Ev / Layihələr / İcra edilmiş layihələr / DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə Azərbaycanda səfərdə olan dünya şöhrətli ziyalı Rza Bərahaninin “Ayna” qəzetinə müsahibəsi

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə Azərbaycanda səfərdə olan dünya şöhrətli ziyalı Rza Bərahaninin “Ayna” qəzetinə müsahibəsi

Image Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahani başda olmaqla ABŞ, Kanada, Almaniya, İngiltərə, İsveç və s. ölkələrdə yaşayan əslən Güney Azərbaycandan olan 12 tanınmış soydaşımız oktyabrın 4-dən Bakıda səfərdədir. Onlar bu müddət ərzində Azərbaycanın bir çox kütləvi informasiya vasitələrinə müsahibələr veriblər. www.D-A-K.org olaraq dünya şöhrətli ziyalı Rza Bərahaninin ”Ayna” qəzetinə müsahibəsini sizlərə təqdim edirik:

Kanada ”Pen Klub”unun keçmiş sədri, Quzey Azərbaycanda az tanınsa da, Qərb ədəbi ictimaiyyətinin yaxşı tanıdığı Rza Bərahəni başda olmaqla ABŞ, Kanada, Almaniya, Britaniya, İsveç və b. ölkələrdə yaşayan, əslən güneyli 13 adam DAK-ın dəvəti ilə Bakıya gəlmişdir. Azərbaycan türkcəsində təhsil almadığını həmişə ürək ağrısı ilə söyləyən bu türk ədib ilə görüşüb söhbətləşmək imkanımız oldu.

Onun həyat yolu

Rza Bərahəni 1935-ci ildə Təbrizdə kasıb, farsca bilməyən bir ailədə doğulub. Böyük qardaşı ilə birlikdə onların Təbrizdə ”Pərvəriş” adlı pullu məktəbdə oxumasına yaxın qohumlarından biri yardım edir. Təbriz Universiteti ingilis dili fakültəsini bitirir. Türkiyədə ingilis ədəbiyyat üzrə doktorluq müdafiə etdikdən sonra İrana qayıdır. Hərbi xidmətdən sonra Tehran Universitetində çalışır.
Sonralar bir sıra ölkələrdə professor kimi işləsə də, Tehranda yalnız professor köməkçisi işləyib, ondan yuxarı qalxmasına imkan verməyiblər. İnqilabdan öncə ABŞ-a dəvət edilib, Texas, Yuta universitetlərində ingilis dili və tətbiqi ədəbiyyatından dərs deyib. İrana qayıdandan sonra yazdığı ”Hakim və məhkum kültür” məqaləsinə görə tutulub. İşgənclərə məruz qalıb. Yazı türklərin, o cümlədən fars olmayan başqa etnik qrupların milli-mədəni haqları haqda imiş.
Şahlıq dönəmində indi olduğu kimi, İranda Azərbaycan türkcəsində məktəb yasaq idi. Heç bir əsas göstərilmədən 9 ay zindanda yatıb Rza Bərahəni. Sərbəst buraxıldıqdan sonra yenidən universitetdə dərs deməyə başlasa da, işləməsinə əngəllər törədilib. Odur ki, yenidən Amerikaya mühacirət etməyə məcbur olub. Ayova Universitetində dərs deyib.
Orada ”Zillullah”ı (şah özünü belə adlandırarmış) – (”Zindan şeirləri”ni) yazıb. Şeir ingiliscəyə tərcümə edilib. Ardınca zindanda baş verənlərə dair bir kitab yazıb. 1968-ci ildə yazdığı ”Kişilik tarixi” kitabının İranda çap olunmasına icazə verməyiblər. Sonra Doktrou adlı bir amerikalı yazıçı buna dair böyük bir məqalə ilə çıxış edərək, onu ingilisdilli topluma təqdim edib. Amerikada ünlü yazıçılarla əməkdaşlıq edib. Kanada ”Pen Klub”unun prezidenti olub. 1979-cu il inqilabından sonra başqa müxaliflərlə birlikdə Tehrana qayıdıb. Tehran Universtetində yenə professor köməkçisi kimi çalışıb. Lakmn senzuraya etiraz etdiyinə görə yenə tutulub. Sonra yenə mühacirət…
İndiyədək 20-dən çox romanı, 30-a yaxın şeir toplusu çıxıb.
Hələ şah dövründə yazar həmkarları – Qulamhüseyn Səidi, Cəlal Aləhməd, Əhməd Şamlu və başqaları ilə İran Yazıçılar Birliyini təsis ediblər.

Bir müsahibəsindən epizod:

”…Məktəbdə oxuduğum ilk illərdə dava-dalaşdakı danışıqların hamısı türk dilində olurdu. Dərsdə hamı türkcə danışırdı. O zaman mən məktəbin divar qəzetini türk dilində çıxarırdım. Ancaq Milli Hökumət süquta uğrayandan sonra türk dili yasaq olundu. Əmr etdilər ki, qəzet fars dilində çıxmalıdır. Əlbəttə, bunu bizə türk dilində söylədilər. Həmin dövrdə mən fars dilində yaza bilmirdim. Bu səbəbdən də qəzetin çıxarılmasını başqa bir şagirdə tapşırdılar. Cümə günü mən evdə narahat oturmuşdum. Anam soruşdu: ”Niyə tutqunsan?”. Mən hadisəni ona danışdım. Anamın mənə dediyi ”Oğul, türkcə yaz” – sözlərini heç vaxt unuda bilmərəm. Mən yenə köhnə kağızları bir-birinə yapışdırıb, mövzu tapıb yazdım. Səhəri gün onu fars dilində çıxan qəzetin yanından yapışdırdım. Sonra sinfə getdim. Məktəbin müdir müavini gəlib onu qopardı. Sonra zəngi çaldı. Hamını – şagird və müəllimləri məktəbin həyətinə çağırıb, sıraya düzdü. O, bizdən türk dilində soruşdu: ”Türk dilində olan bu qəzeti kim yazıb yapışdırıb?”. 11 – 12 yaşım var idi. Mən qabağa çıxdım. Müavin mənə türkcə dedi: ”Məgər deməmişdim ki, türkcə yazmayın?”. Dedim: ”Bəli, deyibsiniz”. Yenə türkcə soruşdu: ”Bəs niyə yazıbsan?”. Cavab verdim: ”Mən farsca bilmirəm”. O, qəzeti yerə atdı. Sonra boynumun kökündən tutub, başımı aşağı əydi. Türkcəmizdə mənə dedi: ”Yala buraxdığın bu qəzeti”. Mən o qəzetin hamısını əvvəldən axıra qədər boyalarınadək yaladım…”

Bir roman içində üç roman

– Doktor, deyirsiniz ki, ana dilimi kəsənlərə qarşı onların öz dilində mübarizə aparıram. Buna bir qədər aydınlıq gətirərdiniz.

– Hiss edirdim ki, ədəbi istedadım var. Gördüklərimlə maraqlanır, daha çox məlumat toplayır və özümü təsdiq etmək istəyirdim. Dilimi kəssələr də, zehnim işlək halda olduğundan öz dilimi müdafiə edirdim. Bu bir gerçəkdir. Bununla belə öz dilimdə təhsil almamışam, roman, şeir oxumamışam. çünki öz dilim yasaqdı. Amma zehnimi yasaq saxlamağa haqqım yoxdu. Ona görə də qadağan olunmuşa, ana dilimə bir vasitəçi tapıram. Hakimin dilində, yaxud hakim dildə üsyan edirəm. Dilimi kəsməklə məndə bir üsyan üçün əsas qoyublar. Başqa bir səbəb isə yoxsul ailədə dünyaya gəlməyimdir. Bu da üsyana əlavə olunub. Sonra oxumuşam. Burada başqa bir hadisə vicdanla bağlıdır… Bunun bir hissəsi ailəyə, bir hissəsi ictimai təbəqəyə, bir hissəsi isə mübarizəyə aiddir. Bunların hamısı mənə bir çağırışdır. Mən bir müxalif yazıçıyam. Bu heç də hər kəsin anladığı müxalifətçilik deyil, mən bir mütəəhhid (hərfi mənası ”öhdəlik” olsa da, ustad burada milləti qarşısında ziyalı kimi öz borcunu nəzərdə tutur- S.S.) yazıçıyam, həm xarakterləri yaratmaqda, həm ritmlərdə və s. Bunun ikinci tərəfi isə odur ki, mən dünyadan öyrənmişəm. İngilis dilini mən çox tez və yeniyetmə yaşlarımda öyrəndim. O vaxtlar ardıcıl olaraq, ingilis dilində xeyli kitab oxudum. Elə gənclik illərində dünya ədəbiyyatı ilə ciddi şəkildə tanış olmağa başladım. Dostoyevskini ingiliscə oxumuşam. ”Kasıb adamlar” əsərini oxuyanda gördüm ki, elə bil Dostoyevski Təbrizdə olub və bizlərdən yazıb. Sonra ”Cinayət və cəza”nı oxudum. Hiss etdim ki, içində olduğum hərəkatla onun bir bağlılığı var. Ona görə də romanda özümü Dostoyevskinin şagirdi sayıram. Onun ”Yeraltı yaddaşlar”ını oxuyanda elə bildim bunu özüm yazmışam. Tolstoyu, Folkner və başqlarını da çox erkən yaşlarımda oxumuşam. Amma mənim daha çox modernist düşüncə ilə yaxınlığım vardı. Roman yaza-yaza belə bir nəticəyə gəldim ki, bizim Azərbaycanın ”Tövrat”ı yoxdur. Müqəddəs kitab olsa da, orada bir etnosun həyatı başdan sonadək yazılıb. Bununla bağlı bəzi düşüncə adamlarının sözləri var. Məsələn, Folkner deyirdi ki, mən iki kitabı hər il oxuyaram: biri ”Əhdi-Ətiq”, o biri isə ”Don Kixot”. Mən bura başqa iki kitabı da əlavə etmişəm: ”Min bir gecə”, Mövləvinin ”Məsnəvi”si. Ancaq çoxu ”Məsnəvi”dir. çünki onda bir hekayə bitməmiş özündən sonrakını təqdim edir. Mənim zehnim bu cürdür. Mənim Azərbaycanımı heç kəs yazmayıb. Hətta mərhum dostum Qulamhüseyn Səidinin Azərbaycanda baş vermiş bir-iki hadisəyə, məsələn, məşrutə hərəkatına dair pyesləri və s. bunu tam əhatə etmir. Mənim işim bir qədər fərqlidir. ”Ayaz” romanımda hadisələrə Ayazın gözü ilə baxırdım. Bu Ayazın 2500 yaşı var. Mənim bu roman içində üç romanım var. Bir kölədir, bir şahdır, aradakı isə Mənsur Həllacdır ki, onu tikə-tikə ediblər. Hazırda Mənsur hissəsini başa çatdırmışam. Bunu İranda ”xəmir etdilər” (senzura – S.). Ancaq xaricdə onu tərcümə və çap elədilər. 2000-ci ildə bu kitab Fransada fransızca çıxdı. O vaxt yazdılar ki, bu, ”bəşəriyyətin vəziyyəti haqda bir bəyanatdır”. Senzura tarixində bu görünməmiş hadisədir – təsəvvür edin ki, siz 35 il öncə bir roman yazmısınız, senzura onun ölkədə çapına icazə verməyib. üstündən bu müddət ötəndən sonra həmin roman çıxır, çıxanda da farsca deyil, başqa dildə – fransızca işıq üzü görür. O əsərin yazarı isə başqa bir dilin daşıyıcısı olsa da, farsca yazıb. Bu üç romandan ikincisini yazıb qurtarmışam. Tərcüməyə vermişəm. üçüncünü isə yazacağam. Görün, necə vəziyyət yaranıb – əvvəla, müəllif ana dilində deyil, farsca yazır, kitab hələ bu dildə çıxmamış Fransada fransızca çıxıb. Orada bu əsərə əsasən 6 tamaşa səhnələşdirilir və dünya ölkələrində nümayiş etdirilib.

Hakimiyyətlə əməkdaşlıq etməmişəm

– Əsərlərinizin vətəndə ana dilində çıxmamasına necə baxırsınız?

– İranda ”Ayaz” çətin ki çıxsın… Ancaq burada ola bilsin ki, bu baş tutsun… İlk olaraq, ”Mənim ölkəmin sirləri”nin çapını istəyirəm. İranda on ilə yaxın idi ki, çapına icazə verilmirdi…

– Dediyiniz kimi, kasıb ailədən çıxmısınız. Bu ailənin övladının əsəri aparıcı dillərə – ingilis, fransız dillərinə tərcümə olunur, dünya oxucusu onu qəbul edir. Belə bir insan həm də özünü ”müxalifət” adlandırır…

– Mən senzura qoyan rejimə müxalifətəm. O rejim ki senzura ilə məşğuldur, onunla əməkdaşlıq edə bilmərəm. Əslində indiyə qədər heç bir hakimiyyətlə əməkdaşlıq etməmişəm də. Mən həmişə müstəqil olmuşam. Universitetdə müəllim işləmişəm. Sonra məni oradan azad edib tutublar. Həm şahın, həm indikilərin dövründə zindan çəkmişəm. Mən başqa ölkələrdə işləmişəm. ABŞ-da müxtəlif ştatların universitelərində dərs demişəm.

Tehran türklərin ən böyük şəhəri

– Siz senzuraya qarşı müxalifsiniz, demokratiya tərəfdarısınız. Hər zaman söz, fikir, mətbuat azadlığı tələb edirsiniz… Bu sırada dil yoxdur?

– Demək olar, ancaq dil tələbi var. İran statistikasına baxsaq, ölkə əhalisinin 37 faizi türkdür. Tehran əhalisinin təqribən yarısı türkdür. Başqa şəhərlərdə də türklər var. Bunları nəzər alsaq görərərik ki, türkcə danışan ən böyük şəhərimiz Tehrandır, Kərəcdir. Düzdür, Təbriz Azərbaycanın tarixi bir şəhəridir. Ancaq nədən türklərin və başqa etnik qrupların belə üstünlük təşkil etdiyi şəhərdə öz dilində məktəbləri olmasın? Bütün qəzetlər bu dildə çap olunmalıdır. İranda bizim əsas problemimiz budur. 100 il öncə, məşrutə dövründə bu məsələ həll olunmuşdu. O zaman əncüməni-əyalət və vilayətlər yaranmışdı. Əncüməni Azərbaycan, Təbriz var idi. Onda bütün məktəblərin iki dildə – türk və fars dilində tədrisi haqda qərar qəbul olunmuşdu. Yeni məktəblərdə dərslər iki dildə keçirildi. Rza şah gələndən sonra faşist düşüncəlilərin təsiri altında türk dili ləğv edildi. Bütün fənlər farsca tədris olunmağa başladı. Bizim zamanımızda isə bir il – Milli Hökumət dövründə ana dilində təhsil aldıq. Məktəbə gedəndə heç birimiz farsca bilmirdik. Firqə dövründən sonra yenə türk dilinə yasaq qoyuldu. Şah dövründə yazdığım ”Hakim və məhkum kültür” adlı bayaq söylədiyim məqaləmdə demişəm ki, bir sıra sözlər var xalq özü yaradır. Məsələn, Təbrizdə minibusa – ”qapdıqaçdı” deyirlər. Hələ də bu sözün qarşılığı nə farsca, nə də türkcə var. Bu, xalqın dilidir. Biz ondan yararlanırıq, ziyalılar, elm adamları bu kimi sözləri cilalayaraq, ona elmi mahiyyət verir. Ziyalıların yaratdığı sözlər də xalq arasında yayılır. Ancaq xalqın yaratdığı daha tez qəbul edilir və yayılır.

– Bu gün Güney Azərbaycanda, İranda türklərin dillə bağlı durumunu qısaca olaraq necə dəyərləndirərdiniz?

– Kəsrəvi deyərdi ki, türklər hər yerdə var. Türk cəmiyyəti çoxdur. Ona görə də türk dili gərək farsca ilə yanaşı tədris oluna. O yerdə ki türklər çoxdur, orada türk dili tədris edilməlidir. Məhəlli rəsmi dil türk dili olmalıdır. Əyalətlərin ərazi-inzibati bölgüsü dil amilinə əsasən aparılmalı idi. Məsələn, bizim yaşadığımız Kanadada ingilislərin yaşadığı ərazidə ingilis, fransızların üstünlük təşkil etdiyi yerlərdə fransız, qırmızı dərililərin bölgələrində onların dili rəsmi dildir. İranda təqribən 80-ə yaxın dil var. ölkədə etnik əyalətlərdə əsas dil yerli ya ortaq, ya da milli dil olmalıdır. Bizim heç kimlə davamız yoxdur. Ona görə də demokratik qaydalara söykənərək, bu məsələ həll edilməlidir. Tehranda iki dil – türk və fars dili rəsmi olmalıdır. Bu, yollardan biridir. Bunu gərək Azərbaycanın demokratik yolla seçilmiş deputatları yığışıb həll etsin. Düzdür, mən farsca yazmışam və kitablarımın satışına görə bu mənim ziyanımadır (gülərək). Burada sizi kim rus dilində yazıb-oxumağa məcbur edə bilər? Axı, bu olan iş deyil. İran elə bir məmləkətdir ki, rəhbərinin ana dili türk dilidir. Ətrafında da çoxlu sayda türk var. Ayətulla Xamneyi Təbrizə gedəndə də oradakı şairlərlə həm türkcə, həm də farsca danışır… / Sədrəddin Soltan, Ayna /

Həmçinin bax!

Güneyli-quzeyli qadınlar bir araya gəldi

DAK və ATQB ”Qadınların cəmiyyətdə rolu” mövzusunda birgə dəyirmi masa keçirdi Dünya Azərbaycanlıları Konqresinin (DAK) ...

Kommentera