Ev / Xəbərlər / Güney Azərbaycan / Mehdi Kuxiyan Marağa həbsxanasının karantin bölümünə köçürülüb

Mehdi Kuxiyan Marağa həbsxanasının karantin bölümünə köçürülüb

Güney Azərbaycan Milli Hərəkatının fəalı Mehdi Kuxiyan Marağa həbsxanasının karantin bölümünə köçürülüb. www.D-A-K.org –a daxil olan məlumata görə, bu bölüm zindanda məhbusların saxlanıldığı yerlə müqayisədə daha az imkanlara malik olur. Rejim aclıq aksiyasına başlayan məhbuslara daha artıq əziyyət vermək üçün onları karantın bölümünə salır. Lakin bu qeyri-insani hərəkət həbsxana qanunlarına ziddir və onsuz da xəstə olan milli fəalın vəziyyətini daha da pisləşdirəcək.

Xatırladaq ki, Mehdi Kuxiyan aprelin 8-dən etibarən Marağa şəhər həbsxanasında aclıq aksiyasına başlayıb. Mehdi Kuxiyan bu barədə ailəsi ilə telefon danışığı zamanı xəbər verib. Azərbaycanlı fəal aclıq aksiyasına səbəb kimi onunla birlikdə həbsdə saxlanılan dostu Oxtay (Abbas) Vəlizadənin 8 illik həbs qərarını, həbsxana məmurlarının tibbi və təcili yardım göstərməmələrini və məhkəmənin onları müvəqqəti azadlığa buraxılması üçün indiyədək qərar verməməsini göstərib. Marağa İnqilab Məhkəməsi Mehdi Kuxiyana 1 il, Abbas Vəlizadəyə isə 8 il həbs cəzası verib. Azərbaycanlı fəallar hakimiyyətin əleyhinə təbliğat aparmaq, dini inancları, islam müqəddəslərini və İran adlanan yerin ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıblar. Milli fəalları vəkil Fatimə Səttari müdafiə edib. Hakim Məlikanda iki xiyabanın ”Ata” və ”Ana” adlandırılmasına qarşı olduğuna görə imamcüməni təhqir etmək, Azərbaycanın zəlzələ bölgəsilə bağlı yazı dərc etmək, ”Facebook” səhifəsində ayətullah Xamneyi və İran adlanan yerin prezidenti Mahmud Əhmədinejadın karikaturalarını yaymaq, həbsdə olan milli fəallardan birinin şəklini internetdə yaymaq və ona azadlıq tələb etmək, Məhərrəm ayı mərasimlərini və mərsiyyəçini təhqir etmək və s. kimi arqumentlər gətirib. Ümumiyyətlə, İranda məhkəmələr formaldır və qərarlar ”Ettelaat”la ”Sepah” tərəfindən hakimlərə diktə olunur. Məhkəmə yetkililəri bu iki dövlət orqanının əmrini yerinə yetirmək məcburiyyətindədilər. Bu arada Marağa zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan ayaqları qandallanaraq xəstəxanaya aparılıb. Böyrəyində kəskin ağrıları olan soydaşımızın israrıyla aprelin 4-də onun həkim müyinəsindən keçməsinə icazə verilib. Eyni zamanda aprelin 10-da Mehdi Kuxiyan başlatdığı aclıq aksiyasına görə istintaq olunmaq üçün Marağa prokurorluğuna götürülüb. İstintaq zamanı İran təhlükəsizlik qüvvələri soydaşımızdan aclıq aksiyasını dayandırmasını istəyiblər. Mehdi Kuxiyan və Abbas Vəlizadə 2012-ci il dekabrın 30-da Məlikan (Məlikkəndi) şəhərində İran adlanan yerin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (”Ettelaat”) əməkdaşları tərəfindən həbs ediliblər.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera