Ev / Layihələr / İcra edilmiş layihələr / Güneyli-quzeyli qadınlar bir araya gəldi

Güneyli-quzeyli qadınlar bir araya gəldi

DAK və ATQB ”Qadınların cəmiyyətdə rolu” mövzusunda birgə dəyirmi masa keçirdi

Image

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahani başda olmaqla ABŞ, Kanada, Almaniya, İngiltərə, İsveç və s. ölkələrdə yaşayan əslən Güney Azərbaycandan olan 12 tanınmış soydaşımız Bakıda səfərdədir. Oktyabrın 10-da Dünya Azərbaycanlıları Konqresi (DAK) və Azər-Türk Qadın Birliyi güneyli ziyalıların iştirakıyla ”Qadınların cəmiyyətdə rolu” mövzusunda dəyirmi masa keçirdi. Tədbirə yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, Amerikadan və Almaniyadan olan elm adamları Vera Heris, Şida Hətəmli Sadabadi və Sədiqə Ədaləti Razlighi da dəvət olunmuşdu.

Tədbiri DAK həmsədri Sabir Rüstəmxanlı açaraq, DAK-ın fəaliyyəti və qonaqların səfəri, keçirdiyi görüşlər barədə ətraflı məlumat verdi. O, əslən Cənubi Azərbaycandan olan qonaqları tədbir iştirakçılarına təqdim etdi. Daha sonar DAK həmsədri qeyd etdi ki, ilk dəfə olaraq Quzey Azərbaycanda istiqlalçılarla federalçılar bir araya gələrək Azərbaycanın taleyüklü məsələləri barədə fikir mübadiləsi aparıblar.
ATQB sədri Tənzilə Rüstəmxanlı Azərbaycan qadını, onun cəmiyyətdə yeri, qarşılaşdığı problemlər haqda danışdı: ”Cənubi Azərbaycanda qadının cəmiyyətdə hansısa mövqedə olması çətindir. Əslində eyni vəziyyəti Azərbaycanla bağlı da demək olar. Qadın ağır yollardan keçməyə məcbur qalır. Təəssüf ki, bizim kişilər bu problemləri özləri yaradır. Bu gün Azərbaycanda bir nəfər də nazir qadın yoxdur. Təkcə Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri qadındır. Əvvəllər nazir qadınlarımız olub. Ali Məhkəmədə də qadın sədr olub. Parlamentdə qadınlarımız təmsil olunur. Amma nə zamansa parlamentdə bu məsələlər qaldırılıb və Azərbaycan qadınının durumu müzakirə olunubmu?”
Cənubi Azərbaycandan olan, hazırda isə Almaniyada yaşayan doktor Sədiqə Ədaləti Razlighi Güney Azərbaycanda qadınların milli hürriyyətinin olmadığını, bu səbəbdən də onların psixoloji təsirlərə daha çox məruz qaldığını bildirdi. Güney Azərbaycanda əsas problemlərdən birinin də ana dilində təhsilin olmadığını vurğulayan qonaq bunun xanımların savadsızlığına yol açdığını dedi. O, Avropada Şərq qadınları haqda yaxşı fikir yaranmadığını dilə gətirdi: ”Güney Azərbaycanda savadsızlıq səviyyəsi durmadan artır. Biz öz gücümüzə sahib olmalıyıq. Qadınlar milli məsələlərdən uzaq durmalıdır fikri yanlışdır. Onlar da fikir sahibidir. Yüz illərdir ki, geridə qalmış ənənələr bizi izləyir. Təsəvvür edin ki, qadınlarımız sadəcə 8 mart gününü belə öz günü saya bilmir. çünki icazə yoxdur. Mənim üçün qadın məsələsi ana dilindən keçir. övladlarımız öz anasının dilində danışmaqdan məhrum edilib”.
Bundan sonra əslən Güneydən olan və Almaniyada yaşayan başqa ziyalı qadınımız Şida Hətəmli Sadabadi çıxış edərək, qadınların siyasi həyatda aktiv olmasının zəruriliyini vurğuladı.
APA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı dedi ki, Cənubi Azərbaycanla müqayisədə Şimali Azərbaycandakı qadınların vəziyyətinin müqayisə edilməyəcək dərəcədə fərqlidir. Amma ölkəmizdə hansısa qadının üzə çıxması kişilərlə müqayisədə qat-qat çətindir: ”çinlilər qadın ədalətdir deyir. Müstəqillik uğrunda mübarizədə meydanda olan bəyləri də xanımlar yetişdirib. Qadınlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal olmalıdır”.
Asiya Dialoqu İctimai Birliyinin rəhbəri Sevil Nuriyeva dedi ki, qadınların haqlarını ayağa qaldırmaqla milli kimlik davasında hədəfə çatmaq olar. O, Avropa dövlətlərində fəaliyyət göstərəcək azərbaycanlı qadınlar birliyinin yaradılması təklifini verdi.
Azad Müəllimlər Cəmiyyətinin sədri Məlahət Mürşüdlü demokratiyadan dərs deyən Avropa dövlətlərindən əvvəl, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində qadınlarımızın səsvermə hüququnun tanındığını və onların da seçkidə iştirak etdiyini dedi: ”Amma bu gün bizim Qarabağ və bütövləşmək kimi problemlərimiz var. Biz bir-birimizə arxa olmalıyıq”.
Sonda Tənzilə Rüstəmxanli dedi ki, bu gün Azərbaycan kişisi qadından bir addım öndə yaxud arxada olmamalıdır. Onlar bir-biri ilə çiyin-çiyinə dayanmalıdır. O, Avropada qeydiyyatdan keçən və azərbaycanlı qadınlardan ibarət təşkilatın yaradılması ideyasını dəstəklədiyini və bunun çox önəmli olduğunu bildirdi.

Image

Image

Image

Image

Image

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə Azərbaycanda səfərdə olan dünya şöhrətli ziyalı Rza Bərahani gənc yazarlarla görüşdü

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, ...

Kommentera