Ev / Həmsədrlər / Müsahibələr / Əgər 50 milyonuqsa…

Əgər 50 milyonuqsa…

DAK həmsədri Sabir Rüstəmxanlı: ”Siyasətimizi də, bütün işlərimizi də bu rəqəmə uyğun qurmalıyıq”

ImageYola saldığımız il Dünya Azərbaycanlıları Konqresinin (DAK) önəmli işləri ilə yadda qaldı. Dekabrda isə DAK-ın 25 nəfərlik heyətinin Belçika və İsveçə turnesi baş tutdu və səfərin yekunu ilə bağlı Bakıda mətbuat konfransı təşkil olundu. DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı ilə söhbətimizdə məqsəd bu yöndə aparılan işlərə işıq salmaq idi. Sabir Rüstəmxanlı və bərabərindəki heyət Avropadan nikbin ovqatda dönüb, onun DAK-ın və ümumən millətimizin gələcəyi sarıdan düşüncələri də nikbin notlara köklənib. O deyir:

– Əgər əvvəlki səfərlərimizdən narazı qayıtmışdımsa, bu dəfə başqa münasibətin şahidi oldum – baxmayaraq ki, biz qeyri-hökumət təşkilatıyıq, xaricdə diplomatik xidmətdə olanlarımız, səfirlərimiz, sağ olsunlar, görüşlərimizə gəldilər, çıxış etdilər. Gənc olsalar da, yüksək peşəkarlıq nümayiş etdirdilər, görüşlərimizin təşkilində bizə yardımçı oldular. Brüsseldə DAK-ın Avropada ilk ofisini açdıq. Burada qəbullarımız oldu. İdarə Heyətimizin canlı görüşünü keçirdik, bir sözlə, hər şəraitimiz vardı, başqa vaxt isə bu kimi işlərdə çətinlik çəkirdik. Bu ofis Avropada bizim əlaqə mərkəzimizə çevriləcək. Avropa görüşlərimiz faydalı oldu. İnsanlarımız bizi həm buradan, həm Güney Azərbaycandan, həm diaspordan izləyirlər. DAK-ın işlərinin normal məcraya düşdüyünü bu gün hamı etiraf edir. Bir diaspor təşkilatı olaraq, DAK bu on ildə, təəssüflər olsun ki, məqsədlərinə çata bilməyib və təşkilatlanma səviyyəsi arzu edilən səviyyədə deyil. Son qurultayda (iyun, Köln – red.) təşkilatdan bir qrup ayrıldı. Onlar da özlərini DAK sayırlar. Amma fərqi yoxdur, onlar da iş görürlər və güman edirəm ki, sonda bu təşkilatlar yenə də bir olacaqlar. Başqa yolu yoxdur, çünki DAK adına bir təşkilat var. Mənim şəxsi qənaətim belədir.

– Razılaşaq ki, Azərbaycanın və azərbaycanlıların dünya ilə qurulmaqda olan münasibətləri hələ də ikitərəfli deyil, birtərəfli yol təsiri bağışlayır…

– Bu fikirdə bir həqiqət var. Mən həmişə bunu vurğulayıram ki, Azərbaycan Qərbi yetərincə tanıyır, Avropa Şurasının üzvüdür və Avropa ailəsi ölkələrinə yaxşı bələddir, amma Avropa ölkələri öz ailə üzvləri olan Azərbaycanı biz onları tanıdığımız qədər tanımır, bizim problemləri lazımınca bilmir. Bu, birtərəfli proses ola bilməz, bizim onlardan eyni münasibəti gözləməyə haqqımız var, onlar Azərbaycana ikinci sinif bir ölkə kimi baxmalı deyillər. Münasibətlərdə bir müvazinət yaradılmalıdır. Mən bunu Amerika Konqresindəki üç görüşümüzdə, BMT-dəki görüşlərimizdə, Belçikada nazirlər səviyyəsində, Belçika Senatında və digər bütün şəxsi görüşlərimizdə aydın ifadə etmişəm. Bu gün Avropanın elə ölkələri var ki, hətta bizim burada viza almağımıza mane olur, baxmayaraq ki, buradan DAK-ın tədbirlərinə gedən bir azərbaycanlı belə həmin ölkədən siyasi sığınacaq istəməyib. İşimizi yerinə yetirib qayıdıb gəlirik. DAK dünyada tanınan bir təşkilatdır və İsveçdə qeydiyyatdan keçib. Bizim gediş-gəlişlərimizə əngəllərin haradan qaynaqlandığı, hansı mexanizmlərin işlədiyi bizim üçün qaranlıqdır. Viza məsələsində DAK-a normal bir münasibət olmalıdır. Onu da deyim ki, bir sıra ölkələrin səfirlikləri Azərbaycanda özünü son dərəcə kobud, millətimizə sayğısız aparır, yazışmalarında yerli dilə etinasızlıq göstərirlər.

– Sizcə, Qərbin siyasi fikrində Azərbaycan məsələsi bu qədər işlər görüldükdən sonra özünə niyə bu dərəcədə az yer edə bilmişdir?

– Görüşlərdə mövzu doğru-düzgün qoyulduqda problem yaranmır. Əgər əvvəllər Qarabağ məsələsi ilə bağlı söhbətlərdə kimlərsə durub gedirdilərsə, indi oturub diqqətlə dinləyirlər. İsveçdə, Belçikada senatorlar, deputatların Azərbaycan məsələsi ilə yaxından maraqlandıqlarını gördüm, hətta vəd etdilər ki, dəvət olsa, mütləq Azərbaycana səfər etmək istərdilər. Mən öz adımdan onları dəvət etdim.

– Bu gün Güneydə baş verənlər bir insanlıq dramıdır… DAK bütün bu baş verənləri dünyanın diqqətinə çatdırmaqda öhdəsinə düşən vəzifəni nə dərəcədə yerinə yetirir və anlayışla qarşılanırmı?

– DAK-ın işi təkcə diasporu fəallaşdırmaq və onun yardımı ilə lobbiçiliyi genişləndirmək, Azərbaycanın tərəfdarlarının sayını artırmaq, Azərbaycanı tanıtdırmaq, Azərbaycan Respublikasının müdafiəsi deyil, həm də Güney Azərbaycanda, İran adlanan bir yerdə öz tarixi torpaqlarında yaşayan 35 milyonluq xalqımızın hüquqlarını müdafiə etməkdir. Bu bizim birbaşa vəzifəmizdir. BMT-də təəccüb edildi ki, necə olur, 35 milyonluq bir xalqın dilində məktəb olmasın? Necə başa salaq, axı bu 35 milyon böyük bir gücdür, amma ana dilində məktəbini yarada bilmir, öz varlığını qorumaqda çətinlik çəkir? Bu, 35 milyonu necə əzmək, farslaşdırmaq, bir dövlət siyasətinin əsirinə çevirmək olar? Buna inana bilmirlər. Və Azərbaycanın rəsmi dairələrinin bu barədə susmasını qəbul edə bilmirlər. BMT-də bizə dedilər: diplomatik yollar var, ən azı insan haqları məsələsi var. Əgər Amerika kimi supergücdə insan haqları pozulursa, bunu bütün dünya deyir. Amma İran adlanan yerdə insan haqları pozulur, BMT-də bu barədə komissiya yaradılır, Azərbaycan da bu komissiyanın üzvü olur, üzv ölkələrin əksəriyyəti İran adlanan yerdə insan haqlarının pozulduğunu təsdiqləyən sənədə imza atır, Azərbaycanın təmsilçisi isə imza atır ki, ”insan haqları pozulmur”… Bu paradoksal vəziyyəti Milli Məclisimizdə dilə gətirməli olduq.

Bizim, diaspor təşkilatlarımızın, fəaliyyətimizin nəticəsidir ki, yeni seçilmiş prezident Barak Obama İran adlanan yerdə insan haqlarının pozulduğunu dilə gətirdi. Deyim ki, bizim heyətin Obamanın qrupu ilə də görüşü olmuşdu. Bizim səfərimizdən sonra BMT baş katibi bu məsələni dilə gətirdi və sonra BMT bu məsələni xüsusi müzakirə etdi, İran adlanan yerdə azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulduğu barədə bəyanat qəbul olundu. Amerikada yüz minlərlə Azərbaycan mənşəli türk yaşayır. BMT rəsmiləri təəccüblənirlər ki, niyə onlar bu məsələləri rəsmi dairələr qarşısında ardıcıl olaraq qaldırmırlar? Axı onlar İran adlanan yerdəki soydaşlarının durumu ilə bağlı istənilən səviyyədə müraciət edə bilərlər. Əgər 35 milyonun haqqı tapdanırsa, onda gərək beynəlxalq qurumlar ildə milyonlarla məktub alsın. Bu niyə yoxdur?

– Belə bir fikir var ki, azərbaycanlıların fəallaşmasına Qərbdə ehtiyatlı münasibət var, guya, onlar qorxurlar ki, bu təmayül gələcəkdə İran adlanan yerin parçalanmasına gətirib çıxara bilər. Onlar isə bunu istəməzdilər, yəni qorxurlar ki, İran adlanan yerin parçalanması dünya düzəninin pozulmasına səbəb olar. Sizin görümünüz…

– Yuqoslaviyanın da parçalanmasını istəmirdilər. Əgər ölkədə yaşayan xalqlar iradəsini ortaya qoyursa, heç kəs ona mane ola bilməz. Dolayısı ilə bizə deyilir ki, hüquq daxilində siz hansı işi gördünüz ki, dünya buna mane oldu? Fəqət bu məsələdə, açıq dilə gətirilməsə də, bölgədə ikinci güclü bir türk dövlətinin yaranmasından narahat olan çevrələr də var. Əgər bu gün İran adlanan yerdə Azərbaycan türkləri, türkmənlər, ərəblər, bəluclar, lorlar, kürdlər ayaqdadırlarsa və güclü şəkildə mübarizə aparırlarsa, heç kəs bunun qarşısını ala bilməz. Bilirsiniz, biz işimizi mümkün qədər hay-küysüz görmək istəyirik. Güney Azərbaycanın istiqlalı, Azərbaycanın bütövlüyü hər kəsin idealıdır. İran adlanan yerin parçalanması isə bu gün bizim – DAK-ın məqsədi, problemi deyil. Biz 35 milyonun əvəzinə danışa bilmərik, bunu onlar özləri danışacaqlar, öz hərəkatları gedir, sabah liderləri ortaya çıxacaq və sözlərini deyəcəklər. Bizim problem odur ki, beynəlxalq hüquq var və bu hüquq çərçivəsində mənim millətimin dili ilə bağlı hüquqları var. Bu hüquq niyə verilmir? Niyə İran adlanan yerin Konstitusiyasının müvafiq maddələrinə əməl edilmir? Biz DAK olaraq istəyirik ki, bu insanların ana dilində məktəbi olsun, mədəniyyətləri, milli kimlikləri qorunsun, zorla farslaşdırılmasın, öz torpaqlarından köçə məcbur edilməsin. Əgər baxsanız, İran adlanan yerin digər bölgələrinin inkişafına Azərbaycanla müqayisədə qat-qat artıq sərmayə qoyulur, sənaye başqa bölgələrdə daha sürətlə inkişaf etdirilir. Elə bir şərait yaradılır ki, əhali Azərbaycandan çıxıb həmin vilayətlərdə yerləşsin və farslaşıb getsin. Biz bu siyasətə qarşıyıq və qarşı olmaq yasaq deyil, bizim doğal haqqımızdır və hər bir azərbaycanlı harada yaşamağından asılı olmayaraq, öz soydaşının haqqını bu gün müdafiə edə bilər. Bu bizim dövlət üçün də problem yaratmır, çünki biz qeyri-hökumət təşkilatıyıq. İstər Qarabağ məsələsi olsun, istər Güney – biz qərbli tərəf-müqabillərimizlə sənədlərin dili ilə, beynəlxalq hüquq dili ilə danışırıq. Göstəririk ki, Qarabağ məsələsinin həllində Azərbaycan hökumətinin, ictimai təşkilatların və diasporun mövqeyində o qədər də böyük fərqlər yoxdur – torpaq bütövlüyümüz zəruridir, işğal edilmiş torpaqlarımız təmizlənməlidir, orada yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onlara lazım olan statusu da Azərbaycan hökuməti verməli, bu iş Azərbaycanın daxilində həll olunmalıdır. Bundan başqa, biz Azərbaycanın parçalanmış xalq olduğunu, Gülüstan və Türkmənçay müqaviləsindən sonra köhnə İrəvan xanlığının yerində bir Ermənistan dövləti qurulduğunu, bu yeni dövlətin ərazisindən yüz minlərlə türkün qovulduğunu, üstəlik Qarabağın işğal olunduğunu, Azərbaycanın zaman-zaman soyqırımlara məruz qoyulmuş bir xalq olduğunu göstəririk.

– DAK-la bağlı işlərdə daha çox İsveç, Belçika, Hollandiya, Almaniya kimi ölkələrin adı çəkilir, görünür, başqa ölkələrdə işlərimiz o qədər də dolğun deyil…

– Bu hal, görünür, demokratiyanın inkişaf səviyyəsi ilə bağlıdır. Hansı ölkədə demokratiya yüksəkdirsə, diasporların fəaliyyətinə o qədər yaxşı və yüksək şərait yaradılır.

– Müvafiq saytlarınızın işindən razısınızmı?

– Bundan öncə müxtəlif ölkələrdə saytlar açıldığını gördük, sonra bu təşəbbüsü göstərmiş soydaşımız, nə bilim, kimdənsə inciyəndə saytı da götürüb çıxıb getmişdi. Qulamrza Səbri Təbrizi sədr olanda bir sayt yaratmışdı, sonra ayrılma olanda bu sayt da onlara qaldı, fəqət mübahisəsini etmədik. İndi www.D-A-K.org saytımız və digər saytlarımız var, bunlar bir-birinə kömək edirlər, bu saytlarımızın sayı çoxalacaq. Biz xüsusən də Güneydən isti-isti məlumatlar alırıq, bəzən bu məlumatları mənbə göstərmədən digər saytlar da təqdim edirlər. Olsun. Əsas odur ki, xəbərlər daha geniş çevrəyə yayılsın. Bu millətin o qədər problemləri var ki, yüzlərcə belə saytlar yaradılmalı, hər ölkənin öz diaspor TV-ləri fəaliyyətə başlamalıdır. İsveçdə mənə dedilər ki, təqribən 18 fars radiosu var, nə bilim kürdlərin neçə TV-si var, azərbaycanlıların bircə radiosu və ya TV-si yoxdur… Biz fəallaşmış olsaq da, başqa diasporların səviyyəsinə gəlib çatmamışıq. Deyim ki, çox da böyük məsrəf tələb olunmur. Doğrudur, bu gün İran adlanan yerdəki mövcud fars şovinist rejimi ayağını bir başmağa dirəyib deyir ki, ”mən bu milləti dilsiz qoyacağam”, amma biz bir TV açıb siyasətə qatılmadan Güneydə əhalimizə şərəfli tarixini, ədəbi dilini, onun qrammatikasını öyrədə, mədəniyyətini və musiqisini yaya, millətə özünü tanıda bilərik. Biz millətimizi seviriksə, onun gələcəyini düşünürüksə, hökmən bu işləri görməliyik. Mənim qəti inamımca, bölgənin taleyini Azərbaycanın taleyindən kənarda təsəvvür etmək olmaz.

– İlə yekun vurarkən, qarşıdakı ilə proqnozunuz?

– öncə fürsətdən istifadə edib Həmrəylik Günümüz münasibəti ilə bu il dünyanın hər bucağında görüşdüyüm qardaşlarımı, bacılarımı təbrik etmək istəyirəm. Mən millətimin istedadını görürəm. Bir şəhərdə bir neçə yüz azərbaycanlı varsa, onlar hər zaman intellekt tutumlu işlərə meyil edirlər. Onlara bir az yardım və dəstək olarsa, bu insanlar çox faydalı işlərə imza atarlar. Biz böyük keçmişi və böyük gələcəyi olan bir millətik. Buna həyatım qədər inanıram. Nə deyim, çətin və mürəkkəb bir ili başa vururuq. Mənə görə, bu il diaspor təşkilatlarımızın fəallaşma ili oldu. çox önəmli, mühüm tədbirlər keçirildi. Güman edirəm ki, diaspor təşkilatlarımızın fəaliyyəti ildən-ilə qüvvətlənəcək. Mən bütün planlarımızı açmaq istəmirəm, bizi mühüm işlər gözləyir. İşimizi dünya boyunca davam etdirəcəyik. Biz bu işləri öz məhdud imkanlarımız çərçivəsində görürük. Yeri gəlmişkən, Azərbaycanın çox zəngin iş adamları var. Onlar istəsələr, hərəsi bir ölkədə radio, TV açarlar. Niyə bunu etmirlər, başa düşmürəm. Pullar-paralar bu gün var, sabah olmaya da bilər. Amma bu millət var olmalıdır. Millətin gələcəyini düşünməlidirlər. Rəsmi çevrələr bu işə çox ciddi yanaşmalıdırlar. Əgər prezident deyirsə ki, biz 9 milyon deyil, 50 milyonuq – böyük bir xalqıq, bu, zarafat söz deyil. Əgər 50 milyonuqsa, onda siyasətimizi də, bütün işlərimizi də buna uyğun olaraq qurmalıyıq / İsmayıl Umudlu, Ayna /

Həmçinin bax!

DAK rəhbərliyi Şərqi Türküstanta baş verən hadisələrə münasibətini açıqlayıb

Sabir Rüstəmxanlı: ”Bu faciə uyğurların taleyində yeni bir dönüş nöqtəsi olacaq” ”Bu ilin payızında, inşallah, ...

Kommentera