Ev / İnformasiya / Mətbuat konfransları / DAK Gənclər Təşkilatı Azərbaycanın parçalanmasına həsr olunmuş konfrans keçirdi

DAK Gənclər Təşkilatı Azərbaycanın parçalanmasına həsr olunmuş konfrans keçirdi

ImageBu gün Azərbaycan Atatürk Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının (DAK GT) təşəbbüsü və təşkilatçılığı ilə ”Parçalanmış Xalq” və ”Azərbaycanı iki hissəyə – Quzeyə və Güneyə parçalayan Gülüstan və Türkmənçay müqaviləsinin öz hüquqi qüvvəsini itirməsi” mövzularında konfrans keçirildi. Tədbiri DAK GT-nin sədri Samir Turan açaraq bildirdi ki, məhz 195 il bundan əvvəl, yəni 10 fevral 1813-cü ildə Gülüstan və 180 il bundan əvvəl, yəni 13 oktyabr 1828-ci ildə çar Rusiyası və Qacar Türk dövləti arasında bölüşdürüldü. Bununla da Bütöv Azərbaycanın parçalanmasının əsası qoyuldu. Sonrakı əsrlərdə çar Rusyasının varisləri Dərbəndi özünə, Borçalını gürcülərə, İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz kimi ərazilərimizi ermənilərə verdi: ”Nəticədə Azərbaycan torpaqlarının hesabına Ermənistan adlandırılan dövlət yaradıldı. Qacar Türk dövlətini devirərək hakimiyyətə gələn farslar 280 min kvadratkilometr əraziyə malik Güney Azərbaycanı müxtəlif hissələrə parçaladılar. Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan vilayətləri yaradıldı. Bəzi şəhər, qəsəbə və kəndlərimiz müxtəlif əyalətlərin ərazisinə qatıldı. Onların adları sürətlə farslaşdırılmağa başlandı. Gülüstan və Türkmənçay müqavilələrinə gəldikdə isə hər iki sənəd beynəlxalq qanunlara zidd olduğundan, yalnız çar Rusiyası və Qacar Türk dövlətinin maraqlarını əks etdirdiyindən, bir dövlətin ərazisini parçalamaq, bölüşdürmək məqsədi daşıdığından hüquqi qüvvəsini itirmiş sayılır”.

Bundan sonra Samir Turan çıxış etmək üçün sözü DAK həmsədri Sabir Rüstəmxanlıya verdi. O bildirdi ki, gənclər son dərəcə mühüm olan bir məsələni müzakirəyə çıxarıblar. çünki Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanı iki yerə parçaladı, bunun nəticəsi olaraq İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz ermənilərə verilərək Azərbaycan torpaqlarının hesabına Ermənistan dövləti quruldu, eyni zamanda parçalanmanın əsası qoyulduğu 200 il ərzində bu millətin başına olmazın bəlalar gətirilib: ”Bu millətin adı, kimliyi dəyişdirilir, gah adımıza tatar, gah türk, gah da azərbaycanlı deyilir. 1915-1918-ci illərdə Quzey və Güney Azərbaycanda, Türkiyədə soyqırım həyata keçirildi, 1937-ci ildə repressiyaya məruz qaldıq. Güney Azərbaycanda isə İran adlanan yerdə Qacar türk dövlətini devirərək hakimiyyəti ələ keçirən farslar 35 milyondan artıq millətin kimliyini unutdurmağa, onları farslaşdırmağa başladılar. Onların ana dilində məktəbləri yoxdur, ən cüzi insan hüquqları belə əllərindən alınıb. Ancaq 150 min erməninin bütün hüquqları tanınıb. Bunu fars başbilənlərinə sual edəndə ermənilərin etnik azlıq olduğunu, Azərbaycan türklərinin isə din qardaşları olduğu cavabını verirlər. Halbuki farslar özləri iran adlanan yerə gəlmədirlər. Bunu sübuta yetirən alimi öz evində qətlə yetirdilər. Ancaq 35 milyonluq milləti əzmək olmaz”. DAK həmsədri qeyd etdi ki, hazırda Güney Azərbaycan türklərinə məxsus hər bir şey dünya ictimaiyyətinə Persia adı altında təqdim olunur: ”Bu günlərdə DAK rəhbərliyi ABŞ-a səfər etmişdi. Biz Konqresdə, Dövlət Departamentində, BMT-də, müxtəlif dairələrdə görüşlər keçirdik və onlara Azərbaycanın parcalanmasıyla bağlı hazırladığımız sənədləri təqdim etdik”.
Daha sonra DAK GT sədrinin müavini Əhməd Qocalı ”Parçalanmış xalq” adlı hazırladığı slaydı ictimaiyyətə təqdim etdi. Slaydda XVIII, XiX əsrdəki Azərbaycan xəritələri, Gülüstan müqaviləsinə əsasən, çar Rusiyası ilə Qacar türk dövləti arasında Azərbaycanın bölüşdürülməsini əks etdirən maddələr, acınacaqlı taleyə səbəb olan Araz çayı və onun hər iki sahilində soydaşlarımızın birləşmək istəyini göstərən həqiqi şəkillər, eyni zamanda Azərbaycan Demokratik Cümhuriyyətinin xəritəsi, onun qurucularının şəkilləri, Güney Azərbaycanın tanınmış ictimai xadimləri, gənclərin Azərbaycanı bütöv şəkildə görmək arzusunu əks etdirən xəritə və sonda ”Biz buna layiq deyilik” harayı öz əksini tapıb.

Əslən Güney Azərbaycandan olan Günsoy hər kəsi ərazisi 410 min kvadratkilometr olan Bütöv Azərbaycandan salamlamaq istədiyini, amma çox təəssüflər olsun ki, salamı zaman-zaman qonşuları tərəfindən paramparça edilmiş, didim-didim didilmiş Güneysiz, Qarabağsız, Dərbəndsiz, Borçalısız 69.05 min kvadratkilometr ərazisi olan Azərbaycandan verdiyini qeyd etdi: ”1804-ci ildə işğalçı çar Rusiyası ilə Qacar dövləti arasında Azərbaycan torpaqları uğrunda savaş başladı. Bu savaş 1813-cü ilə kimi davam etdi. Savaşda çar Rusiyasi qalib gəldi və tərəflər sülh imzalamaq qərarına gəldilər. Uzun sürən danışıqlardan sonra 1813-cü ilin 12 oktyabrında Azərbaycan tarixinə qara hərflərlə yazılmış Gülüstan ”sülhü” imzalandı. Müqaviləni Rusiya tərəfindən Qafqazdakı rus qoşunlarının baş komandanı Rtişşev, Qacarlar tərəfindən isə Mirzə Əbülhəsən xan imzaladı. Müqavilə 11 maddədən ibarət idi. Müqaviləyə əsasən, Azərbaycan torpaqları iki hissəyə bölündü. Araz çayı sərhəd oldu. Azərbaycanın Şimalı Rusiyaya, Naxçıvan və İrəvan da daxil olmaqla Cənubu Qacarlara qaldı. Beləliklə, bu qansızlar, vicdnsız cəlladlar millətimin, xalqımın ah-nalə etməsinə, fəryad qoparmasına məhəl qoymadan böldülər Azərbaycanımı, böldülər bu Vətəni. Gülüstan müqaviləsi dünya tarixində başqa millətin torpaqlarının bölüşdürülməsi üçün bağlanmış ilk zorakı müqavilələrdən biri və bəlkə də birincisi idi. Görəsən, bu mənfur müqaviləyə qol atarkən bir xalqın tarixi faciəsinə qol atdıqlarını bir an da olsa düşündülərmi bu vicdansızlar? Əlbəttə ki, bu qansızlar müqaviləyə göz yummadan imza atıblar. Axı aralarında ata malı kimi böldükləri bu torpaqlar özlərininki deyil. Axı bu millət öz millətləri deyil ki, dərdinə acıyaydılar. Bu bölgüylə ürəkləri soyumayan, gözləri doymayan alçaqlar 1826-cı ildə yenidən Azərbaycan torpaqları uğrunda mübarizəyə başladılar. Bu savaş 1828-ci ilin yanvar-fevral ayında çar Rusiyasının qalibiyyəti ilə sona çatdı. Qısa sürən danışıqlardan sonra 1828-ci ilin 10 fevralında tərəflər arasında Türkmənçay kəndində yeni müqavilə imzalandı. Bu müqavilə 16 maddədən ibarət idi. Müqaviləyə əsasən, Cənubi Azərbaycan Qacarlara, Naxçıvan və İrəvan da daxil olmaqla Şimali Azərbaycan Rusiyaya qaldı. Vətənim bölündü, Xalqımın bu günə qədər davam edən faciəsi başladı. Müqavilənin 3-cü bəndində deyilirdi: ”İran şahı öz adından və varisləri adından Arazın o tayı və bu tayı üzrə İrəvan və Naxçıvan xanlıqlarını Rusiya imperiyasının tam mülkiyyətinə güzəştə gedir”. Bu maddədən belə görünür ki, guya İrəvan, Naxçıvan İran şahının öz dədə-baba torpağıdır, onlarında halallığını Rusiyaya verir. Bu vicdansız ağa yəqin bilir ki, torpaqdan pay olmaz. Amma bu torpaq onun öz torpağı deyil axı onun halallığını verərkən bu cəlladın ruhu incisin, qəlbi param-parça olsun bizim kimi. Görəsən, bu topasaqqal ağa bu yurdun, bu vətənin Babək, Koroğlu yurdu olduğunu bilirdimi? Bu yurdun zaman-zaman igidlər, qəhrəmanlar yurdu olduğunu bilirdimi? Bəlkə də bu əsrin öz Koroğlusu gecikmişdi bir az. Beləliklə, Türkmənçay ”sülhü” ilə Azərbaycan torpaqlarının bölüşdürülməsi başa çatdı, bir Vətən iki yerə parçalandı. O gündən Güney, Quzey terminləri xalqın dilində tez-tez işlədilməyə başladı. O gündən bacı qardaşa, ana balaya, ata oğula həsrət qaldı. O gündən Vətənimizin ortasında tikanlı məftilə dolaşırıq. Deyirlər o günü təbiət belə Millətimin, Xalqımın bu faciəsinə fəryad qoparıb, yas saxlayıbmış. Bəli o gün bütün igidlərimin ruhu fəryad qoparmış, ah-nalə etmişdilər əlbət. Axı bu vətən uğrunda canlarından keçib, onu yağılardan azad etməmişdilər ki, günün birində yadlar gəlib onu öz dədə malları kimi bölsünlər. Bu cəlladlar paramparça etdilər Türk Yurdunu, amma bədəni candan ayıra bilmədilər. Bu torpaqlar tanrının ən sevimli milləti olan Türkün Yurdudu. Türk yarandığı gündən bu qədər əzilməmişdi, didilib, parça-parça edilməmişdi. Türk tarixində belə bir faciyəylə üzləşməmişdi. Bu faciəni hər bir Azərbaycanlı öz dövründə yaşayır, elə Şəhriyar kimi, elə Elçibəy kimi və bu gün də yaşamaqda davam edirik. 180 ildir ki, bu bölücü, zorakı müqavilə öz qüvvəsində qalır.180 ildir ki, bacının qardaş həsrəti yeri-göyü yandırır. Zaman öz rolunu oynadı. Rusiya imperiyası süquta uğradı və Vətənimin Quzeyi azadlığını qazandı, amma Qarabağı itirdik, 20 Yanvar kimi böyük bir faciə yaşadıq. Güney tayımızda isə 35 milyonluq bir kütənin ana dili yasaqlanıb, ”Mən Türkəm ”deyənlər həbslərdə çürüyür, başlarına olmazın əzablarını gətirirlər fars şovinistləri. Güney Azərbaycan hər gün, hər saat bu faciənin ağrı-acısını yaşayır.

Sonda üzümü bütün Türk Dünyasına tutaraq deyirəm ki, bəsdir artıq bu faciəyə son qoymağın vaxtı çoxdan yetişib. Bəsdir Təbrizsiz, Qarabağsız, Dərbəndsiz, Borçalısız, İrəvansız yaşadıq. Bəsdir Vətənin ortasında tikanlı məftillərə dolaşdıq. Bu tikanlı məftilləri söküb-dağıtmağın vaxtıdır. Ey yenilməz, məğlubedilməz türk övladı. Bəs sən hardasan? Niyə 180 il bu dəhşətə, faciəyə dözürsən? Sizlərə güvənirəm ey qəhrəman, döyüşkən, qorxmaz türk igidlərim! Gəlin zaman-zaman itirdiyimiz torpaqlarımız uğrunda hər gün, hər saat, hər dəqiqə mübarizə aparaq! Yalnız döyüşlə deyil, həm siyasət, iqtisadiyyat, elm sahələrində mübarizəmizi aparmalıyıq. Bu mübarizəni hər kəs aparmalıdı. Gəlin yumruq kimi birləşək tikə-tikə olmuş torpaqlarımızı yağılardan azad edək. güneyli, qarabağlı, borçalılı, dərbəndli, irəvanlı, zəngəzurlu, Bütöv Azərbaycan yaradaq. Tarix boyu bu torpaqların bütövlüyü, azadlığı uğrunda canlarından keçmiş qəhrəmanlarımızın ruhlarını şad edək! Gəlin igidlər, ərənlər yurdu olan Bütöv Azərbaycanımıza sahib çıxaq. Sahibsiz bir məmləkətin batması haqdır, sən sahib çıxsan bu vətən batmayacaqdır!”

DAK-ın Qarabağ Komitəsinin sədri Siyavuş Müstafayev isə vurğuladı ki, ağlamaq, sızlamaq lazım deyil: ”çünki biz türkük. 410 min kvadratkilometr deyil, mərhum şair Xəlil Rza Ulutürk demişkən 3 milyon 800 kvadratkilometr əraziyə malikik. Tarixin müxtəlif dövrlərində dövlətlərimiz olub. Buna rəğmən Quzeydə kiçik bir ərazidə Azərbaycan dövlətini qura bilmişik. Bugünkü gənclik türk olduğunu, keçmişini bilməlidir. çünki gənclik böyük qüvvədir, enerjidir. Biz Güney Azərbaycandakı 35 milyondan artıq türkün bizə olan ümidlərini doğrultmalıyıq”.

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə bildirdi ki, Azərbaycan faktiki olaraq iki hissəyə parçalanıb: ”Bu gün Azərbaycan səmasında ruslar, fars, kürd qoxusu var. Atatürk Osmanlı imperiyasını yıxmadı. Sadəcə, düşmənlərlə savaşa-savaşa Türkiyə Cümhuriyyətini qurmağı bacardı. Gülüstan və Türkmənçay müqaviləsinə gəldikdə, ingilislər Qacar türk dövlətinin zəifləməsini istəyirdilər. çünki onun ərazilərini daha da genişləndirməsindən və güclənməsindən qorxurdular. Biz həmin dövrdə mövcud olan Azərbaycan xanlıqlarını qınayırıq. Ancaq onlar da Bütöv Azərbaycanın qurulmasını istəyirdilər və bunun üçün Təbriz şəhərində bir araya gəlmişdilər. Ona görə də biz Güney Azərbaycan problemini qaldırmalı və dünya ictimaiyyətinə çatdırmalıyıq. İrlandlar da, basklar da çox yaxşı yaşayırlar, ancaq müstəqil dövlət istəyirlər. Kanadada da ingilisdilli əhali ilə fransızdillilər bir-birilə mübarizə aparırlar. İran adlanan yerdə ərəblər, bəluclar, kürdlər də mübarizə aparırlar. Ancaq beynəlxalq güclər kürdlərə dəstək verirlər. Azərbaycan türklərinə gəldikdə isə azad yaşamaq olmaz. Biz genosidə meylli millət deyilik. İran adlanan yerin Azərbaycanda 400 diplomatı varsa, onun 99 faizi casusdur və fars şovinistlərinin təbliğatıyla məşğuldurlar”. Azərbaycan türkləri bütövlük istəyir. çünki tarixi, kökü bəlli olan bir millətdir. Ancaq beynəlxalq güclər güclü Azərbaycan dövlətinin mövcud olmasını, Uca Türk millətinin ayaqlanmasını istəmirlər: ”Bizim gəncliyimiz bir missiya üzərinə götürməlidir. Bu gün serblər, xorvatlar, çexlər öz dövlətlərini qurublar və müstəqil yaşayırlar. Məgər bizə azad yaşamaq olmaz? Axı biz Güney Azərbaycanda istiqlal istəyirik. Azərbaycan bütöv olmalıdır. Gənclərdə də bu gün Güney Azərbaycanla bağlı kifayət qədər informasiya olmalıdır. Bu gün dünyanın taleyini millətlər, xalqlar müəyyənləşdirir. Ona görə də onlar azad olmalıdırlar. Tarixi ədaləti bərpa etmək üçün öz problemimizi dünyaya çatdırmağı bacarmalıyıq. Ona görə də gənclərimiz nikbin olmalı və gələcəyə ümidlə baxmalıdırlar. Bu müqavilələri farslar hazırlayıb və burada ingilis barmağı da var. Burada yüzlərlə İran adlanan yerin casusu tutulub, ancaq İran adlanan yerdə bir nəfər də olsun Azərbaycan casusu tutulmayıb. Fars şovinistləri sərhədlərimizi pozur, Azərbaycan dövlətini qəbul etmirlər. Biz DAK olaraq, gələn ay Güney Azərbaycan problemini İsveç parlamentində qaldıracağıq, Belçikada sözügedən müqavilələrlə bağlı tədbir keçirəcəyik, Gələn il dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər qoyacağıq. Yəni öz problemimizi dünya ictimaiyyətinə çatdırmaq üçün bütün çətinliklərə sinə gələrək əlimizdən gələni edirik”.
Tədbirdə tarixçilər, Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr, güneyli soydaşlarımız çıxış edərək məsələyə münasibət bildirdilər.
Tədbirin sonunda ”Parçalanmış Xalq” və ”Azərbaycanı iki hissəyə – Quzeyə və Güneyə parçalayan Gülüstan və Türkmənçay müqaviləsinin öz hüquqi qüvvəsini itirməsi” mövzularında beynəlxalq təşkilatlara bəyanat və müraciət qəbul olundu.

Image

Image

Image

Image

Image

Image

Həmçinin bax!

Bu gün DAK rəhbərliyi İran adlanan yerdə cərəyan edən proseslərlə bağlı mətbuat konfransı keçirdi

Firidun Pərviznia: ”İran adlanan yerdə prezident yox, sistem dəyişməlidir” Babək Tağızadə: ”Yaxın zamanda DAK-ın rəsmi ...

Kommentera