Ev / Tədbirlər / FARS ŞOVİNİZMİNƏ ETİRAZ / DAK İran adlanan yerin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi

DAK İran adlanan yerin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi

İran adlanan yerin Azərbaycandakı səfirliyinin əməkdaşı Xani Məhəmmədi tərbiyəsizlik nümayiş etdirdi

O, aksiyanın qətnaməsini səfirliyə təqdim etmək istəyən DAK məsullarına Azərbaycan polisinin gözü qarşısında hücum çəkdi, sənədi almaq əvəzinə cırmağa cəhd göstərdi

Əjdər Tağızadə: ”Bu gün Azərbaycan türkləri azadlıq, istiqlal, tarixi təbii sərvətimiz Urmiya gölü isə su istəyir”

Image

Aprelin 2-də Dünya Azərbaycanlıları Konqresi (DAK) İran adlanan yerin Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirdi. Piket Güney Azərbaycanın Urmiya gölünün quruma təhlükəsiylə bağlı güneyli soydaşlarımızın bu gün həmin gölün ətrafında keçirməyi planlaşdırdığı simvolik aksiyaya dəstək xarakteri daşıyırdı.

Məhz aprelin 2-də yerli vaxtla saat 12:00-da Güney Azərbaycan Milli Hərəkatının fəalları və ”Traktor” futbol komandasının yüz minlərlə azarkeşi simvolik olaraq bir bardaq su ilə Urmiya körpüsündə toplaşacaq və hər kəs gətirdiyi suyu gölə tökməklə fars şovinist rejiminə etirazlarını bildirəcək, eyni zamanda Güney Azərbaycanda yaşanan ekoloji böhranı təbiəti mühafizə edən beynəlxalq təşkilatların diqqətinə çatdırmış olacaqlar. DAK rəhbərliyi və fəalları da güneyli soydaşlarımızla həmrəy olaraq, əllərində bir bardaq su ilə səfirlik qarşısına toplaşdılar. Ancaq polis həmin qabları diplomatik korpusun qarşısına qoymağa imkan vermədi. Eyni zamanda plakatları piket iştirakçılarının əllərindən aldı. Lakin aksiyanın qətnaməsinin səfirliyə təqdim olunmasına şərait yaratdı. Amma burada fars şovinist rejiminin iç üzü bir daha ortaya çıxdı. Belə ki, özünü İran adlanan yerin Azərbaycandakı səfirliyinin əməkdaşı kimi qələmə verən Xani Məhəmmədi qətnaməni səfirliyə təqdim etmək istəyən DAK Nəzarət-Təftiş Komissiyasının sədri Aqil Ələsgər və DAK Katibliyinin rəhbərliyi Samir Əsədliyə Azərbaycan polisinin gözü qarşısında hücum çəkdi. Diplomatik toxunulmazlıq hüququndan istifadə edən bu şəxs aksiyaçılara ”Siz düşmənlərsiniz, buradan çıxın gedin” deyərək söz savaşına çıxdı və qətnaməni qəbul etmək əvəzinə, cırmağa cəhd göstərdi. Hətta Xani Məhəmmədi əl-qol hərəkətləriylə polislərə müraciət edərək ”Bunları buradan uzaqlaşdırın” dedi. Daha sonra jurnalistlərə açıqlama verən bu şəxs aksiyanın icazəsiz olduğunu, ora toplaşanların Azərbaycanla İran adlanan yer arasında mövcud olan yaxşı münasibətləri qarışdırmaq niyyəti güddüklərini vurğuladı: ”Biz bilirik ki, onlar başqa adamlar tərəfindən bu işə təhrik olunublar. Biz Azərbaycan dövlətindən, hüquq-mühafizə orqanlarından onların aksiya keçirmələrinə imkan verməməsini istəyirik. çünki onlar həm Azərbaycana, həm də İran adlanan yerə düşməndirlər”.
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə isə jurnalistlərə açıqlamasında bildirdi ki, İran adlanan yerdəki mövcud hökumət güneyli soydaşlarımızı təqib və təzyiqlərə, həbslərə, işgəncələrə məruz qoyur: ”Bu azmış kimi, Güney Azərbaycanın yeraltı və yerüstü sərvətlərini talan edir, tarixi abidələrimizi dağıdır. İndi də məqsədyönlü siyasət nəticəsində Urmiya gölü quruma təhlükəsilə üzləşib. Nəticədə göldə suyun səviyyəsi 7 metr aşağı düşüb. Bunun da məsuliyyətini fars şovinist rejimi daşıdığından ekoloji problemin qarşısını almalıdır. Bu gün yüz minlərlə soydaşımız rejimin siyasətinə etiraz əlaməti olaraq Urmiya gölünə gediblər və qurumaqda olan təbii sərvətimizə bir bardaq su tökməklə yerli hökumətin və beynəlxalq təşkilatların diqqətini bu problemə yönəltməyə çalışacaqlar. Biz də güneyli soydaşlarımızla həmrəy olaraq belə bir mədəni aksiya keçiririk. Bu gölü qorumaq hər bir azərbaycanlının borcudur. Biz Bakı şəhər İcra Hakimiyyətini də əvvəlcədən məlumatlandırmışıq. özü də biz dünya praktikasında mövcud olan bir aksiya düzənləmişik. Buna icazə veriib-verilməməsi elə bir əhəmiyyət daşımır. Tehran rejimi soydaşlarımızın həmin tarixi əraziləri tərk etməsi üçün Urmiya gölünün qurumasında maraqlıdır. Bunlar Azərbaycanın güneyini boşaltmaq istəyirlər. Güneyli jurnalist Səid Mətinpur Tehrandakı Evin həbsxanasında dəfələrlə ürək sancısı keçirsə də, onun müalicəsinə imkan verilmir”. Onun sözlərinə görə, özünü İran adlanan yerin Azərbaycandakı səfirliyinin əməkdaşı kimi qələmə verən Xani Məhəmmədinin iddiaları əsassızdır: ”Bu cür tədbirlər dünyanın hər yerində keçirilir və dövlətlərarası münasibətlər də pozulmur. Tehran rejimi burada narkotik maddələrin ticarətiylə məşğuldur, Azərbaycana öz casuslarını göndərir və dövlətlərarası münasibətləri həmişə siz pozursunuz. Siz Azərbaycan səfirliyini, bayrağını təhqir edirsiniz. Biz isə yalnız Vətənimizi qoruyuruq. İnşallah, bu millət Quzeylə Güney Azərbaycan arasında süni yaranmış sərhədləri aradan qaldıracaq və soydaşlarımız fars şovinist rejiminin zülmündən qurtaracaq”. Əjdər Tağızadə vurğuladı ki, Urmiya gölünün quruması təhlükəsinə etiraz əlaməti olaraq dünyanın müxtəlif ölkələrində aksiyalar keçiriləcək: ”Bu gün İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan Azərbaycan türkləri azadlıq, istiqlal, tarixi təbii sərvətimiz Urmiya gölü isə su istəyir”. Bundan sonra əllərində su bardaqları olan və bozqurd işarələri tutmuş gənclər bir ağızdan ”Azərbaycan bir olsun mərkəzi Təbriz olsun!” şüarını səsləndirdilər.

Dünya Azərbaycanlıları Konqresinin Urmiya gölünün
quruma təhlükəsiylə əlaqədar

BƏYANATI

Urmiya gölü Güney Azərbaycanın quzey-qərbində və Xəzər dənizinin güneyində yerləşir. Güney Azərbaycanın ən böyük gölü olan bu göl dünyanın ikinci duzlu gölü kimi YUNESCO-da təbii xəzinə kimi tanınır. Ancaq Güney Azərbaycanın təbii tarazlığını qoruyan Urmiya gölü son illərdə İran adlanan yerdəki mövcud hakimiyyətin apardığı məqsədyönlü siyasət nəticəsində quruma təhlükəsiylə qarşı-qarşıya qalıb. Belə ki, əkinə yararlı torpaqların suvarılması üçün gölə axan təbii çayların istiqamətinin dəyişdirilməsi, çaylar üzərində xeyli sayda su bəndlərinin tikilməsi, gölün üzərindən Təbrizlə Urmiyanı birləşdirən körpünün çəkilməsi və s. nəticəsində hazırda göldə suyun səviyyəsi 7 mert aşağı düşüb. Bu göstərici isə kritik normadan 2 metr aşağıdır. Eyni zamanda Urmiya gölünün 150 hektarı artıq duz səhrasına çevrilib. Hətta mütəxəssislər də ciddi tədbirlər görülməyəcəyi təqdirdə gölün 6-7 il ərzində yer üzündən silinəcəyi barədə xəbərdarlıq edirlər. Bu da ərazinin tamamilə səhraya çevrilməsinə və müxtəlif problemlərin yaranmasına gətirib çıxaracaq. Hazırda 102 adası olan Urmiya gölü flaminqo və ağ pelikan kimi bir çox köçəri quşların yaylağı olmaqla bərabər, dünyanın nadir və qiymətli su canlılarından olan artmianın yaşayış məskənidir. Ekoloji qeydiyyata görə, Urmiya gölündə 546 növ bitki mövcuddur. Hazırda göldə yaşanan bu böhranlı vəziyyət artmianın, bir çox quşların sayının azalmasına səbəb olub və onların nəslinin kəsilməsi təhlükəsini artırıb. Urmiya gölünün suyunun çəkilməsi duzlaqların ortaya çıxmasına səbəb olub. Küləklər vasitəsilə ətrafa yayılan duzlar həm insanların səhhətinə ciddi mənfi təsir göstərir, həm də əkin sahələrini yararsız hala salır. Bununla da Güney Azərbaycandakı münbit ərazilərin ekoloji tarazlığı pozulur. Bu problemlə əlaqədar bir çox rəsmi və qeyri-rəsmi müraciətlərə baxmayaraq, Tehran rejimi gölün məqsədyönlü surətdə qurudulmasında israrlı görünür.
DAK olaraq, İran adlanan yerdəki mövcud hökumətin problemə laqeyd münasibətini kəskin şəkildə pisləyir və fars şovinist rejimindən Azərbaycanın tarixi təbii sərvəti olan Urmiya gölünün taleyinə biganə qalmamasını və onun qurumasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görməsini tələb edirik.

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Aksiyadan videogörüntü

http://www.azadliq.org/video/6608.html

Kommentera