Ev / Həmsədrlər / Müsahibələr / “DAK olaraq diaspor təşkilatlarının, dərnəklərinin yaranmasına, güclənməsinə, bir-birilə əlaqə saxlamasına kömək etməyə çalışırıq”

“DAK olaraq diaspor təşkilatlarının, dərnəklərinin yaranmasına, güclənməsinə, bir-birilə əlaqə saxlamasına kömək etməyə çalışırıq”

Sabir Rüstəmxanlı: ”Azərbaycanın parçalanması, bölünməsi, İran deyilən dövlətdə insan haqlarının qorunmaması istiqamətində real vəziyyətin dünya ölkələrinə və beynəlxalq təşkilatlara çatdırılması çox mühüm bir işdir”

Image Azərbaycanın diaspora təşkilatlarının fəaliyyət(sizliy)i xeyli vaxtdır müzakirə mövzusudur. Bununla bağlı artıq tək ictimaiyyət arasında deyil, hakimiyyətdə də müəyyən narazılıqlar səslənməkdədir. Hətta parlamentin yaz sessiyasının son iclaslarında spiker Oqtay Əsədov da bir neçə dəfə dolayısı ilə diaspora fəaliyyətinin zəif olduğuna işarə vurdu.

Xatırladaq ki, həmin iclasların birində deputatlar ABŞ prezidenti Barak Obamanın 1,5 milyon erməninin qətlə yetirildiyi ilə bağlı fikirlərinə Milli Məclis adından etiraz bildirilməsini təklif etmişdilər. O.Əsədov isə ermənilərin belə məsələlərdə aktivlik nümayiş etdirdiklərini vurğulamışdı: ”Gəlin boynumuza alaq ki, ermənilər işləyirlər, biz isə işləmirik. Onların xaricdəki diasporları da güclüdür. Ona görə biz özümüzü qınamalıyıq”. Diaspora fəaliyyətinin, Diaspora Məsələləri üzrə Dövlət Komitəsinin (DMDK) işinin nə qədər yarıtmaz olduğu təkcə bu faktla sübut olunur. Bununla belə, qeyd etməliyik ki, hətta qardaş Türkiyədə belə bu sahədə ciddi boşluqların olması Azərbaycanın dünya dövlətlər ilə münasibətlərinin formalaşmasında, ölkəmizin dünyada tanınmasında xeyli problemlər yaradır. Elə bu səbəbdəndir ki, haqlı olduğumuz halda bir nömrəli problemimiz olan Qarabağ məsələsində dünya dövlətlərindən ciddi dəstək ala bilmirik. Əvəzində isə bədxah qonşularımız kifayət qədər dəstək, havadar tapa biliblər və lazım gələndə istər dövlət məsələlərində, istərsə də ictimai məsələlərdə öz xeyirlərinə qərarlar verilməsinə nail olurlar. Yəhudi, erməni diasporunun bizimkindən güclü olması ilə bağlı deyilənlərin əleyhinə olduğunu bildirən Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlının fikrincə, bu barədə danışarkən tarixə baxmaq lazımdır: ”Ermənilərin 1825-1828-ci ilə qədər, yəni I Nikolayın əmrilə İrəvan və Naxçıvan xanlıqlarının bazasında erməni vilayəti yaradılana qədər Qafqazda və Kiçik Asiyada dövlətləri olmayıb. Onlar bütün dünyaya səpələniblər və diaspora onlar üçün vətən olub, harada yaşayıblarsa, oranı özlərinə vətən sayıblar. Yaşadıqları yerdə özlərinin mühacirət həyatlarının strukturunu yaradıblar. Amma azərbaycanlıların buna ehtiyacı olmayıb. Azərbaycanlılar davamlı olaraq öz torpaqlarında yaşayıblar, öz dövlətlərində olublar. Min il arası kəsilməyən bir dövlətçilik tariximiz var. Buna görə də azərbaycanlılar çox mühacirət etmirlər, edəndə də yaşadıqları ölkədə özlərini qonaq sayırlar, gözləri həmişə arxadadı, fikirləşirlər ki, günün birində Azərbaycana qayıdacaqlar. Odur ki, bizimkilər bəzən hansısa ölkədə sayca çox olsalar da, fəaliyyətləri az olur. Onların vətəndaşlıq problemləri də bu işdə əsas səbəblərdəndir, yəni gec getdiklərinə görə vətəndaşlıq ala bilmirlər. Vətəndaşlıq olmayanda isə siyasi proseslərə, seçkilərə qatıla bilmirlər. Digər tərəfdən, bizim mühacirlərin mənbələri müxtəlifdir, çoxlu ünvanlardan gediblər. Bir hissəsi İran adlanan yerdən, bir hissəsi İraqdan, bir hissəsi Rusiyadan, Gürcüstandan gedib. Əslində hamısı bir millətdir, sadəcə, müxtəlif siyasi sistemlərdən və müxtəlif ölkələrdən çıxmaları bəzən onların yaxınlaşmasına təbii maneələr yaradıb. Bəzən Güney Azərbaycandan gedən mühacirlərlə burdan gedən mühacirlər arasında müəyyən problemlər yaranır. Nə qədər utandırıcı fakt olsa da, qeyd etməliyəm ki, hətta sünni-şiə söhbətləri belə xaricdə mühacirlərin fərqli yol seçmələrinə səbəb olur. Birinin bir məscidi olur, o birinin ayrı. Bunlar hamısı bu sahədə mövcud olan problemlərdir”. Onun sözlərinə görə, indi xaricdəki soydaşlarımız arasında təşkilatlanma gedir, DMDK öz xəttilə müəyyən qurumlar, dərnəklər yaradır: ”Amma biz DAK olaraq çalışırıq ki, diaspor təşkilatlarının, dərnəklərinin yaranmasına, güclənməsinə, bir-birilə əlaqə saxlamasına kömək edək. Eyni zamanda, bir sıra problemlər var ki, diasporamızın diqqətini ora yönəltmək istiqamətində çalışırıq. Bunların biri və ən başlıcası Qarabağ probleminin həllidir. Biz istəyirik ki, diasporamız olduğu ölkələrdə ictimaiyyətin diqqətini bu məsələyə yönəltsin. İkinci ümdə məsələ yerli şəraitə uyğun olaraq diasporanın reinteqrasiya olunub siyasi mühitdə daha fəal iştirak etməsinə yardım göstərməkdir. Nəhayət, Azərbaycanın parçalanması, bölünməsi, İran deyilən dövlətdə insan haqlarının qorunmaması istiqamətində real vəziyyətin dünya ölkələrinə və beynəlxalq təşkilatlara çatdırılması çox mühüm bir işdir”. Sabir Rüstəmxanlı bildirdi ki, İran adlanan yerə münasibətdə DMDK ilə DAK-ın fikirləri tamamilə fərqlidir. Millət vəkilinin fikrincə, diaspor təşkilatlarının ən böyük məqsədlərindən biri İran adlanan yerin əhalisinin 52 faizini təşkil edən Azərbaycan türklərinin haqlarının qorunması, məktəb, dil və s. hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq səviyyədə mübarizə aparmaqdır: ”Dövlət qonşuluq siyasəti aparır, bunu başa düşürük, amma bu sahədə iş görmək lazımdır”. Həmsöhbətimiz onu da qeyd etdi ki, diaspora fəaliyyətinin zəif olması tək komitənin deyil, bütövlükdə cəmiyyətin işidir. Onun sözlərinə görə, ölkə qanunvericiliyində bir sıra prinsiplər nəzərə alınmalıdır / Həbibə ABDULLA, Yeni Müsavat /

Həmçinin bax!

“Borçalıdakı soydaşlarımızın durumu narahatlıq doğurur”

DAK həmsədri Sabir Rüstəmxanlı: ”Gürcüstan Azərbaycanın xoş münasibəti qarşılığında öz borcunu yerinə yetirmir” ”Gürcüstan özünü ...

Kommentera