Ev / Həmsədrlər / Fəaliyyət və məlumatlar / DAK həmsədri Dəniz Baykal və Dövlət Baxçalıya təşəkkür məktubu göndərib

DAK həmsədri Dəniz Baykal və Dövlət Baxçalıya təşəkkür məktubu göndərib

Image Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, Sabir Rüstəmxanlı Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykala və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıya məktub yazıb.
Sabir Rüstəmxanlının CHP sədri Dəniz Baykala məktubunda bildirilir ki, Türkiyə və Azərbaycan ulu türk millətininn iki dövləti olaraq çətin bir dönəmdən keçir:

”Cənubi Qafqazda son dayaqlarını itirmək istəməyən Rusiyanın yardımıyla Ermənistanın bir dövlət olaraq türk torpaqlarında qurulması azmış kimi, Azərbaycan Respublikasının daha 20 faiz torpağını işğal etmişdir, bir milyon insanımız qaçqın vəziyyətində yaşamaqdadır. Türkiyə Cümhuriyyəti Avropa Birliyinə girmək üçün müxtəlif ”islahat” və ”açılım” kimi nəticəsi bəlli olmayan riskli bir yola sürüklənməkdədir. Bunlar azmış kimi, son günlərdə Türkiyə və Ermənistan arasında protokol imzalanması və bunun ardınca hər iki ölkədəki bayraq təxribatları millətimizi üzmüşdür. Belə bir çətin dönəmdə özünü siyasətçi, elm adamı, ziyalı sayan hər bir Türkiyə də Azərbaycan vətəndaşının ən ümdə işi ölkələrimizin başının üstünü almış bu işğal, xəyanət, irtica, cəhalət, təslimçilik qorxusu və faciəsinə qarşı çıxmaq, böyük türk millətinin şərəfini, ölkələrimiz arasındakı birlik və qardaşlığı qorumaqdır. Sizin bir partiya sədri, ana müxalifət lideri olaraq verdiyiniz mücadilə, apardığınız ardıcıl mübarizə son dərəcə önəmlidir, tarixi bir işdir, ən yüksək sevgi və sayğıya layiqdir. Siz Türkiyədə Azərbaycanı müdafiə etməklə həm də Türkiyənin qürurunu, gələcəyini və Türk Dünyasına olan ümidlərimizi, haqqı və ədaləti müdafiə edirsiniz”.
Sabir Rüstəmxanlının MHP sədri Dövlət Baxçalıya məktubunda isə qeyd olunur ki, ulu türk millətininn iki dövləti olaraq Türkiyə və Azərbaycanı uçuruma doğru sürükləyənlər qarşısında özünüzün və rəhbərlik etdiyiniz partıyanın mərd və cəsur duruşu, ədalətli, ardıcıl, yorulmaz mücadilə Azərbaycanın qanayan yaralarına bir məlhəmdir: ”Türkiyə və Ermənistan arasında protokol təxribatından sonra millətimiz və dövlətlərarası münasibətlərimiz yeni bir imtahan qarşısında qalmışdır. Bu zor günlərdə sizin tutduğunuz ədalətli mövqe və Azərbaycanın haqlarını müdafiə edən əsl qardaşlıq durumunuz Türkiyəyə, Azərbaycana və türklüyə xidmətin dəyərli bir örnəyidir”.

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə türk jurnalistlər Azərbaycana səfərə gələcək

Bakıda türk jurnalistlərinin toplantısı keçiriləcək. Bu barədə www.D-A-K.org -a toplantının təşəbbüskarlarından olan Dünya Azərbaycanlıları Konqresinin ...

Kommentera