Ev / Tədbirlər / FARS ŞOVİNİZMİNƏ ETİRAZ / DAK İran adlanan yerin səfirliyi qarşısında möhtəşəm etiraz aksiyası keçirdi – fotosessiya

DAK İran adlanan yerin səfirliyi qarşısında möhtəşəm etiraz aksiyası keçirdi – fotosessiya

Yüzlərlə adam ”Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, ”Yaşasın Azərbaycan!”, ”Rus, fars, erməni – bunlar türkün düşməni!”, ”Fars şovinizminə ”yox” deyirik!” kimi şüarlar səsləndirdilər
Image
Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) İran adlanan yerin Azərbaycan Respublikasındakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirdi. Bakı şəhər İcra Hakimiyyətilə razılaşdırılan piketdə iştirakçılar qonşu ölkədə Azərbaycanın simvollarının təhqir olunmasına, səfirlik və konsulluğumuzun qarşısında aksiya keçirilməsinə, eyni zamanda öz tarixi torpaqlarında yaşayan 40 milyona yaxın soydaşımızın milli-mədəni hüquqlarının pozulmasına dinc şəkildə etiraz etdilər.

Yüzlərlə adam ”Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, ”İslamçı dövlət, işğalçı dövlət!”, ”Yaşasın Azərbaycan!”, ”Rus, fars, erməni – bunlar türkün düşməni!” kimi şüarlar səsləndirdilər. Aksiya iştirakçıları Ermənistan prezidenti Serj Sərkisyan və İran prezidenti Mahmud Əhmədinejadın üzərinə ”Müsəlman təəssübkeşinin iç üzü” yazılan şəklini, onların qucaqlaşmış formada çəkilmiş fotoşəkilini, ”Ermənistanla qardaşlıq İslam dəyərlərinə ziddir!”, ”Fars şovinizminə ”yox” deyirik!” şüarları yazılan plakatlar qaldırdılar.
Aksiyada 9 nəfər saxlanıldı
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə aksiyada çıxış edərək, İran adlanan yerin Ermənistanla münasibətlər qurmasını, bu ölkədə azərbaycanlılara qarşı təzyiqləri, aparılan həbsləri pislədi. Təxminən 30 dəqiqə davam edən aksiya heç bir insident baş vermədən başa çatsa da, polis 9 nəfəri saxladı. Onların arasında DAK Gənclər Təşkilatının sədri Samir Turan və onun müavini Fuad Abdurrəhmanlı da var idi. Onlar Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparıldılar və bir saat sonra bütün saxlanılan iştirakçilar sərbəst buraxıldı.
DAK bəyanatı İran adlanan yerin səfirliyinə təqdim etdi
Sonda DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli təşkilatın bəyanatını oxuyaraq, sənədi İran adlanan yerin səfirliyinə təqdim etdi. Bəyanatda bildirilir ki, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrilə Azərbaycanın tarixi torpaqları Rusiya və İran imperiyaları tərəfindən ikiyə parçalanmış, son 200 illik mərhələdə xalqımız ”bölünmüş xalq” statusuyla yaşamalı olub: ”On illər boyu milli-mənəvi varlığımız yad ideologiya və rejimlərin zorakı təzyiq və basqılarına məruz qalaraq, azadlıq və birlik ideyalarımıza qarşı ardıcıl olaraq repressiv siyasət həyata keçirilib. Ancaq bütün bunlar Azərbaycan xalqının milli iradəsini və mübarizə əzmini bir an belə olsun sarsıda bilməyib, azadlıq uğrunda mücadilədə quzeyli-güneyli torpaqlarımız zaman-zaman şəhidlərimizin müqəddəs qanlarıyla suvarılıb. Nəhayət, 20 il əvvəl Azərbaycanın quzeyində milli-azadlıq hərəkatı qələbə çaldı və Sovet imperiyasının çökməsilə xalqımız layiq olduğu tarixi haqqına qovuşdu. Bu gün Azərbaycan xalqının milli-siyasi mənafelərini layiqincə təmsil edən müstəqil, demokratik Azərbaycan Respublikası özünün sürətli tərəqqi və inkişaf məroələsini yaşamaqda, sivilizasiyalı beynəlxalq aləmə uğurla inteqrasiya olunur. Müstəqil Azərbaycanın uğurlu daxili və xarici siyasəti, cəmiyyətdə demokratik hüquqi dəyərlərin bərqərar edilməsi, beynəlxalq sülh və təhlükəsizlik işinə ölkəmizin töhfələri, bir çox regional və transmilli iqtisadi layihələrdə, enerji təhlükəsizliyi kimi qlobal məsələlərdə Azərbaycan dövlətinin önəmli rolu, sivilizasiyalı dünya birliyilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri, o cümlədən İslam dünyası ölkələrilə qarşılıqlı dostluq münasibətlərinin qurulması Azərbaycanın düşmənlərinin yuxusunu ərşə çəkən amillərdəndir. Təəssüf ki, bu düşərgədə İran adlanan yer xüsusi canfəşanlığıyla seçilir. Tehran rejiminin çoxsaylı kütləvi informasiya vasitələrində, televizya və radio kanallarında, internet saytlarında Azərbaycan dövlətçiliyinə, onun suveren hüquqlarına yolverilməz müdaxilələr edilir, ölkədə etnik-dini və məzhəblərarası münasibətlərin gərginləşdirilməsi istiqamətində sistemli siyasi-ideoloji təxribatlar və təbliğat-təşviqat işləri aparılır və bütün bunlar rəsmi dövlət səviyyəsində himayə olunur. Azərbaycan torpaqlarının 20 faizini işğal edən, 1 milyon Azərbaycan vətəndaşını öz dədə-baba yurdundan didərgin salan, 20 mindən artıq günahsız müsəlmanı – qocasına, qadınına, körpəsinə belə aman vermədən məhv edən, şəhər və kəndlərimizdə dəhşətli kütləvi qətliamlar, qanlı terror aksiyaları həyata keçirən, Ermənistanda və Qarabağda məscidlərimizi, müqəddəs sitayiş yerlərimizi, qəbiristanlıqlarımızı təhqir edərək xaraba qoyan, nəhayət, Xocalı soyqırımı kimi XX əsrin ən dəhşətli cinayətini törədən təcavüzkar bir dövlətlə bu gün siyasi-strateji əməkdaşlıq münasibətində olan yeganə müsəlman dövləti məhz İran adlanan yerdir.
Tehran rejiminin Ermənistanla qardaşlığı müsəlman birliyinə xəyanətkar qəsddir
Tehran rejiminin İslam düşməni olan bir ölkəylə bütün sahələrdə can-bir qəlbdə olması, şəhidlərimizin qanıyla yoğrulan və ermənilərin əlilə xarabalığa çevrilən Qarabağ üzərində dostluq və qardaşlıq körpüləri yaratması təkcə Azərbaycan düşmənçiliyinin deyil, eyni zamanda İslam dünyasına və müsəlman birliyinə xəyanətkar qəsdin açıq-aşkar göstəricisidir. Bu, saxta ”müsəlman təəssübkeşliyi”ni əldə bayraq edən bir irtica rejimin əslində anti-İslam xarakterinin iç üzü, İslam mənəviyyatı və əxlaqının ayaqlar altına atılmasıdır. Tehran-İrəvan arasının su yoluna döndərilməsi, ”müsəlman təəssübkeşi” ağayi Əhmədinejadın Qarabağda kütləvi qətl və qarətlərin birbaşa təşkilatçısı və icraçısı Köçəryan, Sarkisyan kimi hərbi-siyasi canilərin qanlı əllərini sıxması, qucaqlaşıb-öpüşməsi kimi müdhiş səhnələrə İslam əxlaqı baxımından qoy İran ictimaiyyətinin özü qiymət versin. Biz İran adlanan yerin xalqını mövcud rejimin belə xəyanətkar fəaliyyətinə, təcavüzkar Ermənistanı və erməni şovinizmini dəstəkləyən siyasi xəttinə qarşı səfərbər olmağa, qəti iradə nümayiş etdirməyə çağırırıq”.
Sənəddə qeyd olunur ki, bu gün İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan 40 milyona yaxın Azərbaycan türkü ağır və dözülməz siyasi-mənəvi şərtlər altında milli varlığını qorumaq uğrunda çarpışmaqdadır: ”Düz 85 ildir bütöv bir xalq irtica metodlarıyla idarə olunan siyasi-dini bir rejimin, antidemokratik, qapalı bir cəmiyyətin girovuna çevrilib. 2006-cı il mayın 22-də ”İran” adlanan rəsmi qəzetdə təhqir xarakterli karikaturaya etiraz əlaməti olaraq Təbriz, Urmiya, Zəncan, Sulduz və Güney Azərbaycanın digər şəhərlərində keçirilmiş yürüş-mitinqlərdən sonra isə soydaşlarımıza qarşı təqib və təzyiqlər səngimir. 2007, 2008, 2009-cu illərdə və 2010-cu ilin yanvarından bəri öz milli hüquqlarını tələb edən minlərlə azərbaycanlı həbs olunub, hətta bəzilərindən indiyədək heç bir məlumat yoxdur, onlar təcridxanalarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalır, eyni zamanda hərəkatçılar müxtəlif üsullarla müəmmalı şəkildə qətlə yetirilir, bəzi milli fəalların səhhəti ağırlaşdığından həyatı təhlükə qarşısındadır, onlar tibbi müayinədən, ailələrilə görüşmək və vəkil tutmaq hüququndan məhrum edilirlər, məhkəmələrdə onlarla soydaşımıza ədalətsiz həbs, sürgün, şallaq və ölüm cəzaları kəsilir.
Tehran rejimi bilməlidir ki, böyük bir xalqın haqq səsini batırmaq mümkün deyil
Halbuki Azərbaycan xalqı tarixən İran adlanan yerin ictimai-siyasi və mədəni-mənəvi həyatını yönləndirib, yüz illər boyu bu ölkənin siyasi-dövlət idarəçiliyi, inkişafı və tərəqqisi bilavasitə Azərbaycan türklərinin adıyla bağlı olub. Lakin son yüz illik tarixi mərhələdə fars şovinizminin dövlət siyasəti səviyyəsinə qaldırılmasıyla çoxmilyonlu Azərbaycan türkü milli-mədəni hüquqlardan tamamilə məhrum edilib. Soydaşlarımız bu gün beynəlxalq hüququn təməl prinsiplərindən olan insan haqlarına, ana dilində yazıb-oxumaq, dil və mədəniyyətini inkişaf etdirmək kimi ən adi vətəndaş hüquqlarına belə sahib deyil. İran adlanan yerin rəsmi hakimiyyəti, siyasi-ideoloji dairələri on illərdir şərəfli və möhtəşəm tariximizi hər vasitəylə saxtalaşdıraraq özününküləşdirməkdə, soy-kökümüzlə bağlı saxta və gülünc ”nəzəriyyələr” uydurmaqda, milli toponimlərimizi farslaşdırmaqda, xalqımıza qarşı məqsədyönlü etno-demoqrafik siyasət yürütməkdə davam edir. Bir sözlə, azərbaycanlıların tarixdəki və günümüzdəki misilsiz xidmətləri və rolu hər vəchlə danılır, inkar olunur. İrtica rejiminin siyasi təqib və repressiyaları milyonlarla soydaşımızın öz doğma yurd-yuvalarını tərk edərək dünyanın müxtəlif ölkələrinə mühacirət etməsinə səbəb olur, minlərlə azadlıq və ədalət fədailərimiz məşəqqətli məhbəs həyatına məhkum edilir, ”Ettelaat”ın təcridxanalarında, Kəhrizək, Evin kimi həbsxanalarda fiziki və mənəvi işgəncələrə məruz qalır, alçaldılır, təhqir olunur, zorlanaraq öldürülür. Amma Tehran rejimi bilməlidir ki, şər və böhtan üzərində qurulmuş bir siyasətlə, zorakı təqib və repressiv metodlarla tarixin bütün dönəmlərində şərəfli izlər qoymuş böyük bir xalqı və mədəniyyəti yox etmək, onun haqq səsini batırmaq mümkün deyil və bu uğursuz cəhdlər məğlubiyyətə məhkumdur”. Bəyanatın sonunda vurğulanır ki, DAK bütün dünyada yaşayan azərbaycanlıların insan və vətəndaş haqlarının müdafiəsini, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasını özünün fəaliyyət məramnaməsi kimi qəbul edib: ”Biz bir beynəlxalq təşkilat kimi, soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, onların hüquq və azadlıqları uğrunda beynəlxalq hüquq prinsipləri çərçivəsində sonacan mübarizə aparacağımızı bəyanlamaqla İran adlanan yerdəki mövcud rejimdən Azərbaycan türklərinə qarşı qərəzli siyasətə son qoymasını, onların milli hüquqlarının təmin olunmasını istəyirik”.
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Aksiyanın videogörüntüsünə aşağıdakı linklərə daxil olmaqla baxa bilərsiniz:
Image
Image

Kommentera