Ev / Həmsədrlər / Məqalələr / DAK həmsədri Sabir Rüstəmxanlı Milli Məclisdə güneyli tələbələrin təhsil problemini qaldırıb

DAK həmsədri Sabir Rüstəmxanlı Milli Məclisdə güneyli tələbələrin təhsil problemini qaldırıb

ImageHörmətli Milli Məclis, hörmətli hökumət üzvləri! Büdcədəki artım və ölkə həyatına bunun təsiri, eləcə də büdcənin ildən-ilə daha peşəkarlıqla hazırlanması və vaxtında məclisə təqdim edilməsi barədə çox danışıldı və mən də həmin fikirlərə qatılıram. Məncə əsas məsələ büdcənin artımıyla xalqın həyat tərzində adekvatlıq yarada bilməkdən ibarətdir. Burda respublikanın büdcədən kənarda qalan imkanlarından və ya israfçılıqdan konkret misallarla ətraflı danışmaq olardı. Ancaq məni daha çox büdcəyə və ölkə iqtisadiyyatına münasibət narahat edir. Müzakirələrdə belə meyl duyulur ki, xəzinəyə pul yığılırsa, büdcəmiz artırsa, deməli bütün işlər qaydasındadır. Bu fikir yanlışdır. Ona görə ki, cəmiyyəti yalnız pul idarə eləmir. Təəssüf ki, bu gün Azərbaycanda maddiyyatçılıq, qazanc ehtirası çox vaxt milli mənəviyyat, mədəniyyət, ruh və tərbiyyə məsələlərini unutdurur. Mənəvi infilyasiya və simasızlaşmada, milli kimlikdən uzaqlaşma prosesində bizim idarəçilik sistemi daha çox məsuliyyət daşıyır.

Yerlibazlıq, tayfabazlıq, bölgəçilik ibtidai şüurun əlamətidir. Milləti içindən parçalayan bir işdir. Və bu işin başında daha çox imkanlı adamlar, dövlət məmurları dayanır. Bu əyriliyə, qeyri-peşəkarlığa, dövlət əmlakının dağıdılmasına yol açır, eyni zamanda Azərbaycanın nüfuzuna ciddi zərbə vurur. Millətimizin şərəfi və milli ləyaqətinə münasibət ciddi problemdir. Sanki bəzi dövlət idarələri və müəssisələr yalnız adamları alçaltmaq və milləti gözdən salmaq üçün fəaliyyət göstərirlər. Məsələn, Türkiyədən gələn insanlar Gürcüstanı keçib sərhəddə gəlir, sərhəddə onlara viza verməkdənsə, onları Tiflisə qaytarırlar. Orda da vizanı üç gün gözləməli olurlar. Bu azmış kimi, idarələr arasında münaqişələr də əlavə problem yaradır. Dövlətdə səs bir ağızdan çıxar deyiblər. Ancaq bizim məmurlarımızın hərəsi öz qanunlarını yaradır. çoxunun ətrafında gizli dəstəsi, öz mətbuat şəbəkəsi, söyüş söyənləri, böhtan atanları dayanır. Şəxsi münasibətlər dövlət marağı səviyyəsində təqdim edilir. Korrupsiyadan, rüşvətdən çox danışılır. Bunun bir səbəbi də rəsmi vəzifələrdə çalışanların müxtəlif adlar altında öz işlərinə paralel özəl müəssisələr yaratmalarıdır. İmkan, texnika, sifariş, sərmayə dövlət qurumuna yönəldilsə də, qeyri-hökumət şəbəkəsinin inkişafı altında həmin alternativ müəssisələrə ötürülür. Orda da uçot və vergi işləri başlı başınadır. Büdcəni artırmaq imkanları bu dolanbac yollarda əriyib itir. Belə idarəçilik yolu ilə ən ideal büdcə də cəmiyyətə sabitlik gətirməz, əksinə ziddiyyəti artırar.

Bir neçə kəlmə təhsil və mədəniyyət müəssisələri haqqında demək istəyirəm. Son illərdə bu sahələrin inkişafıyla bağlı xeyli iş görülüb. Xüsusən məktəb tikintisi və latın qrafikasında ədəbiyyatın nəşri illər uzunu hamımızı narahat edən bir sahənin dirçəlməsinə səbəb olub. Lakin təəssüf ki, bir sıra hallarda məktəb və mədəniyyət ocaqlarının zahiri gözəlliyi və çağdaş texnoloji imkanlarıyla içərisindəki mühit uyğun gəlmir. Demək olar ki, bütün mədəniyyət ocaqları ali məktəblər, muzeylər, teatrlar ya yeni tikilir, ya əsaslı şəkildə təmir olunur. Ancaq köhnə hava və təhsilə, mədəniyyətə, elmə köhnə münasibətlər dəyişilmir.

Azərbaycanda özəl və pulu təhsil sistemi yarananda sevinmişdik ki, nəhayət bu sahədə bir aydınlıq yaranacaq. Təəssüf ki, bu gün bu təhsil sistemləri arasında fərq itib. Dövlət ali məktəbləriylə özəl məktəblərin ödənişləri təxminən bərabərləşib. Belə olan halda dövlət sözünün mənası qalmır. Bütün tələblərə baxmayaraq təhsil qanunu hələ də qəbul edilməmişdir. Təhsil proqramı var, ancaq onun milli xarakteri yetərincə duyulmur. Bu büdcədə də pafoslu bir şəkildə uşaqlarımızın ümumbəşəri dəyərlərlə tərbiyyə ediləcəyindən danışırıq. Soruşmaq istəyirik, ümumbəşəri dəyərlər nədir? Bütün dünyada təhsilin əsas fəlsəfəsi milli dəyərlərin aşılanmasındadır. ümumbəşəri dəyərlər məhz bu milli dəyərlərin toplusundan ibarətdir. Kəndlərdə xarici dil müəllimləri çatışmır.

çox mühüm məsələlərdən biri də Azərbaycanın tarixi vəziyyəti və strateji maraqları ilə bağlıdır. Təəssüf ki, bu barədə az adam düşünür. Bizim bir sıra qanunlarımızda sərhədlərimizdən kənarda yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələri, burda oxumaları və iş qurmalarında güzəştlər nəzərdə tutulmuşdur. Lakin, real həyatda bunların heç birinə əməl edilmir. İllər uzunu xahiş və tələblərimizə baxmayaraq, dövlət büdcəsində bunun üçün bir manat da pul ayrılmamışdır. Nəticədə İran adlanan yerdә sayı 35 milyona çatsa da ana dilində bircə məktəbi olmayan soydaşlarımız burda da bu imkanı əldə edə bilməyəndə, Avropa ölkələrinə üz tuturlar.
Toxunmaq istədiyim başqa bir məsələ seçildiyim bölgənin vəziyyəti və ümumiyyətlə kənd təsərrüfatı ilə bağlıdır. Yenə də ümumi daxili məhsulda Kənd təsərrüfatının payı çox azdır. Büdcədə əhalisi Yardımlıdan 30-40 faiz az olan bəzi rayonlara ondan az qala iki dəfə artıq vəsait ayrılmışdır. Bu ögey-doğmalığın səbəbi anlaşılmır. Ağzımızı açan kimi Yardımlıya yol və qaz çəkilişini ortaya atırlar. Bu böyük bir işdir və rayon əhalisi buna görə dəfələrlə öz minnətdarlığını bildirmişdir. Lakin, bununla iş bitmir. Qaz hələ ki yalnız rayon mərkəzinə verilir. Rayonun bir neçə bölgəsi var ki, 10-15 kilometrlik yollarla onların hamısını rayon mərkəzi ilə birləşdirmək olar. İndiki halda Yardımlının heç bir kəndinə normal yol yoxdur. Lerik və Yardımlı arası keçilməz olduğuna görə 30-40 km əvəzinə 150 km-rə yaxın yol keçməlisən. Masallının bir sıra iri kəndlərinin su problemini artezian quyuları ilə həll etmək olar. Təəssüf ki, bu işi də həll etmək mümkün deyil. ümumiyyətlə dağ rayonlarının problemi köklü şəkildə həll edilməlidir. Son illər ərzində yerli məhsullar ola-ola diqqətin daha çox xarici ticarətə yönəldilməsi bir sıra təsərrüfat sahələrini iflic vəziyyətinə salmışdır. Yeni təsərrüfat sahələrinin yaradılması bir yana, insanların həyət-bacasında yetişdirdiyi mer-meyvə, ət və süd tədarük müəssisələri olmadığından çürüyüb gedir. Bu rayonlarda üzümçülüyün, tütünçülüyün, baramaçılığın, heyvandarlığın böyük ənənələri vardır və təmiz sahələri dirçəltmək o qədər də böyük vəsait tələb etmir. Ən ciddi məsələlərdən biri torpağa münasibətdir. Şöranlaşma, əkin sahələrinin yararsız hala düşməsi bir yana, ən böyük bəlalardan biri inkanlı adamların, rayon başçılarının 100 hektarlarla torpaqları zəbt eləmələridir. Kim hansı rayona düşürsə, elə bilir bura onun dədə-babasından qalma şəxsi əmlakıdır, harda gözə dəyən bərəkətli bir yer varsa ora əl qoyur və bir çox hallarda da belə yerlər istifadəsiz qalır.

Büdcədə qloballaşmaya baxış və onun milli dövlətçilik iqtisadiyyatına davamlıq gətirməsi də yanlışdır. Əksinə, milli dövlətçiliyi qlobal faciələrdən qorumaq lazımdır. Mən təsadüfən bir neçə ilin. «Sosial İqtisadi İnkişafın əsas priotetləri» bölmələri arasında müqayisə apardım. Başa düşürəm, prinsiplər eynidir, ancaq təəssüf ki, bu sənədlərdə ildən-ilə yalnız rəqəmlər dəyişir. Sanki dünyada gedən maliyyə böhranının bizə heç bir təsiri olmayacaq. Bütöv bölmələr və fəsillər ildən-ilə mexaniki şəkildə köçürülüb. Məsələn, valyuta gəlirlərinin kəskin artması kimi cümlələrə bu gün daha ehtiyyatla yanaşmaq lazımdır.

Həmin sənəddə bu il xarici ticarət kənd təsərrüfatından irəli keçirilmişdir. Təəssüf ki, bu yanaşma bizim kəndə və Azərbaycanın gələcəyinin təminatı olan bir sıra təsərrüfat sahələrinə biganə münasibətimizi göstərir. Bu sənədin rəqəmlərində də müəyyən şişirtmə və səhvlər var. Bir örnək. 2007-ci ilin yekunlarından danışılarkən yazılır: ”2007-ci ildə sənaye istehsalında qeyri-dövlət bölməsinin payı 77,4 % təşkil etmişdir ki. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32,6 % çoxdur.” (2-ci cild, səh.40) ötən ilki müvafiq sənədin 34-cü səhifəsində qeyri-dövlət müəssisələrinin payı 76,7 %-dir. Göründüyü kimi artım 32,6 % yox, 0,7 %-dir.

”Əhalinin sakinliyi və demoqrafiya sahəsindəki dövlət proqramı»ndan da bir misal çəkmək istəyirəm. Yazılır: «Dövlət proqramının əsas məqsədi əhalinin optimal təkrar istehsalına nail olmaqdan ibarətdir» (səh. 65), yaxud ”Əhalinin kəmiyyət-keyfiyyət üzrə normal təkrar istehsalı üçün zəruri olan doğum səviyyəsini təmin etmək”. Soruşmaq istəyirəm, əhalinin təkrar istehsalı nə deməkdir? Yəni bizim hökumət 2009-cu ildə ölünü diriltməklə məşğul olacaq?

Sonda hökumət üzvlərinin diqqətini vaxtilə bu Milli Məclisdə bir dəfə toxunduğum bir ekoloji fəlakətə cəlb etmək istəyirəm. Bakının peyk qəsəbələrindən olan Qızıldaş və Şonqar kəndlərinin yaxınlığında neçə illərdir ki, gizli, ya açıq şəkildə radeaktiv maddələr basdırılır. İndi o kəndlərin həyətlərində göyərti belə bitmir. Doğulan uşaqların yarıdan çoxu xəstədir. Bu iş kimin icazəsiylə və hansı haqla görülür? Onsuz da Daş karxanalarında çalışan və vəziyyəti ağır olan bu yoxsul camaatı kim bu cəzayə məhkum edib? Xahiş edərdim, bu məsələ təcili surətdə araşdırılsın və bu biabırçılığa son qoyulsun.

çıxışımı yekunlaşdıraraq demək istəyirəm ki, büdcə sənədləri yüksək peşəkarlıqla hazırlanıb. Amma əsas bu sənədlərdəki rəqəmlər deyil. Onların həyata keçirilməsidir.

Həmçinin bax!

DAK həmsədri təşkilatın fəaliyyəti ilə əlaqədar növbəti səfərdədir

Təzyiqlər Sabir Rüstəmхanlını qorхutmur www.D-A-K.org -un ”OLAYLAR”a istinadən yaydığı məlumata görə, son vaхtlar ölkədə rezonans ...

Kommentera