Ev / İnformasiya / Mətbuat konfransları / DAK rəhbərliyi Avropa səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirdi

DAK rəhbərliyi Avropa səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirdi

Image

Dünən Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi 7-14 dekabr tarixlərində Belçika və İsveç krallıqlarına səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirdi. Tədbiri DAK həmsədri Sabir Rüstəmxanlı açaraq bildirdi ki, dekabrın 18-də Bakıda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının (DAƏŞ) toplantısı keçirilib. Yığıncaqda iştirak etmək üçün 50-yə yaxın ölkədən nümayəndə gəlib. DAK-ın digər həmsədri Firidun Pərviznia, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK İdarə Heyətinin Türkiyədən olan üzvü Məhəmməd Müştaq tədbirə dəvət olunduqları üçün hazırda Azərbaycandadırlar: ”Qeyri-hökumət təşkilatı olaraq, ən ümdə vəzifələrimizdən biri İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Güney Azərbaycan türkünün haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdır. Eyni zamanda lobbiçilik fəaliyyətinin gücləndirilməsidir. Belçika və İsveç səfəri də bu məqsədlərə xidmət edirdi. Yəni məqsəd Azərbaycan həqiqətlərini hər iki ölkənin ictimaiyyətinə çatdırmaq, Belçika və İsveçin ictimai-siyasi təşkilatları və bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan, Türkiyə, Kərkük və digər türk diaspor qurumlarıyla görüşlər keçirmək olub. Səfər də son dərəcə uğurlu olub”.

Türk diaspor təşkilatlarıyla görüş olub

Onun sözlərinə görə, dekabrın 7-də Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən DAK-ın Avropa daimi nümayəndəliyinin qərargahında Türk Dərnəkləri Birliyi, Hollandiyada fəaliyyət göstərən ”Tanış” İraq Türkmən Dərnəyi və Almaniya Türk Tələbə Dərnəklərinin rəhbərlikləri ilə görüşlər keçirilib. Görüşdə birgə fəaliyyət göstərilməsi, Avropada fəaliyyət göstərən Türk diaspor təşkilatlarının Koordinasiya Şurasının yaradılması istiqamətində addımlar atılması və bu məsələnin təşkilatların müvafiq qurumları daxilində müzakirə olunması qərara alınıb.

Belçika Senatında Azərbaycan dinləmələri keçirilib

Ertəsi gün DAK-ın Avropadakı daimi nümayəndəliyinin qərargahının rəsmi açılış mərasimi keçirilib. Həmin gün DAK-ın Avropadakı daimi nümayəndəliyinin qərargahında Belçikanın nüfuzlu zadəgan ailələrindən birinin nümayəndəsi, Senatda Azərbaycanla bağlı dinləmələrin düzənlənməsinə böyük yardımçı olan Dominik Verhagenlə görüş keçirilib. Görüşdə Azərbaycan xalqının ən ağrılı problemlərindən biri olan Dağlıq Qarabağ məsələsi, İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq soydaşımıza qarşı olan təqib və təzyiqlər əsas müzakirə mövzusu olub. Görüşün sonunda Azərbaycanla daha yaxından tanış olması və həqiqətləri öz gözlərilə görməsi üçün Dominik Verhagen ölkəmizə səfərə dəvət edilib. Eyni zamanda dekabrın 8-də Belçika Senatında ”Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində”, ”Türkmənçay müqaviləsinin 180 illiyi” və ”Parçalanmış xalq” mövzularında dinləmələr keçirilib. Tədbirdə Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov, Belçika Senatının üzvləri, bu ölkənin ictimai-siyasi təşkilatları, ProBruxsel Partiyasının sədri Filip Delstance, Tələt Paşa Komitəsinin üzvü Mahir Pala, Azərbaycan, Türkiyə, Kərkük türklərinin diaspor təşkilatlarının rəhbərləri, Belçikanın kütləvi informasiya vasitələri, Türkiyənin ”Doğan” xəbər agentliyi (DHA), Kanal D televiziyası və ”Hürriyyət” qəzetinin əməkdaşları və s. iştirak edib. Toplantıda Azərbaycanla tanış olması və bütün parametrləri ilə Avropanın bir parçası olduğunu görməsi üçün senator Kollas Berni ölkəmizə səfərə dəvət edilib. Bundan əlavə, ona Azərbaycanın bütün rəmzlərini özündə əks etdirən xalça hədiyyə olunub. Dörd saat davam edən tədbirdə DAK nümayəndə heyətində təmsil olunan insanlar, Azərbaycan, Türkiyə, Kərkük daspora təşkilatlarının rəhbərləri, Belçikanın ictimai-siyasi təşkilatlarının rəsmiləri çıxış ediblər. Tədbirdə Azərbaycan həqiqətlərini özündə əks etdirən slayd-şou da nümayiş etdirilib.

Azərbaycanın taleyüklü məsələləri İsveç Riksdagında müzakirə edilib

Həmin gün DAK-ın Avropadakı daimi nümayəndəliyinin qərargahında DAK İdarə Heyətinin canlı toplantısı keçirilib. Yığıncaqda əsasən 7 məsələ müzakirə olunub. Bunlar DAK-ın Azərbaycan və Rusiyada qeydiyyat məsələləri, DAK-ın arxivinin yaradılması, DAK Daimi Şurasının Əsasnaməsinin müzakirəsi, DAK Brüssel ofisinin fəaliyyətinə yardım, maliyyə məsulunun təyin olunması və s. məsələlər müzakirə obyekti olub. İclasda DAK İdarə Heyətinin toplantısına təqdim olunmuş DAK Daimi Şurasının Əsasnamə layihəsi geniş şəkildə müzakirə edilib. Layihə bəzi bəndlərində müəyyən dəyişiklik edilməklə yekdilliklə qəbul edilib. Bundan əlavə, DAK İdarə Heyətinin üzvü Fəramərz Quluzadə təşkilatın maliyyə məsulu təyin olunub. Eyni zamanda DAK-ın arxivinin yaradılması qərara alınıb. DAK həmsədri qeyd etdi ki, dekabrın 10-da DAK nümayəndə heyəti İsveçdə olub. Ertəsi gün Azərbaycanın taleyüklü məsələləri ilə bağlı İsveç Riksdagında dinləmələr keçirilib. Tədbirdə Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rəfael İbrahimov, İsveç Riksdagının bir qrup deputatı, bu ölkənin parlamentdə çoxluq təşkil edən Sosial-Demokrat və Moderat partiyalarının sıravi üzvləri, Quzey və Güney Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər. İsveçli deputatlar Azərbaycanla bağlı onları maraqlandıran suallar veriblər. Toplantıda Azərbaycanla tanış olması və bütün parametrləri ilə Avropanın bir parçası olduğunu görməsi üçün isveçli deputatlar ölkəmizə səfərə dəvət edilib. Tədbirdə Azərbaycan həqiqətlərini özündə əks etdirən slayd-şou da nümayiş etdirilib. Sonda DAK nümayəndə heyətinin şərəfinə ziyafət verilib.

DAK Quzey və Güney Azərbaycan təşkilatlarının qonağı olub

Həmin gün DAK rəhbərliyi İsveçdə fəaliyyət göstərən Quzey və Güney Azərbaycan təşkilatlarının qonağı olub. Görüşdə Səttar Seviginin rəhbərlik etdiyi Azərbaycan Federasiyası İsveç (AFİ) və Almaniyada yaşayan Məhəmməd Azadgərin sədri olduğu Azərbaycan Federal Demokrat Partiyasının üzvləri iştirak ediblər. Görüşdə DAK-ın fəaliyyəti, Güney Azərbaycan problemi, gələcək əməkdaşlıq perspektivləri və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Linşöpinqdə Milli Hökumətin 63-cü ildönümü qeyd olunub

Dekabrın 12-də İsveç Krallığının Linşöpinq şəhərində fəaliyyət göstərən Babək Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü və təşkilatçılığı ilə Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının qurduğu Güney Azərbaycan Milli Hökumətinin 63-cü ildönümü münasibətilə ədəbi-bədii gecə keçirilib. Tarixə 21 Azər Hərəkatı kimi düşən tədbirə İsveç Krallığında səfərdə olan DAK rəhbərliyi də iştirak edib. Ədəbi-bədii gecədə 21 Azər Hərəkatı barəsində çıxışlar olub, milli səpkidə şeirlər və mahnılar səsləndirilib.

DAK-ın növbəti qurultaylarından biri Avstriyada keçirilə bilər

Sabir Rüstəmxanlı vurğuladı ki, Avstriyada olarkan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, iş adamlarıyla görüşüb, eyni zamanda Azərbaycanın Vyanadakı konsulu ilə telefon danışığı olub. Görüşlərdə DAK-ın növbəti qurultaylarından birinin Avstriyada keçirilməsi məqsədəuyğun sayılıb. Hər halda DAK-ın Avropa səfəri izsiz qalmayacaq.

Xarici səfirliklər Azərbaycan dövlətinə, onun rəsmi dilinə, vətəndaşlarına və təşkilatlarına sayğısızlıq göstərir

DAK həmsədri onu da qeyd etdi ki, ölkədə fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri Azərbaycan dövlətinə, onun rəsmi dilinə, vətəndaşlarına və təşkilatlarına sayğısızlıq nümayiş etdirir. Diplomatik korpusda işləyənlərin əksəriyyəti rus dilində danışırlar, məktubları öz dillərində tələb edirlər, vizaları həftələrlə gecikdirirlər. Bu cür münasibət düzgün deyil. çünki Azərbaycan Avropanın bir parçasıdır və Avropa Şurasının üzvüdür.

Bakıda ”Təbriz gecələri” keçiriləcək

Sabir Rüstəmxanlı sonda xatırlatdı ki, dekabrın 22-də Bakıda Musiqili Komediya Teatrında ”Təbriz gecələri” keçiriləcək. Tədbirdə Güney Azərbaycan sənətçiləri milli mahnılar səsləndirəcəklər.

Avropa Güney Azərbaycan problemi haqqında kifayət qədər məlumatlıdır

DAK-ın digər həmsədri Firidun Pərviznia dedi ki, təşkilat qurultaydan keçən 6 ay ərzində mühüm işlərə imza atıb. ABŞ-dan sonra Belçika və İsveçə təşkil edilmiş səfər də uğurlu oldu: ”Bilirsiniz, Avropada Güney Azərbaycan problemindən, İrandakı qeyri-fars millətlərinin bütün hüquqlarının əlindən alınmasından kifayət qədər məlumatlıdırlar. çünki zaman-zaman müxtəlif səpkili tədbirlərdə problemlər onların diqqətinə çatdırılır. Sadəcə, əksər ölkələr İranın parçalanmasını istəmirlər. çünki bunun onların özlərində və çoxmillətli ölkələrdə mövcud olan problemlərin baş qaldırmasına və dünya düzəninin pozulmasına stimul verəcəyindən ehtiyatlanırlar”.

Əksər təşkilatlar DAK-ın fəaliyyətindən razıdırlar və əməkdaşlıqda maraqlıdırlar

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə bildirdi ki, təşkilatın bütün sivil toplum quruluşlarıyla əlaqələri genişlənir. Artıq əksər Quzey və Güney Azərbaycan qurumları DAK-ın fəaliyyətindən razıdırlar və əməkdaşlıq etməkdə maraqlıdırlar. Eyni zamanda beynəlxalq təşkilatlar, xarici ölkələrin parlamentlərilə əlaqələr güclənir.

Gələn il ABŞ, Avstraliya və Türkiyəyə səfərlər gözlənilir

Onun sözlərinə görə, DAK Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda davam edəcək. Gələn il ABŞ, Avstraliya və Türkiyəyə səfərlər gözlənilir. Həmin səfərlərə media mənsublarının da aparılması planlaşdırılır. DAK-ın Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayev qeyd etdi ki, DAK-ın Belçika və İsveçdə keçirdiyi tədbirlər və görüşlər təqdirəlayiqdir. Qurultaydan keçən 6 ay ərzində Azərbaycanda da müəyyən işlər görülüb. İyulda Babək Xürrəmidin doğum günü münasibətilə Güney Azərbaycana dəstək olaraq Xızı dağlarına yürüş keçirilib. Bu günlərdə Azərbaycan türklərinin Qərbi Azərbaycandan (indiki Ermənistan) deportasiyasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

çanaqqalada şəhid olmuş Azərbaycan türklərinə abidə ucaldıla bilər

Onun sözlərinə görə, DAK-ın dəstəyilə ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırım aktını özündə əks etdirən kitab nəşr edilib və təqdimatı olub. Türkiyənin çanaqqala şəhərində şəhid olmuş Azərbaycan türklərinin xatirəsini əbədiləşdirmək üçün Türkiyənin Azərbaycandakı səfirliyilə birlikdə abidə ucaldılması istiqamətində iş aparılır. DAK İdarə Heyətinin Türkiyədən olan üzvü Məhəmməd Müştaq vurğuladı ki, Avropa ölkələri və böyük dövlətlər Azərbaycanın bütövləşməsindən qorxurlar. çünki bşlgədə Türkiyə kimi daha bir güclü türk dövlətinin yaranmasını istəmirlər. Axı Quzey və Güney Azərbaycan birləşərsə, əhalinin əksəriyyətini türk soyundan olan azərbaycanlılar təşkil edəcəklər. Onun sözlərinə görə, Türkiyədə 2527 saylı qanun var. Həmin qanuna əsasən, Türkiyəyə gələn türk soyundan olan insanlar ölkə vətəndaşları üçün nəzərdə tutulmuş əksər hüquqlardan istifadə edə bilirlər. Belə bir maddənin Azərbaycan Konstitusiyasında da öz təsbitini tapması yaxşı olardı.
Tədbirdə DAK İdarə Heyətinin üzvləri – millət vəkili Gülər Əhmədova və professor Vaqif Arzumanlı da çıxış edərək öz fikirlərini diqqətə çatdırdılar. Sonda jurnalistləri maraqlandıran suallar cavablandırıldı.

Image

Image

Image

Image

Image

Həmçinin bax!

Bu gün DAK rəhbərliyi İran adlanan yerdə cərəyan edən proseslərlə bağlı mətbuat konfransı keçirdi

Firidun Pərviznia: ”İran adlanan yerdə prezident yox, sistem dəyişməlidir” Babək Tağızadə: ”Yaxın zamanda DAK-ın rəsmi ...

Kommentera