Ev / İnformasiya / DAK haqqında / DAK Gənclər Təşkilatının sədri Samir Turan “Mediaforum”dakı debata qatılıb

DAK Gənclər Təşkilatının sədri Samir Turan “Mediaforum”dakı debata qatılıb

”Məqsədlərimizdən biri Güney Azərbaycan problemini gənclərimizə mənimsətməkdir”

”Yəni gəncləri ”Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!” ideyası ətrafında toplayırıq”

”Bizim üçün bu gün Güney Azərbaycanın istiqlalı ideyası daha önəmlidir və bu baş verməmiş Azərbaycanın bütövləşməsi mümkün deyil”

Image Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatının sədri Samir Turan ”Mediaforum” saytının Azərbaycanda fəaliyyət göstərən bir sıra gənclər təşkilatlarının nümayəndələrini bir araya gətirdiyi debata qatılıb. www.D-A-K.org olaraq, vebsəhifədə yerləşdirilən materialı olduğu kimi oxucularımıza təqdim edirik.

”10 dekabr” Gənclər Təşkilatının sədri Sənubər Heydərli:

– Təşkilatımız bir aydır yaranıb. Əsas məqsədimiz Azərbaycan əhalisinin 31 faizini təşkil edən gəncləri aktivləşdirmək, onların hüquqlarını müdafiə etməkdir. Niyə məhz gəncləri? Ona görə ki, onlar cəmiyyətin ən həssas təbəqəsidir və gənclərin həyatında, təhsilində olan problemlər digər təbəqələrin də həyatına təsir göstərir. Əgər təhsil çox bərbad səviyyədədirsə bu, sonrakı mərhələdə işsizliyə, savadsızlığa, gənc ailələrdə dolanışıq problemlərinə yol açır. Ona görə də məhz gənclərlə işləmək lazım gəldiyini, onların daha çox qayğıya ehtiyacı olduğunu düşündük. Hədəfimiz gəncləri fəallaşdırmaq və onlara yardım etməkdir.

”İrəli” İctimai Birliyinin koordinatoru ülfət Bəkirzadə:

– Bizim təşkilat 2005-ci ildə yaradılmış ”İrəli” ümumrespublika Gənclər Hərəkatının əsasında meydana gəlib. 2008-ci ildə bu qurum ”İrəli” İctimai Birliyi kimi fəaliyyət göstərməyə başlayıb.Məqsədimiz yeni düşüncə tərzinə malik olan, savadlı, milli-mənəvi dəyərlərə sadiq və eyni zamanda düzgün ideologiyalı gənclərin yetişməsidir. Biz Azərbaycanda yeni vətəndaş simasını formallaşdıracaq gənclərin irəli getməsi üçün şərait yaradırıq ki, onlar Azərbaycanı təminatlı gələcəyə aparsınlar.

Dünya Azərbaycanlılar Konqresinin (DAK) Gənclər Təşkilatının sədri Samir Turan:

– Hazırda dünyanın müxtəlif ölkələrində 60 milyondan çox azərbaycanlı yaşayır. Quzey Azərbaycanda fəaliyyət göstərən bir təşkilat kimi biz bütün azərbaycanlı gənclərlə həm virtual, həm də real əlaqələr qurmağa, onların türk dünyasına inteqrasiyasına şərait yaratmağa çalışırıq. İstər Azərbaycanda, istərsə də digər ölkələrdə görüşlər təşkil edirik. Daha bir məqsədimiz Azərbaycan dövlətçiliyinin inkişafında gənclərimizi aktivləşdirməkdir. Yəni azərbaycanlı gənclər qloballaşmadan daha öncə öz millətini tanımalı, özü-özünə inteqrasiya etməlidir. Nəhayət, üçüncü məqsədimiz Güney Azərbaycan problemini gənclərimizə mənimsətməkdir .

”Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatının sədri Fərid Şahbazlı:

– Təşkilatımız 2006-cı ildə təsis olunub. Əsas məqsədimiz Azərbaycanlı tələbə və şagirdlərin problemlərinin həllinə yardımçı olmaq, onları ictimai-siyasi yöndə fəallaşdırmaq və ölkədə aparılan gənclər siyasətinə dəstək vermək, Azərbaycan həqiqətlərinin ölkə gəncləri arasında təbliğ etmək, bu həqiqətlərin dərkinə nail olmaqdır. Regionlarda və qardaş Türkiyədə nümayəndəliklərimiz var. Azərbaycanda yetişən yeni nəslin lider kimi formalaşmasına dəstək olmaq istəyirik və bu məqsədlə təşkilatımızın nəzdində ”Liderlik məktəbi” fəaliyyət göstərir. Bu məktəbdə ölkənin tanınmış ictimai-siyasi xadimləri gənclərə söhbətlr edir, mühazirələr keçirirlər.

”Dalğa” Gənclər Hərəkatının koordinatoru Ağarəhim Poladov:

– ”Dalğa” 2005-ci ildə yaradılıb və qısa müddət ərzində xeyli gənci öz ətrafında toplayib. Gəncə şəhərində nümayəndəliyi fəaliyyət göstərir. Hazırda Bakı, Gəncə, Qax, Bərdə və digər regionlarda 200-dən çox üzvümüz var. Əsas məqsədimiz gənclər arasında humanizm prinsipini, fəal və demokratik vətəndaşlıq konsepsiyasını, müasir mədəniyyəti və təhsili təbliğ etmək, ictimai proseslərdə gənclərin fəallığını artırmaq üçün hüquqi maarifləndirməni həyata keçirməkdir. Bütün bunların hamısı bir başa demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yardım deməkdir. Bundan başqa, biz gənclərə rüşvətlə mübarizədə, öz hüquqlarını tanımaqda bacardığımız qədər yardımçı olmağa çalışırıq. ”Dalğa” bir məktəbdir, bizim ofisə girəndə sanki Azərbaycandan kənara çıxırsan. Biz hər bir gəncin öz ixtisası üzrə biliklərini dərinləşdirməsinə, müəyyən mənada arzularının gerçəkləşməsinə kömək edirik. Tələbələr bizim təşkilatda şəxsi elmi-tədqiqatlarını aparırlar.

– Sənubər xanım, planlarınızı reallaşdırmaq üçün neyləməyi düşünürsüz, hansı istiqamətlərdə fəaliyyət göstərəcəyinizi müəyyənləşdirmisizmi artıq?

S.Heydərli:

– Müəyyən planlarımız var. Məsələn, gənclərə hüquqlarını tanıtmaq üçün öncə onların əsasən hansı sahələrdə hüquqlarının pozulmasının tam mənzərəsini yaratmaq lazımdır ki, işini düzgün görə biləsən. Qeyri-hökumət təşkilatlarının təqdim etdiyi bəzi statistik rəqəmlər var, amma təəssüf ki, onlar bütün sahələri əhatə etmir. Biz həm də gənclərlə bağlı dövlət proqramlarının nə dərəcədə şəffaf reallaşdırıldığını, bu proqramların səmərə verib-vermədiyini öyrənirik. Əslində, bu gün gənclərin vəziyyəti o qədər pisdir ki, onların hüquqlarının pozulmadığı sahə, demək olar, qalmayıb. Biz daha çox problem olan sahədən, ilk növbədə təhsildən başlamaq istəyirik. çünki təhsil hər bir problemin kökündə dayanan məsələlərdən biridir. Ciddi araşdırmacılarla əməkdaşlıq edib, onların tədqiqatlarından istifadə edəcəyik. Dəyirmi masalar, müzakirələr, sorğular keçirəcəyik. Boşluqları aşkar edib o istiqamətdə maarifləndirmə işlərinə başlayacağıq. Bunu müxtəlif yollarla, məsələn, onlara vərəqələr, kitabçalar paylamaqla həyata keçirməyi nəzərdə tutururq. Gənclər üçün hüquqşünas yardımı, rəsmi şəxslərlə görüşlərin təşkili də planlaşdırdığımız tədbirlər sırasındadır.

– Sizcə, Azərbaycan tələbəsi rüşvət verməmək hüququnun olduğunu bilmir?

S.Heydərli:

– Təbii ki, gənclərin əksəriyyəti bunu bilir. Amma bir çoxları içində olduqları mühitə, bu mühitin şərtlərini dəyişə bilmədiklərinə görə buna əməl edə bilmirlər, ya da qorxurlar bunu eləməyə. Böyük bir qisim də var ki, onlar həqiqətən bu hüquqlarını bilmirlər. Belələri rüşvətin normal bir şey olduğunu və hər yerdə olduğunu fikirləşirlər. Həmin tələbələrlə başqa ölkələrdə rüşvətə qarşı necə mübarizə aparıldığı və bunun vacibliyi haqqında individual söhbətlər aparmaq lazımdır. Tələbə rüşvətin aradan qalxması üçün nə edə biləcəyini yaxşı bilməlidir. Təbii ki, bütün bunlar böyük zəhmət tələb edir. çünki gənclər çəkinirlər, qorxurlar və rüşvət vermədikləri təqdirdə qovulacaqlarını, onlara təzyiq göstəriləcəyini düşünürər. Onların bu problemdən necə qurtulacaqları barədə təsəvvürləri belə yoxdur, biz onlara bu yolları göstərəcəyik.

– öz hüququnu bilib işin rahatına qaçan tələbələr də az deyil amma. Bəlkə əsas problem onların tənbəlliyi, əziyyətsiz qiymət almaq həvəsidir?

S.Heydərli:

– Mən bütün problemlərin səbəbini gənclərin üzərinə qoymaq istəməzdim. Əgər biz ”Onlar özləri günahkardırlar” deyib keçsək, vəziyyət daha pis olar. Tələbə oxumur deyə rüşvət verir demək düzgün deyil. Şəxsən özümün də rastlaşdığım situasiyalarda görmüşəm ki, müəllimlərin hədə-qorxuları, təzyiqləri nəticəsində ən yaxşı oxuyan tələbələr belə qiymət almaq üçün pul veriblər. Təsəvvür edin, qorxu o səviyyədə olur ki, tələbə predmeti öyrəndiyi halda belə özünə güvən hissini itirir.

– Hər halda, gəl razılaşaq ki, oxumamaq üçün pul vermək ənənəvi hal alıb.

S.Heydərli:

– çünki tələbələrə ”Pulunu ver, qiymətini al, başına problem açma” fikrini o qədər təbliğ ediblər ki, artıq gənclər rüşvət alıb-verməyi doğru iş kimi qəbul edirlər. Oxumayan tələbələrə gəlincə, mən özüm müəlliməyəm və bilirəm ki, oxumağa həvəsləndirilməsi mümkün olan gənclərimiz çoxdur, sadəcə, onlara daha çox diqqət lazımdır. Amma bu bizim müəllimlərin ağlına gəlmir. Hər bir müəllim öz dərsini maraqlı etməyin yollarını bilməlidir. Bu da təhsilin və dolaysıyla hüququn problemidir.

– ülfət xanım, ”İrəli” beş ildən çoxdur ki, fəaliyyət göstərir. Az öncə sadaladığınız məramlarınızı hansı yollarla reallaşdırırsız?

ü.Bəkirzadə:

– Təhsil, mədəniyyət və vətənpərvərlik sahəsində fəaliyyət istiqamətində bir çox layihələr həyata keçirilir. Bunların kökündə sözsüz ki, ilk növbədə maarifləndirmə və təlim durur. Müxtəlif konfranslar, seminarlar, tanışlıq səfərləri, intellektual oyunlar, düşərgələr təşkil edir, məqsədlərimizə uyğun çap məhsulları hazırlayırıq. ”İrəli” Azərbaycanda mövcud olan ekoloji, səhiyyə, insan sağlamlığı problemlərin həllində gənclərin aktivliyini artırmaq, gəncləri narahat edən problemləri onların özlərinin iştirakı yolu ilə həll etməyə çalışmaq və s. işlərlə məşğuldur. Bütün bu işlərə sadəcə təşkilata üzv olan yox, digər gənclər də cəlb olunur. Biz gənclərə kiminsə şəxsi maraqları üçün deyil, yalnız öz məqsədləri üçün fəaliyyət göstərməli olduqlarını, başqalarının əlində siyasi alətə çevrilməmələrini söyləyirik. ümumi məqsədlərə xidmət edin deyirik onlara.

– ümumi məqsədlər deyəndə nəyi nəzərdə tutursuz?

ü.Bəkirzadə:

– çox uzağa getmirəm, gənclərin bu gün can atdığı, dilindən düşürmədiyi demokratiyanı misal çəkəcəm. Biz demokratiya istəyiriksə, demokratiyanın hər bir xalqın öz inkişafının strategiyası və yolunu müəyyən etməkdən ibarət suveren hüququ olduğunu gənclərin bilməsi lazımdır. ”İrəli” demokratiyanın kənardan, qeyri-təkamül yolu ilə yeridilən modellərini inkar edir, gənclərə demokratiyanı öz məhsulumuz kimi görməyi öyrədir. Demokratiyadan xarici məqsəd və vəzifələr naminə istifadəsi yolverilməzdir. Gənclər kimlərinsə siyasi, iqtisadi maraqları uğrunda istismar olunmağa yol verməməlidirlər, onların üzərində qurulan oyunların qurbanı olduqlarını anlamalıdırlar. Gənclər enerjili, coşğuludurlar, sadəcə, onlara düzgün istiqamətləndirmək lazımdır ki, səhv istiqamətə yönəlməsinlər, sağlam düşüncəli olsunlar.

– Sizə görə sağlam düşüncə hansıdır? ”İrəli”də bu işlə kimlər məşgul olur, yəni sağlam düşüncənin nə olduğunu kimlər öyrədir gənclərə?

ü.Bəkirzadə:

– Biz məhz bizim düşüncəmiz sağlamdır, sən də belə düşünməlisən demirik. Gəncin özünün düşünmək və sərbəst qərar vermək hüququnun olduğunu deyirik. Gənclərin sağlam düşünməsi üçün ”İrəli” gənclərin dünya görüşünün, intellektinin, imkanlarının artlmasına yardım edir. Sonrakı mərhələdə bizim kiminsə düşüncələrinə müdaxilə etmək fikrimiz yoxdur. Qaldı bütün bunları reallaşdırma metodlarımıza, məsələn, ”Gənc liderlər üçün qış universiteti” layihəsini misal çəkə bilərəm. Məqsədim harasa gedib bir yerdə dincəlmək, gəzmək deyil, fərqli düşüncəli gəncləri bir araya toplayıb ümumi müzakirələr keçirməkdir. Gənclər bir-birlərini dinləməyi, öz sahələrinin mütəxəssislərindən məsləhətlər almağı öyrənməlidirlər. Olub-bitənlər barədə ətraflı məlumatlanmaq, onları maraqlandıran sualların cavabını məlumatlı şəxslərdən eşitmək özü böyük bir işdir. İndi müasir gənc dedikdə nə üçünsə çətin tərbiyə olunan, azğın bir gənclik təsəvvür olunur. Yaxud da azacıq intellekti, təhsili olan dırnaqarası müasir gənclərin digər gənclərə aşağılayıcı yanaşması, onları özlərinə tay tutmaması halları var. Düzdür, bunlar hər bir cəmiyyətdə yaşanan problemlərdir, lakin bunların olmaması, gənclərin ən azından eyni ölkənin vətəndaşı olmaları naminə bir-birlərinə dayaq durması lazımdır. Rəqabətlə düşmənçilik anlayışını fərqləndirə bilməyən gənc nəslə başa salmaq lazımdır ki, ümum məqsəd eynidirsə nəyə görə bu rəqabətə nifrət qarışmalıdır. ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının bir-birinə olan münasibətinə baxanda heç də xoş olmayan bu mənzərə insanı narahat edir. Az öncə sadalanan məramlardan da aydın oldu ki, bütün təşkilatların məqsədi gənclərin inkişafı, hüquqlarının tanınması, onların müdafiəsidir. Əgər biz hamımız bu problemləri həll etməyə çalışırıqsa, nəyə görə bir-birimizə qarşı düşmən mövqe tutmalıyıq ki?

S.Heydərli:

– Bu şəxsi düşmənçilik deyil, ideologiya fərqliliyinin yaratdığı situasiyadır. Bizim mövcud həqiqətlərə baxışlarımız fərqlidir.

– ”İrəli”nin həyata keçirdiyi layihələr kifayət qədər əhatəlidir və kifayət qədər də ciddi dəstək tələb edir. Əlbəttə, təşkilat olaraq bu dəstəyi hökumətdən ala bilməniz müsbət haldır. Amma belə bir dəstəyin fonunda, yəni bəlli bir siyasi mövqenin yanında olub digər təşkilatlara ”başqalarına alət olmayın” demək, sizcə, nə dərəcədə etikdir?

ü.Bəkirzadə:

– Hər bir insanın gündəlik yaşamı birbaşa siyasətlə əlaqəlidir. Gəncin siyasəti anlamadan, kor-koranə irəliyə getmək istəyi puçdur. Biz gənclərə ”Sən siyasətçi deyilsən, qarışma, bir kənarda dur” demirik. ”İrəli”də QHT sektorundan və ya dövlət strukturlarından olan məşhur mütəxəssislər gənclərə təlimlər, kurslar keçərək az öncə qeyd etdiyim sağlam düşünmək metodlarını aşılayır. Gənclərə ilk baxışda maraqlı, həyəcanlı görünən, mahiyyət etibariləsə onları uçuruma aparan işlərə qapılmamalarını, heç bir alternativi olmayan həyatlarını əslində boş, dəyərsiz bir şeyə sərf etmək kimi səhvlərə yol verməmələrini öyrətmək hər bir gənclər təşkilatının borcudur. Gənclər özləri də anlamadan coşğularına qapılıb siyasi qurbanlara çevrilə bilərlər. ”İrəli” kimlərinsə havadarlığı altında yox, kiçik qrantlarla fəaliyyət göstərən və illərdir layihələri, gördüyü işləri ilə ictimaiyyətin dəstəyini qazanan bir təşkilatdır. İctimaiyyətdə maraq doğuran, gənclərin problemlərini, maraq dairələrini əhatə edən layihələr həyata keçiririksə, bunun nəyi pidir ki? İşini bacarmayıb və yaxud adını gənclər təşkilatı qoyub başqa işlərlə məşğul olan təşkilatların bizim kimi irəlidə gedən, güvən qazanan təşkilatların işinə bu aspektdən yanaşmaqdan başqa əlacları yoxdur.

– Bütün gənclər təşkilatlarının yaxşı layihələri dəstəklənirmi, sizcə?

ü.Bəkirzadə:

– Layihə yazmaq, onun müvafiq yerlərdən dəstəyini qazanmaq tamam ayrı mövzudur və bunun öz yolları var. Bu bir növ piar işinin düzgün qurulması, problemlərin layihədə düzgün işıqlandırılması və sairə ilə əlaqədardır. Digər gənclər təşkilatlarının layihələrinin dəstəklənməsi onların idarələrlə, təşkilatlarla, fondlarla hansı səviyyədə iş qura bilməsindən asılıdır. ”İrəli”yə gəlincə, biz dəstəyi nümunəvi, təqdirəlayiq fəaliyyətimizlə qazanmışıq.

S.Heydərli:

– Sizin nizamnamənizdə konkret olaraq yazılıb ki, prezidentin kursunu müdafiə edirsiz. Siz bitərəf olduğunuzu iddia edə bilməzsiniz.

ü.Bəkirzadə:

– ”İrəli” bir neçə şəxsin təşəbbüsü ilə yaradılmış, fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. İkincisi isə digər təşkilatlarda olduğu kimi, mövqe seçmək ”İrəli”nin də hüququdur. Burada bitərəflikdən söhbət getmir, ”İrəli” heç kimin seçmək hüququna müdaxilə etmir. Biz gəncik və öz siyasi seçimlərimizi etməyimizdən normal heç nə yoxdur. ölkədə böyük bir kəsimin eyni kursu dəstəkləməsi dediyiniz görüntünü yaradır ki, bunu da bəziləri birmənalı qarşılamır. Seçki kompaniyası dövründə ”İrəli”nin başlatdığı ”İlhamla irəli” aksiyası isə ictimaiyyət nümayəndələri və gənclər arasında kifayət qədər dəstək qazandı.

– O zaman nədən digər siyasi mövqeləri dəstəkləyən gənclərə münasibətiniz, yumşaq desək, mənfidir? Niyə düşünürsünüz ki, siz tərəfdə olan gənclər sağlam düşüncəli və heç kimə siyasi alət olmayan gənclərdir, digər tərəfdə olanlarsa əksinə, düşüncələri sağlam deyil və onları zorla alətə çeviriblər.

ü.Bəkirzadə:

– Mən biz və onlar deyə bölgü aparmadım, ümumi gənclər adından danışdım. Söhbət istisnalardan və ya az sayda olan savadlı, hərtərəfli dünyagörüşlü gənclərdən getmir. çılğın, coşğulu gənclərin biliklərini, təcrübələrini artırmaq lazımdır ki, onlar daha əminliklə öz seçimlərini etsinlər. Gənclərə düzgün maarifləndirmə apardıqdan sonra seçim gəncin öz işidir. ”İrəli” təşkilatı gəncin harada və kiminlə olmasından asılı olmayaraq insani dəyərlərə sadiq bir vətəndaş istəyir. İrəli heç kimi qınamır, heç kimə seçimi ilə bağlı irad bildirmir və bunu ”İrəli”yə qarşı da etməyə heç kimin haqqı yoxdur.

A.Poladov:

– ülfət xanım, plastilindən düzəldilən oyuncaqlar heç vaxt özlərinin oyuncaq olduqlarını və kimlərsə tərəfindən idarə olunduqlarını bilmirlər. Demokratiya olmayan bir mühitdə demokratiya yaratmaq istəyi puçdur və bu heç kənardan da inandırıcı səslənmir.

ü.Bəkirzadə:

– Əslində, sizin dediyiniz məsələni hər kəsə aid etmək mümkündür. Məgər sən də mən düzəldilyim plastilindən düzəldilməmisən?

A.Poladov:

– Siz gənclik coşğusunun əleyhinəsiz.

ü.Bəkirzadə:

– Coşğunun yox, coşğuya qapılaraq atılan addımların yaratdığı fəsadların, səhvlərin əleyhinəyik. Gənclərin coşqusu olmasa cəmiyyətdə durğunluq yaranar, inkişaf durar.

F.Şahbazlı:

– Siyasi alət olmamaq o deməkdir ki, məsələn, ”İrəli” İctimai Birliyi maarifləndirmə kursları, gənclərin fəaliyyətlərinə dəstək layihələri həyata keçirməklə yanaşı onların kimlərinsə boş vədlərinə inanmalarını pisləyir.

– Kimlərdir ki, yalan vədlər verib gəncləri küyləyən?

F.Şahbazlı:

– 2003-cü ildə seçki ərəfəsində müxalifət partiyalarının gənclər təşkilatlarının ətrafında indikindən dəfələrlə çox gənc toplaşmışdı. 2010-cu ildə isə bu təşkilatlar aksiyalara 15 nəfər çıxara bilmirlər.

S.Heydərli:

– Hansı aksiyaları nəzərdə tutursuz?

F.Şahbazlı:

– Elə bu yaxınlarda ”İçərişəhər” metrosunun qarşısındakı aksiyaya çox az sayda gənc qatılmışdı.

S.Heydərli:

– Mənim onları müdafiə etmək fikrim yoxdur, amma sizin heç o aksiya barədə düzgün məlumatınız da yoxdur. Siz düz danışmırsız.

F.Şahbazlı:

– Bilirsizmi, irəli getmək istəyən perspektivli gənclərə real olmayan vədlər vermək özü bir iyrənclikdir. Amma ”İrəli” demir ki, gəl bizə üzv ol, səni gələcəkdə nazir edəcəyik. Eləcə də ”Dalğa”. Yəni layihələri ilə cəmiyyətə xeyir verən bir təşkilatın buna ehtiyacı da yoxdur. Amma meydan fəaliyyətinin, qaragüruhçuluğun dəstəklənəcək bir tərəfi yoxdur.

– Fərid bəy, başqalarının sadəcə vəzifə həvəsinə görə fəaliyyət göstərdiyini deyirsiz, amma yəqin ki, siz də sadəcə bekarçılıqdan ictimai fəaliyyətlə məşğul deyilsiniz. Hər kəsin, o cümlədən sizin də müəyyən yerlərə gəlmək iddianız var və bu çox normaldır. ”Gənc liderlər” – elə təkcə təşkilatınızın adında nə boyda ambisiya var.

F.Şahbazlı:

– Biz aksiyalara gedən gənclərin günahkar olduğunu demirik, onların nəyəsə etiraz etmələrindən normal heç nə ola bilməz, bu onların hüququdur. Ancaq müəyyən müddətdən sonra o gənclər anlamalıdırlar ki, onların məsələlərə o şəkildə yanaşması cəmiyyətə heç nə qazandırmır, əksinə, problem yaradır. ölkədə bu qədər proseslər gedir, hər bir işi qara rəngdə görmək onlara nə verir axı? Təhsilə, səhiyyəyə dövlət büdcəsindən əlavə vəsaitlər aylır.

S.Heydərli:

– Hansı əlavə vəsaitdən danışırsız? Azərbaycanın 138 min tələbəsindən yalnız 3 min nəfərinin xaricdə oxuması çox gülməli rəqəmdir. üstəlik, nələrəsə etiraz edən gənclərin cəmiyyət üçün hansı problemlər yaratdığını heç cür başa düşmək mümkün deyil. Əksinə, buna görə onların özlərinə problem yaradırlar və bu, böyük haqsızlıqdır.

F.Şahbazlı:

– Problem deyəndə onu nəzərdə tuturam ki, nəyin necə olduğunu tam anlamırsan və hər şeyi qara rəngdə görürsən. ölkədə bu qədər proseslər gedir. ölkə prezidentinin tələbələrin xaricdə təhsil almaları üçün sərəncamı var, 5 min tələbə bu yolla xaricidə təhsil alır.

S.Heydərli:

– 5 min yox, 3 min civarında. Siz statistikanı bilmirsiz, havadan iddialar edirsiz.

F.Şahbazlı:

– Azərbaycan Bolonya təhsil sisteminə keçib və bütün universitetlərdə təhsil proqramları Avropa ölkələrindəki proqramlara uyğunlaşdırılır, imtahanlar kompüter sistemi ilə verilir, bütün bunlar təhsilin inkişafına, tələbələrin xeyrinə olan məsələlərdir. ölkədə problemlər var və bunu heç kim inkar etmir. Amma demək ki, ölkə tamamilə batıb gedir, insanlar qırılır, bu, lap vicdansızlıq olardı. Nə var onu demək lazımdır, problemləri şişirtmək, qloballaşdırmaq çirkinlikdir.

– Universitetə daxil olmaq üçün neçə fənni repetitorlarla hazırlamısız?

F.Şahbazllı:

– Hamısını.

– Niyə?

F.Şahbazlı:

– çünki orta təhsilimizin səviyyəsi məni razı salmırdı. Bunu heç kim inkar etmir.

ü.Bəkirzadə:

– Hökumət şagirdlərin normal təhsil alması üçün müxtəlif yeniliklər tətbiq edir. 9 və 11-ci siniflərdə keçirilən mərkəzləşmiş imtahanlar şagirdlərdə oxumaq məsuliyyətini artırır. Axı hökumət kimə deyir ki, oxuma? Bəlkə oxuyanın kitabını əlindən alır və ya təhsil müəssisəsindən uzaqlaşdırır? Şagirdlər təhsil aldıqları müddətdə ancaq qiymət xətrinə oxuyurlar və ya heç oxumurlar, axır iki ildə də düşürlər əl-ayağa ki, mən universitetə girməliyəm. Yazıq valideyn də əlində olan beş-on manatı yeməyib aparıb verir müəllimə ki, ala 11 ilin təhsilini 2 ildə yerit uşağımın beyninə. Düzdür, çatışmazlıqlar da çoxdur, lakin onların həlli üçün iş də gedir.

S.Heydərli:

– 20 ildir guya işləyirsiniz, heç nə yoxdur ortada.

ü.Bəkirzadə:

– Görülən işləri nəzərə almırsız, açılan məktəbləri, aparılan islahatları sıfıra bərabər tutursunuz. Keçdiyimiz ağır dönəmlərdən xalqın bu vəziyyətdə çıxması özlüyündə böyük işdir. Sistem dəyişikliyi, bir milyona yaxın qaçqın və məcburi köçkün faktoru kimi ağır vəziyyətdən indiki vəziyyətə gəlməyimizi sıfır hesab edirsinizsə, görülən işləri sizə izah etməyin anlamı yoxdur.

S.Heydərli:

– Gürcüstan da bizim kimi hər bir şeyi təzədən qurmalı oldu və bu ölkənin idxal məhsulu adına mandarindən başqa heç nəyi yoxdur. Bizim neftimiz dünya bazarını idarə etdiyi halda fərqimizə baxın. Gənclərin təhsil səviyyəsinə, ölkənin idarəçiliyinə, korrupsiyanın həcminə görə yerlə göy qədər fərq var Azərbaycanla Gürcüstan arasında.

F.Şahbazlı:

– Problemləri heç kim inkar etmir, əsas odur ki, onların həllinə siyasi maraq göstərilir. Faciə o zaman olardı ki, problemlər başlı-başına buraxılardı. Bu gün biz oturub ancaq problemlərin həlli ilə məşğul olsaq, inkişaf, yenilik olmaz.

S.Heydərli:

– Problemlər həllini tapmadan hansı yenilikdən, inkişafdan danışmaq olar axı?

F.Şahbazlı:

– Təhsilin yeni sistemə keçməsi, dərs günlərinin azaldılması buna əyani misaldır. Gənclərin asudə vaxtının artırılması göstərir ki, Azərbaycan hakimiyyəti gənclərin ictimai fəallığının artmasını istəyir.

– Problemlərin həlli ilə məşğul olmaq elə inkişafa xidmət etmək demək deyil ki?

F.Şahbazlı:

– Problemlərin həllinə qapılıb bir yerdə saymaqdan gedir söhbət. Müxalif fikirli olanlar deyirlər ki, ancaq problemlər barədə düşünün və onların həlli ilə məşğul olun. Düzdür, problemi həll etmədən uğur qazanmaq olmaz. Təbii ki, bu istiqamətdə işlər gedir və getməlidir. Amma orta təhsildə problemlərin aradan qaldırılması bir qədər uzanırsa, biz ali təhsildə yeniliklər etməməliyik ki?

S.Heydərli:

– Niyə alınmır axı?

F.Şahbazlı:

– Ola bilər də, işdir. Azərbaycan təhsil sistemində çalışanların əksəriyyəti kommunist fikirlilərdir. Yaxud kimsə kiminsə qohumudur, ona güzəştə gedilir və sair. Bunların hamısına ölkə rəhbərliyi səviyyəsində etiraz edilir. Bəyəm ölkə rəhbərliyi deyir ki, get rüşvət yığ, gətir mənə ver?

S.Heydərli:

– Əgər ”yuxarılar” rüşvət alıb-verməsə, ”aşağı”dakı kiçik məmurlar rüşvətin adını belə çəkməyə çəkinərlər. Bunlar hamısı sistemli şəkildə həyata keçirilir, siz özünüz nəyin necə baş verdiyini yaxşı bilirsiz.

– Fərid bəy, bir az da öz təşkilatınızın fəaliyyətindən danışın – siz nə iş görürsüz və hansı uğurlarınız var?

F.Şahbazlı:

– Dörd il ərzində layihələrimiz 6 universiteti və 40-dan çox məktəbi əhatə edib. Təşkilatımızın 600-dən çox üzvü var. Hazırda eyni zamanda iki layihə icra olunur. Biri ”Qarabağ müzakirələri” adlı layihədir. ölkənin əksər universitet və məktəbində Dağlıq Qarabağ müharibəsi və onun həlli ilə bağlı gənclər arasında müzakirələr təşkil edirik. Bu müzakirələrdə hətta hökumətin siyasətini dəstəkləməyən gənclərin ən kəskin çağırışları da olur. Bu layihə 2010-cu ilin sentyabrına kimi davam edəcək və sonda biz ölkə gənclərinin ümumi fikriylə bağlı prezidentə müraciət edəcəyik. İkinci isə Mətbuat Şurasının dəstəyi ilə keçirilən ”Gənc jurnalistlər klubu” layihəsidir. Azərbaycanın müxalifətli-iqtidarlı bütün qəzet redaktorları, media ekspertləri jurnalistikaya marağı olan gənclərə təlimlər keçirlər. Eyni zamanda, biz klubda olan gənclərin müxtəlif dövlət orqanlarında təlim keçməsini təmin edirik. Artıq Milli Məclisdə və bir çox nazirlikdə belə təlimlər olub. Layihənin əsas faydası odur ki, klubda olan 25 gəncdən bir neçəsinin imzası tanınmağa başlayır və bu, həm də Azərbaycan mediasına töhfədir. İndiyə qədər biz üç gəncimizi Rumıniya, çexiya və Türkiyəyə əhəmiyyətli beynəlxalq görüşlərə də göndərmişik. Məqsəd gənclərin beynəlxalq əlaqələrini genişləndirmək və öz mövqelərini çatdırmaqdır. Bundan başqa, biz Azərbaycanda ilk dəfə olaraq Dövlət Yol Polisi ilə birgə ” Diqqət, piyada var” kampaniyasının əsasını qoyduq. İndi bu layihəni Daxili İşlər Nazirliyi müstəqil həyata keçirir. ”Liderlik məktəbi” layihəsinin isə artıq üç buraxılışı olub. Biz bu layihədə toplaşan gənclərin siyasətə, iqtisadiyyata, mədəniyyətə olan maraqlarına dəstək verir, onları bu sahələrin məsul şəxsləri ilə görüşdürürük. Həm müxalif, həm də iqtidar yönümlü millət vəkilləri ilə də gənclərin görüşləri keçirilir. Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev və başqa şəxslərin də gənclərlə görüşü olub. Klubun üzvü olan gənclər arasında kifayət qədər açıq sözlü, öz sözünü deməyi bacaran, məktəb direktorunun belə hesablaşdığı gənclər var. Təşkilatımız 21 məktəbi əhatə edən ”Bakı məktəbləri parlamenti” layihəsini də həyata keçirir. Bizim iştirakımızla həmin məktəblərdə şagirdlərin hüququnu pozan müəllimlər müzakirəyə çıxarılıb. Biz uşaqlarda idarəçilik qabiliyyətinin yaranmasına dəstək oluruq. Yaratdığımız uşaq parlamenti bir növ indiki Milli Məclisin kiçik variantı idi. Layihənin icrası zamanı seçdiyimiz üç məktəbdən birində prezident idarəçiliyi, o birində parlament idarəçiliyi, digərində isə Nazirlər Kabineti modelini yaratdıq. Bir gün ərzində məktəbi prezident, spiker və yaxud nazir olaraq idarə edən məktəblilər bütün problemlərin həllinə birbaşa özləri qərar verdilər. Biz şagirdlərə o qədər səlahiyyət vermişdik ki, direktorlar bir günlük belə buna dözə bilmədilər. Məsələn, 47 saylı məktəbdə parlament modeli tətbiq edilmişdi və iclas zamanı şagirdlər 3 müəllimə şəxsi işlərinə salınmaqla töhmət vermişdilər. Layihə Təhsil Nazirliyi ilə razılaşdırıldığı üçün aldıqları töhmət müəllimlərin şəxsi işlərinə də salınmışdı və bütün bunlar mətbuat işçilərinin iştirakı ilə həyata keçirilmişdi.

– Amma nə üçünsə bu önəmli layihəni dayandırmısız…

F.Şahbazlı:

– çünki layihənin əhatə etdiyi 21 məktəbin direktorları arasında intriqa yarandı və işimizin icrasına mənfi təsirlər oldu. Yəni layihəni birgə işlədiyimiz Bakı Şəhər Təhsil İdarəsindən bir çox xahişlər gəlirdi və nəticədə ədalətsizlik yaranırdı. Azərbaycanda siyasətdə necədirsə, ictimai sferada da elədir. Hərə öz intriqasını, marağını ortaya qoyur və iş yaddan çıxır. Birgə iş görmək mümkün deyil, bunda həm müxalifətin, həm də iqtidarın payı var. Bu, Azərbaycan insanın təfəkküründən irəli gəlir, biz hələ buna hazır deyilik.

S.Heydərli:

– Azərbaycan insanının təfəkkürü deyib xalqı alçaltmayın. Xalq bunu bacarmır-etmir deyib onu aşağılamaq lazım deyil, xalq bütün bunları bacarar. Sadəcə, xalqı hazırlamaq lazımdır. özün bacarmayanda kütləni günahkar çıxarmaq ən asan yoldur.

– Ədalətsizlik yaranırdı dediz, Fərid bəy, hansı maneələrlə üzləşirdiz ki?

– Layihə nəzdində yaradılan məktəb departamentlər vardı və 10 nəfərlə təmsil olunan bəzi məktəblərdən heç bir nəfər də departament sədri olmadığı halda digər məktəblərdən bir neçə nəfəri bu postları tuturdu. Əslində, bu, normal idi, çünki nəticəni seçkilər müəyyənləşdirirdi. Amma biz işlərin gedişini Təhsil Nazirliyinə məruzə etdiyimiz üçün məktəblərdə istər-istəməz narahatlıqlar yaranırdı. Bəzən elə insanlardan xahişlər gəlirdi ki, imtina etmək olmurdu. Ona görə də kollektiv şəkildə qərar verdik ki, layihə dayandırılsın. Bu ildən etibarən fəaliyyətimiz regionlara da keçib. çalışırıq bu təcrübəni bölgələrimizdə tətbiq edək. çünki buna ən çox regionlarda ehtiyac var.

-Qarabağla bağlı layihəniz var dediz. Azərbaycana sərf etməyən sülh sazişinə təşkilat olaraq necə reaksiya verərsiz?

F.Şahbazlı:

– Proseslərin gedişi göstərir ki, heç bir şey Azərbaycanın əleyhinə olmayacaq. Şübhəsiz, torpaqlarımız uğrunda vuruşmağa hazırıq. Bu gün münaqişənin sülh yolu ilə həllinə ümidlər ölməyib və şəxsən mən Azərbaycan gənclərinin müharibə etməyə hazır olmadığını düşünürəm. Düzdür, prezident müharibəylə bağlı əmr verdikdə hamı gedəcək, lakin psixoloji cəhətdən bizim müharibəyə hazırlığımız yoxdur. Bu gün kimə mikrofon uzadırlar, deyir ki, mən müharibəyə gedərəm. Lakin gənclər öz aralarında başqa cür danışırlar, müharibə istəmədiklərini deyirlər. Bu bizi narahat etməlidir.

S.Heydərli:

– Bu o deməkdir ki, cəmiyyət Qarabağ problemini ən önəmli problem olaraq qavramır. çünki insanların dolanışıq və insaniyyət problemi var.

F.Şahbazlı:

– Xeyr, insanların özünü dərk etmək problemi var. Heç bir sosial problem bu kimi məsələlərin önünə keçəcək qədər vacib deyil.

S.Heydərli:

– ölkədə ideologiya yoxdur və gənclər nəyə görə yaşadıqlarını bilmirlər. Başı çörəkpulu qazanmağa, yaşadığı evin kirayəsini ödəməyə qarışıb.

– Ağarəhim bəy, ”Dalğa” daha dalğalanmır, deyəsən. Səsiniz gəlmir.

A.Poladov:

– ”Dalğa”nın dalğalanmasını cəmiyyət bir az fərqli qəbul edir. Fəaliyyətimizi ancaq radikal fikirlərdə, hay-küylü aksiyalarla görməyə çalışırlar. Amma son vaxtlarda biz bir az dəyişdik, daha sivil mübarizə üsulunu seçdik.

– Sizin yerdə oturub qəzet oxumaq və ya Rəsulzadənin heykəli qoyulmalı olan yerdə onun şəkillərini tutub durmaq kimi aksiyalarınız var idi. Məgər onlar radikal idi?

A.Poladov:

– Biz heç bir aksiyanın əleyhinə deyilik. Hər bir aksiya vacibdir, hərəsinin öz yeri var. Sadəcə, biz aksiyalarımıza yaradıcılıq qatmaq fikrinə gəldik. Məsələn, bu il Məmmədəmin Rəsulzadə aksiyasına daha pozitiv yanaşdıq. Rəsulzadə küçəsindən keçən, onun heykəli əvəzinə göbələyəbənzər fontanın qoyulduğu parkda əyləşən insanlara kökə paylayaraq onları demokratiyanın ad günü münasibəti ilə təbrik etdik. Dedik ki, bu gün Məmmədəmin Rəsulzadənin ad günüdür və məhz bu gün Azərbaycana demokratiya gəlib.

– Bu, daha sivil, yoxsa daha təhlükəsiz variantdır?

A.Poladov:

– Bu, həm təhlükəsizlik baxımından, həm də insanların diqqətini fərqli yolla cəlb etmək baxımından yaxşı variantdır. İnsanlar pozitiv olan, yaradıcı işlərə daha tez yönəlirlər. Məqsədlər eyni qalıb, sadəcə taktikamızı dəyişmişik. Məsələn, bir az əvvəl Yer günü ilə bağlı aksiya keçirdik – qlobusu qucaqladıq, sığalladıq, bir-birimizə ötürdük və sonra da onu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verdik.

– İndi nə işlə məşğulsuz?

A.Poladov:

– ”Dalğa” yenə də tələbələrin hüquqlarını müdafiə edir. Demokratiya məktəbi davam edir, artıq bu il bu məktəbi 3-cü yüz nəfər bitirəcək. ”Demokratiya məktəbi” layihəsi çərçivəsində eyni adlı məktəb təsis olunub, həftədə bir dəfə demokratik vətəndaşlıq mövzularında kurslar təşkil olunur. Layihənin məqsədi Azərbaycan gəncliyinə demokratiya konsepsiyasını izah etməkdir. Buna demokratik vətəndaşlıq üzrə maarifləndirmə də demək olar. Burda ictimai xadimlər, politoloqlar, hüquqşünaslar, millət vəkilləri, filosoflar tələbələrə dərs keçirlər. Bundan əlavə, biz həmin kursu müvəffəqiyyətlə keçmiş, aktivliyi ilə fərqlənən gənclərə də həmin kursda digər gənclərlə öz təcrübəsini bölüşmək şansını tanıdırıq. Bu, çox önəmli addımdır, gənc özü hələ tələbə olduğu halda kiminsə həyatında müsbət iz qoymağın önəmini anlayır. çalışırıq ki, tələbələr demokratiyanın nə olduğunu öz dərilərində hiss etsinlər. Tələbələr seçdiyi dərslər üzrə bilik əldə edirlər və onlara verilən diplomun üzərində ABŞ səfirliyi, Avropa Evi, Avropa Şurası, ATƏT, NATO, Norveç səfirliyi, Links, Sülh və Demokratiya İnstitutu, Helsinki Vətəndaş Assambleyası, ”Transparency İnternational” və Böyük Britaniya səfirliyinin rəyi öz əksini tapır.

ü.Bəkirzadə:

– İndiki ”Dalğa”ya baxdıqda bir çox gənclərə elə gəlir ki, ya Dalğanın məsələlərə baxış bucağı, ya da onun gördüyü mənzərə dəyişib. Dəyişən bunların hansıdır?

A.Poladov:

– Yox, indiki seçimimiz o demək deyil ki, ”Dalğa” daha əvvəlki aksiyaları keçirməyəcək, şüarlar səsləndirməyəcək. Xeyr, sabah elə bir məsələyə etiraz edə bilərik ki, ona yaradıcı yanaşmaq qeyri-mümkün olar. Sadəcə, indi aksiyaları insanların diqqətini daha çox cəlb edəcək, yadlarında qalacaq şəkildə keçiririk. Bizim etiraz aksiyaları olaraq tamaşalar, tədbirlər keçirmək planımız var.

– Sədriniz Rahim Mahmudzadə seçiləndən bir həftə sonra istefa verdi. Nə səbəb oldu buna?

A.Poladov:

– Təhsil aldığı universitetin və ailəsinin təzyiqləri. Əslində, Rahimin sədrlikdən getməsi yox, ona təzyiqlərin olması diqqət çəkməlidir. Ona görə biz artıq sədr seçmirik və qərarlarımızı dəyirmi masa prinsipiylə veririk.

– Niyə? Daha sədr olmaq istəyən və ya bunu bacara biləsi biri yoxdur aranızda?

– Düşündük ki, on nəfərə təzyiq etmək bir nəfərin üstünə düşməkdən çətin olar. Hələ ki, elə də ciddi təzyiqlərlə üzləşməmişik və fəaliyyətimizi davam etdiririk.

– Samir bəy, sizin təşkilat hansı işləri görür?

S.Turan:

– Müxtəlif ölkələrdə yaşayan azərbaycanlı, türk gəncləri ideoloji olaraq bir araya toplamaq üçün ayrı-ayrı ölkələrdə tədbirlər təşkil edirik. Bununla yanaşı, tez-tez virtual iclaslar da keçiririk. Gəncləri ”Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” ideyası ətrafında toplayırıq. İnternetin yaratdığı imkanlardan istifadə edərək istər güney, istərsə də quzey Azərbaycanda baş verən hadisələri dünyaya çatdırırıq. 62 ölkədə nümayəndəliyimiz var. Müxtəlif səbəblərdən bəzi yerlərdə fəaliyyətimizdə durğunluqlar da olur. Məsələn, çində nümayəndəliyimizi açdıqdan sonra 20 Yanvarla bağlı keçirdiyimiz tədbirdə ruslar nümayəndələrimizi döymüşdülər. Bu kimi səbəblərdən bir çox ölkələrdə gənclər fəal olmağa çəkinirlər. çünki ermənilər xarici ölkələrdə bizimkilərə çox təzyiq edirlər. İsveçdə bir neçə azərbaycanlı gənci bıçaqladılar, amma diaspor bu hadisəni böyütmədi. çünki gənclərdə qorxu yaranır və onlar bizim tədbirlərə qatılmaqdan çəkinirlər. İki il ərzində 100 ölkədə təşkilatlanmaq məqsədi qoymuşduq qarşımıza, ancaq təəssüf ki, ötən ilin sonuna qədər bunu çatdıra bilmədik. çünki digər ölkələrdə azərbaycanlılar ya çox azdırlar, ya da onlarla əlaqə saxlamaq olduqca çətindir.

– O döyülmə hadisəsindən sonra Cindəki nümayəndəliyinizi qapatdız, yoxsa fəaliyyət göstərir hələ?

– Yox, qapatmadıq. Əksinə, o ölkədə konkret ugurlarımız oldu. çin universitetlərin birində erməni ər-arvad vardı, tanınmış professorlardı. Orda onlar hər il qondarma soyqırımı qeyd edirdilər. Həmin universitetdə təhsil almağa yönləndirdiyimiz azərbaycanlı tələbə universitetin elmi kollektivini bunun yalan olduğuna inandıra bildi. Bizim də bir neçə dəfə çinə səfərlərimiz oldu və nəticədə biz bütün universitetin mövqeyini dəyişə bildik. Düzdür, tələbəyə təzyiqlər oldu, səfirlik onu öz qoruması altına aldı, amma insanlar illərdir aldandıqlarını gördülər. Bildilər ki, o ər-arvad yardım adıyla topladıqları vəsaitləri mənimsəyirlərmiş. Sonra onların ikisini də infarkt vurdu, Pekindən uzaqlaşdılar. Biz isə hər il həmin universitetin dəstəyi ilə orda Şuşanın işğalı gününü qeyd edirik.

– Bütöv Azərbaycan ideyası sizin prioritetləriniz arasında neçənci yerdə durur?

S.Turan:

– Əslində bizim üçün Güney Azərbaycanın istiqlalı ideyası daha önəmlidir. Biz Güney Azərbaycanı əsarətdən qurtarmamış belə bir birləşmə mümkün deyil. Biz üzərindən xeyli vaxt ötmüş, hüquqi qüvvədən düşmüş Gülüstan və Türkmənçay müqavilələri nəticəsində bölünmüş Güney və Quzey Azərbaycanın birləşməli olduğunu insanlara çatdırırıq. Bu çağırışla bir çox tədbirlərimiz olur və xarici ölkələrdən gələn nümayəndələrə bu məsələlərin tarixi kökləri izah edilir. Türkiyədə, Fransada, Kanadada, İsveçdə də belə tədbirlər keçiririk. Bundan başqa, müqaviləyə əsasən İrəvanın Ermənistana verilmə tarixinin başa çatdığı ildə ”İrəvana qayıdış” adlı aksiya başlatmışıq və internet vasitəsilə yayırıq. Bu istiqamətdə fəaliyyətimizi Ermənistan cəmiyyəti çox narahatlıqla qarşılayırlar. Hətta Ermənistandan bəzi şəxslər bizə bildiriblər ki, biz bu qədərini gözləmirdik. Bizə daim bu torpaqların öz tarixi torpaqlarımız olduqlarını dedikləri halda siz qarşımıza müqavilələrlə, faktlarla çıxırsınız. Bundan başqa, biz digər gənclər təşkilatlarının keçirdiyi tədbirlərdə iştirak edirik. Bizim onlara təqdim etdiyimiz informasiyalar çox önəmlidir və fərqlidir. Azərbaycanda ideoloji və siyasi xətlərin oturuşmadığı indiki məqamda gənclərimiz bizim təqdim etdiyimiz dünya təcrübəsindən yararlanırlar.

– Siz hansı ideoloji və siyasi xətti təbliğ edirsiz gənclərə?

S.Turan:

– Millətçi demokratiyanı. Yəni bir xalq özü-özünü dərk etmədən heç nəyə nail ola bilməz. İnsan yaşadığı coğrafiyanı, mənsub olduğu milləti, dəyərlərini, mentalitetini qavramalıdır. Biz ən yaxşı örnək olaraq Əbülfəz Elçibəyin, Məmmədəmin Rəsulzadənin sistemini götürməyin tərəfdarıyıq. Onlar demokratiyanı idxal etməyiblər, onlar millətci demokratiya qurublar və bunu ixrac etməyə çalışıblar. Millətçi demokrat özü etnik ola bilər. Məsələn, milliyətcə talış olan Azərbaycan vətəndaşı bu ölkənin bayrağını qəbul edirsə, rəmzi türkçülüyü də, bayrağımızda əks olunan millətçi demokratiya ideologiyasını da qəbul etmiş olur.

– Bir millətin başqa milli kimliyi qəbul eləməsi hətta idealda da mümkün olası iş deyil, Samir bəy, gəlin özümüzü aldatmayaq.

A.Poladlı:

– Müəyyən xalqlarda toplumculuq hərəkatı öz millətini tanımaqla başlayır. Amma millətçilik o ana qədər davam edir ki, artıq sənin özünü müdafiə etməyinə ehtiyacın qalmır. Bu məqamdan sonra artıq tam demokratiyadan söhbət getməli, millətçilik ikinci plana keçməlidir.

S.Heydərli:

– Kimə xeyir verib axı millətçi demokratiya? Bütünlüklə faşizmdir.

– Sonda hər biriniz öz fəaliyyətinizə qiymət verin, lütfən.

F.Şahbazlı:

– Şəxsən öz adımızdan deyirəm ki, imkanlarımız daxilində bir çox işlər görməyə cəhd etmişik. Görülən işlər ortadadır, görə biləcəyimiz, lakin obyektiv və subyektiv səbəblərdən görmədiyimiz işlər də mövcuddur. Olan ehtiyacları qarşılayacaq qədər işləməmişik. Amma qeydiyyatdan keçmiş digər gənclər təşkilatları ilə müqayisədə fəaliyyətimizi qənaətbəxş hesab eləmək olar.

ü.Bəkirzadə:

– Hər bir fəaliyyətdə çatışmazlıqların olması qaçılmazdır. Bu gün səmərə varən layihələrlə yanaşı, gələcəkdə öz effektini daha çox göstərəcək layihələrə imza atmaq da böyük uğurdur. Bu gün gələcəkdə nəyəsə nail olmaq üçün ilk addımları atırıqsa və bu ilk zamanlarda özünü daha qabarıq büruzə vermirsə, gördüyün iş səmərəsizdir deyib keçmək də düzgün olmazdı. Cəhd etmək qələbənin yarısı deməkdir. Azərbaycan gəncliyinin daha da irəli getməsi üçün ”İrəli” öz töhfələrini əsirgəmir.

S.Turan:

– Dünya Azərbaycanlıları Konqresi sonuncu qurultayından sonra fəaliyyətində 70 faiz gənclərə üstünlük verməyə başladı. DAK-da fəaliyyət göstərən gənclər bizim təşkilatda yetişdikləri üçün bunu bizim ugurumuz olaraq qiymətləndiririk. Bu gün bizim təşkilatın əhatə etdiyi 62 ölkə kiçik miqyas deyil və bunun özü böyük iş tələb edir. Fəaliyyətimizdə qane etməyən ən mühüm məqam Dərbənddə və Güney Azərbaycanda nümayəndəlik aça bilməməyimizdir. çünki buna imkan yaradılmır, icazə yoxdur.

A.Poladov:

– Keçirdiyimiz hər hansı aksiya, tədbir bizi tam qane etmir. Bizə göstərilən təzyiqlərsə bizə əlavə stimul verir. Məqsədimiz divarı sındırıb önə keçmək yox, o divarı aşmaq, həm də daha loyal yollarla aşmaqdır.

S.Heydərli:

– Bizim təşkilat cəmi bir aydı yaranıb deyə işimizə qiymət verə bilməyəcəm. Amma son söz olaraq demək istəyirəm ki, həqiqətən də ölkədə problemlər var və onlarla ciddi məşğul olmaq lazımdır. Əgər Azərbaycanda 9 yaşlı bir qız intihar edirsə, 6 gəncimiz siyasi fəaliyyətlərinə görə həbsdədirlərsə, abituriyentlərin ancaq 40%-i ali məktəblərə daxil ola bilirsə, gənclərin maddi vəziyyəti acınacaqlıdırsa, müharibə vəziyyəti olmadan orduda kütləvi ölümlər, öldürmələr baş verirsə, deməli, durum ona ciddi yanaşılacaq qədər ağırdır. / ALYA, ülkər BƏKİRLİ /

Debatı aşağıdakı linklərə daxil olmaqla da oxuya bilərsiniz:

http://www.mediaforum.az/articles.php?lang=az&page=04&article_id=20100512040314904

http://www.mediaforum.az/articles.php?lang=az&page=04&article_id=20100512050708459

Həmçinin bax!

ejdertagizade-1

DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin “Olaylar”a müsahibəsi

“Tehran rejimi Azərbaycan dövlətinin varlığını həzm edə bilmir”“İran adlanan yerdə azərbaycanlılar zindana atılır, haqsız insanlar ...

Kommentera