Ev / Xəbərlər / DAK təşkilati xəbərlər / DAK-ın bütün tədbirlərini Azərbaycan hakimiyyəti dəstəkləyib

DAK-ın bütün tədbirlərini Azərbaycan hakimiyyəti dəstəkləyib

Əjdər Tağızadə: “Sabir Rüstəmxanlının dəfələrlə həmsədr seçilməsi DAK-dakıların ürəyincə deyildi”

Dünya Azərbaycanlılar Koəjdərtağızadə-əvəzzeynallı-1nqresində (DAK) son zamanlar bəzi qalmaqallı hadisələr baş verir. Əvvəlcə Daimi Şuranın sədri Əjdər Tağızadə DAK-ın buraxıldığı haqqında bəyanat verdi və həmsədrləri, o cümlədən də Sabir Rüstəmxanlını təşkilatın adından danışmamağa çağırdı. Sonra DAK-dan ona böyük bir bəyanatla cavab gəldi və Sabir Rüstəmxanlı İdarə Heyətində təmsil olunanların da dəstəyini alaraq, Əjdər Tağızadəni təfriqəçilikdə ittiham etdi. Xural.com olaraq hər iki bəyanatı da dərc etdik. Bir müddət sonra isə Əjdər Tağızadə redaksiyamızı aradı və DAK-da baş verənlər haqqında cəmiyyəti məlumatlandırmaq istədiyini bildirdi. Bir neçə dəfədən sonra Əjdər bəylə görüşə bildik.
Onun dedikləri maraqlı olduğu qədər də heyrətvericidir. Cəmiyyətin ümid kimi baxdığı təşkilatda baş verənlərin pərdə arxası adamı üzür və Əjdər bəyin açıqlamaları – əgər doğrudursa, o zaman gərəkdir ki, ölkənin hüquq-mühafizə orqanları əl-qolunu çırmalayaraq işə başlasınlar. Əjdər bəyin dedikləri doğrudursa, millətin adından ortada cinayət baş verir…
Oxucunun rəyini qabaqlamadan Əjdər Tağızadənin müsahibəsinin dərcinə başlayırıq və adı çəkilən hər kəsin cavab haqqının yayınlanacağını bildiririk.

I hissə
DAK sədri hər zaman Güney Azərbaycandan olmalıdır

– Bu günlərdə DAK-da hansısa proseslərin getdiyinin şahidi oluruq. Sizin bir bəyanatınız daxil oldu və biz onu yayınladıq. DAK-ın həmsədri Sabir Rüstəmxanlıdan da bir bəyanat gəldi, onu da cavab haqqı olaraq dərc etdik. Siz Sabir Rüstəmxanlının DAK-dan uzaqlaşdırılması, fəaliyyətinin dayandırılması ilə bağlı fikir bildiribsiniz. Uzun illər Sabir Rüstəmxanlı ilə çox yaxşı münasibətləriniz olub. Birdən-birə bu narazılığa səbəb yaradan nə oldu? Nə baş verir?
– Hər kəsin hansısa bir prosesə öz fikri ola bilər, bu qəbul ediləndir. Sabir Rüstəmxanlıya gəlincə, onun DAK-a gəlişinin maraqlı tarixçəsi var. O, DAK-ın II qurultayına gəlmişdi. Onda mərhum prezident Heydər Əliyev qurultaya bir qrup adam göndərmişdi. Onların arasında Sabir Rüstəmxanlı da var idi. Sonradan, yalan olmasın, bir də DAK-ın VII qurultayına gəldi. Biz ABŞ-da DAK-ın Nizamnaməsini hazırlayarkən, belə qərara gəlmişdik ki, DAK-ın sədri hər zaman Güney Azərbaycandan olmalıdır.
– Heydər Əliyevin bir qrup adam göndərdiyini dediniz. DAK-ın arxasında da Heydər Əliyevin durduğunu demək olarmı?
– Heydər Əliyev o zaman, hələ ilk qurultaydan bizi dəstəkləyirdi. DAK-ın ilk qurultayı ABŞ-da keçirildi. Hələ qurultaya getməzdən əvvəl, 1997-ci ildə mən Elçibəylə görüşmək üçün Kələkiyə getdim. O zaman ora getmək o qədər də asan deyildi və Elçibəylə görüşüb, onun qurultay nümayəndələrinə ünvanlanan məktubunu aldım. DAK-ın ilk qurultayına həm Elçibəy, həm də Heydər Əliyev məktub göndərmişdilər və qurultayda hər iki məktub oxundu.
Mən tədbir zamanı iran adlanan yerin bayrağının asıldığını gördüm və əsəbiləşib, etiraz etdim. Tələb etdim ki, İranın bayrağını götürsünlər. Mənim üçün tək bir bayraq var, o da Azərbaycanın dövlət bayrağıdır. Onlar da məndən Azərbaycanın bayrağını yığışdırmağımı tələb elədilər. Mübahisə yarandı. Mən dedim ki, siz nə vaxt iran adlanan yerin bayrağını buradan götürsəniz, mən də Azərbaycnın bayrağını yığışdıracam. İki gün məsələ belə qaldı, məruzələrə qulaq asdım. İki gündən sonra mənə qurultayın bəyanatını gətirdilər. Bəyanat farsca yazılmışdı və bəyanatda deyilirdi ki, guya azərbaycanlılar farsdan dönmə bir toplumdur və qurultay nümayəndələri də İranın bütövlüyünü tanıyır. Mən dəhşətə gəldim. Dedim ki, camaata bu nədir paylayırsınız? Getdilər “qarabalaları” (red – zənci mühafizəçiləri) gətirdilər və məni çölə çıxartdılar.
– Təşkilatçılar kim idi?
– O zaman Əğnamigil bu tədbiri təşkil etmişdilər. Yer də ermənilərə məxsus idi. Bunlara haradansa 120 min dollar maliyyə dəstəyi gəlmişdi və onlar da bu tədbiri keçirirdilər. O vaxt 700 nəfərin iştirak etdiyi bu qurultayda Azərbaycandan 4-5 nəfər iştirak edirdi. Qurultay özü də farsca aparılırdı. Ərmaninin bu tədbiri nə məqsədlə keçirdiyi sonradan məlum oldu. Orada bir televiziya yayımında buna təklif vermişdilər ki, özü üçün imic yaratsın. O da çalışırdı ki, yüksək səs toplayıb Senata getsin. Onu dəstəkləyən bir azərbaycanlı var idi ki, böyük holdinqə malik idi. O, Ərmanini ərdəbilli olduğu üçün dəstəkləyirdi. Onu bir neçə ay ABŞ-da reklam və təbliğ eləmişdi. O, Orta Asiyadan,  Azərbaycandan varlı məmurların övladlarını gətirib, ABŞ-da oxutdururdu. Qurultayı da ona görə təşkil etmişdi ki, azərbaycanlıları bir araya yığsın. Özü deyirdi ki, “Gördüm Səttarxanın bayrağı yerdədir, mən onu götürdüm”. Onun Azərbaycanda gedən proseslərdən, cümhuriyyət savaşından heç xəbəri yox idi. Söhbət 80-cı illərin sonlarından gedir. Həm Güneydə, həm də Quzeydə böyük siyasi proseslər gedirdi, bu da tamamilə bundan xəbərsiz idi. Hətta ora yığdığı adamlar da bu haqda məlumatsız idilər. İlk qurultayda hər cür mənsubiyyəti olan adamlar var idi. Güneydən generallar, hətta erməni mənşəli adamlar iştirak edirdilər. Ondan sonra mən Azərbaycana qayıtdım.
Elçibəy belə bir müsahibə vermişdi ki, “Mən Əjdər bəyə inanıram”. Qəzet də bunu başlığa çıxarmışdı. Sonradan isə Cəbhədə sədr müavini – adını çəkmək istəmirəm – yazdı ki, Əjdər Tağızadə Azərbaycanın təhlükəsizlik qurumu ilə bir yerdə orada azərbaycanlıların birliyini dağıdıb. Mən necə dağıda bilərdim o birliyi?
– Desəniz maraqlı olar, kim idi?
– Əli Kərimli. Elçibəy belə də demişdi, “Əli Kərimli mənim müavinimdir, amma Əjdər Tağızadəyə inanıram.” Azərbaycanda mən özümə qarşı böyük təpki ilə qarşılaşdım. Hamı məni nədəsə günahlandırırdı. 15 gün də belə keçəndən sonra, dediyim kimi, Kələkiyə getdim və orada Elçibəyə bütün bunları danışdım. Dedim ki, mən bu tədbirin Azərbaycan bayrağı altında, Azərbaycan dilində keçirilməsinin tərəfdarı olduğum üçün qurultaydan məni çıxarıblar. Elçibəy dedi ki, düz eləmisən. Yenə Bakıya qayıtdım ki, hamı mənim əleyhimə yazılar yazır. Mən də çaşıb qalmışam ki, bayrağımı, Azərbaycanı müdafiə etmişəm, bu nə münasibətdir mənə qarşı… Bir gün axşam 9-da mənə zəng vurdular ki, televiziyaya bax. Açdım ki, Qulu Məhərrəmli DAK-ın birinci qurultayından ətraflı bir reportaj verir. Sən demə, Heydər Əliyev iki nəfər jurnalist adıyla qurultaya adam göndəribmiş. Onlar da orada olanların hamısını çəkib gətiriblər. Demək, saat 7-yə kimi “xalq düşməni” idim, 9-dan sonra oldum qəhrəman. Başa düşdülər ki, mən Azərbaycan üçün işləmişəm.
II qurultay ABŞ-da Vaşinqton şəhərində keçirildi. Həmin qurultaya çox adam toplaşdı. Heydər Əliyev də böyük bir nümayəndə heyəti göndərmişdi. Onların arasında 4 müşavir – Hidayət Orucov, Əli Həsənov, Novruz Məmmədov və bir başqası var idi. AXCP-dən də orada Əli Kərimli və digər müxalifətçilər iştirak etdilər. Bu qurultayda da Azərbaycanın bayrağını asmamışdılar. O zaman Azərbaycandan gələn böyük nümayəndə heyətinə arxalanıb sual verdim ki, biz kimik? Əgər biz azərbaycanlıyıqsa, o zaman Azərbaycan dövləti var, onun bayrağı var, hanı o bayraq? Dedim və çölə çıxdım ki, əgər Azərbaycan bayrağı olmasa, mən bu tədbirdə iştirak etməyəcəm. O zaman bir Azərbaycan bayrağı tapıb ora qoydular. Ondan sonra da başladılar bayrağı qoymağa və götürməyə… Qurultayın təşkilatçıları ABŞ-dan idilər və bir nəfər də Güneydən gəlmişdi. Zal adamla dolu idi və mənə də söz verdilər. Dedim ki, İranda yaşamağıma baxmayaraq, mən türkəm və dövlətim də Azərbaycandır.
Əgər Heydər Əliyev o nümayəndə heyətini ora göndərməsəydi…
Əgər mən türkəmsə, buna İranın nə dəxli var? Söhbət Azərbaycandan və azərbaycanlıların birliyindən gedirsə… Qurultayın sonuna yaxınlaşanda təklif etdim ki, Azərbaycanın bayrağı ümummilli rəmz kimi qəbul olunsun. Sonuncu dəqiqələrdə məsələni səsə qoydular və səs çoxluğu ilə bayrağımız ümummilli rəmz kimi qəbul olundu. Bu, bir tarixdir. Əgər Heydər Əliyev o nümayəndə heyətini ora göndərməsəydi, yenə mənim kimiləri tək görüb, səsimizi boğacaqdılar, özümüzü də çölə atacaqdılar. III və IV qurultaylar çox gərgin şəkildə Almaniyada baş tutdu. V qurultayda artıq qruplaşmalar var idi. Heydər Əliyev də qurultayın keçirilməsinə dəstək üçün o zamankı millət vəkillərindən biri ilə 10 min dollar pul göndərmişdi. Ondan sonrakı qurultaylar da gərgin keçirdi. VII qurultay zamanı səhv etmirəmsə, İlham Əliyev baş nazir idi, biz fikirləşdik ki, qurultaya çoxlu millət vəkillərini dəvət edək. Qurumun nüfuzunu qaldırmaq üçün bu çox vacib məsələ idi. İstəyirdik ki, kənardan analiz edəndə görsünlər ki, qurumun tərkibində millət vəkilləri, dövlət müşavirləri var. Digər tərəfdən də Azərbaycanla əlaqələrimiz güclənəcəkdi. Fikirlərimi qəbul etdilər.
Heydər Əliyev 10 min, Nazim İbrahimov 15-20 min dollar yardım etdi…
VIII qurultaya Azərbaycandan kifayət qədər böyük bir nümayəndə heyəti qatıldı. Onların arasında millət vəkilləri, nüfuzlu adamlar, jurnalistlər var idi. O zaman Diaspora ilə iş üzrə Dövlət Komitəsi yaranmışdı və sədri də Nazim İbrahimov təyin edilmişdi.  Onun özü də şəxsən qurultaya qatıldı və səhv etmirəmsə, 15-20 min dollar da maliyyə vəsaiti ilə yardım etdi.  Biz də həmin adamları yaxşı otellərə yerləşdirdik ki, standartlara riayət edək. Həmin qurultayda Məclis yaradıldı və Sabir Rüstəmxanlını da ora sədr seçdilər. O, sədr olduğu müddətdə bir dənə də olsun məsələ qaldırmadı, toplantı keçirmədi, quruma ciddi yanaşmadı. O vaxt Almaniyadan DAK-a qatılan nümayəndələr bəzi məsələlərə etiraz edərək, DAK-ın o zamankı sədri Firudin Pərvizniana qoşulub getdilər.
Tənzilə Rüstəmxanlı iddia edirsə ki, Nazim İbrahimov DAK-ı dağıdır…
Bu da heç kəsə gizli deyil ki, İran rejimi bütün dünyada terroristlərə dəstək verir. Biz İran rejiminə qarşı çıxaraq, həyatımızı təhlükəyə atıb bu tədbirləri keçirmişik. Əgər bu gün Sabir Rüstəmxanlının arvadı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı iddia edirsə ki, Nazim İbrahimov DAK-ı dağıdır, demək onun da bu məsələdə öz maraqları var. Çünki Nazim İbrahimov hər zaman dövlətin dəstəyilə DAK-a maliyyə dəstəyi verib. Bunu təsdiq edən bütün sənədlər var. Mən yalan olmasın, 2 ildir Nazim İbrahimovu görmürəm. O, bir məmurdur, ortada iş olandan-olana görüşmüşük. Nazim İbrahimov hər zaman dəstək olduğu bir təşkilatı niyə dağıtmağa çalışsın ki?.. Axı qərarı o vermir…
– O zaman Nazim İbrahimova niyə belə hücumlar var?
Sabir və Tənzilə Rüstəmxanlılar DAK-ın tədbirlərinə yardım ediblərmi?
– Bir məsələ var ki, Nazim İbrahimov hər zaman hakimiyyətin dəstəyi və razılığı ilə DAK-ın ayaqda durmasına yardım edib.  Avropada keçirilən bütün tədbirlərimizə Nazim İbrahimov birbaşa yardım göstərib. Onun özü etiraf edir ki, məmurdur və hər bir işi də prezidentin razılığı ilə edib. İlham Əliyev deyib DAK-a kömək edin, o da edib. Yəni DAK-ın bütün tədbirlərini Azərbaycan hakimiyyəti dəstəkləyib, Sabir Rüstəmxanlı yox.
– Yəni heç bir zaman Sabir Rüstəmxanlı, Tənzilə Rüstəmxanlı DAK-ın tədbirlərinə maliyyə yardımı ilə dəstək olmayıblar?
– Xeyr, xeyr… Heç bir zaman. Mən bunu faktlarla, sənədlərlə sübut edərəm. Hətta onların qatıldıqları tədbirlərdə qaldıqları otellərin pulları da dövlət tərəfindən ödənilib. Nəinki özlərinin, yanlarında gələn adamların da pulları dövlət tərəfindən ödənilib.
– Maliyyə işlərinə siz baxmısınız?
– Mən baxmışam. Bir daha deyirəm, dövlət bu vəsaiti ayıranda həm də faktura tələb edib. Bütün gələn və xərclənən vəsaitlərin sənədləri var. Hesabat vermişik onlara. Özü də tək Azərbaycan hökumətinə yox, İsveçdə də bütün haqq-hesabların fakturaları aparılıb. Buradan zəng vurub hər bir şeyin dəqiqləşdirilməsini də aparıblar. Ortada bu işləri Azərbaycan dövləti adından görən adam Nazim İbrahimov olub. İndi niyə onun üstünə hücum edirlər, başa düşmək olmur.
– Bəlkə Nazim İbrahimovun qardaşı həbs olunduğu üçün belə cəsarətli olublar?
– Vallah, bilmirəm. Ümumiyyətlə, heç bir zaman Azərbaycanın daxili işlərinə qarışmadım, hansı siyasi proseslərin getdiyi də mənim işim deyil… Mən buradakı prosesləri ancaq DAK-ın fəaliyyətinə təsir göstərərsə, izləyirəm.
Dedim ki, o, bizim üçün bir “rozet”dir…
Sabir Rüstəmxanlının dəfələrlə həmsədr seçilməsi DAK-dakıların ürəyincə deyildi. Dəfələrlə güneylilərlə söhbətimizdə onlar etiraz etmişdilər. Mən də onlara başa salmağa çalışırdım ki, Sabir Rüstəmxanlı Azərbaycanda millət vəkilidir. O, bizim üçün bir “rozet”dir. Bütün işlərimizi görməyə çalışanda onu yanımızda aparırdıq, təqdim edəndə də “millət vəkili” olduğunu deyirdik. Yəni təşkilatın bəzi işləri də bu cür yürüyürdü. Özü də Bakıda DAK-ın toplantısını keçirəndə – Atatürk prospektində İsmayıl Ağayevə məxsus bir ofis var idi orada keçirirdik –  məlum oldu ki, Azərbaycandan DAK-a həmsədr olmaq istəyən bir neçə adam var.
Bir məqama da toxunmaq istəyirəm. O vaxt DAK-ın sədri məsələsi gündəmdə olanda mən həmsədrlik məsələsini təklif eləmişdim və demişdim ki, həmsədrlərdən biri Güney, digəri Quzey Azərbaycandan olsun. Yəni hər iki tərəfdən təmsilçi olsun. Güneylilərə də demişdim ki, əgər Azərbaycandan həmsədr olmazsa, bizim maliyyə dəstəyimiz də kəsiləcək və təşkilat yürüməyəcək. Amma onlar Azərbaycan məsələsində mənimlə razılaşmırdılar. Beləliklə də, Firudin Pərviznian ilə Sabir Rüstəmxanlı DAK-ın həmsədri oldular. Amma bundan sonra da DAK-da heç bir iş görülmədi, təşkilatlanma üçün heç bir addım atılmadı.
– Sonra nə oldu?
– Amerika Konqresində, Avstriya senatında, Belçikada, Fransada, İsveçdə, Almaniyada keçirilən bütün tədbirlərdə iştirak etmişik, onun da bütün maliyyə dəstəyi dövlətdən gəlib. Düzdür, başqa şəxslərdən də, azərbaycanlıların birliyində, diasporanın güclənməsində maraqlı olan adamların da yardımları olub. 10-15 min avro ilə maliyyə dəstəyi verənlər də olub. Bilirsiniz, elə vəziyyətlər də olurdu, ki, qurultaya nəzərdə tutulmayan çox adam gəlirdi, qalırdılar, yeyib, içirdilər. Biz onlarla bunun haqq-hesabını aparmamışıq. Yığılıb, ödəmişik.
– Təşkilatda vəziyyət necə idi?
Davamı var…

xural.com

Həmçinin bax!

Oğuz TV

حداد عادل ,پان فارسیستی در اختلالات روانی‌