Ev / Tədbirlər / Həyata keçirilmiş tədbirlər / DAK Park İnn otelində “Güney Azərbaycan Milli Hərəkatı” adlı simpozium keçirdi

DAK Park İnn otelində “Güney Azərbaycan Milli Hərəkatı” adlı simpozium keçirdi

Sabir Rüstəmxanlı: ”1960-70-ci illərdə gənclərdə Güney sevgisi indikinə nisbətən daha güclü idi”

Əjdər Tağızadə: ”Azərbaycanın bütövlüyü təkcə Qarabağın geri alınması deyil, həmçinin Quzey, Güney və Qərbi Azərbaycanın, Dərbəndin, Borçalının, Kərkükün də birləşməsi deməkdir”

Fuad Abdurahmanlı: ”Bu gun gənclik siyasi mənsubiyyətdən asılı olmayaraq, cəmiyyətdə tutduğu yerdə milli problemi insanlara çatdırmağı bacarmalı və beynəlxalq arenada məsələni qaldırmalıdır”

Image

8 sentyabr 2009-cu il tarixində saat 11:00-dan 15:00-dək Bakı şəhərində Park İnn otelinin ”Dan ulduzu” zalında Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü və təşkilatçılığıyla ”Güney Azərbaycan Milli Hərəkatı” adlı simpozium keçirildi. Tədbirdə DAK rəhbərliyi ilə yanaşı, Azərbaycan, Türkiyə və dünyanın müxtəlif universitetlərində təhsil almış və hazırda təhsilini davam etdirən quzeyl-güneyli tələbələr, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri və s. qatılıblar. Simpoziumu DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli açaraq, DAK-ın məqsədi, gördüyü işlər və gələcəkdə həyata keçirəcəyi layihələr barədə geniş məlumat verdi. Bundan sonra Azərbaycanın dövlət himni oxundu.

DAK həmsədri Sabir Rüstəmxanlı çıxışında bildirdi ki, DAK təkcə Quzey Azərbaycanın deyil, Bütöv Azərbaycanın milli ideologiyasını müdafiə edən bir təşkilatdır. Ali məktəblərdə Güney Azərbaycan haqqında heç bir məlumat verilmədiyini deyən DAK həmsədri söyləyib ki, konqres bu işi öz üzərinə götürüb: ”1960-70-ci illərdə gənclərdə Güney sevgisi indikinə nisbətən daha güclü idi. Lakin son zamanlar xüsusən də ölkəmiz müstəqillik qazandıqdan sonra gənclərimizdə bu hiss demək olar yoxdur. İran adlanan yerdə 35 milyondan artıq Azərbaycan türkü yaşayır, onların səsini batırmaq mümkün deyil. Güney azərbaycanlılarının hüquqları qorunmalı, Quzey Azərbaycan gəncləri də onlar haqqında hər şeyi bilməyə borcludular. çünki Türk Dünyasının birliyi Azərbaycan Respublikası və Cənubi Azərbaycanın milli birliyindən keçir. İran adlanan yerdə türk dilinə, mətbuatına, təhsilinə qadağa qoyulub. Azərbaycan Respublikasının parlamenti, mediası, siyasi partiyaları, qeyri hökumət təşkilatları Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarının müdafiəsinə qalxmalıdır. Son hadisələr göstərir ki, İran adlanan yerdə rejim çökür. Bu rejimi heç zaman orada yaşayan 35 milyonluq azərbayanlıları sındıra bilməyib və indi də sındıra bilməyəcək”. Onun sözlərinə görə, hazırda Azərbaycanın Quzeyində müstəqillik əldə olunub, dövlət qurulub. Ancaq Güney Azərbaycan fars şovinistlərinin əsarəti altındadır: ”Misir min illərdir Şimali və Cənubi Misir adlandırdığı əraziləri birləşdirib bütövləşmək istəyir. Yəhudilər 2000 illik mübarizədən sonra İsrail dövlətini qurmağı bacardılar. Ona görə də Azərbaycanın bütövləşməsinin mümkün olmayacağını düşünənlər yanılırlar. Mübarizə aparacağıqsa, nailiyyət əldə edəcəyik”. O, Qərb dövlətlərini İran adlanan yerlə silahla danışmamağa çağırıb. ”Azərbaycan Respublikası silahsız, güc tətbiq etmədən rus imperiyasını ölkədən çıxardı. İran adlanan yerdə də silahdan istifadə etmək olmaz. Burada demokratik mübarizə yolu silahdan daha üstündür. Əfqanıstan və İraqda silahın vurduğu zərbə bunu bir daha təsdiq edir”. DAK həmsədri qeyd etdi ki, gənclərlə mütəmadi olaraq iş aparılmalıdır: ”çünki millətin birliyi, bütövlüyü üçün beyinlərdə inqilab etmək lazımdır. Hazırda internet əsridir, gənclər müasir texnologiyalardan yararlanaraq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdırlar.
”Güney Azərbaycan Milli Hərəkatı və çağdaş dünyanın yeni milli-siyasi hərəkata baxışı” mövzusunda məruzəylə çıxış edən DAK Daimi Şurasının sədri Əjdər Tağızadə əsrlərdir bölgədə baş verən siyasi proseslər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi: ”Farslar türklərə qarşı ta qədimdən mübarizə aparıblar. Firdovsinin öz ”Şahnaməsi”ndə türkləri vəhşi kimi qələmə verməsi də səbəbsiz yerə deyil. Sonradan onlar müxtəlif vasitələrlə türk saraylarına yol tapıblar. Onlar əsrlərdir mübarizə aparıblar. Nəhayət, 1925-ci ildə İran adlanan yerdə türklərin hakimiyyətinə son qoydular. Ancaq bu gün İran adlanan yerdə qurulmuş qondarma dövlət dağılır. Bunu fars şovinist rejiminin başbilənləri də etiraf edirlər”. Onun sözlərinə görə, Azərbaycanın Güneyi Təbrizdən, Həmədandan, Quzeyi isə Dərbəndən başlayır. Bu gün Azərbaycan gəncləri öz tarixlərini bilməlidir. Azərbaycanın bütövlüyü təkcə Qarabağın geri alınması deyil, həmçinin Quzey, Güney və Qərbi Azərbaycanın, Dərbəndin, Borçalının, Kərkükün də birləşməsi deməkdir: ”Bilirsiniz, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri nəticəsində Azərbaycan iki yerə parçalansa da, ancaq Arazın hər iki tayında da milli mübarizə heç vaxt səngiməyib. 1905-1911-ci illərdə Azərbaycanın Güneyində Səttarxan və onun yaxın silahdaşlarının rəhbərliyi altında Məşrutə İnqilabı baş verib: ”1918-ci ildə Azərbaycanın Quzeyində Məhəmməd Əmin Rəsulzadə və onun yaxın silahdaşlarının başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Elə 1920-1921-ci illərdə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında Güney Azərbaycanda Azadegan dövləti quruldu. Ancaq ötən əsrin əvvəllərində xəyanət nəticəsində Səttarxan hərəkatı qan içində boğuldu, Azərbaycanın Quzeyi Sovet Rusiyası tərəfindən işğal olundu və Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyuldu. Azadegan dövləti də süquta uğradı. 1925-ci ilədək indi İran adını almış coğrafi ərazidə hakimiyyət türklərin (Qacarlar) əlində idi, ancaq sonradan tamamilə farsların (Pəhləvilər) əlinə keçdi. Bundan sonra Azərbaycan türklərinə qarşı assimilyasiya siyasəti həyata keçirildi, türk dilində danışığa və təhsilə yasaq qoyuldu. Ancaq Azərbaycan türkləri öz milli-mədəni haqlarını əldə etmək üçün mübarizələrini davam etdirdilər. 1941-1945-ci illərdə bütün dünyanı öz ağuşuna almış II Dünya müharibəsi ərəfəsində İran adlanan coğrafi ərazidə də təlatümsüz ötüşmədi. Bu fürsətdən istifadə edən Azərbaycan türkləri 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Milli Hökumət qurdular. Azərbaycan türkcəsi yenidən rəsmi dil oldu, orta və ali məktəblərdə tədris türkcə oldu. Ancaq yenə də xəyanət nəticəsində 1946-cı ildə Milli Hökumət qan içində boğuldu. Ancaq Azərbaycan türklərinin mübarizə ruhu ölmədi. 1946-1979-cu illər arasında bir neçə dəfə üsyan baş versə də, ancaq yenə də amansızlıqla yatırıldı. 1979-ci ildə Azərbaycan türkləri Şəriətmədarinin rəhbərliyi altında İran adlanan coğrafi ərazidə İslam inqilabını həyata keçirdi. Ancaq farslar yenə xəyanətə əl ataraq, türkcənin ikinci rəsmi dilə çevirmək və Azərbaycan türklərinə muxtariyyət vermək vədlərini yerinə yetirmədilər. 1988-ci ildə Azərbaycanın Quzeyi ilə Güneyi Arazın hər iki tayına yığışdı. Sərhəd hərəkatı adını alan bu mübarizədə millət arada sərhəd rolunu oynayan tikanlı məftilləri sökərək əsl birlik və həmrəylik nümayiş etdirdi. 1991-ci ildə Azərbaycanın Quzeyində müstəqilliyin yenidən qazanılması isə Güneydəki soydaşlarımıza stimul verdi. Güney Azərbaycanda milli mübarizə ruhu yenidən yüksəldi. Milyonlarla soydaşlarımız Bəzz qalasına yürüş etməyə başladı. Ancaq Güney Azərbaycan Milli Hərəkatının güclənməsindən bərk qorxuya düşən far şovinist rejimi Babəki anma mərasimlərinə qadağa qoydu. 2004-cü ildən etibarən isə Güney Azərbaycanda bütün mərasimlər yasaqlandı. 2006-cı ildə ”İran” adlanan qəzetdə Azərbaycan türklərini ”tarakan”a bənzədən karikaturanın dərci soydaşlarımızın güclü etirazına səbəb oldu. Milyonlarla Azərbaycan türkü ayağa qalxaraq, öz milli-mədəni hüquqlarını tələb etməyə başladı. Ancaq fars şovinist rejimi əliyalın əhaliyə qarşı güc tətbiq etdi və üsyan qan içində boğuldu. Ancaq 35 milyondan artıq soydaşımız geri çəkilmək niyyətində deyil və hazırda Güney Azərbaycan Milli Hərəkatı öz məqsədlərinə çatmaq üçün mübarizəsini inamla davam etdirməkdədir”. DAK Daimi Şurasının sədri bildirdi ki, XXI əsr türk əsridir: ”Bu gün dünyada 300 milyondan artıq türk yaşayır. M.Ə.Rəsulzadə, M.K.Atatürk, Ə.Elçibəy gənclərə ”Ey gənclik!” deyə xitab ediblər. çünki gənclik həmişə vətəni, milləti üçün canını qurban verməyə hazır olub. Azərbaycanın Güneyində də hərəkatın önündə gedənlər məhz gənclikdir. Onlar ”Haray, haray mən türkəm!” söyləyir. Güney Azərbaycanın əsas hədəfi istiqlaldır”. O, İran adlanan yerdə insan haqlarının pozulması, həbsxanalarda zorlamalara da toxundu. ”Həsənabad səhrasında Kəhrizad həbsxanası var. İndi İran adlanan yerin rəsmiləri özləri deyir ki, belə səhralıqda insan yaşamaz. Ancaq həmin həbsxanada yüzlərlə Azərbaycan ziyalısına işgəncə verilib. İran adlanan yerin özü bu həbsxanada son hadisələr zamanı 7 nəfərin öldüyünü təsdiq edir”. Əjdər Tağızadə qeyd etdi ki, Quzey Azərbaycanda Güney məsələsi canlanmalıdır: ”Güney Azərbaycandan gələn soydaşlarımıza hər cür şərait yaradılmalıdır, onlara təhsil hüququ verilməlidir. çünki bu vətən, millət də onlarındır. Güneyli soydaşlarımız da Quzeydə ayıq olmalıdırlar, öz mübarizələrini inamla davam etdirməlidirlər. Bu gün İran adlanan yerdə Mirhüseyn Musəvinin tərəfdarı olan 4 milyon insan www.facebook.com adlı sosial şəbəkədə bir-birilə əlaqədədir. Mən Quzey, Güney və Türk Dünyasından olan gəncləri də bundan yararlanmağa çağırıram. çünki yolumuz Güneyin istiqlalı, Azərbaycanın bütövlüyü yoludur”.
Qafqaz Media Mərkəzi, Asiya Dialoqu İctimai Birliyinin rəhbəri Sevil Nuriyeva Azərbaycan kütləvi informasiya vasitələrinin Güney Azərbaycan məsələsinə biganəliyindən təəssüfləndiyini bildirdi: ”Təəssüf ki, bu məsələylə bağlı ictimai-siyasi dairələrdə fikir söyləyənlər çox azdır. Bəzi şəxslər, təşkilatlar, qəzetlər isə İran adlanan yerin təsir dairəsindədirlər. Cənubi Azərbaycan məsələsi dövlət siyasətində yoxdur, parlamentdə çox az dilə gətirilir. Ancaq Azərbaycan cəmiyyəti Güney Azərbaycan məsələsini daim gündəmdə saxlamalıdır”.
Güney Azərbaycan üzrə araşdırmaçı Yasəmən Qaraqoyunlu qeyd etdi ki, mübarizə artıq nəticəsini verir. Bu məsələdə gəncliyin estafeti öz üzərinə götürməsi sevindirici haldır: ”Farslar həmişə bizim qurduğumuz dövlətləri xarici himayədarlarının əli ilə yıxıb. Yəni farslarda dövlətçilik ənənəsi heç vaxt olmayıb. Azərbaycanın hər iki tayında da bütövləşmək istəyi daima olub. İndi Quzey və Güney Azərbaycanda baş verən proseslər bir-birinə təsir edir. Biz Güney Azərbaycandakı istiqlal davasını dəstəkləməli, onların haqq səsini dünya ictimaiyyətinə çatdırmalı və orada gedən hərəkatın beynəlxalq səviyyədə tanınmasına çalışmalıyıq. Güney Azərbaycanda gedən mübarizəyə Azərbaycan və Türkiyədə də böyük dəstək verməlidir”.
Doktor Gülarə Yenisey vurğuladı ki, bu gün Güney Azərbaycan Türk Dünyasının qanayan yaralarından biridir: ”Biz bu yaramızı sağaltmaq üçün fəaliyyətimizi daha da gücləndirməliyik. Quzeylə Güney, Türk Dünyası arasında mədəni birlik yaradılmalıdır. çünki bu gün Güney Azərbaycan türkçülüyün inkişafı və yayılması baxımından Türk Dünyasının ən dinamik, qaynar nöqtədidir. Bu da Türk Dünyasına böyük canlılıq gətirəcək. Gəncliyimiz öz yurdunu daha yaxından tanımalıdır. Bunun üçün Türk Dünyasını gəzməlidir”.
DAK Gənclər Təşkilatı sədrinin siyasi məsələlər üzrə müavini Fuad Abdurahmanlı bildirdi ki, bugünkü tədbirin əsas məqsədi Azərbaycan türkünü, gəncliyini maarifləndirməkdir: ”Bu gün Güney Azərbaycanda soydaşımız ana dilində təhsil istəyir. İran adlanan yerdə sayları 100 min civarında olan erməninin məktəbi, universiteti var. Ancaq 35 milyondan artıq Azərbaycan türkü bütün təbii hüquqlarından məhrumdur. Bu gun gənclik siyasi mənsubiyyətdən asılı olmayaraq, cəmiyyətdə tutduğu yerdə milli problemi insanlara çatdırmağı bacarmalı və beynəlxalq arenada məsələni qaldırmalıdır. BMT İnsan Haqları Komitəsinin 1946-cı ildən bəri qəbul etdiyi qanun, bəyannamə və prinsiplər hər bir millətə öz müqəddəratını təyin etmək hüququ verib. Güney Azərbaycan türklərinin öz milli-mədəni haqları uğrunda apardığı mübarizə heç də İran adlanan yerin daxili işi deyil. BMT-nin Millətlər Təşkilatı Baş Məclisinin 1 dekabr 1973-cü il 3103 saylı qətnaməsində millətlərin irqçi rejimlər əleyhinə qurtuluş savaşı beynəlxalq savaş kimi dəyərləndirilib. BMT-nin 15 dekabr 1948-ci il və 16 dekabr 1966-cı il millətlərlə bağlı qəbul etdiyi qanunda qoyd olunur ki, istismarçı rejimlərin əsarəti altında yaşayan və milli haqlarından məhrum olan millətlərin öz müqəddəratını təyin etməlidirlər”.
Yazıçı-publisist Aygün Həsənoğlu qeyd etdi ki, Güney Azərbaycanla bağlı gənclər üçün proqram hazırlanmalıdır. Eyni zamanda bu məsələylə bağlı Azərbaycan kütləvi informasiya vasitələrinə müraciət qəbul olunmalıdır: ”Televiziyalar bu problemi bilən ziyalıları verilişlərə dəvət etməlidir və məsələylə bağlı müzakirələr açmalıdır. Güney Azərbaycan ədəbiyyatımıza, musiqimizə gəlməlidir. Bundan başqa, Güney Azərbaycanla bağlı sənədli filmlər çəkilməlidir”.
DAK Gənclər Təşkilatının sədri Samir Turan vurğuladı ki, bu gün gəncliyin üzərinə böyük missiya düşür. Gənclik pessimist düşüncələrə qapılmamalı, bütün vasitələrdən istifadə edərək, Güney Azərbaycanın istiqlalına çalışmalı, eyni zamanda Bütöv Azərbaycanın qurulmasına nail olmalı və türk birliyinin yaranması üçün əlindən gələn köməyi əsirgəməməlidir.
Tədbirdə DAK Nəzarət-Təftiş Komissiyasının sədri Aqil Ələsgər, www.yalquzaq.com internet saytının yaradıcısı Azər Həsrət, Sübhan Talıblı, gənclərdən Tural Qurbanlı, Həbib Heydərov, Cavid Qocalı, Aygün Hüseynli çıxış edərək, estafeti özlərindən sonrakı gənclərə buraxmayacaqlarını söylədilər. Tədbirin sonunda DAK həmsədri Sabir Rüstəmxanlı və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə sualları cavablandırdılar, fikirlərə münasibət bildirdilər.

Image

Image

Image

Image

Image

Image

Image

Həmçinin bax!

DAK nümayəndə heyəti AAK-ın III qurultayında iştirak edib

Tədbirdə DAK Daimi Şurasının sədri Əjdər Tağızadə də çıxış edərək, ən ağrılı dərdlərimizdən biri olan ...

Kommentera