Ev / Xəbərlər / DAK təşkilati xəbərlər / “Qaynar Qazan”da Əjdər Tağızadə (I hissə): “Əbülfəz Elçibəydən soruşdum ki…”

“Qaynar Qazan”da Əjdər Tağızadə (I hissə): “Əbülfəz Elçibəydən soruşdum ki…”

Əjdər Tağızadə: “Azərbaycan 200 ildir parçalanıb”

Əjdər Tağızadə ilə “iran adlanan yer”dən danışdıq – öz təbiri ilə desək. Əslində, İranda yaşayan həmvətənlərimiz, milyonlarla soydaşımızın problemləri bizim hər zaman gündəmimizdədir, ancaq nə hikmətdirsə, hər zaman bu problemə bir az da səthi yanaşırıq. Bu, ümumi Azərbaycan mətbuatının problemidir. Biz demək olar ki, İranı hələ də olduğu kimi tanımırıq, araşdırmırıq, bilmirik. İranda baş verənlərdən yalnız Diaspora qurumlarının xətti ilə, pərakəndə fəaliyyət göstərən bəzi təşkilatların vasitəsilə xəbər tuturuq ki, bu da tam və əsaslı informasiya demək deyil. Ya da müxtəlif illərdə yaranan Dünya Azərbaycanlıları Konqres(lər)inin simasında İranla təmas yaradırıq ki, bu da dedi-qodudan başqa bir şeyə yaramır. Məlum olur ki, burada yığışan insanlar əksər vaxt millətin problemlərindən çox, özlərinin məsələsini qabardırlar ki, bu da nəticədə dağılmalara və parçalanmalara gətirib çıxarır.

Biz çalışdıq ki, Əjdər Tağızadə ilə DAK və DAK-daxili məsələlərdən danışmayaq. Elə də etdik. Amma yenə də sonda DAK-da baş verənlərdən danışmadan ötüşə bilmədik. Və hesab edirik ki, çox maraqlı söhbət oldu aramızda. İranda yaşayan azərbaycanlıların problemləri, onların mübarizə yolu haqqında az da olsa, məlumat əldə edə bildik.

Beləliklə, siyasi mühacir, ömrünün 30 ilindən çoxunu İran Türklərinin azadlıq hərəkatına həsr edən, bütün İran rejimlərinin zindanlarında oturan, ancaq indi Sabir Rüstəmxanlı ilə DAK üstündə amansız qovğaya çıxan Əjdər Tağızadə ilə “Qaynar Qazan”da baş tutan söhbətimizi Oxucu-tamaşaçıların ixtiyarına veririk.

“Qaynar Qazan”da siyasi mühacir Əjdər Tağızadədir…

Əvəz Zeynallı

I hissə

Kim Türkmənçay və yaxud Gülüstan müqaviləsini dəstəkləyər?

– Əjdər bəy, xoş gördük sizi “Qaynar Qazan”da.

– Xoş gördük, təşəkkür edirəm.

– Xeyli vaxtdır həm Azərbaycanda, həm də İranda baş verən hadisələr buna gərək verdi ki, biz sizinlə söhbətləşək.

– Buyurun.

– İranda nə baş verir? “İran Azərbaycanı” və yaxud “Cənubi Azərbaycan” deyək, mən bilirəm ki, siz bu istilahlara da qarşısınız.

– Nə cür deyiləcəyi haqda başladınız. Bildiyiniz kimi, Azərbaycanın güneydə və qüzeydə, yaxud da cənubda, şimalda olması o deməkdir ki, Azərbaycan nə vaxtsa bölünüb və kim tərəfindən bölünüb, o da bəllidir. Mən güman eləmirəm ki, Azərbaycanda bir tarix oxumuş, elmi, ədəbi olan adam Türkmənçay və yaxud da Gülüstan müqaviləsini dəstəkləsin. Düzdür, Azərbaycanın başqa bölgələri də bu müqavilədən sonra əldən gedib. Bütövlükdə türk hökmranlığından bir hissəni də ruslar götürüblər. İndi o türk dövlətlərinin, Qacar dövlətlərinin hansı səhvi olub, bəllidir. Bu gün Azərbaycanın böyük bir hissəsi hakimiyyət tamarzısında olan farsların əlindədir və bunda gələcəkdə İran adlanan yerdə hakimiyyəti dəyişməyə çalışan ingilislərin də əli var. Çünki tarixdən bilirsiniz ki, o dövrdə ingilislər Hindistanı müstəmləkəsi altında saxlayır və İrana da tranzit ölkə kimi baxırdılar. Onlar hesab edirdilər ki, Hindistanı idarə etmək üçün Avropadan bu ölkəyə gedən yol İrandan keçdiyi üçün Hindistanı saxlayan dövlət, İrana da yiyələnməlidir. İngilislər o zamanlardan elə düşünürdülər ki, Hindistan hər zaman onların olacaq. Rusiya da isti sulara can atırdı.

Tehran rejimi birbaşa Rus dövlətilə oturub-durur

– Elə onlar da Hindistana əl atırdılar…

– Bu tarixi söhbətə girsək, çox vaxt aparacaq. Qısası, bütöv Azərbaycan Avropa ilə Asiya dövlətlərini birləşdirdiyi üçün hər zaman ona yiyələnmək arzusunda olan dövlətlər olub və onlar da zaman-zaman Azərbaycanı parçalayıblar. Mən keçən il Avstraliyada güneylilərin çoxluq təşkil etdiyi və İran adlanan yerdən gələn insanların iştirak etdiyi bir toplantıda dedim ki, bu toplantıda quzeylilər azdır, gəlin, onlara bir təşəkkür edək. Çünki onlara bir təşəkkür borcumuz var ki, 200 ildən sonra da olsa, rusu Azərbaycanın quzey torpaqlarından çıxardılar. Birincisi, Azərbaycanın quzeyi bizim vətənimizin bir parçasıdır, ikincisi, Azərbaycanın quzeyində hansısa hadisə olanda, ictimai-siyasi hərəkat olanda, onları susduran ruslar olurdular. Ya kazakları gətiriblər, ya da farsları köməyə çağırıblar – Azərbaycanda dar ağaclarını qaldırıblar. Azərbaycanda Xiyabani hərəkatında da, ondan öncə Məşrutədə də, çox məsələlərdə ruslar birbaşa oranı qarışdırıblar. Bu, o demək deyil ki, ruslar artıq Azərbaycanın işinə qarışmırlar, xeyr, bu da artıq başqa bir mərhələdir. Putinin əli ilə bu gün İran adlanan yerdə başqa bir rol oynayırlar. Məsələn, dünən – “soyuq savaş” dönəmində İran adlanan yerdə – Fars dövləti özünü Batıda bilirdi və İran adlanan yerdə rusları kommunistlərlə eyniləşdirib, onlara “kafir” deyirdilər, bu gün isə görürsünüz ki, Tehran rejimi birbaşa Rus dövlətilə oturub-durur. Yenə əvvələ qayıdıb, təkrar edirəm ki, Azərbaycan parçalanıb. Ötən 200 il millətimizin savaşı ilə keçib. Yəni çox adam da israr edir ki, Rusiya öz-özünə dağıldı. Xeyr, Rusiya öz-özünə dağılmadı. Azərbaycanda insanlar mücadilə verdilər, rus imperiyasına qarşı vuruşdular. Necə olur ki, Azərbaycanın mücadiləsindən söhbət gedəndə onu küçümsəyirlər, “SSRİ onsuz da parçalanacaqdı” deyirlər. Rusiya 70 ildə parçalanmamışdı, indi də parçalanmırdı. Azərbaycanda insanlarımız ayağa qalxdı. Başqa respublikalar da – Baltikyanı dövlətlər, digər slavyan xalqları ayağa qalxdılar…

Müstəqil Azərbaycan Bütöv Azərbaycanın kiçik bir hissəsidir

– Amma SSRİ-nin dağılmasında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə böyük oldu.

– Tarix tarixliyində qalır. Mücadilənin olmasını qəbul etməyənlər özləri bilərlər, onlar düz demirlər, yəni elə deyil. O dönəmdə dünyanın gözü Azərbaycana bağlanmışdı. Hamı da çox gözəl dərk edirdi ki, əgər bir yerdən Sovet hökuməti çatlasa, onun dağılmasının qarşısını almaq mümkün olmayacaq. Qorbaçovun planına gəlincə isə, o başqa bir şey idi. Qorbaçov elə bilirdi ki, “xalqlar zindanı”nı özü bildiyi tərzdə demokratikləşdirəcək. O dövlətlərdə də hər şey gülüstana çevriləcək. Vəziyyət o həddə idi ki, zindandan azad olmaq insanların qəfəsinə gül-çiçək düzməklə onu aldatmaq olmazdı. Bu yolla imperiyanı əldə saxlamaq olmazdı. Bircə yerdən Sovet İttifaqı çat versəydi, zindandan qurtulmaq istəyən bütün dövlətlər oradan canlarını qurtarmağa çalışacaqdılar. Bunu üçün də ayağa qalxacaqdılar. O cür də oldu. Rusiya əvvəldən də o respublikalara elə problemlər yaratmışdı ki, bir növ özündən asılı eləmişdi. Azərbaycana Qarabağ problemini, Gürcüstana Abxaziya, Osetiya problemini, digər dövlətlərə də ekonomik asılıq problemini yaratmışdı. Bəlkə də Qorbaçovdan sonra Yeltsin kefli başı ilə bir az da Rusiyanı idarə eləsəydi, onun əsarətində bir dənə də olsun respublika qalmayacaqdı. Amma Azərbaycan bütün problemlərə baxmayaraq, azadlığı üçün mücadilə elədi və Azərbaycanın kiçik bir hissəsi əsarətdən azad oldu. Mən bu fikrimi dəfələrlə demişəm və bir daha da təkrar edirəm: Əgər Azərbaycanın quzeyi bu gün azad olubsa, oranın insanları bilməlidirlər ki, burada hakimiyyətə istənilən adam gələ bilər, iqtidarda və yaxud da müxalifətdə ola bilər, varlı və ya kasıb ola bilər, dərk etməlidir ki, o yalnız müstəqil Azərbaycanın vətəndaşı deyil. Müstəqil Azərbaycan Bütöv Azərbaycanın kiçik bir hissəsidir. Rusların geri çəkildiyi azla qane olmaq olmaz. Bizim Vətənimiz Bütöv Azərbaycandır. Başqa millətləri də sadalaya bilərik. Bu gün də Koreya cənub və şimala bölünüb. Başqa koloniyalar da var. Baxın, Avropanın özündə 700 ildir ki, şotlandlar ingilislərlə savaşır. Bəyəm əl çəkirlər? Addım-addım qabağa gedirlər. Yalnız bu millətin nə adını, nə də yaşadığı yerin adını dəyişə bilməzlər. Azərbaycanın güneyinə gələk.

Gərək Azərbaycanın adı “Şimali Azərbaycan Respublikası” olaydı

Güney Azərbaycanda nəhəng bir xalq var. Başından səhv oldu. Azərbaycan quzeydə müstəqilliyini qazananda gərək “Azərbaycan Respublikası” deyil, “Şimali Azərbaycan Respublikası” olaydı. Bu, həm də Güney Azərbaycanın gələcək siyasətinə təsir edərdi. Azərbaycanın cənubunda – Təbriz, Urmiya, Ərdəbildə yaşayan insanların 60 faizini gənclər təşkil edir. Bir də bir məsələ var. Diqqət edin, bəyəm indi dünyada proletariat inqilabı gedir? Yoxdur belə bir şey. Bu gün dünyada gedən müharibələrin hamısı milli davalardır – torpaq davasıdır, millət davasıdır, dövlət davasıdır.

– İdeoloji savaşlar yoxdur…

– Bəzən deyə bilərlər ki, İslam dövlətləri baş qaldırıb savaşırlar. Onların davası nəinki ideolojidir, heç özləri də bilmirlər ki, nə davasıdır. Nə qədər hay-küy salsalar, millətlərin gözünə kül üfürsələr də, yenə də hər şey aydındır. Əgər bu, millətlərin savaşı deyilsə, o zaman niyə kürdü qaldırıb bunlara yapışdırırsan? Burada təkcə söhbət Əbu-Bəkirdən, Bərzanidən getmir. Əbu-Bəkir Bağdadinin ətrafından danışırlar – Səddamdan qalanlar bəs nəyin davasını eləyirlər? Onlar da İraqın davasını aparırlar. Misirdə necə oldu? Birdən–birə “Müsəlman qardaşları” hakimiyyətə gəldilər, bir ildən sonra da getdilər. Təkcə o generallar deyildi, onları da dəstəkləyənlər, aralarında başqa millətlər var idi. Tunisdə də, Liviyada da millətlərin savaşı gedir. Amma bir məsələ var. Bunu da inkar etmək olmaz ki, bugünkü dünyada azadlığın və demokratiyanın tərəfdarı çoxdur. Görürlər – bu gün internet dövrüdür və hamı dünyanı izləyir və görür. Son 37 ildə İran İslam Dövləti insanların gözünü fanatizmlə yummuşdu. Fars şovinistləri dini, şiəçiliyi istismar edərək, məkrlərini bu siyasət arxasında gizlədirdilər. İran insanları qaranlıq dünyada saxlayaraq, istismar edirdi. Lakin bu gün insanların gözü açılıb və onları tovlayıb heç kəsin ülgücünün altına göndərə bilmirlər. Nə qədər başqa yerlərdə desələr də, Azərbaycanın güneyində yaşayan insanlar görürlər ki, quzeydə yaşayan kiçik bir parçaları Rusiya kimi imperiyanın altından çıxıb, istiqlalını bərpa etdi. Əvvəllər Tehran dövləti, farslar Azərbaycanı ələ salırdılar – Azərbaycan Cümhuriyyəti, Gürcüstan Cümhuriyyəti… Onlara elə gəlirdi ki, sabah ruslar onları yenidən tutub, işğal altına salacaq. Bəli, rus bunun arzusundadır və ölənəcən də bu arzu ilə öləcək.

Korrupsiyanı Azərbaycana kimlər gətiriblər?

Bəzən elə olur ki, Putin, onun ətrafındakılar sarsaqlayırlar. Amma belə deyil, məsələ ayrı cürdür. İndi baxırlar ki, bütün çatışmazlıqlara rəğmən – biz bələ də quzeydə nələrin olduğunu onlardan da yaxşı bilirik ki, nə var. Azərbaycanda rüşvətxorluq da var, korrupsiya da var. Məmurların özbaşınalığı həddini də aşıb keçir. Niyə? Bu məmurlar ondan sonra başqa bir şey ola bilməyəcəklər. Çünki milli dövlətin məktəbindən çıxmayıblar ki… Sovet qalıqlarıdırlar, sovet məktəblərinin məzunlarıdırlar.  Korrupsiya Azərbaycana nə cür gəlib? Rusiyanın kadrları gətiriblər də… Azərbaycanda millət tarixən hər zaman bir-birinə qarşı rəhmli olub. Qapısında saxladığı nökəri də hər zaman dolandırıb.

– Onun da həmin evdə hüququ olub. Ona öz övladından yaxşı baxıb…

– Bəli, süfrəsinin başında oturdub. Amma məsələ bunda deyil. Bu millətin mənəviyyatını, bu millətin əxlaqını, bu millətin mənliyini pozublar. Ruslar Azərbaycanda bununla kifayətlənməyiblər, bir torpaq savaşı qalayıblar, ermənini də bu millətin üstündə Əzrayıl kimi saxlayıblar, bu da məmurlar üçün toy-bayramdır. Elə vəziyyət yaradıblar ki, millət özünə gələ bilmir. Bəs o zaman əlac nədədir? Əgər Güney Azərbaycanın insanları görürlərsə ki, quzeydə insanlar müstəqilliklərini əldə ediblər və gün keçdikcə də onun inkişafı qulaqlarına çatır. Əsas müstəqillikdir ki, quzeydə əldə olunub. Çox rahat yollarla da rüşvətxorluğun, korrupsiyanın qarşısını almaq olar. Azərbaycanda hər şey gün keçdikcə də yaxşılaşacaq. Sovet məmuru bir vəzifədə neçə il ömür sürəcək, 300 il yaşamayacaq ki. Gənc nəsil gəlir, onların da tələbləri başqadır.

Əbülfəz Elçibəydən soruşdum ki…

– Bizim mövzumuz deyil, ancaq yeri gəlmişkən soruşum, yəni deyirsiniz ki, Azərbaycanda bu məmurlar nə qədər ömürləri var, sonadək vəzifələrinin başında qalacaqlar? Biz də onları gözləməliyik?

– Mən bu fikirlərimi güney azərbaycanlısı olaraq, sürgündə yaşayan siyasi mühacir olaraq deyirəm. 1993-94-cü illəri Azərbaycanda oldum və həmin hadisələrin şahidi oldum. Əbülfəz Elçibəylə mənim çox yaxın, həddindən artıq yaxın münasibətlərim olub. Bir dəfə Kələkidə söhbətimiz o həddə çatdı ki, soruşdum: “Hakimiyyəti niyə verdin?”

– Bunu Bəydən soruşdunuz?

– Bəli, bəli…  Dedi ki, “Bilirsən, nə var, dövləti bir yana, kreslonu da bir yana qoydular. Ya gərək vətəndaş müharibəsinə gedəydim, ya da kənara çəkiləydim”. O günlər də mən burada idim. İyunun 5-6-da da Gəncədə idim.

– Bu hadisələrin şahidi olmusunuz?

– Bəli, bəli, mən o zaman Gəncədə idim.

– Siz ümumiyyətlə, nə zaman Azərbaycana gəldiniz?

– Mən 1990-cı ildən Azərbaycandayam. 1993-cü il Gəncədə olan qiyamı da gözlərimlə görmüşəm. Niyə məsələn, bu gün hamı Elçibəyi qaralayır. Maşınla Bakıya gələndə yolda Qaradağda körpünün üstünə bomba atdılar. O boyda körpü deşildi. Mən o zaman gördüm ki, qiyamçılardan fərqli olaraq, dövlət adamları ruhdan düşmüşdülər. Hələ o zaman məni tanıyanlar atmaca da atdılar. Bakıya gəldim. Gördüm ki, maşallah, elə bil Bakının bu hadisələrdən heç xəbəri yoxdur. Toydur, bayramdır. Özü də yay ayı idi. Elə bu evdə idim (Prezident sarayının yanında yerləşən və müsahibə götürdüyümüz evi nəzərdə tutur – Red.) və eyvandan da şəhərin əhvali-ruhiyyəsi görünürdü. Hər şeyi də görürdüm – mitinqləri də, hadisələri də izləyirdim. Gördüm ki, Gəncədə baş verən hadisələr, ümumiyyətlə, Bakıya təsir etməyib. Millətin heç vecinə deyil ki, hakimiyyət dəyişilir, bu, təhlükəli ola bilər, bu millətin savaşla əldə etdiyi dövlət əlindən çıxa bilər. Bunun heç fərqində deyildilər. Mən bu söhbətləri, bu hadisələrin şahidi olmağımı heç vaxt mətbuata danışmamışam. Təkcə onu deyə bilərəm ki, təhlükənin yaxınlaşdığını hiss edirdim. Hiss edirdim ki, rus yenidən gələ bilər. Ruslar Gürcüstana girəndə, mən onu gördüm. Hətta bir zamanlar söhbət gəzirdi ki, əgər ruslar gəlsələr, amerikalılar gəlib, onların qarşısını alar. Bir millət vəkili vardı, Ana Vətən Partiyasından…

Buna dəyərmi ki, …Azərbaycanda böyük bir inqilab olsun?

– Fəzail Ağamalı?..

– Zahid Oruc. Televiziyada çıxış edib dedi ki, bu amerikalılar gələnə kimi ruslar buranı basacaq (Gülür…)Sözümün canı nədədir? Əgər bu gün Azərbaycanda kimsə bankın pulunu verə bilmir, ödənişlərini apara bilmirsə, gəlib özünü Prezident Aparatının qarşısında yandırırsa, bu, problemdir. Xaricdə keçirilən konfranslardan birində çıxış etdim və dedim ki, əgər bu gün Azərbaycan vətəndaşı bankdan aldığı 50 manat krediti ödəyə bilmirsə, ona görə də Rusiyaya qaçıb gedirsə və bu borclar da artırsa, o zaman bütün bunlar məmləkəti fəlakətə aparıb çıxaracaq. Kredit götürülürsə, demək, insanlar iqtisadiyyatla ayaqlaşa bilmirlər və pulu götürürlər ki, işlərini yola versinlər. Bu da onu göstərir ki, sosial rifah, sosial ədalət yoxdur. Amma dəyərmi? Buna dəyərmi ki, xırda problemlərə görə, Azərbaycanda böyük bir inqilab olsun? Bəlkə Azərbaycanın özündən olan insanlar tapılacaq, desinlər ki, bəli, qoy inqilab olsun. Amma mən İran adlanan yerdə inqilabı görmüşəm, onun nə olduğunu da bilirəm. Hətta inqilabda iştirak da etmişəm, birincilərdən də olmuşam. Öndə də getmişəm, görmüşəm ki, inqilab necə ola bilər. Ancaq Azərbaycanda inqilabın olması haqqında uzun söhbət eləmək olar. Mənə fərq eləmir ki, hakimiyyətdə kim olacaq. İqtidaryönümlü analiz də ola bilər, – aman mənə dəyməyin, məmurlarım da bu işləri görsün, bax, dəysəniz, filan şeylər də olacaq ha… Tarix boyu belə söhbətlər çox olub. Amma o biri tərəfdən də deyirsən ki, dövlətin hər zaman dayağı millətdir. Dövlətin dayağı, ölçüsü, əyarı millətdir. Bizim liderlərimiz haqda məndən yaxşı məlumatınız var. Onlar – fikir və ideologiya adamları da deyirlər ki, güc, əyar millətdədir. Mən Quzey Azərbaycan insanına deyə bilmərəm ki, bunu elə, onu elə. Mənə deyər, “bilirsən nə var, ay başı gəlir, qaz pulunu verə bilmirəm, işıq pulunu verə bilmirəm, işim də yoxdur, evimə də çörək apara bilmirəm, krediti də verə bilmirəm, qabaqda qaranlıqdır”. Daha bu adam nə eləsin ki, yəni deyir, onun üçün axır zamandır da… Ya gərək 12-ci imam Mehdi Sahib-əz Zaman gələ hər şeyi tənzimləyə, ya da beynimiz ona işləyir ki, desinlər inqilab olsun. Bizim millət müsəlmandır. Şiə əhli Həzrəti Əliyə inanır, o da deyir ki, acsansa bəs qılıncın hanı? Bu, məsələnin bir tərəfidir. Amma dərindən düşünəndə ki, stabillik nəyin bahasına pozula bilər, artıq məişət problemləri gözə görünmür. Azərbaycanda bu problemləri həll edəcək bəlkə də hansısa güclər var ki, mən onları tanımıram. Biz Azərbaycanın güneyindən baxanda arzulayırıq ki, kaş bu dövlət dağılmaya, kaş Azərbaycan dövləti qala…

Prezident Aparatında işləyirdi, indi kənddə inək saxlayır

– Yəni nə olursa olsun, amma Azərbaycan dövləti qalsın…

– Bəli. Söhbət Azərbaycanın dövlətçiliyindən gedir. Mənim nəyimə lazımdır ki, Putin, ya Bəşər Əsəd, ya da kimsə hakimiyyətdə qalsın. Mənim üçün əsas dayağım, istədiyim millətimin dövlətidir. İstəyirəm ki, evimdən eyvana çıxım və görüm ki, millət xoş yaşayır, əhvalı xoş keçir, hamının evində çörəyi var, süfrəsi bəzəklidir, kefi də sazdır. İllər əvvəl Elçibəylə kasetlərə baxırdıq və o da istəyirdi ki, Azərbaycan vətəndaşları da İsveçrə vətəndaşları kimi xoş yaşasınlar. Azərbaycanın buna gücü çatar. Azərbaycanın bu sosial ədalətə, sosial rifaha nail olmağa imkanı var. İsveçrənin nəyi var ki, boru, yeni texnika və silah satır. Yeri gəlmişkən, erməniyə də, bizə də əl qumbaraları satır. Başqa nə? Nefti ki yoxdur. Havası bizimki kimi xoş deyil ki, Azərbaycanda millət özü-özünü dolandıran millətdir. Adam tanıyıram ki, əvvəllər Prezident Aparatında işləyib, işdən çıxarılandan sonra kəndə köçüb, inək saxlayır, qatığından, südündən içir. Yəni millət özünü keçindirir. Bu millətə imkan versən, özünü keçindirər. Əgər bir gün düzgün olaraq, neft-qaz borularının tranzit xərclərini nəzərə alsalar, bu millət rahat yaşayar. Bu millət sosial rifahı, sosial ədaləti görüb, güclü dövlət ola bilər. Biz güneylilər də istəyirik ki, Azərbaycan dövləti və dövlətçiliyi qorunsun. Niyə? Biz həmişə arxadan vurulmuşuq. Bu yaxınlarda Pişəvəri hərəkatının 70 illik yubileyidir. Kim vurdu? Rus vurdu. Mən sizə deyə bilərəm ki, Moskvada danışıqlar olanda ingilislər, amerikanlar, fransızlar, ruslar danışıqlar aparırlar, ingilislər deyir ki, bunlara xalq olaraq heç olmasa nəsə verək də… Rus qəbul eləmir. Baxmayaraq ki, bütün dünyada yanlış təbliğat aparır ki, guya beynəlmiləlçiliyin tərəfindədir. Amma rus gerçəkliyi budur. Azərbaycan müstəqilliyini qazananda rus nə oyunlardan çıxdı. Yenə cəhənnəm olsun, silahlarını gətirmişdi, götürüb də apardı.

Mənə deyin, farsın türkə harası oxşayır?

– Bu gün İranda nə baş verir? Sizə ünvanlanan suallarda da soruşurlar ki, 2006-cı ildə də bu cür narazılıqlar baş qaldırdı. Yəni son illər zaman-zaman bu etirazlar olur. Bu gün də bu narazılıqlar başlayıb. Hadisələrin səbəbi televiziyada hansısa bir yazarın, uşağın dediyi yanlış ifadədənmi qaynaqlanır, yoxsa burada bir hərəkat gedir ki, bizim xəbərimiz yoxdur?

– Siz bilirsiniz, ziyalı adamsınız, savadınız da çatır. I Dünya müharibəsinin başlanmasının əsl səbəbi Serbiya şahzadəsi Frans Ferdinandın öldürülməsi deyildi axı… Dünya həmin vaxt savaşa hazır idi və bu hadisə də bəhanə oldu. Versal müqaviləsindən sonra Almaniyanı pis vəziyyətə salmışdılar, o da yenidən torpaqları, millətini toparlamağa qalxdı. II Dünya müharibəsində də Hitler bunu edirdi. Alman millətinin içindən ideoloji siyasət aparmaq üçün fikir, ideya topladı. Almanlarla bağlı çəkilən filmlərə diqqət etsəniz, görərsiniz ki, həmin dövrdə müharibələrin olmasını, yenidən alman millətinin formalaşmasını xalqın özü istəyirdi. Bu gün İran adlanan yerdə də, türklərin savaşı gedir. Mənə deyin, farsın türkə harası oxşayır? Siz bir farsı 20 il Azərbaycanda saxlayın. Bir kəlmə də olsun türkcə danışmaz.

– Mən həbsdə olanda, qaldığım cəzaçəkmə müəssisəsində Azərbaycanda həbs olunun 20-30 iranlı məhkum var idi. Onların hamısı türk idi, içində cəmi 1 nəfər fars var idi.  Adı da Vəhi idi. Mən ona 17 ayda bir kəlmə də olsun türk sözü öyrədə bilmədim. Baxmayaraq ki. hər gün soruşub, yaddaşını təzələyirdim.

– İmkansızdır…

– Hər gün deyirdim ki, Vəhi, sən heç olmasa bir kəlmə danışa biləcəksən? Danışmadı.

– Danışmaz. Məsələ ondadır ki, o, savadsız deyil, başı da yaxşı işləyir. Sadəcə beynində bir altyapı var ki, türkü dilinə almasın. Kafir adlandırdığı ingilis dilini, fransız dilini öyrənər, amma türkü öyrənməz. Çünki türk dilinə ikrahla, lağla baxırlar. Farslar bizdən yaxşı bilirlər ki, biz türkük. Bunlara bizdən yaxşı aşılanıb ki, biz türkük. Ancaq bu türkün özü öz kimliyini itirib. Bu gün Azərbaycanda yaşayan quzeylilərdən soruşsan ki, millətin nədir? Bilmir. Ləzgi deyir, ləzgiyəm, talış deyir talışam, tat da deyir tatam. Hətta Xınalıqdan olan da deyir ki, xınalıyam. (Gülür…)

– Bir kənd belə öz kimliyini qoruyur.

– Bu türk deməyin nəyindən qorxursan sən? Avropalıların beynində hələ də Vyana yaraları qalıb? Dünya o dövrlərdə o cür idi, dövlətlər torpaqlar uğrunda savaşırdılar, müharibə aparırdılar.

“Azəri” kəlməsini İran adlanan yerə gətirən ingilislərdir

– Amma görünür ki, İranda baş verən proseslər nə türk dünyası, nə Türkiyə dövləti tərəfindən dəstəklənmir.

– O əslində elə deyil. Bunun özü böyük faciədir. Bir qədər sonra o məsələnin də üzərinə gələcəyəm. İran adlanan yerdə farslara onu aşılayıblar ki, türk biyabanidir, köçəridir, vəhşidir, təhlükəlidir. Mən belə düşünürəm ki, hansı millət ki, hakimiyyəti bir başqasına uduzub, onun təbliğatı məhz bu şəkildə aparılır. Hakimiyyəti uduzan kimi sən olursan başıqapazlı yetim. Bunlar da 57 il Pəhləvi sülaləsi dövründə, 37 il də bu hakimiyyətin dövründə istədikləri təbliğatı aparıblar. Türk dilində məktəblər yox, təhsil ancaq farsca aparılır. Hətta erməni dilində də məktəb var, ancaq güney türklərinin məktəbi yoxdur. Savadlandırmaqdan ehtiyat edirlər. Nə nəticə alınır, adamların savadları yox, təbliğat fars təbliğatıdır, kimliklərini də əllərindən alıblar, illər keçdikcə yaddaşlardan millətin varlığını silmək siyasəti aparırlar. İngiltərənin siyasətini BBC formalaşdırır. “Azəri” kəlməsini də İran adlanan yerə gətirən ingilislərdir. Rzanı gətirib padşah eləmək istəyirlər, bir qrupu yığırlar bir yerə ki, bunlar üçün tarix yazın. “Azərbaycan türkləri” qoşmasını da onlar çıxarırlar. İndi İranda bu günlərdə keçirilən nümayişdən sonra, insanlar “BBC”-ni məcbur elədilər. Oranın fars şöbə müdiri axırda məcbur oldu etiraf etsin ki, bunlar Azəri deyillər, türkdürlər və bundan sonra da onları türk olaraq qəbul etmək lazımdır. İndiyə qədər güneyliləri “azəri” olaraq təqdim ediblər, yəni millətin türk kimliyini tanımayıblar. Çox adam qınayır ki, bunlar nə üçün yenə nümayişə qalxdılar, yenə zindanlara gedəcəklər. Yox, məsələ elə deyil. Əgər bir nəfər meydana çıxır və bu yolda zindana atılırsa, səhəri gün onun yerinə 100 nəfər meydana girir. Millət yatmır, oyaq və ayıq qalır. İran adlanan yerdə nümayişə çıxan gənc nəsil, “Haray… Haray… Mən Türkəm!” deyib meydanlara atılırsa, deməli, bu düşmənlərin yüz illik siyasətləri darmadağın olunur. Bu bir türk millətinin davasıdır, mübarizəsidir. Bir məsələ də var. Hələ də bu millət çalışır ki, demokratik yolla hüquqlarını bərpa eləsin. Amma durum, dövr elədir ki, onu heç kim eşitmir. Bu məsələdən çoxları öz maraqlarına görə narahat ola bilərlər. Azərbaycan türkləri ayıq-sayıq olmalıdır və fikirləşməlidir ki, əgər bunları edərsə, özü ondan nə qazanacaq? Bu gün etdiyi hərəkətlər onun üzərinə hansı öhdəlikləri qoyur? Tehran rejimi hər şeydən öncə ümmət dövlətidir. Yəni bunlar dinə əsaslanan bir dövlətdir. Burada millət yoxdur. Bunu Xomeyni də, Xamneyi də dəfələrlə deyiblər. Bu ümmət dövlətidir. Onlar deyirlər ki, bəli, Allaha, Qurana, İslama inanırıq. İslamın qaydalarını icra edirlər və şiə dövlətidirlər. Konstitusiyasında da yazılıb ki, bu İran dövləti şiə dövlətidir. Məsələ burada necədir? Əgər hansısa ünvanlı təhqiri ağa qəbul edirsə, o saat düşünürlər ki, aha, ağa bunları qəbul eləyib. Əslində isə, ağa o söz-söhbətin üstünü örtmək üçün o addımı atır, səndən olduğu üçün bunu eləmir. Sənin kimliyini, millətini qəbul etmir. İran adalanan yerdə deyirlər ki, xalq mücahidləri Azərbaycanı dəstəkləyir. Elə deyil. Azərbaycanlılar ayıq olmalıdırlar. Əgər bunu deyən xalq mücahidi, xanım Məryəm Rəcəvi özü hakimiyyətə gələrsə, özü də istəyəcək ki, elə bir hakimiyyət qursun. Ona görə də ayıq-sayıq olmaq lazımdır. Hər müsbət danışan bizlərdən biri deyil. Bəli, siz bayaq düz söylədiniz ki, hərəkat var – tutaq ki, biri çıxıb milləti tarakana bənzədir, biri çıxır fırçanı dəyişik salır, çəkdikləri filmlərdə təhqir ifadələrinə yer verirlər, bunların hamısı hərəkatı ancaq hərəkətə gətirir. O gün farsların çəkdikləri bir kinoya baxdım. Elə təqdim edirlər ki, nə qədər zindan qapıçısı var, guya Azərbaycan türkləridir. Maşınyuyanlar, hamamda kisəçəkənlər, küçə süpürgəçiləri guya Azərbaycan türkləridir.

İran adlanan yerin filmlərində istisnasız olaraq, Azərbaycan türkləri təhqir olunur

– Niyə? Farslar bu peşələrlə məşğul olmurlar?

– Siz bir dənə də olsun bədii film, kino görməzsiniz ki, orada Azərbaycan türklərini alçaldan obrazlar olmasın. Mən qəsdən İran adlanan yerin çəkdiyi filmlərə baxıram. İstisnasız olaraq, Azərbaycan türkləri təhqir olunur. Bütün film qalır bir tərəfdə, guya yığılırlar bir süpürgəçi olan Azərbaycan türkünün başına, ona lağ edirlər. Bunların təbliğatı odur ki, Azərbaycan türklərinin bacarığı, qabiliyyəti, savadı yoxdur ki, belə alçaq işlərlə məşğul olurlar. Baxmayaraq ki, işləri dara düşəndə başqa söz danışırlar: “Nə istəyirsiniz, ağa özü elə türkdür də…”  Ağa türkdürsə, çıxsın, heç olmasa bir-iki kəlmə televiziyada türkcə danışsın da…

– Xomeyninin Xamnə şəhərindən olduğu da deyilir.

– Bəli, Məşəddə doğulub, Cavadın oğludur.

Rza Pəhləvinin arvadı ayrımdır

– Azərbaycandandır?

– Bəli, Azərbaycan şəhərindəndir. Ondan əvvəlki Xomeyninin əsli isə Hindistandan gəlmədir. İndi hakimiyyətin başında duran ikinci Xomeyninin də adı türkdür. Əlacı olsa, ətrafındakılara deyər ki, inqilab qvardiyasında olanları diri-diri yeyin. Diri-diri yeyəcəklər. Bu elə adamdır. Bir dəfə də olsun çıxıb bir kəlmə türkcə televiziyada danışmaz. Bu da ona bənzəyir ki, Cövhər Dudayev öldürülməmişdən 1 həftə əvvəl bir polyak jurnalistə müsahibə vermişdi.  Həmin müsahibədə demişdi ki, “Kremldə kimin oturmasından asılı olmayaraq, rusa xidmət edəcək – istər Qorbaçov olsun, istərsə də Yeltsin”. İndi, İran adlanan yerdə də hakimiyyəti kimin idarə etməsindən asılı olmayaraq, ora gətirilibsə, farsa xidmət edəcək. Fars dilini, fars mədəniyyətini, fars dövlətini bütün varlığı ilə gücləndirməyə xidmət edəcək. Bir misal da çəkim. Keçmiş padşah Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı Fərəh Diba Pəhləvi də Azərbaycan türkü idi. Əsli təmiz təbrizli idi. Türkiyə prezidenti Turqut Özalın xanımı Səmra Özal da bir dəfə demişdi ki, maşında oturanda türkcə danışdım, başı ilə işarə elədi ki, türkcə başa düşür, amma maşından düşəndə protokol qaydalarına riayət edərək, farsca danışmağa başlayır. Belədir. Bünövrə belə qoyulubdur. Ayrımlar kimlərdir? Onlar da bir türlü türkdürlər də. Sonuncu padşahın anası türk-ayrımdır. Atası Rza Pəhləvinin arvadı Tac-ül-Mülk ayrımdır. Stalin Tehrana gedəndə Saraya – şahı ziyarət etməyə gedir. Rza şah da o zaman gənc idi. Sarayda xanımlar, o cümlədən Tac-ül-Mülk də oturur. Tərcüməçi də olur. Stalin soruşur ki, sizdən heç kim rus dilində bilmir? Xanım Tac-ül-Mülk deyir ki, “ya znayu po-russki”. O zaman açıqlayır ki, əslən Qafqazlardandır. Bədbəxt Amerikada öldü. Sözüm ondadır ki, İran adlanan yerdə ayağa qalxan təkcə Azərbaycan türkləri deyil, həm də ərəblərdir. Siz yəqin diqqət etdiniz, rejim çalışır ki, Azərbaycanda qan tökülməsin, şəhid olmasın və yaxud da birini kimsə öldürməsin. Məsələni bilirlər, dərinləşdirmək istəmirlər. Amma elə həmin gün də ərəblər ayağa qalxmışdılar, bir ərəbi vurub öldürdülər. Həftələrlə ərəblər bunlara qarşı silahla vuruşdular. Rejim də çox qorxu içində idi. Ancaq Azərbaycan türkləri mücadilələrini demokratik yolla aparırlar. Hansısa bir hadisə baş verəndə də mərhələ-mərhələ hərakat güclənir. Məsələn, mən sizə bir misal çəkim. Burada bir toplantıda biri mübahisə edir, deyirdilər ki, orada nə mənası var, 70-80 min nəfərin toplanıb şüar qaldırmasına. Onsuz da rejim də bunları tanıyır, istəyir ki, gəlib orada enerjilərini boşaltsınlar. Xeyr. Çoxları var ki, xanımlarını stadionlara buraxmırlar. Buna baxmayaraq, əgər 70 min türk evindən çıxıb, “Haray, haray, mən Türkəm!” şüarını səsləndirirsə, demək, bu, mücadilə aparır. Harada olmasından asılı olmayaraq. Sabah o bu şüarla Tehranda da çıxış edə bilər.

– Əjdər bəy, pörosesin önündə olan hansı təşkilatlar var, kimlər var?

– Söhbət təşkilatlardan getmir…

– Çünki Azərbaycan cəmiyyətində ən dağınıq görünən məqam odur: çox təşkilat var…

– Bəli…

– “Milli Oyanış” təşkilatı ilə yanaşı, bir neçə təşkilatın da adı çəkilir…

I hissənin sonu

 

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016