Ev / Xəbərlər / Güney Azərbaycan / “Güneyli yazarlar Quzey Azərbaycan mətnlərində termin tapa bilmirlər”

“Güneyli yazarlar Quzey Azərbaycan mətnlərində termin tapa bilmirlər”

Hər bir dəyişim, dildə öz əksini tapır. İstər doğal(təbii) dəyişim, istər insanların süni şəkildə etdikləri dəyişim dillərə yansıyır. Son yüzilliklərdə texnologiya və qavramlarda gəlişmə olduqca insanlar dağları dəldiyi kimi, dəmiri əridib istədiyini düzəltdikləri kimi, dildə də dəyişikliklər vermiş və verməkdədir. Yeni qavramlar, yeni sözcüklərə ehtiyac doğurur. Bu üzdən dünyada dəyişimin sürəti artdığı kimi, yeni sözcükləri ortaya çıxarma sürəti də artmaq məcburiyyətindədir. Bilim, texnologiya, fəlsəfə və hər doğulmuş yeni körpə qavramın adlandırılma gərəkliliyi ortaya çıxır.

Bu qavramları dilimizdə qarşılamaq üçün biz nə edirik? Azərbaycan Cümhuriyyətində aktiv bir dil qurumunun olmaması, Arazın o tayında isə bütövlüklə dillə bağlı hansısa bir qurumun qurulmasının mümkün olmadığı halda Azərbaycan türkcəsinin termin problemi daha artır. Arazın iki tayının yazarlarının termin məsələsində olan fərqli yanaşmaları get-gedə Azərbaycan türkcəsinin bilim dilini bir qarma-qarışıqlığa doğru aparmaqdadır. Bu anlamda artıq Quzeydəki meyar dil birləşdirici rolunu itirə də bilər. Güneyli yazarlar təəssüflə Quzey Azərbaycan mətnlərindən termin ehtiyaclarını əldə edə bilmirlər. Bu üzdən də Türkiyə türkcəsinə üz tutanlar və bəzən bəlli, bəzən də bəlli olmayan meyarlarla terminlər seçməyə çalışarlar. Bu məsələ uzaq müddətdə dildə öz təsiri daha da hiss etdirə bilər.

Türk ölkələr içində termin məsələsi daha uğurlu bir şəkildə məşğul olan ölkə Türkiyə olmuşdur. Məncə Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsinin başqa türkcələrə müqayisədə daha yaxın olmaları bizim üçün müsbət bir imtiyaz sayılar. Türkiyədəki Türk Dil Qurumunun təcrübələrini öyrənmək bizə çıxış yolu tapmaqda yol göstərici rolu ola bilər. Bu üzdən bu yazıda Türkiyədəki Türk Dil Qurumunun bilim dili və terminlər haqqında etdiklərinin üzərində durmağı yararlı hesab edirəm.

Türkiyə türkcəsindən necə termin ala biləcəyimiz haqda fikrimi bildirmədən öncə, istər Osmanlı dönəmi, istər Türkiyənin cümhuriyyət dönəmində bilim dili ilə bağlı olan düşüncələrin tarixi sürəcinin nədən ibarət olduğunu bilməkdə fayda var.

Türkiyə Türkcəsində Termin Məsələsi

XV və XVI əsrlərdə Avropa böyük düşünsəl dəyişimə uğradı.  Renesans, Avropanı bilim və sənət sahələrinə aid qavramların terminləşdirmə məsələsi ilə üz-üzə qoydusa, tənzimat da Osmanlını eyni sorunla qarşılaşdırdı. Sürətlə dəyişən bilim sahələri ilə birlikdə fənn və sosial bilimlər də dəyişdiyi üçün yeni qavramların adlandırılması artıq bir sahə halına gəldi. “Terminoloji” adlandırılan bu sahənin dəyişim sürəti ilə ayaqlaşmaqdan başqa yolu yox idi. 1839-cü ildə tənzimat fərmanı verilmişdi. Tənzimat fərmanına qədər hər hansı bir yeniləşmə hərəkəti saray və saray ətrafına qısıtlı olsa da, tənzimatdan sonra bu hərəkət genişləndi. Hökümət, ordu və aydınlar “batılılaşma” tərəfində olduqları üçün yeniləşməyə daha çox şərait hazır idi.

Dəyişimlər, Osmanlını axtarış məcburiyyətində qoymuşdu. Tənzimatdan sonra Fransa örnəyi Osmanlının diqqət mərkəzində olmuş. İstər qurumlar, istər bilim alanlarında, istər öyrənci göndərmək üçün seçiləcək ölkə varıydısa, o ölkənin adı Fransa idi.  Bir sıra alanlarda bəzən İngiltərə, Almaniya kimi ölkələr örnək alınsa da, Fransa örnəyi basqın bir örnək idi.

Əsasən, fransızca aracıyla yeni qavramlarla tanış olan Osmanlı aydınları, bəzək və öymə ifadələri ilə dolu bir dillə yeni qavramların qarşısında olduqca aciz idilər. Qavramları qaşılayacaq sözcüklərə ehtiyacı çox yaxşı anlamağa başlamışdılar. Şinasi, Namiq Kamal, Ziya Paşa kimi Osmanlı fikir adamları ilə başlayan bu düşüncə sonralar daha çox gəlişdi.

Fransız bilim qurumları örnək alınaraq bir çox qurumlar yaransa da, bunların bir çoxu uzun ömürlü olmamışdı. Fransa Akademisi örnək alınaraq 1851-ci ildə yaranan “Əncümən-i Daniş” bilim dünyasıyla ayaqlaşa bilmədiyi üçün 11 il sonra qapanmışdı. 1861-ci ildə qurulan Cəmiyyət-i İlmiyye-i Osmaniyyə”nin də ömrü çox sürməmişdi. Dörd cildi işıq üzü görən “Məcmuə-i Fünun” adlı yayın orqanı da bilim sahəsinə girişə bilməmişdir. Bu orqan, Axundzadənin Latın əlifbasına əsaslanan əlifba önərisinə məfni baxış bildirən orqandır.

Məsələ ciddiləşdikcə çözüm yolları önərənlər düşüncələrini ortaya qoymağa başlamışlar.  Məsələni çözmək üçün göstərilən ilk yollar türkcə sözcüklər yaratmaq önərisi olmamışdı. Önəri varsa da, osmanlıcada termin düzəltmək önərisidir. Üst-üstə Osmanlının o dönəmində terminlərə bağlı olan yanaşmalarla bizim bir sıra yazarların indiki yanaşmalarının arasında ciddi bir bənzərlik vardır. Tənzimat dönəminin düşünərlərindən olan Ali Suavi(1870- 1933) Batı kökənli sözcüklərə ərəbcə qarşılıq tapmaq yerinə onları olduğu kimi dilə gətirməyin tərəfdarı imiş. Batı dillərində ortaq olan terminlərin də yerinə Ərəb dilinin imkanlarından yararlanıb, termin düzəltməyə qarşı çıxanlardan biri də dilbilimçi, sözlükçü Şəmsəddin Sami olmuş.  

Osmanlıca terminlər, daha çox ərəbcə köklərdən osmanlıcanın qurallarına uyğun bir şəkildə düzəldilmişdilər. Bu terminlər, sadəcə, Osmanlı bilginləri üçün anlam daşımaqda idilər. Hətta ərəblər üçün anlamsız gələ bilərdilər. Türkiyədə, bu terminlərin kökləri ərəbcə olsa da, bu terminləri, indiki Türkiyə terminlərinin bir aşaması olaraq görərlər.

Osmanlının məşrutiyyət dönəmində düzəldilən terminlərdə də ərəbcəçilik daha çox qabarıqdır. Örnək üçün Rza Tevfikin yazdığı “Müfəssəl Qamus-i fəlsəfə” də ərəbcəyə əsaslanan terminlərlə doludur.

XIX əsrin sonları, XX əsrin başlanışında da texniki və sosial bilimlərlə bağlı törədilən bir çox termini görməkdəyik. Bu terminlərdən bunları söyləyə bilərik: Mebhasulhüceyrat(Fr. cytologie), mecmuaihayvanat(Fr. faune), mecmuainebatat(Fr. flore), gayeihayal, daha sonra məfkurə(Fr. ideal).

Tənzimatdan bu yana ərəbcə və farsca köklərə dayanan terminlərlə bir bilim dili qurmağa çalışan Osmanlı aydınlarının bu çalışmaları arasında türkcə köklərlə termin düzəltmək kimi bir çalışma ilə qarşılaşmırıq.

Türk bilim və düşüncə həyatının dönüş nöqtəsində önəmli bir yeri olan Ziya Gökalp(1876- 1924), termin mövzusundakı düşüncələrini “Türkçülüyün Əsasları” adlı kitabında yazmışdır. “Lisani Türkçülüyün Ümədələri” başlığı altında sıraladığı maddələrin beşinci maddəsi terminlər haqqındadır. Ziya Gökalpın dil haqqında önə sürdüyü əsaslar, Cümhuriyyət dönəmindəki termin üzərində çalışmaların təməlini qoymuşdur.

Terminlərin türkcələşdirilməsi türkcəçiliklə bir başa ilgilidir. Bu üzdən bilimsəl yanaşma birgə siyasi görüş də bəlli dərəcədə terminlərin türkcələşdirilməsinə təsir edən amillərdən hesablanmalıdır. Cümhuriyyət dönəmi, terminlərin türkcələşdirilməsi baxımından olduqca önəmlidir. 1932-ci ildə Türk Dil Qurumu qurulduqdan sonra türkcə köklərdən olduqca çox terminlər törədilmişdir. Türk Dil Qurumu, qurulduqdan on il sonra, olduqca güclü bir termin və sözlük yayın mərkəzinə çevrildi. Bu yeni terminləri toplum və bilim ocaqlarında yerində oturtmaq üçün Eyitim Baxanlığının əməyi böyük olmuş.

Türk dilində termin yaratma düşüncəsini qəbul etdikdən sonra Türk Dil Qurumu, Türkcənin söz varlığına yönəlib, bu qaynaqlardan yararlanmalı oldu. Bunun üçün də uzmanlar, bir sıra sahələri araşdırmış, termin törətmək üçün bəlli yöntəmlərdən yararlanmışlar.

Termin Törətmək Yolları və Qaynaqları

1. Anoloji, andırış, örnəksəmə və ya yaraşdırma deyə biləcəyimiz yöntəmlə sözcük və termin törətmək: bir çox dillərdə bu yöntəmlə söcük törədilmişdir. Əli Şir Nəvayi Mühakimət-ül Lüğəteyn kitabında “beyit” yerinə “deyit” yazması bu metodun bir örnəyidir. Başqa örnəkdə, “İmaj”(Fr. image) sözcüyünə baxıb Türkcənin “im” adından “imgə”ni düzəltməyi söyləmək olar. “Termin” yerinə “terim”(Dərmək-dən düzəldilmiş) sözünü yaraşdırmaq da bu yöntəmlə olmuşdur.  Fransızca olan Patriarcal, matriarcal üçün Ərk(qüvvət, güc)-dən yararlanaraq “ata + ərkil”, “ana + ərkil” də bu yöntəmdən yararlanmağın nəticəsində ortaya çıxmışdır.

2. Sözdüzəldici şəkilçilərlə ad və köklərdən termin törətmək: Bu yöntəmdən daha çox yararlanmışlar. Örnək üçün elə “Törətmə” (Törət+mə)termini 1940-cı illərdən sonra iştiqaq anlamında dildə yayqın olmağa başlamışdır.  Bu yöntəmlə adlar, köklər və əklərin işləvinə uyğun bir şəkildə yeni sözcük və terminlər törədilir.

3. Sözcük birləşdirmə yoluyla termin törətmək: Bir sözcüklə qarşılanması mümkün olmadığı halda bu yöntəmdən yararlanılır. Bu yöntəmdə iki sözcüyü birləşdirməklə qavram üçün uyğun qarşılıq törətməyə çalışılır. Bilgisayar, varoluş kimi örnəkləri sıralamaq mümkündür.

3. Sözcük türlərini(növlərini) dəyişdirmə: Bu yöntəmdə bir sıra qavramları qarşılamaq üçün sözcüklərin türləri dəyişdirilir. Örnək üçün feil olan sözcükdən sifət olaraq yararlanılır. Torpaq bir addır. “torpaq dam” sözbirləşməsində isə “torpaq” ad deyil, sifət şəklində işlənir.  Bunun əksi də baş verə bilər. Yəni sifət olan ad olaraq işlənə bilər. Beləcə dildə yeni sözcük və terminlər törətmək imkanı genişlənmiş olur.

4. Ümumi dildə olan sözcüyü terminləşdirmək: Bu yöntəmdə genəl dildən qavrama uyğun sözcük alınıb terminləşdirilir. Örnək üçün ağızda olub, anatomiyə aid olan “Dil” sözcüyü, dilbilimçilik(dilçilik)də anatomidə olan anlamda deyil. “Ayaq” sözcüyünün Türkiyə türkcəsində 15-ə yaxın anlamı var. Fərqli anlamlarını göz önünə alaraq ədəbiyyat, coğrafiya, riyaziyyat kimi sahələrdə bu sözcüyü terminləşdirmişlər. “Boğaz”, “kök” və “güc” kimi sözcükləri də sıralamaq mümkündür.

5. Xalq ağzında olan sözcüklərdən seçib terminləşdirmək: Türkiyədə cümhuriyyət dönəmində bu yöntəmdən yararlanmışlar.  Türkiyə dilbilimçilərin yazdığına görə bu yöntəmdən çox da yararlana bilməmişlər. Yararlana bilməmələrinin səbəbləri içində isə bu sahənin çox geniş sahə olduğu və ağızlarda olan sözcüklərin kökünü öyrənməyin çətinliyini qeyd etmişlər. “Kökən” sözcüyü, xalq ağzından götürülüb terminləşdirilən bir sözcükdür. Kökən(Origin- Kök) sözcüyü, Orta Anadoluda, xalq ağzında “qovun, qarpız kimi bitkilərin torpaq üstündə yayınlan budaqları” anlamındadır.  Kökən sözcüyündən “Kökən Bilimi”(etimoloji) termini də törədilmişdir.  Fəlsəfə terminlərində “Cövhər” anlamında işlənən “Töz” termini də xalq ağzından alınmışdır.

6. Tarixi türkcə mətnlərdən sözcük almaq: Türk dil Qurumu qurulduqdan sonra “Ümumi Mərkəz Heyəti”nin aldığı qərara görə 75 nəfərlik bir qrup Türkcə tarixi mətnlər üzərində çalışmağa başlamış və bu çalışma nəticəsində təxminən 150 əski sözlük və yazılı əsərlərdə olan sözcükləri sıralamışlar. Bu mətnlər arasında tarixi dönəmlərdə qələmə alınmış divan, sözlük kimi əsərlərlə birgə dini mətnlər də olmuşdur. İstər Batı, istər Doğu Türkcəsində olan mətnlər üzərində çalışılsa da, termin və sözcük almaq məsələsində daha çox Anadoluda yazılan mətnlərə üstünlük verilmişdir. Örnək üçün seçim, konuk(qonaq anlamında), yüzyıl(əsr), Arı(təmiz, saf) və arıdan törədilən arıtım(saflaşdırma, palayiş) terimini, “Şahid” anlamında əski mətnlərdə çox işlənilən indiki hüquq termini halına gələn “Tanıq” termini söyləmək olar. Bu sıraya Oran, Yanıt, Nəsnə, Görkəm, Bilgə, Ərk və Ərdəm kimi sözcükləri də artırmaq mümkündür. 

7. Çağdaş Türk ləhcələrindən yararlanmaq: Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsində təxminən eyni zamanda termin məsələsi üzərində çalışılmaya başlanmış. 1920-ci illərdə başlanan bu çalışmaların nəticəsində ortaya çıxan əsərlər, 1930-cu illərdən etibarən yayınlanmağa başlamış. Örnək üçün 1932-ci ildə Bakıda “Fəlsəfə Terminləri” yayınlanmış. Özbəklərdə isə 1934-cü ildə yayımlanan termin sözlüyü vardır.  O dönəmlərdə yayınlanan terminlər arasında Türkiyə türkcəsində fransızca terminlər çox qabarıq olduğu kimi, Azərbaycan türkcəsi və sovet içində Türk dilli cümhuriyyətlərdə isə ərəbcə, farsca və qaynağı latınca, yunanca olan sözcüklərin fransızca, rusca yoluyla Azərbaycan türkcəsinə keçmiş bir çox sözcüklə qarşlaşırıq. Ən azı Batı Türkcəsində terminləri eyniləşdirmək mümkün görünsə də, siyasi səbəblərdən dolayı istər Türkiyə, istər Azərbaycan cümhuriyyəti tərəfindən bu ana qədər hər hansı bir addım atılmamışdır. Bu üzdən də Batı türkcəsində belə bəzən Azərbaycan türkcəsiylə Türkiyə türkcəsi arasında eyni qavramı qarşılamaq üçün fərqli durumlarla qarşılaşırıq. Bəzən iki ölkədə bir qavram üçün eyni termin, bəzən iki fərqli türk kökənli termin yazılmaqdadır. Örnək üçün ixtisar anlamında “qısaltma” və “cərəyan” anlamında olan “axım” sözcükləri Azərbaycanla Türkiyədə eyni şəkildə işlənsə də, bir sıra qavramlar üçün fərqli termin vəya sözcüklər vardır. O cümlədən “Alqı” sözcüyünə, Azərbaycan türkcəsində “Qavrayış”, “istintaq” üçün Türkiyədə işlənən “sorqulama” yerinə Azərbaycan türkcəsində “dindirmə” işlənir.

Bir sıra Türkiyə dilbilimçilərinin fikrinə görə Türkiyə türkcəsi, ona ən yaxın olan Azərbaycan türkcəsindən, bir sıra türk kökənli terminləri almalıdır. Onların düşüncəsinə görə də bu işin qarşılıqlı olmasında yarar var.

Nə edə bilərik?

Bu gün istər Azərbaycan cümhuriyyəti, istər bu Güney Azərbaycanda, termin məsələsini həll etmək yolunu ərəbcə farsca və ya Batı dillərində olan terminləri qullanmaqla həll etmək fikrində olanlar yox deyil. Türkiyə təcrübəsi, bu yöntəmin təcrübə edilmiş və uğursuz bir yöntəm olduğunu bizim üçün aydınlaşdırır.

Terminlərin türkcələşdirilməsini millətçiliklə bağlamaq yanlış bir düşüncədir. Terminlərin ana dilində olması bilimin daha rahat qavranılması ilə birgə bir çox müsbət yönü var. Yazının mövzusu fərqli olduğunu üçün bu haqda artıq yazmağı yerli görmürəm.

Məncə, Türkiyədəki Türk Dil Qurumunun təcrübəsi bizim üçün mümkün qaynaqları artırmışdır. 1920 və daha ciddi şəkildə 1930-cu illərdə Türkiyədə bilim dili məsələsi ilə qarşı-qarşıya olan bilim insanlarının qaynaqları, yuxarıda sıralananlara əsaslanırdısa, bu gün Azərbaycanın bilim insanı üçün daha bir qaynaq var. Bu qaynaq, Türkiyədə fərqli bilim sahələri üçün hazırlanmış terminlərdir. Təbii, bu terminləri, olduqları kimi dilimizə gətirməklə deyil, ancaq dəqiq seçimin nəticəsində bizim üçün faydalı ola bilər.

Türk Dil Qurumu uzmanları, terminlər törədəndə daha çox anadolu bölgəsindəki Türkcədən yararlanmağa üstünlük vermişlər. Hətta bacardıqca ona yaxın olan Azərbaycan türkcəsindən də sözcük almamağa da üstünlük vermişlər. Bununla belə, Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi, Batı türkcəsindən olduğu üçün bu təcrübədən yararlanmaq bizim üçün əlverişlidir. Şübhəsiz, bu söz, heç bir termini araşdırmadan dilimizə gətirmək anlamında deyil. İstər fonetik olaraq, istər anlam olaraq diqqətli olmaq lazımdır. Özəlliklə “yalançı eşdəyər” sözcüklərdən törədilmiş terminlər, çaşdırıcı ola bilər. “Yalancı eşdəyər”, yazılışları eyni olduğu halda, fərqli anlam daşıyan sözcüklərə deyilir. Yalançı eşdəyər sözcüklərdən düzəldilən terminləri dilimizə gətirmək, dilimizdə qarışıqlıq başqa hər hansı bir nəticə olmaya bilər. Bu baxımdan bu sözcüklər uyğun olmadığı halda zərərli də ola bilər. Bizim türkcə ilə Türkiyə türkcəsi arasında bu tip sözcüklərin sayısı az deyil. Örnək üçün “şəhərləşmə” anlamında Türkiyədə olan “Kentleşme” terminini dilimizə daşımaq amacımıza uyğun addım sayılmaz. Çünki tam əks anlamdadır. Ertə, axtarmaq, çatışmaq, götürmək, almaq və bir çox sözcüyü də bu sıraya artırmaq olar. 

Azərbaycan bölgələrində xalqın ağzında olub sözlüklərdə yazılmayan sözcükləri toplamaq həm dilimizi, həm də dilimizdə termin törətmə imkanlarını genişlədər. İndiki anda və gələcəkdə ortaya çıxa biləcək yeni qavramların adlandırılması baxımından bu önəmlidir. Bu baxımdan Güney Azərbaycanın bölgələrində araşdırmalar daha da faydalı ola bilər.

Bir sıralarının düşüncəsinə görə Türkiyə türkcəsində olan terminlərdən dilimizə gətirmək, Azərbaycan türkcəsinin kimliyini əritməyə səbəb olacaqdır. Məncə, bu doğru düşüncə deyil. Əsas itki, Azərbaycan türkcəsi bilim dilinə sahib olmadığında baş verə bilər. Hər hansı bir yansılamağa yol vermədən, Türkiyədəki yanlışlıqlara yol vermədən, bəlli qurallar və prinsiplər əsasən, dilimizi gəlişmiş və bilim dilinə sahib bir dilə çevirə bilərik. /kult.az/

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera