Ev / Layihələr / İcra edilmiş layihələr / DAK rəhbərliyi güneyli ziyalılarla birgə mətbuat konfransı keçirdi

DAK rəhbərliyi güneyli ziyalılarla birgə mətbuat konfransı keçirdi

Məhəmməd Azadgər: ”Azərbaycan dövlətindən yalnız dəstək istəyirik”

Rza Bərahani: ”Mən bir təbrizlinin belə burnunun qanamasını, ərdəbillinin tutulmasını, urmiyalının asılmasını istəmirəm”

Seyfəddin Hətəmli: ”Güney Azərbaycanda böyük milli-demokratik mübarizə gedir”

Image

Oktyabrın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlının dəvəti ilə ABŞ, Kanada, Almaniya, İngiltərə və İsveçdən gəlmiş əslən Güney Azərbaycandan olan 12 ziyalı konqres rəhbərliyilə birgə mətbuat konfransı keçirib.

Tədbiri DAK həmsədri Sabir Rüstəmxanlı açaraq bildirdi ki, güneyli ziyalıların səfərində məqsəd onları Azərbaycanın müstəqillikdən sonrakı uğurları ilə tanış etməkdir: ”Bununla həm də müstəqilliyin verə bildiyi bütün dəyərli hisləri göstərmək istəyirdik. Digər məqsədimiz isə müxtəlif ölkələrdə yaşayan azərbaycanlı ziyalıları diasporumuzun təşkilatlanması işinə daha da səfərbər etməkdir”. Onun sözlərinə görə, Azərbaycanda da Güney Azərbaycan ədəbiyyatının təbliği ilə bağlı mərkəzlərin yaradılmasına ehtiyac var: ”Azərbaycan Milli Elmlər Akademiyasında onlarla gərəksiz institut fəaliyyət göstərir. Nəyə görə bir dənə Güney Azərbaycan İnstitutu, yaxud Güney Azərbaycan Araşdırmalar Mərkəzi olmasın? Bu institut və araşdırmalar mərkəzi dövlət tərəfindən maliyyələşdirilməlidir”.
DAK Məşvərət Məclisinin sədri, Azərbaycanın İran adlanan yerdəki keçmiş səfiri Əliyar Səfərli ölkəmizdə Güney Azərbaycanın təbliğinin zəifliyindən söhbət açdı: ”Güney Azərbaycan üçün dərsliklər yaradılmalı, Azərbaycan türkcəsi qorunmalıdır”. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən Elmi-Tədqiqat İnstitutlarında Güney Azərbaycanla bağlı tematik plan yoxdur”. çıxış zamanı Azərbaycan diasporasının zəifliyindən bəhs edən Əlyar Səfərli diasporaya müraciətində vurğuladı ki, Azərbaycanın tarixini, ədəbiyyatını, adət-ənənələrini, folklorunu, mədəniyyətini əks etdirən kitablar nəşr olunmalıdır: ”Hər il İran adlanan yerin Mədəniyyət Mərkəzində Azərbaycana qarşı kitablar çap olunur. Amma biz heç Güney Azərbaycanla bağlı kitablar belə çıxarmırıq. Heç xəritəsi də hazırlanmır. Yeni ensiklopediya yaratmaq lazımdır”. DAK Məşvərət Məclisinin sədri Güney azərbaycanlıları birləşdirən Yazıçılar Birliyinin də yaradılmasını təklif etdi.
Azərbaycan Federal Demokrat Hərəkatının (AFDH) sədri Məhəmməd Azadgər vurğuladı ki, Güney Azərbaycandakı insanların bütün hüquqları tapdalanır, onların ana dilində bir dənə də olsun məktəbi yoxdur: ”Milyonlarla soydaşımız 80 ildən çoxdur fars şovinist rejiminin assimilyasiya siyasətinə məruz qalır, demək olar hər gün təzyiq altındadır, milli-demokratik haqlarını tələb edən insanlarımız həbs olunur, təcridxanalarda müxtəlif işgəncələr görürlər. Bizim böyük potensialımız var. Azərbaycan dövlətindən yalnız dəstək istəyirik”.
Dünya şöhrətli ziyalı, Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahani qeyd etdi ki, fars dilində yazmasına baxmayaraq, onun əsərlərinin hamısında Azərbaycan ruhu var: ”Məsələn, Azərbaycanın dahi şairi Nizami Gəncəvi də fars dilində yazıb. Ancaq bu onun fars şairi olduğuna dəlalət etmir. Onun yaratdığı ”Xəmsə”də tamamilə Azərbaycan ruhu var”. O, İran adlanan yerdə azadlıq və demokratiyanın bərqərar olmasının tərəfdarıdır: ”Mən bir təbrizlinin belə burnunun qanamasını, ərdəbillinin tutulmasını, urmiyalının asılmasını istəmirəm. Onsuz da ana dilində məktəbinin olmasını istədiyinə görə nə qədər soydaşımız həbsdədir”.
Azərbaycan Federal Demokrat Hərəkatının (AFDH) üzvü Seyfəddin Hətəmli söylədi ki, Güney Azərbaycanda böyük milli-demokratik mübarizə gedir: ”Artıq bu mübarizə Azərbaycan ədəbiyyatında, mədəniyyətində, ümumiyyətlə bütün sahələrdə dönüş nöqtəsi yaradıb. Quzey Azərbaycanda müstəqil bir dövlətin qurulması da Güney Azərbaycan türklərinə böyük bir təkan, güc verib. Ancaq istiqlalı qazanmaq üçün xalqı səfərbər etmək lazımdır. Bunun üçün güclü siyasi platformaların hazırlanması vacibdir”. Mətbuat konfransında professor Hidayət Sultanzadə (İngiltərə), doktor Sədiqə Ədaləti (Almaniya) və s. qonaqlar da çıxış edərək, media nümayəndələrilə öz fikirlərini bölüşdülər.
Tədbirin sonunda güneyli ziyalılar jurnalistlərin suallarını cavablandırıblar.

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə Azərbaycanda səfərdə olan dünya şöhrətli ziyalı Rza Bərahani gənc yazarlarla görüşdü

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, ...

Kommentera