Ev / İnformasiya / Müraciətlər / DAK Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb

DAK Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb

Sənəddə bildirilir ki, Türkiyənin Ermənistanla sərhədləri açması Azərbaycan xalqına və bütövlükdə Türk Dünyasına qarşı xəyanət kimi qiymətləndiriləcək

Image Dünya Azərbaycanlıları Konqresi (DAK) qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb. www.D-A-K.org -a daxil olan məlumata görə, sənəddə bildirilir ki, son günlərdə Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılacağıyla bağlı xəbərlər yayılmaqdadır. Bu da Azərbaycan ictimaiyyətinin ciddi narahatlığına səbəb olub. çünki ermənilər tarix boyu türk millətinə qarşı müxtəlif faciələr törədiblər və hazırda Azərbaycanın 20 faiz ərazisini işğal ediblər: ”Bildiyiniz kimi, son illərdə Azərbaycan və Türkiyə diasporası qardaş dövlətləri maraqlandıran və ya narahat edən məsələlərdə birgə hərəkət etmək barədə razılığa gəliblər. Eyni zamanda Türkiyə Cümhuriyyəti Azərbaycan dövləti müstəqilliyini qazandığı illərdən bəri onun yanında olduğunu müxtəlif addımlarıyla nümayiş etdirib. Ona görə də qardaş Türkiyə dövlətinin Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanla münasibətləri normallaşdırmaq istəyi başadüşülən deyil. İnanırıq ki, Türkiyə dövləti ermənilərin türk millətinin başına gətirdiyi müsibətləri, həmçinin Azərbaycanla Türkiyəni bir-birinə sıx bağlayan dostluq, qardaşlıq tellərini nəzərə alacaq. Əks təqdirdə Türkiyə Cümhuriyyətinin addımı Azərbaycan xalqına və bütövlükdə Türk Dünyasına qarşı xəyanət kimi qiymətləndiriləcək”.

DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə

DAK İdarə Heyətinin üzvləri və fəalları

Kommentera