Ev / İnformasiya / Mətbuat konfransları / DAK Güney Azərbaycandakı son durumla bağlı mətbuat konfransı keçirdi

DAK Güney Azərbaycandakı son durumla bağlı mətbuat konfransı keçirdi

Əjdər Tağızadə: ”Bu gün də iqtidar və müxalifətin başında gedənlər türklərdir, ancaq yenə də irançılığın və fars dövlətçiliyinin saxlanılmasına qərarlıdırlar”

Səftər Rəhimli: ”Biz beynəlxalq hüquqla parçalanmış xalq statusumuzun tanınmasını və öz tarixi coğrafiyamızda birləşərək vahid dövlətə çevrilməyimizi istəyirik”

Real Cəfərli: ”2010-cu ilin yanvarından bəri azərbaycanlılara qarşı təqib və təzyiqlər daha da şiddətlənib”

Image

18 fevral 2010-cu il tarixində saat 12:00-da ”Trend” Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Konqresi (DAK) ”İran adlanan yerdə baş vermiş son hadisələr və oradakı azərbaycanlıların durumu” mövzusunda mətbuat konfransı keçirdi. Tədbiri DAK Mətbuat Xidmətinin rəhbəri Real Cəfərli açaraq bildirdi ki, 2006-cı il mayın 22-də Təbriz, Urmiya, Zəncan, Sulduz və Güney Azərbaycanın digər şəhərlərində baş vermiş hadisələrdən sonra İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Azərbaycan türkünə qarşı təqib və təzyiqlər şiddətlənib:

”Bildiyiniz kimi, ”İran” adlanan rəsmi qəzetdə təhqir xarakterli karikaturaya etiraz əlaməti olaraq soydaşlarımız bir neçə gün izdihamlı yürüş-mitinq keçirmişdilər. Ancaq fars şovinist rejimi aksiyaları xüsusi amansızlıqla yatırmışdı. Onlarla soydaşımız qətlə yetirilmiş, minlərlə adam həbs olunmuşdu. 2007, 2008 və 2009-cu illərdə də soydaşlarımıza qarşı aparılan çirkin siyasət heç cür yumşalmayıb. 2010-cu ilin yanvarından bəri isə azərbaycanlılara, xüsusilə jurnalistlərə yazarlara, gənclərə və s. qarşı təqib və təzyiqlər daha da şiddətlənib, son ay yarım ərzində öz milli hüquqlarını tələb edən yüzlərlə soydaşımız həbs olunub, hətta bəzilərinin harada saxlanıldıqları barədə heç bir məlumat yoxdur, onlar təcridxanalarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalır, bəzi milli fəalların səhhəti ağırlaşdığından həyatı təhlükə qarşısındadır, onlar tibbi müayinədən, ailələrilə görüşmək və vəkil tutmaq hüququndan məhrum ediliblər, məhkəmələrdə onlarla soydaşımıza ədalətsiz həbs, sürgün və şallaq cəzaları kəsilib”.

Qeyri-qanuni həbslər

Onun sözlərinə görə, bu il yanvarın 13-də Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhəmməd Əlimuradi həbs olunub: ”O bir gün saxlanıldıqdan sonra girov müqabilində müvəqqəti azadlığa buraxılıb. Soydaşımız Təbrizin ”Traktor” komandasının reklam və plakatlarını Azərbaycan türkcəsində çap etdirdiyi üçün tutulub. Halbuki plakatlar ”Qırmızı qurdlar”ın rəhbərliyinin və Təbriz Mədəniyyət və İrşad İdarəsinin icazəsilə yazılıb. Yanvarın 15-də Tehranda keçirilmiş ”Traktor”-”İstiqlal” görüşündə Fərhad Hazemi həbs olunub. ”Ettelaat” Güney Azərbaycanın Sərab şəhərindən olan soydaşımızın qarşılaşma başlayarkən şəxsiyyət vəsiqəsini alıb. Oyun başa çatdıqdan sonra şəxsiyyət vəsiqəsini geri almaq üçün müraciət edən Fərhad Hazemi saxlanılaraq naməlum istiqamətə aparılıb. Yanvarın 18-də Güney Azərbaycan Milli Hərəkatının fəalı, ”Traktor” komandasının azarkeşi Abdullah Səduqini (Güntay) ”Ettelaat”ın Təbriz şöbəsinin əməkdaşları tutub. Soydaşımız qardaşı Hüseyn Səduqi ilə birlikdə təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Onlar Təbrizin Nisf-rah məhəlləsində tutulublar və döyülüblər. ”Ettelaat”ın təcridxanasına aparılan iki qardaş sorğu-suala tutulub, Hüseyn bir neçə saat sonra sərbəst buraxılıb, ancaq Abdullah hələ də həbsdə saxlanılır. Abdullah Səduqi ”Traktor” futbol komandasının reklam və afişalarını nəşr etmək və yaymaq vasitəsilə sistemin əleyhinə fəaliyyətdə günahlandırılır. Onun işi hazırda Təbriz İnqilab Məhkəməsində araşdırılır. Yanvarın 19-da Təbriz şəhərində Güney Azərbaycan Milli Hərəkatının fəalı İbrahim İsmaili tutulub. Belə ki, səhər saatlarında poçt işçisi adıyla ev yiyəsinə qapını açdırıblar. Ancaq onların mülki geyimli ”Ettelaat” əməkdaşları olduğu müəyyənləşib. Milli fəalın həyat yoldaşı bu şəkildə mənzilə girişə etirazını bildirəndə onlar qondarma bir sənəd göstəriblər. Beş nəfər olan ”Ettelaat” əməkdaşı evdə axtarış aparıb, bir sıra şəxsi əşyaları, o cümlədən iki kompüteri özlərilə götürüblər. Hətta onlar xəbərin yayılmaması üçün ailə üzvlərini belə hədələyiblər. Soydaşımızı isə evində həbs edərək naməlum istiqamətə aparıblar. Hazırda milli fəalın harada saxlanıldığı barədə heç bir məlumat yoxdur. Bu günə qədər ”Ettelaat” əməkdaşları bir neçə dəfə evə zəng vuraraq, xəbərin yayılmaması üçün milli fəalın ailəsini hədələyiblər. Soydaşımızdan məlumat almayan həyat yoldaşı ”Ettelaat”a baş vurub. Onlar milli fəalın təcridxanada olduğunu desələr də, ancaq hansı səbəbdən həbsə alındığı barədə məlumat verməyiblər. Xatırladaq ki, 32 yaşlı milli fəal İbrahim İsmailinin 5 yaşında bir uşağı var. Fevralın 2-də Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhəmməd Əlimuradi yenidən həbs olunub. Təbriz şəhər Polis İdarəsinin təhlükəsizlik bölməsindən soydaşımıza zəng edilərək, ona zamin duran şəxsin qurumda saxlanıldığını bildiriblər. Milli fəaldan Təbrizin Saib xiyabanında yerləşən polis bölməsinə gəlməsini istəyiblər və o, müraciət edərkən polis tərəfindən saxlanılıb. Məhəmməd Əlimuradi 13 gün təcridxanada saxlanıldıqdan sonra fevralın 15-də müvəqqəti azadlığa buraxılıb. Soydaşımız 20 milyon tümən (20 min ABŞ dolları) girov müqabilində sərbəstliyinə qovuşub. Bundan əlavə, Güney Azərbaycan Milli Hərəkatının fəalı Behnam Şeyxi həbs olunub. Soydaşımız İslamabad şəhərinin Polis İdarəsinə çağırılıb. Behnam Şeyxi quruma gəldikdə dərhal əllərini qandallayıblar. Xatırladaq ki, milli fəal 2009-cu il iyunun 9-da digər soydaşımız Mahmud Ocaqlı ilə birlikdə tutulmuşdu. O, 55 gün təcridxanada saxlanıldıqdan sonra 50 min ABŞ dolları girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı. Eyni zamanda Təbriz şəhərində bir neçə tanınmış milli fəal tutulub. Belə ki, ”Ettelaat” əməkdaşları qonaqlıq mərasiminə qatılmış Asif Hacızadə (yazıçı), Cəlil Yaqubzadə (yazıçı) və Vahid Şeyxbəylini (”Arman” tələbə təşkilatının keçmiş üzvü) həbsə alaraq naməlum istiqamətə aparıblar. Onların hansı səbəbədən tutulması haqda heç bir məlumat yoxdur”.

Ədalətsiz məhkəmə qərarları

Real Cəfərli dedi ki, ötən il iyunun 15-də həbs olunmuş və indiyədək təcridxanada saxlanılan güneyli siyasi fəal Əli Bikəs 7 il həbs və 74 zərbə şallaq cəzasına məhkum olunub: ”Belə bir ədalətsiz hökmü Tehran İnqilab Məhkəməsi çıxarıb. Soydaşımız milli təhlükəsizlik əleyhinə fəaliyyət, sistemin əleyhinə təbliğat aparmaq və ictimai rəyi dəyişdirməyə cəhddə günahlandırılıb. Məhkəmə ona qarşı bu cür qondarma ittihamları guya Əli Bikəsin 2009-cü il iyunun 15-də səhər vaxtı küçəyə çıxdığına görə irəli sürüb. Halbuki ailəsi həmin gün şəhərdə heç bir nümayişin olmadığını deyir. Zəncan İnqilab Məhkəməsinin 106-cı şöbəsi isə güneyli hüquq müdafiəçisi Yaşar Həkkakpura 6 ay şərti cəza hökmü və 50 zərbə şallaq cəzası verib. O, İran adlanan yerdəki mövcud rejimə qarşı əks-təbliğat aparmaqda, internet səhifələrində ölkə rəsmilərinin şərəf və ləyaqətini təhqir edən məlumatlar yaymaqda, 21 Azər günü şeir gecəsi təşkil etməkdə günahlandırılıb. Yaşar Həkkakpur 2005-ci ildə də Marağa polisi tərəfindən həbs olunmuş və bir aydan sonra zəmanətə buraxılmışdı. Soydaşımız Azərbaycan türklərinin hüquqlarının müdafiəsilə məşğul olduğu və Zəncan Universitetinin nəzarət heyətinin icazəsilə ”şeir gecəsi” təşkil etdiyi üçün barəsində cinayət işi açılıb. Yaşar Həkkakpur əvvəllər Güney Azərbaycanın Zəncan şəhərində çıxan ”Qızılüzən” və ”Zəngan sözləri” tələbə dərgilərinin baş redaktoru, Marağa şəhərində isə ”Azərbaycan övladlarının evi” adlı qeyri-hökumət təşkilatının təsisçilərindən idi. Bu il fevralın 2-də Apellyasiya Məhkəməsi Murtəza və Fərdin Muradpur qardaşlarına digər 4 milli fəalla birlikdə aşağı instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Proses soydaşlarımızdan xəbərsiz keçirildiyi üçün onlar müdafiələrilə bağlı dəlilləri məhkəməyə təqdim edə bilməyiblər. Xatırladaq ki, Muradpur qardaşları sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmağa cəhddə günahlandırılır. Eyni zamanda Murtəza Muradpur ”Traktor” komandasının afişalarını Azərbaycan türkcəsində yayıb, ”Yazlıq” adlı ana dilimizdə uşaq dərgisi dərc edib, prof. Məhəmmədtağı Zehtabinin və mühəndis Qulamrza Əmaninin tərcümeyi-halını yayıb və mənzilində türk dilində təqvim tapılıb. Ona görə də Murtəza 3 il, kiçik qardaşı Fərdin isə 6 ay həbs cəzasına məhkum edilib. Təbriz İnqilab Məhkəməsi isə Güney Azərbaycan Milli Hərəkatının fəalları Nadir və Cahanbəxş Bəxtavərlərə 91 gün həbs və 30 zərbə şallaq cəzası kəsib. Onlar Təbrizin Təxti stadionunda çıxış zamanı səs-küy yaratmaqda ittiham olunublar. çıxarılan hökmdən 20 gün ərzində Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Xatırladaq ki, 2009-cu il mayın 25-də Mirhüseyn Musəvinin (keçmiş prezidentliyə namizəd) Təbrizdəki çıxışı zamanı soydaşlarımız milli haqlarıyla bağlı tələblər səsləndirmişdi. Nəticədə bir neçə milli fəal həbsə alınmış və iki həftə təcridxanada saxlanıldıqdan sonra mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılmışdılar. Bundan əlavə, güneyli jurnalist və yazıçı Nağı Əhmədi Azər Müqəddəmi Təbriz İnqilab Məhkəməsi 5 il həbs cəzasına məhkum edib. Eyni zamanda soydaşımız 10 il Azərbaycan Respublikasına səfərdən məhrum olunub. Milli fəal İran adlanan yerdə Ermənistanın əleyhinə və Azərbaycan Respublikasının isə lehinə casusluqda günahlandırılıb. Xatırladaq ki, Nağı Əhmədi Azər Müqəddəm 2009-cu il aprelin 4-də 146 gün saxlanıldıqdan sonra 150 min ABŞ dolları dəyərində mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıb. O, saxlanıldığı müddətdə vəkil tutmaq hüququndan məhrum edilib. Eyni zamanda soydaşımızın məhkəməsi qapalı keçirilib. O, Azərbaycan türkcəsində və fars dilində bir neçə kitabın müəllifidir. Eyni zamanda Təbriz İnqilab Məhkəməsində Güney Azərbaycan Milli Hərəkatının fəalları Cəmşid Zarei, Vəhid Şeyxbəyli və Nima Puryaqubun növbəti məhkəmə prosesi keçirilib. İclasda soydaşlarımızın ittihamlarına baxılıb. Xatırladaq ki, onlar bir il əvvəl Təbriz Universitetinin tələbələrinin həbsxanadan çıxdıqları gün onları qarşılamağa gəldikləri üçün tutulublar. Cəmşid Zarei 9 və Vəhid Şeyxbəyli (hazırda həbs olunub) isə 49 gün təcridxanada saxlanıldıqdan sonra mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıblar. Onlar milli təhlükəsizliyi və ictimai asayişi pozmaqda günahlandırılır. Buna həbsxana məmurlarıyla qarşıdurmaya getmək əsas sübut kimi göstərilib. Bundan əlavə, Cəmşid Zarei 2008-ci ildə 22 may hadisələrinin ildönümü mərasiminə qatıldığı üçün 6 ay şərti həbs cəzasına məhkum olunub. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb və hazırda qərar icra olunur. Onların vəkili Nağı Mahmudidir. Fevralın 1-də güneyli jurnalist Həsən Ərkin məhkəmə iclası keçirilib. İşə Təbriz İnqilab Məhkəməsində baxılıb. Məhkəmə iclası qapalı keçirilib. Soydaşımız sistemin əleyhinə təbliğat aparmaq, İran adlanan yerin rəhbərliyinə və polislərə böhtan atmaq, GünAzTV telekanalına müsahibə vermək vasitəsilə milli təhlükəsizliyə qarşı cəhddə günahlandırılıb. Məhkəmə sədri Qazi Bayat onun GünAzTV-yə müsahibəsini sistemin əleyhinə təbliğat aparmaq cəhdi kimi qiymətləndirib. Halbuki xarici kütləvi informasiya vasitələrinə müsahibə vermək sistemin əleyhinə təbliğ aparmaq sayılmır. Xatırladaq ki, Həsən Ərk 2009-cu il sentyabrın 21-də ”Ettelaat” əməkdaşları tərəfindən Təbriz şəhərində tutulub. Soydaşımız 39 gün təcridxanada saxlanıldıqdan sonra 50 min dollarlıq mülk girovu müqabilində azadlığa buraxılıb. Milli fəal fəaliyyəti qadağan olunmuş ”Şəms-i Təbriz” qəzetinin redaksiyasının üzvü olub. O, Güney Azərbaycanın tanınmış ziyalı və yazıçılarından biridir”.

Rejimin soydaşlarımızın həbsindən qazandığı milyonlar

DAK Mətbuat Xidmətinin rəhbəri vurğuladı ki, yanvarın 2-də Güney Azərbaycan Milli Hərəkatının fəalı Səid çələbian 200 min ABŞ dolları dəyərində mülk girovu müqabilində Təbriz zindanından müvəqqəti azadlığa buraxılıb: ”Soydaşımız ötən il Güney Azərbaycanda Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının rəhbərliyi altında qurulmuş Milli Hökumətin (21 Azər Hərəkatı) 64-cü ildönümü ərəfəsində bir soydaşımızın öz evində təşkil etdiyi şeir və musiqi mərasimində tutulmuşdu və 24 gündür təcridxanada saxlanılırdı. Mərasim sadəcə şeir və Azərbaycan musiqisindən ibarət olsa da, təhlükəsizlik qüvvələri evə hücum çəkərək, gözyaşardıcı qazdan istifadə etmiş və şəxsiyyət vəsiqələrini aldıqdan sonra özlərilə birlikdə onları həbsxanaya aparmışdılar. Bundan başqa, iki ay öncə Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı çingiz Bəxtavərin dəfn mərasimində tutulmuş soydaşlarımızdan üçü müvəqqəti azadlığa buraxılıb. İbrahim Fərəczadə, İbrahim Asimani və Əlirza Yusifi bir ay təcridxanada saxlanıldıqdan sonra 30 min dollar (30 milyon tümən) mülk girovu müqabilində sərbəstliklərinə qovuşublar. Ancaq Əli Təhəmtən (musiqişünas) və Rza Əbri bir aydan çoxdur ”Ettelaat”ın Təbrizdəki təcridxanasında saxlanılırlar. Soydaşlarımız dəfn mərasimində Azərbaycanın milli marşını oxumaqla yanaşı, milli-mədəni hüquqlarıyla bağlı şüarlar da səsləndiriblər. Onlar sistemin əleyhinə təbliğat aparmaq, qanunsuz təşkilatlara üzv olmaq və milli təhlükəsizliyi pozmaq cəhdində günahlandırılırlar. Milli fəallar indiyədək ailə üzvləri və vəkillərilə görüşmək hüququndan məhrum olunublar. Məhkəmə rəsmiləri onların vəkil tutmaq və ailə üzvlərinin girov müqabilində azadlığa buraxılması tələbini də rədd ediblər. Yanvarın 14-də isə həmin dəfn mərasimində tutulmuş Güney Azərbaycan Milli Hərəkatının fəalı, İsfahan Universitetinin ”Dan Ulduzu” tələbə dərgisinin redaktoru Hadi Murtaza Salib ”Ettelaat”ın təcridxanasından Təbriz həbsxanasının ümumi kolonuna köçürülüb. Məhkəmə rəsmiləri soydaşımızın ailəsinin suallarını cavabsız qoyub və girov qarşılığında onun azadlığını təmin etməkdən boyun qaçırır. Onlar hələlik milli fəal barəsində araşdırmalara son qoyulmadığını və lazım gələrsə bir daha sorğu-suala tutulacağını bildirirlər. Xatırladaq ki, çingiz Bəxtavərin dəfn mərasimində 23 nəfər tutulmuşdu. Eyni zamanda Təbriz şəhərinin futbol komandası ”Traktor”un azarkeşi Hamid Xetare sərbəst buraxılıb. O, ”Traktor”un Rah Ahan”la görüşündə milli şüarlar səsləndirdiyinə görə tutulmuşdu. Soydaşımız mülk girovu müqabilində azadlığına qovuşub. Bundan əlavə, Güney Azərbaycan Milli Hərəkatının fəalı Behbud Quluzadənin Qoşaçay (Miyandab) İnqilab Məhkəməsində məhkəmə prosesi keçirilib. İclasda soydaşımızın ittihamlarına baxılıb və yekunda milli fəal mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıb. Behbud Quluzadə ”Yaşıl Azərbaycan” adlı dağçılıq qrupunu təşkil və idarə etməklə sistemin əleyhinə təbliğat aparmaqda, eyni zamanda rəngkarlıq emalatxanasında Azərbaycan türkcəsində yazılmış reklam lövhəsi yerləşdirməkdə günahlandırılıb. Xatırladaq ki, 2009-cu il noyabrın 13-də Qoşaçayın hüquq-mühafizə orqanının əməkdaşları soydaşımızın ”Baxış” adlı mağazasına gələrək, ona reklam lövhəsini dəyişdirmək və Azərbaycan türkcəsindəki digər afişaları götürmək tapşırığı vermişdilər. O, müqavimət göstərdiyinə görə Qoşaçay İnqilab Məhkəməsinə çağrılır və iş araşdırılmaq üçün ”Ettelaat”a göndərilir. Behbud Quluzadə deyib ki, təbiəti mühafizəylə bağlı yaratdıqları ”Yaşıl Azərbaycan” dağçılıq qrupunun işini qadağan ediblər: ”Prokurorluq orqanlarının müraciəti əsasında haqqımızda məhkəmə hökmü çıxarılıb. Hökmdə yazılıb ki, dağçılıq qrupu millətçilik işilə məşğuldur”. Onun sözlərinə görə, son günlər Qoşaçayda yaşayan insanlara rəsmi qurumların təqibləri başlayıb. İnsanlar heç bir səbəb göstərilmədən hüquq-mühafizə orqanlarına çağırılaraq sorğu-sual edilir. Uzun illərdir rəngkarlıqla məşğul olan Behbud Quluzadə bildirib ki, çəkdiyi rəsmlərə ”Baxış” imzası qoyduğuna görə rəsmi qurumlar haqqında daha bir cinayət işi açıb. Ona bildiriblər ki, ”Baxış” türk sözü olduğu üçün millətçiliyin qüvvətləndirilməsi anlamına gəlir. Bundan əlavə, son bir ayda Güney Azərbaycanın Qoşaçay (fars şovinistləri Miyandab olaraq dəyişdirib) şəhərində milli fəallar hədələnib, sorğu-suala çəkilib. Sorğu-suala çəkilən milli fəalların sırasında Daryuş Əndəlibian və Peyman Xarratzadə də olub. Daryuş Əndəlibian bir ay müddətində 3 dəfə təhdid olunub, bir dəfə də ”Ettelaat”a aparılaraq sorğu-suala tutulub. Eyni zamanda Peyman Xarratzadə də ”Ettelaat”a çağrılıb və onun iş yerini nazirliyin əməkdaşları yoxlayaraq videolentə alıb”.

Həyatı təhlükə altında olan milli fəallar

Real Cəfərli qeyd etdi ki, güneyli jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpurun səhhətində ciddi problem yaranıb: ”Belə ki, Tehrandakı Evin həbsxanasında cəsazını çəkən soydaşımız bu il yanvarın 29-da növbəti ürək sancısı keçirib. Ancaq həbsxana məmurları onu həkimə gec aparıblar. Həkim isə onun belə hallarda dərhal xəstəxanaya çatdırılmasının vacib olduğunu bildirib. Ancaq həbsxana yetkililəri buna imkian vermir. Bu isə ciddi təhlükəyə səbəb ola bilər. Xatırladaq ki, Səid Mətinpur 2009-cu il sentyabrın 19-da da analoji ürək sancısıyla qarşı-qarşıya qalmışdı. Səid Mətinpurun ailəsi və vəkili dəfələrlə onun həbsxana xaricindəki hansısa bir xəstəxanada müalicə olunmasıyla bağlı yetkili qurumlara müraciət ediblər, ancaq onlara mənfi cavab verilib. Hazırda Güney Azərbaycanın Zəncan şəhərində yaşayan Ətiyyə Tahiri deyir ki, həyat yoldaşının səhhətinə görə çox narahatdır: ”İndi zindanda Səidin vəziyyəti ağırdır. Baş ağrıları, baş hərlənmələri çoxalıb, mədəsində ağrılar artıb…” Qeyd edək ki, güneyli jurnalist ötən ilin iyulunda həbs olunub. Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi onu 8 il azadlıqdan məhrum edib. Səid Mətinpur əcnəbilərlə əlaqəyə girərək İran adlanan yerin dövlət quruluşunun əleyhinə təbliğat aparmaqda günahlandırılır. Yaxınlarının verdiyi məlumata görə, Səid Mətinpurun əvvəlki vəkili də həbsdədir. Ona görə də yeni vəkil tutublar. Hazırda o, Səid Mətinpurun müalicə olunmasıyla bağlı həbsxana rəhbərliyinə müraciət ünvanlayıb. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) ümumi işlər müdiri Yaşar Həkkakpur deyir ki, Səid Mətinpur ona lazım olan müalicəni ala bilmir: ”Onda ürək, böyrək, bel xəstəliyi var. Uzun müddət ayaq üstündə dayana bilmir, başı hərlənir. Son günlər vəziyyəti daha da ağırlaşıb. Gərək uzun müddət həkim nəzarətində olsun. İndi çox pis şəraitdədir. Onun xəstəliyi ciddi olduğundan ailəsi, insan haqları təşkilatları səhhətinə görə çox narahatdırlar. Allah eləməsin, başına bir iş gələ bilər”. Bundan əlavə, Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Əmir Abbas Bənayi Kazımın səhhəti ağırdır. Soydaşımızı 2009-cu il dekabrın 29-da Təbriz şəhərində tanınmış fəal çingiz Bəxtavərin dəfn mərasimində iştirak edərkən ”Ettelaat” əməkdaşları döyüb və baş nahiyəsindən ağır zərbə alıb. O, xəstəxanada 40 gün müalicə alsa da, hələ də aldığı zərbə səbəbindən həyatı ciddi təhlükə qarşısında qalır”.

Müəmmalı qətllər

Onun sözlərinə görə, Güney Azərbaycanın başkəndi Təbriz şəhərində daha bir şübhəli ölüm faktı aşkarlanıb: ”Azərbaycanlı şair və yazıçı Ərkin (Məcid) Əmiri Əstyarın cansız bədəni tapılıb. Onun cəsədi öz evinin avtomobil parkında tapılıb. Məlumatda qeyd olunur ki, cəsədin üzərində boğulma izləri var. Eyni zamanda soydaşımızın dişinin qırıldığı bildirilir. Xatırladaq ki, güneyli yazar dəfələrlə ölümlə hədələnib. Qeyd edək ki, ötən ilin dekabrında Milli Hərəkatın tanınmış siması çingiz Bəxtavərin də iş yerində meyiti tapılmışdı”.

Qapadılan mətbəələr, xəbər saytları

Real Cəfərli bildirdi ki, Təbrizin məşhur ”Traktor” futbol komandasının afişa və şüarlarını Azərbaycan türkcəsində çap edən ”Afiyət” və ”Nigar” mətbəələri qapadılıb: ”Təbriz hüquq-mühafizə qüvvələri mətbəələri yanvarın 11-də möhürləyiblər. ”Traktor”un CD və afişalarının satışıyla məşğul olan ”Azərbaycan” mağazasının bağlandığı da xəbər verilir. Dükanın sahibi Davud Şirinin tutularaq mülk girovu qarşılığında azad buraxıldığı, kompüter və milli məzmunlu afişaların müsadirə olunduğu vurğulanır. Bundan əlavə, ”Azərbaycan diyarımız, ”Traktor” iftixarımız!” və ”Yer yatar, tufan yatar, yatmaz ”Traktor” bayrağı!” şüarlarını çap edən 33 mətbəə və həmin şüarlar yazılmış plakatları satan mağazalar qapadılıb. Fevralın 8-dən isə ”Bizim Tabriz News” internet saytına girişə məhdudiyyət tətbiq olunub. Artıq Güney Azərbaycanın əksər şəhərlərində bu saytdan istifadə etmək mümkün deyil və istifadəçilər ”bu sayta girməyə icazə yoxdur” mesajıyla qarşılaşırlar. Bu hələ məlumatların hamısı deyil. Sadəcə, DAK-ın Mətbuat Xidmətinə daxil olan informasiyalardan bir qismidir. İctimaiyyətdən gizlədilən və mediaya gəlib çıxmayan minlərlə belə faktlar da var. Məqsədimiz yeni faktları üzə çıxarmaq, hadisələri araşdırmaq, dünya ictimaiyyətinə çatdırmaqdır”.

”Güney Azərbaycan məsələsi KİV-də az işıqlandırılır”

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə vurğuladı ki, Azərbaycan Respublikasında İran adlanan yer, xüsusilə də Azərbaycanın Güneyilə bağlı informasiyalar demək olar yox dərəcəsindədir: ”Elə bil hansısa bəlli səbəblərdən bu məsələlər kölgədə saxlanılır. Sanki Azərbaycanın böyük parçası o tayda deyil, 40 milyona yaxın soydaşımız orada yaşamır. Halbuki dildə Təbriz şüarıyla Azərbaycanın Quzeyi Sovet Rusiyasının əsarətindən qurtuldu və yenidən istiqlaliyyətini qazandı. Biz DAK olaraq heç kimin yanında deyilik. çünki Bütöv Azərbaycan məsələsi bir məfkurədir. Bu məsələdə iqtidar-müxalifət anlayışı olmamalıdır. Bizim qanuni prezidentlərimiz bu məsələni qabardıblar. Ona görə də DAK olaraq prezidentə açıq şəkildə müraciət edəcəyik. Bəlkə bundan sonra məmurlar bizə problem yaratmazlar”.

”İran adlanan yer dağılmaq üzrədir”

Onun sözlərinə görə, bu gün bölgədə güclü siyasi proseslər gedir və İran adlanan yer böyük təlatüm içərisindədir. ölkə dağılmaq üzrədir, iqtisadi vəziyyət həddindən artıq çətinləşib, işsizlik artıb. Hətta bu proseslər İraqda və Əfqanıstandakı hadisələrdən də dəhşətlidir. çünki regionda gedən proseslər təkcə Cənubi Qafqaz və Yaxın Şərq regionuna deyil, Türk Dünyasına və ən əsası Azərbaycana öz təsirini göstərəcək. Bildiyiniz kimi, ABŞ Senatı İran adlanan yerə benzin satılmasına və daşınmasına da sanksiya qoyub. çünki Bakıdan Xəzər dənizi vasitəsilə İran adlanan yerə gəmilərlə benzin daşınır. Tehran rejimi də özü böyük neft ölkəsi olmasına baxmayaraq, neftayırma zavodları olmadığından benzinin 60 faizini başqa ölkələrdən alır. Ən əsası isə benzinin müəyyən hissəsi Azərbaycandan ixrac olunur. Halbuki rəsmi Bakı Qərb ölkələrinin yanındadır. Yaxın gələcəkdə İran adlanan yerə qarşı sanksiyalar daha da artacaq. Artıq Rusiya və digər ölkələr də qadağalara qoşulur. Ona görə də Azərbaycanın prosesdən kənarda qalması mümkün deyil. İran adlanan yerdə 40 milyona yaxın Azərbaycan türkünün taleyinin həll olunduğu bir vaxtda Bakıda iqtidarın, müxalifətin, ziyalılarımızın, medianın camaatı informasiyasız buraxması çətinlik yaradacaq”.

”Bu ölkədə iqtidar-müxalifət, Xamneyi-Musəvi davası getmir”

DAK Daimi Şurasının sədri söylədi ki, İran adlanan yerdə iqtidar-müxalifət, Xamneyi-Musəvi davası getmir: ”Xamneyi və Musəvi ikisi də Xaminə kəndindədirlər, qohumdurlar və türkdürlər, ancaq ikisi də türkə xidmət etmək fikrində deyillər. Necə ki, Sovetlər Birliyində beləydi. çünki iqtidar da, müxalifət də fars dövlətçiliyinə xidmət edir və İran adı altında Azərbaycan türklərinin və digərlərinin hüquqlarını pozmaqda davam edirlər. Onlar soydaşlarımızn milli haqlarıyla bağlı bir addım belə atmaq niyyətində deyillər. ölkənin daxildəki və xaricdəki qüvvələrinin, yəni Xamneyinin də, özlərini ”yaşıl hərəkat” adlandıran Musəvinin də, Kərubbinin də mövqeləri eynidir və onlar İran adlanan yerin ərazi bütövlüyünün qorunub saxlanılmasında maraqlıdırlar. Onlar bunu dəfələrlə təkrar edirlər, ancaq qeyri-fars millətlərinin milli-mədəni hüquqlarının bərpasıyla bağlı fikir səsləndirmirlər. Halbuki ölkə Konstitusiyasının 15 və 19-cu maddələrində qeyri-fars millətlərinin bəzi hüquqları öz təsbitini tapıb. Ancaq onlar bunu da dillərinə gətirmirlər. Hətta Zəhra Rəhnəvərd həyat yoldaşı Musəvinin azərbaycanlı olduğunu deyir, ancaq Azərbaycan türklərinin haqlarıyla bağlı məsələ qaldırmır. Yəni bunlar qeyri-fars millətlərinin milli-mədəni hüquqlarını qabartmamaqla bağlı razılığa gəliblər. Far şovinistləri SSRİ-nin, Balkanların taleyinin necə olduğunu yaxşı gördülər. Hətta bir vaxtlar Məhəmməd Xatəmiyə İran adlanan yerin Qorbaçovu deyirdilər. çünki bölgədə demokratiya məsələsi gücləndiyi təqdirdə millətlər əsarətdən qurtulmağa can atacaqlar. Ona görə də hakimiyyətə necə gətirmişdilərsə, eləcə də apardılar”.

”Azərbaycanlılar milli haqlarının pozulmasıyla yanaşı, dini baxımdan da təhqir olunublar”

Əjdər Tağızadə qeyd etdi ki, iki – Məşrutə və İslam inqilablarında İran adlanan yerdəki bütün millətlər birgə hərəkət etmişdilər: ”Məşrutə Hərəkatında öndə gedənlər də, hakimiyyətdə olanlar da türklərdi. Ancaq azərbaycanlılar bir-birilə didişirdi və sonda hər iki tərəf də fars dövlətçiliyinə xidmət etdi. Bu gün də iqtidar və müxalifətin başında gedənlər türklərdir, ancaq yenə də irançılığın və fars dövlətçiliyinin saxlanılmasına qərarlıdırlar. Hazırda Azərbaycan türkləri, bəluclar, ərəblər, hətta kürdlər prosesdən kənarda qalıblar. Bilirsiniz ki, 1979-cu il inqilabından sonra Xomeyni ali dini rəhbər oldu. Ancaq bir ildən sonra Azərbaycan türklərinin inandığı və rəhbərləri, ayətullah Seyid Kazım Şəriətmədarini qətlə yetirdilər. Bu gün Mirhüseyn Musəvi həmin hadisələrdən danışmır. Azərbaycanlılar milli haqlarının pozulmasıyla yanaşı, dini baxımdan da təhqir olundular. Ona görə də soydaşlarımız inqilabdan çəkildilər. Azərbaycanın quzeyi müstəqil olandan sonra Güneydə türkçülük, millətçilik ruhu çox güclənib. Hətta sadə bir futbol oyununda Tehranın göbəyində 70 min nəfər ”bozqurd” tutur, ona görə də fars şovinistləri bərk qorxuya düşüb. Təbrizin özündə isə 70 minlik stadiona 150 min adam gəlir, qadınlar isə dağlara çıxaraq oyunu izləyir”.

”Soydaşlarımız və digər xalqlar ”yaşıl hərəkat”a dəstək vermir”

DAK Daimi Şurasının sədri bildirdi ki, İran adlanan yerin Vatikanı Qum şəhəridir: ”İndi Tehran rejimi öz dini məkanından qorxur. çünki mollaların əksəriyyəti rejimə qarşıdır. Eyni zamanda fars şovinistləri Güney Azərbaycanda və digər qeyri-fars bölgələrində dini legitimliyini itirib. Hətta ayətullahlarda belə fikir ayrılığı var. Bu gün rejimə qarşı olan baş ruhanilər də azərbaycanlıdırlar. Ayətullahlar Şübeyr və Bayat (Zəncan), Musəvi (Ərdəbil) milli olmasalar da, ancaq türk dilində danışırlar. Hətta Bayat Zəncani ayətullah Müntəziridən sonra ana dilində tədrislə bağlı fitva verdi. Hakimiyyət nə üçün Musəvini, Kərrubini tutmur? çünki şovinist müxalifəti öz qanadları altına almaqla İran adlanan yerin ərazi bütövlüyünü və fars dövlətçiliyini saxlamaq istəyir. Ona görə də Azərbaycan türkləri və digər xalqlar ”yaşıl hərəkat”a dəstək vermir. Əks təqdirdə 1905 və 1979-cu il inqilablarının taleyini yaşaya biləcəklərini yaxşı başa düşürlər. Düzdür, prosesdən kənarda deyil, açıq və ya gizli şəkildə danışıqlar aparılır. Sadəcə soydaşlarımız qarşı tərəfin onların varlığını qəbul etməsini istəyirlər. Ancaq müxalifət də, hətta beynəlxalq güclər də Təbriz, Ərdəbil olmadan İran adlanan yerdəki hakimiyyəti dəyişməyin mümkün olmayacağını əla anlayırlar. Bu ölkədə hakimiyyət deyil, sistem davası gedir. Əgər sovetlər, balkanlar dağılırsa, niyə İran adlanan yerdəki millətlər öz istiqlalını qazanmasın. Bu gün fars dövlətçiliyi məhvə doğru gedir. Ona görə də Mirhüseyn Musəvi türkdürsə türk kimi ortaya çıxmalı, Səttarxanın demədiyi sözü söyləməlidir”.

”DAK bir sıra tədbirlər keçirəcək”

Əjdər Tağızadə DAK-ın gələcək planları barədə də məlumat verərək dedi ki, Xocalı soyqırımının növbəti ildönümüylə əlaqədar fevralın 26-da Almaniyanın Köln şəhərində AFDH və Azərbaycan Kültür Ocağıyla birgə konfrans keçiriləcək: ”Bundan əlavə, 31 mart Azərbaycanlıların Soyqırımı Günüylə bağlı xarici ölkələrin birində tədbir qoymağı planlaşdırırıq. Eyni zamanda aprel və ya mayda Kanadaya səfər planlaşdırılır. Bu ölkənin parlamentində Qarabağ münaqişəsi, Güney Azərbaycan problemi qaldırılacaq, yetkili orqanlarla müxtəlif görüşlər keçiriləcək”.

”Bu gün bir yerdə olmalıyıq”

DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli bildirdi ki, Azərbaycan hökuməti, müxalifəti, qeyri-hökumət təşkilatları bölgədə baş verən hadisələrə biganə qalmamalıdır. çünki proseslər birbaşa Azərbaycanla bağlıdır. Mətbuatın da bu məsələdə rolu daha fəal olmalıdır. Enerjini hədəfə doğru yönəltmək lazımdır: ”Bu gün Güneyin dərdi demokratiya deyil. Tarixdə bizə böyük ədalətsizlik olub. Bizi 200 ildir parçalayıblar. Qardaşın biri o tayda, digəri bu tayda qalıb. Biz beynəlxalq hüquqla parçalanmış xalq statusumuzun tanınmasını və öz tarixi coğrafiyamızda birləşərək vahid dövlətə çevrilməyimizi istəyirik. Qarabağ məsələsinin həlli də 17 il bundan əvvəl Əbülfəz Elçibəyin dediyi kimi, bölgədə istiqrarın əldə olunmasından keçir. Regionda baş verən tarixi şəraiti dəyərləndirməyimiz lazımdır. Təcrid siyasəti apararıqsa, heç bir pay əldə edə bilmərik. Bölgədə gedən siyasi prosesləri düzgün istiqamətə yönəltməyimiz üçün dövlətimiz də, millətimiz də, qeyri-hökumət təşkilatlarımız da, mediamız da bir yerdə olmalıdır. Bu gün Azərbaycan Güneyində Milli Hərəkatda olan insanlarımız müxtəlif yollarla məqsədli şəkildə öldürülür. Xahiş edirik ki, bu məsələlərə biganə qalmayın”.
Sonda jurnalistlərin sualları cavablandırıldı.

Image

Image

Image

Image

Image

Image

Image

Həmçinin bax!

Sabah DAK rəhbərliyi mətbuat konfransı keçirəcək

18 iyun 2009-cu il tarixində saat 13.00-da DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia İran ...

Kommentera