Ev / Layihələr / İcra edilmiş layihələr / DAK güneyli ziyalılarla birlikdə Güney Azərbaycan mövzusunda dəyirmi masa keçirdi

DAK güneyli ziyalılarla birlikdə Güney Azərbaycan mövzusunda dəyirmi masa keçirdi

Sabir Rüstəmxanlı: ”Biz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, lobbiçilik işinin qurulmasında əməkdaşlığımızı gücləndirilməli və birgə hərəkət etməliyik”

Rza Bərahani: ”Mənim üçün Azərbaycan həyat deməkdir”

Əjdər Tağızadə: ”Biz müxtəlif düşüncədə olan insanlarla dialoqda maraqlıyıq”

Image

Oktyabrın 7-də ”Ambassador” otelində DAK ABŞ, Kanada, Almaniya, İsveç və İngiltərə gələn qonaqlarla birlikdə Güney Azərbaycan mövzusunda dəyirmi masa keçirib. Tədbirdə DAK rəhbərliyi və qonaqlarla yanaşı, ”Varlıq” jurnalının təsisçisi, doktor Cavad Heyət, millət vəkili Əkrəm Əylisli, ”Bakı-Təbriz” jurnalının baş redaktoru Məsiağa Məhəmmədi, Azərbaycan Yazarlar Ocağının rəhbəri, ”Alatoran” jurnalının təsisçisi Rasim Qaraca, quzeyli-güneyli soydaşlarımız və başqaları da iştirak ediblər.

Tədbiri DAK həmsədri Sabir Rüstəmxanlı açaraq bildirdi ki, güneyli ziyalıların səfərində məqsəd onları Azərbaycanın müstəqillikdən sonrakı uğurlarıyla tanış etməkdir: ”Bununla həm də müstəqilliyin verə bildiyi bütün dəyərli hissləri göstərmək istəyirdik. Digər məqsədimiz isə müxtəlif ölkələrdə yaşayan azərbaycanlı ziyalıları diasporumuzun təşkilatlanması işinə daha da səfərbər etməkdir. Biz də DAK olaraq, bu məsələnin beynəlxalq səviyyədə qaldırılmasına çalışırıq. Elə ABŞ, Belçika, İsveç, Avstraliya, Rusiya, Ukraynada keçirdiyimiz bütün tədbirlərdə və görüşlərdə Dağlıq Qarabağ münaqişəsilə yanaşı, Güney Azərbaycan problemini də qabartmışıq. Eyni qandan, millətdən olan insanlar müxtəlif düşüncədə, ideologiyada ola bilər, hədəflərimiz də ayrı ola bilər. Ancaq bütün bunlara baxmayaraq, biz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, lobbiçilik işinin qurulmasında əməkdaşlığımızı gücləndirilməli və birgə hərəkət etməliyik. Zaman bizim bir yerdə olmağımızı tələb edir”.
Dünya şöhrətli yazıçı Rza Bərahani bildirib ki, fars dilində yazmasına baxmayaraq, onun əsərlərinin hamısında Azərbaycan ruhu var: ”Məsələn, Azərbaycanın dahi şairi Nizami Gəncəvi də fars dilində yazıb. Ancaq bu onun fars şairi olduğuna dəlalət etmir. Onun yaratdığı ”Xəmsə”də tamamilə Azərbaycan ruhu var. Azərbaycan da həmişə yaradıcılığımın mərkəzində olub. Mən hansı dildə yazmağımdan asılı olmayaraq, Azərbaycan türkcəsində düşünmüşəm. Mənim qanımda fars qanı yoxdur. Mən təpədən dırnağa qədər Azərbaycan türküyəm. Ona görə də mənim üçün Azərbaycan həyat deməkdir. Qürbətdə yaşayanlar vətən xiffətinin nə demək olduğunu yaxşı bilirlər. Məni vətənimə dəvət etdiyi üçün Sabir Rüstəmxanlıya təşəkkür edirəm”. Soydaşımız onu da əlavə edib ki, İranda azadlıq və demokratiyanın bərqərar olmasının tərəfdarıdır: ”Mən bir təbrizlinin belə burnunun qanamasını, ərdəbillinin tutulmasını, urmiyalının asılmasını istəmirəm. Onsuz da ana dilində məktəbinin olmasını istədiyinə görə nə qədər soydaşımız həbsdədir”.
DAK-ın digər həmsədri Firidun Pərviznia vurğulayıb ki, Bakıda səfərdə olan güneyli ziyalıların əksəriyyəti həyatlarının müəyyən bir qismini İran zindanlarında keçiriblər. Günahları isə sadəcə, öz hüquqlarını tələb etmələri olub: ”Bu gün Güneydə insan haqları kobud şəkildə pozulur. Ancaq bununla belə, məsələ dünyanın diqqətindən kənarda qalıb. Bütün bunlara baxmayaraq, Güney Azərbaycanda Milli Hərəkat gündən-günə canlanır, milli şüurun oyanışı sürətlənir. Dünyada gedən siyasi proseslər isə dövləti olmayan millətlərin də müstəqillik qazanacaqlarını və dövlətə sahib olacaqlarını göstərir. Ona görə də gənclərimizdən tutmuş ağsaqqallarımızadək mübarizə aparmalıyıq”.
Azərbaycan Yazarlar Ocağının rəhbəri, ”Alatoran” jurnalının təsisçisi Rasim Qaraca bildirib ki, Quzeylə Güney Azərbaycan arasında ədəbiyyat sahəsində əlaqələr güclənməlidir: ”Biz öz gücümüzə ”Alatoran” jurnalını buraxırıq. Bu da Bütöv Azərbaycan dərgisi olduğundan orada güneyli yazarlara da ayrıca yer vermişik”.
DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli deyib ki, bu gün Güney Azərbaycanda mübariz, qorxmaz bir Milli Hərəkat var: ”Millətimiz sadəcə milli-mədəni hüquqlarını istəmir, azad yaşamaq da istəyir. çünki 80 ildir basqı altındadır, bütün hüquqları tapdalanır. Bəli, Güney Azərbaycandakı soydaşlarım bu gün istiqlalını istəyir. çar Rusiyası və Qacar imperiyasının ədalətsizliyinə son qoyub birləşmək istəyir. Ona görə də ziyalılar milləti öz hədəfinə doğru düzgün istiqamətləndirməlidirlər. Biz DAK olaraq, Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafı, dünyaya səpələnmiş azərbaycanlıların təşkilatlanması və lobbi işinə cəlb olunması və parçalanmış milləti birləşdirməklə öz tarixi coğrafi ərazisində bütöv dövlətinin qurulmasına çalışırıq”.
Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxışında Güneydəki hadisələrə toxunub: ”Biz Bütöv Azərbaycanın qurulması üçün öz içimizdə birliyə nail olmalıyıq. Bunun üçün də millətin önündə gedən ziyalıların üzərinə böyük yük düşür. Azərbaycanın yolunu işıqlatması üçün xaricdə yaşayan və ürəyi Vətənilə döyünən aydınlarımızı dəstəkləməliyik”.
DAK həmsədrlərinin MDB üzrə müavini Abuzər Bağırov vurğulayıb ki, hər bir Azərbaycan türkü millətinin gələcəyi və inkişafı naminə səylə çalışmalıdır: ”Əgər tarixi şərait yetişməsəydi, yəni keçmiş SSRİ öz içindən laxlamasaydı, bəlkə də bu gün Quzey Azərbaycanın müstəqilliyi sual altındaydı. Güney Azərbaycanın istiqlalına qovuşması da zamanın məsələsidir. Ancaq bu heç kimə belə bir yoldan çəkilməyə əsas vermir. Güney Azərbaycanın qurtuluşu üçün əlimizdən gələni əsirgəməməliyik”.
Kanada Qələm Təşkilatının üzvü Əli Qərəcəlu bildirib ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra çox inkişaf edib: ”Burada gördüyümüz mənzərə bizləri çox sevindirdi. İnşallah, Güney Azərbaycanı da belə görmək bizlərə nəsib olsun”. Onun sözlərinə görə, Quzey və Güney Azərbaycanın yaxınlaşması üçün ədəbiyyat sahəsində əlaqələr möhkəmlənməlidir.
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə deyib ki, bu gün Azərbaycan və Türkiyə kimi dövlətlərin varlığı Güney Azərbaycan üçün böyük dayaqdır: ”Biz 20 ildən çoxdur Güney Azərbaycanın istiqlalına çalışırıq. İnşallah, yaxın zamanda buna nail olacağıq və Azərbaycanı bütövləşdirəcəyik. ”Haray, haray mən türkəm!” şüarıyla küçələrə çıxan soydaşlarımızın hansı mesajı verdiyi məlumdur”. O, DAK-ın müxtəlif düşüncəli insanlarla dialoqda maraqlı olduğunu söyləyərək, yaxın gələcəkdə bu sahədə bir sıra addımların atılacağını da diqqətə çatdırıb. Eyni zamanda ABŞ-da, Avropada bir sıra tədbirlərin keçiriləcəyini vurğulayıb.
Tədbirdə doktor Sədiqə Ədaləti, Əlirza Ərdəbili və başqa qonaqlar da çıxış edərək, öz mülahizələrini bölüşüblər.

Image

Image

Image

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə Azərbaycanda səfərdə olan dünya şöhrətli ziyalı Rza Bərahani gənc yazarlarla görüşdü

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, ...

Kommentera