Ev / Həmsədrlər / Müsahibələr / ”Kürdləri zorla gətirib Urmiya ətrafında yerləşdirirlər”

”Kürdləri zorla gətirib Urmiya ətrafında yerləşdirirlər”

DAK həmsədri Sabir Rüstəmxanlı: ”Bu, yeni hadisə deyil”

Image Güney Azərbaycanda kürdlərin sayı süni surətdə artırılır. İran adlanan yerin rəsmi dairələri bu siyasət vasitəsi ilə azərbaycanlıların haqq səslərini boğmaq istəyirlər. Fars şovinist rejimi azərbaycanlılarla kürdləri qarşı-qarşıya qoymaq məqsədi güdür ki, bununla da soydaşlarımızın diqqətini yayındırmaq niyyətindədirlər. Artıq Urmiya yaxınlığında kürdlərlə azərbaycanlılar arasında tez-tez toqquşmalar baş verir. Bunun başlıca səbəblərindən biri də gəlmə kürdlərin Urmiya ətrafı ərazilərin onların qədim torpağı olması ilə bağlı fikir səsləndirmələridir.

Onu da bildirək ki, qeyri-rəsmi məlumatlara görə, Cənubi Azərbaycanda yerləşdirilən kürdlərə bu ərazilərin bir qisminin onlara veriləcəyi ilə bağlı söz verilib. Məsələyə münasibətini bildirən Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı da Qərbi Azərbaycan əyalətində, Urmiya ətrafında neçə illərdir ki, süni surətdə kürdləşdirmə siyasəti aparıldığını söyləyib. O deyib ki, kürdləri zornan dağlardan gətirib Urmiya ətrafında yerləşdirirlər: ”Onlara bahalı qiymətlərlə torpaqlar aldırırlar. Və tarixən mehriban şəraitdə yaşamış iki qonşu xalqı üz-üzə qoyurlar. Bu, İran adlanan yerin apardığı siyasətdir və bunun nəticəsində hər iki xalqa daha çox mənəvi ziyan dəyir. Bu, yeni hadisə deyil”. Kürdlərə Azərbaycan torpaqlarının vəd edilməsi məsələsinə gəlincə isə S.Rüstəmxanlı qeyd edib ki, Azərbaycan torpaqlarını heç kim kiməsə verə bilməz: ”Bu cəfəngiyatdır. Fars da, erməni də, kürd də deyir ki, bura bizim torpaqlardır. Amma onların hamısından əvvəl bura qədim türk torpaqlarıdır. Buna görə də bu iddiaların heç bir əsası yoxdur. Beynəlxalq hüquq, tarix var. Buna görə də hamıya məlumdur ki, Azərbaycanın torpaqları hardadır. İran adlanan yerdə də Azərbaycanın çoxlu tarixi torpaqları var. İran adlanan yer bu siyasətini yüz illərdir ki, aparır. Amma bunun sonda bir nəticəsi olmayacaq”. S.Rüstəmxanlı əlavə edib ki, DAK bu məsələlərə qarşı mübarizə aparır. Onun sözlərinə görə, həmsədri olduğu qurum cənubda yaşayan soydaşlarımıza mənəvi dəstək verir və onları müəyyən informasiya ilə təmin edir: ”Bəzi şeyləri öyrənirik. Hər halda yaxın vaxtlarda – payızda beynəlxalq təşkilatlarla görüşəcəyik. Bu məsələlər o görüşlərdə bir daha qaldırılacaq. Beynəlxalq təşkilatlarla olan söhbətlərimizdə təkcə bu məsələ deyil, eyni zamanda Güneydə azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı məsələləri də qaldıracağıq”. / Şərq /

Həmçinin bax!

“Borçalıdakı soydaşlarımızın durumu narahatlıq doğurur”

DAK həmsədri Sabir Rüstəmxanlı: ”Gürcüstan Azərbaycanın xoş münasibəti qarşılığında öz borcunu yerinə yetirmir” ”Gürcüstan özünü ...

Kommentera