Ev / Həmsədrlər / Müsahibələr / ”Mən heç vaxt sədr olmaq istəməmişəm”

”Mən heç vaxt sədr olmaq istəməmişəm”

DAK həmsədri Sabir Rüstəmxanlı: ”İdarə Heyətinin tələbilə bu məsuliyyəti üzərimə götürdüm”

ImageHər bir ölkənin xarici siyasətinin uğurla həyata keçirilməsində diaspor təşkilatlarının rolu böyükdür. Azərbaycanın ən böyük diaspor təşkilatı Dünya Azərbaycanlıları Konqresi (DAK) hesab olunur. Bu təşkilata dünya azərbaycanlılarının daha çox maraq göstərməsi təsadüfi deyil. Amma uzun illərdir qurumda narazılıqlar səngimir. DAK bir neçə dəfə parçalanıb və bu gün də eyni adda iki təşkilat fəaliyyət göstərir. Bildirilirdi ki, hər iki qanadın rəhbərləri bir araya gəliblər və yaxın günlərdə birləşəcəklər. Amma təəssüf ki, bu hələ baş tutmayıb. Bu və digər məsələlərə DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı aydınlıq gətirdi.

DAK həmsədri Sabir Rüstəmxanlı: ”İdarə Heyətinin tələbilə bu məsuliyyəti üzərimə götürdüm”

Hər bir ölkənin xarici siyasətinin uğurla həyata keçirilməsində diaspor təşkilatlarının rolu böyükdür. Azərbaycanın ən böyük diaspor təşkilatı Dünya Azərbaycanlıları Konqresi (DAK) hesab olunur. Bu təşkilata dünya azərbaycanlılarının daha çox maraq göstərməsi təsadüfi deyil. Amma uzun illərdir qurumda narazılıqlar səngimir. DAK bir neçə dəfə parçalanıb və bu gün də eyni adda iki təşkilat fəaliyyət göstərir. Bildirilirdi ki, hər iki qanadın rəhbərləri bir araya gəliblər və yaxın günlərdə birləşəcəklər. Amma təəssüf ki, bu hələ baş tutmayıb. Bu və digər məsələlərə DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı aydınlıq gətirdi.

– DAK 10 ildən çoxdur yaradılıb və İsveçdə qeydiyyatdan keçib. Amma təəssüf ki, indiyədək istədiyimiz səviyyədə fəaliyyət göstərə bilməyib. Hər gəlib-gedən sədr sənədləri özü ilə aparıb, açılan saytlar sonradan dağılıb, Güneylə əlaqələr lazımi səviyyədə qurulmayıb, içəridə daim parçalanmalar olub. çalışırıq ki, bu qüsurlar aradan qaldırılsın. İlk dəfə həmsədrlik institutu yaratdıq. Əvvəllər diaspor təşkilatlarımız Güneydən gedənlərdən ibarət idi. İndi isə şimaldan gedən soydaşlarımız ildən-ilə artır. Ona görə də həmsədrlərin birinin Güney, birinin isə Quzeydən olması məqsədəuyğundur. Son 6 ayda DAK-ın təşkilatlanması, İsveçdə sənədlərin qaydaya salınmasına çalışdıq. İdarə Heyətinin yeni tərkibi bütün bölgələri əhatə edir. Güneylə əlaqələrin güclənməsinə çox vaxt sərf etdik və buna nail olduq. Beynəlxalq təşkilatlarla əməkdaşlığa önəm veririk. Güneylə, Qarabağla və digər problemlərimizlə bağlı işlər aparılır. Amerika Konqresində, Dövlət Departamentində, BMT-də görüşlərimiz oldu. Azərbaycanın ABŞ-dakı, BMT-dəki və digər ölkələrdəki səfirliklərində görüşlərimiz oldu. Türk Federasiyası, Türkiyənin BMT-dəki səfirliyi və digər dərnəklərlə müzakirələr apardıq. Belçika və İsveç parlamentində çıxışlar etdik və digər görüşlər keçirdik. ümumiyyətlə, çox əhəmiyyətli işlər görüldü. Bu il də görüşlər və tədbirlərimiz davam etdiriləcək. Ayda 1 dəfə xaricdə tədbirlər keçirəcəyik. ümumiyyətlə, 2009-cu il DAK tarixində səmərəli və tarixi il olacaq.

– Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev ”Həftə içi”nə müsahibəsində bildirmişdi ki, hər iki tərəfin rəhbərləri görüşüb, birləşmək barəsində müzakirələr aparıblar. Yaxın zamanlarda birlik baş tuta bilər?

– Hazırda DAK-da tərəflər yoxdur. Bir neçə şəxsin təşkilatdan getməsi parçalanma deyil. Biz qurultay keçirdik və tam demokratik seçki baş tutdu. Bundan sonra çox güclü İdarə Heyəti formalaşdı və hazırda fəaliyyət göstərir. Bir neçə nəfər DAK-dan getməsini parçalanma kimi qələmə vermək düzgün deyil. Həmişə birliyin tərəfdarı olmuşam. İndi də kim istəsə gəlib DAK-a qoşula bilər. Bununla bağlı heç kimə qadağa qoyulmayıb. Cavad Derəxti isə mətbuata tamamilə yanlış açıqlamalar verib. Guya onun getməsi ilə təşkilat parçalanıb. Əslində narazılığı yaradanlardan biri elə o idi. DAK-ın möhür və ştampını götürüb özündə saxlamışdı və təşkilatı öz mülkü hesab edirdi. Onun açıqlamaları tamamilə yanlışdır. Cavad Derəxti istəsə, gəlib DAK-ın sıravi üzvü ola bilər. İkincisi də yenidən növbədənkənar qurultay keçirilməyəcək.

– Narazılıqlardan biri DAK sədrinin Güneydən seçilməməsi ilə əlaqələndirilirdi. Bəziləri bildirirdilər ki, sizin sədr seçilməyiniz düzgün deyil…

– Mən heç vaxt sədr olmaq istəməmişəm. Bu da işimin çoxluğu ilə əlaqədardır. Millət vəkili olmağım, Vətəndaş Həmrəyliyi Partiyasının fəaliyyəti və yaradıcılıq işlərinin çoxluğu ucbatından sədr olmaq barədə düşünmürdüm. Nizamnamədə olmasa da, bildirirdim ki, sədr Güneydən seçilməlidir. Amma DAK böhran vəziyyətinə düşdü və təşkilatın fəaliyyətinə tamamilə son qoyula bilərdi. İdarə Heyətinin üzvləri təkidlə bildirdilər ki, təşkilatın böhran vəziyyətindən çıxarılması məsuliyyətini öz üzərimə götürüm. İdarə Heyətinin Paltalk iclasında yenə də buna qarşı çıxdım və öz əleyhimə səs verdim. Amma İdarə Heyəti məni sədr seçdi və təşkilatı qurultaya qədər idarə etməyimi lazım bildi. Sonda bu işi öhdəmə götürdüm, hazırda əslən güneyli olan digər həmsədr Firidun Pərviznia ilə mehribançılıqla işimizi davam etdiririk. Qurultaydan sonra təşkilatın fəaliyyəti daha da güclənib. Bir sıra məsələlər xarici ölkələrin parlamentlərində qaldırılıb. Digər tərəfdən mənim millət vəkili olmağım qaldırdığımız hər hansı bir məsələyə diqqətlə yanaşılmasına stimul verib. Məsələn, İsveç parlamentində DAK həmsədrinin millət vəkili olması bizim işimizin effektliyini daha da artırdı. Bizə hörmətlə yanaşıldı, sözümüz diqqətlə dinlənildi.

– Azərbaycanda fəaliyyət göstərən səfirliklərlə lazımi səviyyədə əlaqələr qurulubmu?

– Bəzi səfirliklərlə əlaqələrimiz var. Amma bu, bütün diplomatik korpusları əhatə etmir. Düşünürəm xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən bütün səfirlikləri ilə əlaqələr quraq. çünki səfirliklərlə bağlı müəyyən problemlər var. Azərbaycan dilinə hörmətsiz yanaşmalarından əlavə, bəzi səfirliklər təşkilat kimi xarici ölkələrə səfərlərimiz zamanı viza almaq məsələsində bizə əngəllər yaradırlar. Son səfərimiz zamanı bizə viza verilmirdi, guya ki, öz dövlətlərində hansısa araşdırmalar aparırlar. Səfərə bir gün qalmış bizə viza verildi. Əks təqdirdə bütün planlarımız pozulacaqdı. Bütün bu problemlərin və digər məsələlərin həlli üçün səfirliklərlə kifayət qədər sıx əlaqələr qurulmalıdır. Planlaşdırmışıq ki, ayda bir dəfə səfirliklərdə görüşlər keçirək.

– Xaricdə keçirilən tədbirlərə həmin ölkənin dilini bilən mütəxəssislər aparılmır, orda xarici dildə tərtib olunmuş vərəqələr paylanmır…

– Hər hansı dövlətə səfərimizdə nümayəndə heyətinin sayı ən azı 20-25 nəfərdən ibarət olur. Onlar arasında dil bilən mütəxəssislər və gənclər də kifayət qədərdir. İkinci tərəfdən tədbir keçirdiyimiz ölkədə həmin dövlətin dilini bilən soydaşlarımız yaşayırlar. Onlar da tədbirlərimizə qatılırlar. Vərəqələrin paylanmasına isə ehtiyac yoxdur. Keçirdiyimiz tədbirlərə Avropa televiziyaları və qəzetləri dəvət olunurlar. Onlar gəlib, tədbiri işıqlandırırlar. Əcnəbi jurnalistlərlə işləməyin vacibliyini bilirik və bu istiqamətdə işlər davam etdiriləcək.

– Bəs Azərbaycan mətbuat nümayəndələri necə, xaricdə keçirilən tədbirlərdə iştirak edə bilərlərmi?

– Bu barədə fikirlərimiz var. Hər ay xarici ölkələrə səfərlərimiz olacaq. Orada Azərbaycan mətbuat nümayəndələrinin iştirakı bir az çətindir. Amma DAK-ın qurultayına qatıla bilərlər / Əli Zülfüqaroğlu, Həftə içi /

Həmçinin bax!

DAK rəhbərliyi Şərqi Türküstanta baş verən hadisələrə münasibətini açıqlayıb

Sabir Rüstəmxanlı: ”Bu faciə uyğurların taleyində yeni bir dönüş nöqtəsi olacaq” ”Bu ilin payızında, inşallah, ...

Kommentera