Ev / Layihələr / İcra edilmiş layihələr / Güneyli ziyalılar Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüb

Güneyli ziyalılar Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüb

Image

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahani başda olmaqla ABŞ, Kanada, Almaniya, İngiltərə, İsveç və s. ölkələrdə yaşayan əslən Güney Azərbaycandan olan 12 tanınmış soydaşımız Bakıda səfərdədir.
Oktyabrın 6-da qonaqları Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qəbul edib. Qonaqları komitə sədrinə təqdim edən DAK Daimi Şurasının sədri Əjdər Tağızadə onların yaşadıqları ölkələrdəki fəaliyyətləri və Azərbaycana səfərlərinin məqsədi barədə ətraflı məlumat verib.

öz növbəsində qonaqları çox səmimi salamlayan Nazim İbrahimov bildirdi ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi yarandığı gündən dünyaya səpələnmiş bütün azərbaycanlıları Azərbaycan dövləti ətrafında birləşdirməyə çalışır: ”Diaspora işinin səmərəli qurulması üçün millətin önündə gedən ziyalılara böyük ehtiyac var. Ona görə də dövlət komitəsinin sizlərin üzünüzə hər zaman açıqdır”. Onun sözlərinə görə, DAK yarandığı gündən çox yaxşı fəaliyyət göstərir: ”Artıq 8 ilə yaxındır konqreslə Dövlət Komitəsinin sıx əlaqəsi var. Son illərdə DAK-la Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq daha da güclənib. Bu da konqresin rəhbərliyinə Sabir Rüstəmxanlı və Firidun Pərviznianın gəlməsindən sonraya təsadüf edir”.
DAK həmsədri Sabir Rüstəmxanlı vurğuladı ki, konqreslə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin işi normal qurulub: ”DAK-ın dövlətdən fərqli olaraq öz siyasəti var. DAK olaraq, Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafı, dünyaya səpələnmiş azərbaycanlıların təşkilatlanması və lobbi işinə cəlb olunması və parçalanmış milləti birləşdirməklə öz tarixi coğrafi ərazisində bütöv dövlətinin qurulmasına çalışırıq”.
Azərbaycandakı böyük inkişafdan, əldə olunan uğurlardan və ölkədə yüksək səviyyədə aparılan quruculuq işlərindən məmnun qaldıqlarını deyən güneyli ziyalılar harada yaşamalarından asılı olmayaraq, azərbaycanlı kimi düşündüklərini, Azərbaycan Respublikasını özlərinə Vətən hesab etdiklərini və hər zaman Azərbaycan dövlətinin, xalqının yanında olacaqlarını bildirdilər.
Daha sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qonaqların şərəfinə ziyafət verdi.

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə Azərbaycanda səfərdə olan dünya şöhrətli ziyalı Rza Bərahani gənc yazarlarla görüşdü

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, ...

Kommentera