya əlaqə sistemlərinin genişlənməsi bu prosesi daha da sürətləndirib. DAK həmsədri qeyd edib ki, hazırda dünyada ən zəruri və vacib işlərdən biri miqrasiya xidməti olub: ”Azərbaycanlılar da tarixən çox səfər edib, dünyanın müxtəlif ölkələrinə çox səpələnib, yayılıblar. Ancaq daha çox Azərbaycan parçalanandan, iki yerə bölünəndən sonra davamlı olaraq miqrasiya, köç olub. Güneydən Quzeyə və yaxud Quzeydən Güneyə köçmələr baş verib. Müəyyən rejimlər zamanında isə İrandan bütün dünyaya səpələniblər. Həm dünya müharibələri, həm inqilablar, həm də müxtəlif tarixi hadisələr azərbaycanlıların dünya ölkələrinə səpələnməsinə səbəb olub. Hazırda dünyanın 70-dən artıq ölkəsində azərbaycanlılar yaşayır”. Sabir Rüstəmxanlı deyib ki, diaspora və ya xaricdə yaşayan azərbaycanlılarla iş isə yalnız ”Vətən” Cəmiyyəti qurulandan sonra başlanıb: ”Hər halda ”Vətən” Cəmiyyəti qonşularımız ermənilər və ya başqa ölkələr Litva, Ukraynanın bu işlə məşğul olan təşkilatları və dövlət qurumlarından çox gec yaranmışdı. ”Vətən” Cəmiyyəti tək-tək adamları dəvət edir və onlarla Azərbaycan arasında müəyyən ünsiyyət yaranırdı. Diaspora işinin bizdə milli maraqlar baxımından normal qoyuluşu Azərbaycanın müstəqilliyindən sonra başlayıb. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra artıq sərbəst şəkildə xaricdə yaşayan soydaşlarımızla ünsiyyət qurulmağa başlanıb, onların Azərbaycanla əlaqələri genişlənib”. Dünya Azərbaycanlıları Konqresinin həmsədri hələ o zaman azərbaycanlıların bir araya gəlməsi, müəyyən forumların keçirilməsi təşəbbüslərinin irəli sürüldüyünü diqqətə çatdırıb: ”Azərbaycan Respublikasının bu işə qarışmasından daha öncə Türkiyə və Avropa ölkələrində diaspor təşkilatlarımızı bir araya yığmaq təşəbbüsləri olub. 1990-cı il, mayın 27-dən 30-dək olan dövrdə Türkiyənin Kayseri şəhərində birinci Dünya Azərbaycanlıları Qurultayı keçirildi. Həmin qurultaya ilk dəfə olaraq dünyanın müxtəlif ölkələrindən yüzlərlə insan toplanmışdı. Azərbaycandan da təxminən 120 nəfərlik nümayəndə heyəti həmin tədbirə qatılmışdı. Orada həm Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü qeyd edildi, həm də Azərbaycanın bir sıra elmi, mədəni, tarixi problemləri ayrı-ayrı işçi qruplar səviyyəsində müzakirə olundu. Həmin tədbiri başda Turan Yazqan olmaqla Türk Dünyası Araşdırmalar Vəqfi təşkil etmişdi. Bunun ardınca isə 1990-cı ilin oktyabr ayında İstanbulda Türk-Azəri Dərnəklərinin birinci qurultayı keçirildi. Həmin toplantıya bütün Avropa ölkələrindən dərnək rəhbərləri gəlmişdi. Bundan sonra ardıcıl olaraq ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan dərnəkləri simpoziumlar, konfranslar keçirərək Azərbaycanın problemlərini müzakirə edirdilər. Bununla da azərbaycanlıların dərnək yaradıcılığı prosesi güclənirdi. 1990-cı il, noyabrın sonu, dekabrın əvvəllərində Almaniyada Azərbaycan Dərnəkləri, eləcə də Avropadakı Azərbaycan Dərnəklərinin Federasiyası yaradıldı. Həmin dövrdə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ilk dəfə olaraq 1992-ci ilin əvvəllərində Zuğulbada Rusiyada fəaliyyət göstərən Azərbaycan dərnəklərinin toplantısını keçirdik. 1997-ci ildə isə ilk dəfə Amerikada Dünya Azərbaycanlıları Konqresi keçirildi və dünya azərbaycanlılarını bir araya yığmağa təşəbbüs göstərildi. Həmin tədbirdə Azərbaycan və İran bayrağı ilə bağlı mübahisə yaranmışdı. İrandan gedən mühacirlər bu ölkənin bayrağı, azərbaycanlılar isə Azərbaycan bayrağı altında oturmağı məqsədəuyğun sayırdı. Ancaq Azərbaycan müstəqil olandan və uzun tərəddüdlərdən sonra İrandan gedənlər də böyük məmuniyyətlə bizim bayrağımız altında oturur, keçirilən yürüş və mitinqlərdə bizim bayrağımızı qaldırırlar. 1998-ci ildə isə Dünya Azərbaycanlıları Konqresinin Vaşinqtonda ikinci qurultayı keçirildi. Həmin qurultayda da bayraq mübahisəsi qalxdı. Ancaq bundan əvvəl Almaniyada keçirilən qurultaya özüilə Azərbaycanın bayrağını da aparmışdım. Həmin qurultayda almanlar açıq şəkildə qeyd etdilər ki, Azərbaycan bayrağını bizim bayrağın üzərinə ört və biz yeni bir bayraq görək. (”OLAYLAR”İA) Vaşinqtonda keçirilən konrqes zamanı bayrağımıza qarşı bu qısqanclığı görəndə Almaniyadakı hadisə yadıma düşdü və hadisəni konqres iştirakçılarının diqqətinə çatdırdım. Qeyd etdim ki, bu kürsüdə öz bayrağımız altında çıxış etmək istəyirəm. Heç bir etiraz olmadan Azərbaycan bayrağını çıxış etdiyim kürsünün üzərinə qoydum və çıxışdan sonra bayrağı oradan götürmədim. Məndən sonra çıxış edənlər hamısı məhz Azərbaycan bayrağının altında çıxış etdilər. Bununla da Azərbaycan bayrağı məsələsinin mübahisəsi həll olundu”. Sabir Rüstəmxanlı onu da qeyd edib ki, Azərbaycanda son 20 ildə diaspora fəaliyyəti əslində 1-2 əsrlik yol keçib. DAK həmsədrinin sözlərinə görə, bu gün Avropada getdikcə daha aydın hiss olunuru ki, türk dünyasının problemləri bənzər, oxşardır. Türk dövlətləri eyni tarix, coğrafiya, mədəniyyəti paylaşan və kökü bir olan xalqlar kimi eyni çətinliklərlə üzləşirlər: ”Ona görə də buna qarşı bir yerdə mübarizə aparmalıdırlar. Bunu Azərbaycan dövləti də hiss edir və bu səbəbdən Türkiyə və Azərbaycan diaspor təşkilatlarının birgə qurultayı keçirildi. Biz də Avropada keçirdiyimiz sonuncu qurultaya ilk dəfə olaraq təkcə azərbaycanlılar deyil, həm də Avropada fəaliyyət göstərən türkdilli ölkələrin diaspor təşkilatlarını dəvət etmişdik”. (”Olaylar” İA)

Image

Həmçinin bax!

DAK həmsədri Firidun Pərviznia Bakıya gəlib

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Firidun Pərviznia Azərbaycana qısamüddətli səfərə gəlib. www.D-A-K.org -a daxil olan ...

Kommentera