Ev / İnformasiya / Mətbuat konfransları / DAK rəhbərliyi mətbuat konfransı keçirdi

DAK rəhbərliyi mətbuat konfransı keçirdi

Sabir Rüstəmxanlı: ”Bu gün Güney Azərbaycanda gedən milli oyanış soydaşlarımızın istiqlalına qovuşmasını zəruri edir”

Əjdər Tağızadə: ”Suzuzluqdan yanan İmam Hüseynə ağlayanlar heç olmasa Yezid kimi davranıb Urmiya gölünü qurutmasınlar”

Real Cəfərli: ”Ermənilər Urmiyada, Təbrizdə, Xoyda, Köhnəşəhərdə, Salmas və başqa ərazilərdə kütləvi qırğınlar törədərək, 130 mindən çox soydaşımızı faciəvi şəkildə qətlə yetiriblər”

Image

01 aprel 2010-cu il tarixində saat 12:00-da ”Trend” Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Konqresi (DAK) 1918-ci ilin martında Azərbaycanın quzeyində və güneyində ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım aktları və dünyanın ikinci duzlu gölü kimi YUNESCO-da qeydiyyata alınmış Urmiya gölününü quruması problemilə bağlı mətbuat konfransı keçirdi.

Tədbiri DAK Mətbuat Xidmətinin rəhbəri Real Cəfərli açaraq bildirdi ki, 1918-ci il mart soyqırımından 92 il keçir: ”Belə ki, XX əsrin əvvəllərində ermənilər Arazın hər iki tayında yaşayan yüz minlərlə Azərbaycan türkünü qətlə yetirərək dəhşətli soyqırım aktları törədiblər. 1918-ci ilin martında Bakıda yaşayan əhali növbəti dəfə soyqırıma məruz qalıb. Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutandan sonra 31 mart və 1-2 aprel tarixlərində azərbaycanlıların evlərinə soxularaq kütləvi qırğınlar törədiblər. Günlərlə davam edən qırğınlar nəticəsində Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı öldürülüb, məscidlər, məktəb binaları yandırılıb, dağıdılıb. Gəncə, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan və digər bölgələrdə də bu cür qanlı faciələr törədilib. 1918-ci ilin yanvarında İrəvana və onun ətrafındakı 211 Azərbaycan kəndinə basqın çəkən ermənilər burada yaşayan 300 min Azərbaycan türkünü qırıb, minlərlə soydaşımızı yurd-yuvasından didərgin salıblar. Nəticədə İrəvan quberniyasında 211 kənd xarabazara çevrilib. Qarabağda azərbaycanlıların yaşadığı 150-dən çox kənd dağıdılıb, Şuşada görünməmiş qırğınlar törədilib. Təkcə Zəngəzurda 115 kənd xarabazara çevrilib, əhaliyə amansız divan tutulub. Ermənilər Azərbaycanın güneyində də qanlı izlər buraxıb. Silahlanmış erməni dəstələri Urmiyada, Təbrizdə, Xoyda, Köhnəşəhərdə, Salmas və başqa ərazilərdə kütləvi qırğınlar törədərək, 130 mindən çox Azərbaycan türkünü faciəvi şəkildə qətlə yetiriblər. 1918-ci ilin fevral və mart aylarında Urmiya, aprelin 13-də isə Salmas şəhəri soyqırıma məruz qalıb. Təkcə 150 min əhalisi olan Urmiyada bir gecədə 1500 türk öldürülüb. Osmanlı ordusu gələnə kimi artıq öldürülənlərin sayı 10 min nəfəri ötüb”.
DAK həmsədri Sabir Rüstəmxanlı bildirdi ki, son 200 ildə yüz minlərlə azərbaycanlı qətlə yetirilib: ”1918-ci ildə isə həm Azərbaycanın quzeyində, həm də güneyində millətimiz ermənilər tərəfindən soyqırıma məruz qalıb. I Dünya müharibəsində Rusiyaya yardım göstərməklə Türkiyəyə arxadan zərbə vuran ermənilər rusların məğlubiyyətindən sonra geri qayıdarkən bütün yol boyu şəhərlərdə, qəsəbələrdə, kəndlərdə xeyli sayda soydaşımızı qətlə yetiriblər. Erməni silahlı birləşmələrinin bir qrupu da Güney Azərbaycana üz tutub və Urmiyada, Salmasda, Xoyda kütləvi qırğınlar törədiblər. Nəticədə 130 mindən çox güneyli soydaşımız qətlə yetirilib. Təəssüf ki, illər uzunu aparılan siyasət bunların açığa çıxmasına mane olub və eyni zamanda belə faktlar olduğu halda İran adlanan yer Ermənistana, yəni terrorçu, insanlığın üz qarası olan bir rejimə yardım göstərir. Güney Azərbaycan ərazisi üzərindən ermənilərə kömək etmək bu xalqın heysiyyatını tapdalamaqdır. DAK olaraq, bu məsələni gündəmimizdə saxlayırıq. Hətta bu yaxınlarda Almaniyanın Köln şəhərində Azərbaycan Federal Demokrat Hərəkatı (AFDH) və Azərbaycan Kültür Ocağıyla birgə keçirdiyimiz tədbirdə də Xocalı və Urmiya soyqırımlarını birlikdə müzakirəyə çıxarmışdıq”. Onun sözlərinə görə, Urmiya gölünün qurumasına biganə qalmaq olmaz: ”Əslində Altayları götürürlər, ancaq fikrimcə, türklüyün ana beşiklərindən biri də Urmiya gölünün ətrafıdır və millətimizin də dünya sivilizasiyasındakı mərkəzlərindən biridir. Güney Azərbaycanın quzey-qərbində və Xəzər dənizinin güneyində yerləşən Urmiya gölü unikal bir göldür. Aral gölünün quruması Mərkəzi Asiya üçün nə qədər böyük təhlükə yaradırsa, Urmiya gölünün quruması da təkcə Güney deyil, Quzey Azərbaycan və bütövlükdə region üçün də böyük təhlükə yaradır. Dünyanın ikinci duzlu gölü kimi YUNESCO-da təbii xəzinə kimi tanınan Urmiya gölünün quruması təkcə suyun çəkilməsi demək deyil. Bütün ərazinin duz səhrasına çevrilməsinə və ümumilikdə ekoloji fəlakətə gətirib çıxaracaq. Artıq göldə suyun səviyyəsi 7 mert aşağı düşüb. Bu göstərici isə kritik normadan 2 metr aşağıdır. Bu da fəlakətin başlamasından xəbər verir. Vaxtilə Urmiya gölünün ətrafında adamların istirahət etməsi üçün pansionatlar tikilmişdi, ancaq gölün suyu çəkildiyindən həmin pansionatlar xeyli kənarda qalıb, limanlar başlı-başına buraxılıb. Biz DAK olaraq buna öz etirazımızı bildiririk. Bu təbii sərvətin məhv edilməsinin qarşısı alınmalıdır. Sabah İran adlanan yerin taleyinin necə olacağını heç kəs bilmir. Bu gün Güney Azərbaycanda gedən milli oyanış soydaşlarımızın istiqlalına qovuşmasını zəruri edir. Ona görə də buna hazır olmlalıyıq”. Sabir Rüstəmxanlı vurğuladı ki, DAK rəhbərliyinin 18 aprel 2010-cu il tarixində Kanadaya səfəri də gözlənilir. Səfər çərçivəsində Kanada parlamentində, müxtəlif dövlət orqanlarında görüşlər keçiriləcək. Eyni zamanda Ottava, Toronto, Ontario və Vankuver şəhərlərində fəaliyyət göstərən Azərbaycan, Türkiyə və digər türk diaspor təşkilatlarının rəhbərləriylə də görüşlərin keçirilməsi nəzərdə tutulub: ”Kanada səfərimizi başa vurduqdan sonra ABŞ-a yollanacağıq və Los-Anceles şəhərində Azərbaycanla bağlı keçiriləcək konfransa qatılacağıq. Bundan sonra Nyu-York şəhərinə yola düşəcəyik, BMT-də, Azərbaycan, Türkiyə və digər türk diaspor təşkilatlarında görüşlər keçirəcəyik. Daha sonra hər il Nyu-York şəhərində mayın 3-də türk diaspor təşkilatlarının birgə düzənlədiyi Türk yürüşündə iştirak edəcəyik. Hər iki ölkədə keçirilən bütün görüşlərdə ermənilərin Azərbaycanın 20 faiz torpağını işğal etməsi, 1918-ci ilin martında Azərbaycanın quzeyində və güneyində ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım aktları, Xocalı faciəsi, Azərbaycanın Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri nəticəsində iki yerə parçalanması, fars şovinist rejimi tərəfindən İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan 40 milyona yaxın Güney Azərbaycan türkünün ana dilində təhsil almaq hüququndan məhrum edilməsi, onların təqib və təzyiqlərə, işgəncələrə məruz qalması və s. məsələlər əsas müzakirə mövzularından olacaq”.
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə dedi ki, aprelin 2-də yerli vaxtla saat 12:00-da Güney Azərbaycan Milli Hərəkatının fəalları və ”Traktor” futbol komandasının yüz minlərlə azarkeşi simvolik olaraq bir bardaq su ilə Urmiya körpüsündə toplaşacaq və hər kəs gətirdiyi suyu gölə tökməklə fars şovinist rejiminə etirazlarını bildirəcək, eyni zamanda Güney Azərbaycanda yaşanan ekoloji böhranı təbiəti mühafizə edən beynəlxalq təşkilatların diqqətinə çatdırmış olacaqlar: ”DAK da güneyli soydaşlarımızla həmrəyliyini nümayiş etdirərək, həmin gün Urmiya gölünün fəlakətli vəziyyətə gətirilməsinə etiraz əlaməti olaraq İran adlanan yerin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcək: ”Aksiya Bakı vaxtıyla saat 12.00-da başlanacaq. Biz əlimizə bir bardaq su götürüb səfirliyin qarşısına gələcəyik və ora qoyacağıq. Suzuzluqdan yanan İmam Hüseynə ağlayanlar heç olmasa Yezid kimi davranıb Urmiya gölünü qurutmasınlar. Bu rejim Savalan dağlarının ətəklərini, mis mədənlərini belə xaricilərə satır, tarixi abidələrimizi dağıdır, yeraltı sərvətlərimizi qarət edir”. Onun sözlərinə görə, fars şovinist rejmi təqib və təzyiqlərini, həbslərini, işgəncələrini davam etdirməsinə baxmayaraq, soydaşlarımızın haqlı mübarizəsinin qarşısını ala bilmir: ”çünki millətimiz sivil, demokratik və mədəni yolla mücadilə etməyin yollarını tapır. Məsələn, futbol oyunlarında öz milli istəklərini dilə gətirirlər. Hətta bu bayram ərəfəsində Azərbaycandan, Türkiyədən, özbəkistandan, Başqırdıstandan və ümumilikdə Türk Dünyasından Təbrizə xeyli sayda adam gəlib. Hətta divarlara Azərbaycan türkcəsində şüarlar yazılıb və yerli camaata milli öndərlərimizin şəkilləri paylanıb. Təbriz yaz bayramında tamamilə milli şəhərə çevrilib”. DAK Daimi Şurasının sədri bildirdi ki, 1918-ci ilin martında Azərbaycanın quzeyində və güneyində ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 09 aprel 2010-cu il tarixində İsveçin paytaxtı Stokholm şəhərində DAK və ”Odlar Yurdu” dərnəyinin birgə təşkilatçılığıyla konfrans keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov, Milli Məclisin deputatı Baba Tağıyev və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının təmsilçiləri iştirak edəcəklər: ”Bundan əlavə, gələn ay İsveç parlamentində Azərbaycan və Türkiyə millət vəkillərinin iştirakıyla böyük tədbir keçirəcəyik. Bu ölkənin iqtidarı da bizim tərəfimizdədir. Biz kommunistlərdən heç vaxt xeyir görməmişik. 1918-ci ildə ermənilər, assurilər, cilovlar rusun köməyi və onun silahıyla Güney Azərbaycanda soydaşlarımızı qətlə yetiriblər. Bu gün də həmin siyasət təkrarlanır. Ona görə də konkret olaraq biz düşmənimizin rus, fars, erməni olduğunu deməliyik. Hətta bu gün kürdü də düşmənimizə çeviriblər. İsveç Riksdaqında qondarma erməni soyqırımının lehinə səs verənlər də ”yaşıllar” və ”qırmızılar” oldu. Bu baxımdan mən birgə mübarizənin aparılması üçün Azərbaycanda Koordinasiya Mərkəzinin yaradılmasını təklif edirəm. Eyni zamanda Avropada Azərbaycanla bağlı araşdırma mərkəzləri yaradılmalıdır və dünya miqyaslı telekanal açılmalıdır”. Əjdər Tağızadə vurğuladı ki, dünyada çindən sonra edamların sayına görə Tehran rejimi gəlir: ”İran adlanan yer də əsasən azərbaycanlıları dar ağacından asır. Tehran rejiminin çökməsinin az qalıb. çünki Rusiya və çinə bağlanılan ümidlər də puça çıxmaqdadır. Ona görə də biz hazır olmalıyıq və 40 milyona yaxın soydaşımızın taleyiylə yaxından maraqlanmalıyıq. Güney Azərbaycan türklərinin yeganə ümid yeri Azərbaycan Respublikasıdır.
Sonda DAK rəsmiləri jurnalistlərin suallarını cavablandırdılar.

Image

Image

Image

Image

Image

Image

Image

Həmçinin bax!

Sabah DAK rəhbərliyi mətbuat konfransı keçirəcək

18 iyun 2009-cu il tarixində saat 13.00-da DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia İran ...

Kommentera