Ev / İnformasiya / DAK haqqında / DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin “Olaylar”a müsahibəsi

DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin “Olaylar”a müsahibəsi

“Tehran rejimi Azərbaycan dövlətinin varlığını həzm edə bilmir”
“İran adlanan yerdə azərbaycanlılar zindana atılır, haqsız insanlar təqib olunurlar”

– Əjdər bəy, son vaхtlar Tehran rejiminin Azərbaycana qarşı mövqeyinin sərtləşməsini nə ilə izah edərdiniz?

– Tehran rejimi özünü qorumaq, daхili problemlərini başqa yerə köçürmək üçün müхtəlif üsullara əl atır. İran adlanan yerdə millət ayaqlanır, addımbaşı insan hüquqları pozulur, onlar da bilirlər ki, gec-tez bunun sonu olacaq. Hakimiyyətdaхili didişmənin güclənməsi, iqtisadi problemlərin artması, хarici ölkələrin nüvə silahı ilə bağlı İran adlanan yeri sıхışdırması, beynəlхalq sanksiyaların artması bu ölkədə müхtəlif problemlərin yaranmasına gətirib çıхarıb. Nəzərə almaq lazımdır ki, hələ mart ayında İran adlanan yerə yeni sanksiyaların tətbiq ediləcəyi gözlənir. Bundan başqa, insan hüquqları məsələsi də sadalanan problemlərə qatılıb. Məlumdur ki, hazırda İran adlanan yerdə insan hüquqları ilə bağlı vəziyyət olduqca mürəkkəbdir. Rəsmi məlumata görə, son aylarda burada 86 nəfər asılıb ki, bu da ölüm hallarına görə Çindən də öndə getmək deməkdir. Bu faktları nəzərə alaraq Tehran rejimi həmişə özünü qorumaq üçün problemlərini qonşu dövlətlərə və dünyanın başqa ölkələrinə köçürməyə çalışır. Vaxtı ilə bu işi Livanda, Əfqanıstanda və İraqda görürdü. İndi isə çalışır həmin proseslər Azərbaycanda təkrarlansın. Əslində bunu başqa vasitələrlə edirdi. Azərbaycanda mədəniyyət mərkəzləri, İmdad komitəsi açaraq ehsan verirdi. Əminliklə bilirdik ki, İran adlanan yerə bağlı olan mədəniyyət mərkəzlərinin hamısının işi kəşfiyyatla məşğul olmaq idi. İndi isə Tehran başa düşür ki, Azərbaycanın bu cür inkişaf etməsi, onun modern dövlətə çevrilməsi ilə nəticələnə bilər. Artıq Azərbaycanın bu inkişafı göz qabağındadır və 35 milyondan artıq Azərbaycan türkü bu gəzişməni görür. Tehran rejimi bir zaman bunu görür və təbliğat aparırdı ki, guya Azərbaycan dövlətinin ömrü çox olmayacaq. İndi isə Azərbaycan dövlətinin varlığı, müstəqilliyi 20 ili keçib, bu isə Azərbaycan dövlətinin əbədi bir varlıq olacağına əsas verir. Bu isə o deməkdir ki, Tehran rejiminin yaratdığı İmdad komitələri, mədəniyyət mərkəzləri, əks-təbliğat və kəşfiyyatı heç bir iş görə bilməyib. 

– İran adlanan yerdə azərbaycanlıların hüquqları hansı səviyyədə qorunur?

– Quzey Azərbaycanda elə insanlar, elə qurumlar var ki, hesab edirlər İran adlanan yer islam ölkəsidir, orada hər şey öz qaydasındadır, sosial ədalət var. Ancaq demək olar ki, belə düşünən insanlarda informasiya olduqca azdır. Məlumdur ki, Quzey Azərbaycanda olan din adamları siyasi partiya təmsilçiləri, turistlər İran adlanan yerə qonaq kimi gedirlər. Buna görə də orada daxildə baş verən proseslər barədə məlumatlı olmurlar. Necə ki, vaxtilə Sovet İttifaqının içərisində gedən prosesləri kimlərsə bilmirdi. Ancaq bu ölkənin daxilində əsarətə alınmış xalqlar və milli azlıqların çəkdikləri sıxıntılar böyüdü və Sovet İttifaqı dağıldı. Hansı ki, heç kim inanmazdı fövqəldövlət olan Sovet İttifaqı birdən-birə dağılacaq. İran adlanan yerdə də vəziyyət eynidir. Bizdə olan bir məşhur misalda deyildiyi kimi, “Zurnanın səsi uzaqdan xoşdur”. Deyirlər ki, orada cümə namazları var, millət “Allahu əkbər!” deyir, deməli hər şey yaxşıdır. Əslində isə İran adlanan yerdə diktatura tam oturub, despot dövlətdir, demokratiya, insan azadlıqları, qələm, söz, fikir azadlığı yoxdur. İnsan haqları bir çox ölkələrdə 99 faiz təmin olunur, İran adlanan yerdə isə onların heç biri yoxdur. 35 milyondan artıq Azərbycan türkü bu məmləkətdə sıxıntılarla yanaşı milli mənsubiyyətləri türk olduqlarına, azərbaycanlı olduqlarına görə basqıya məruz qalıblar. Milli mənsubiyyətinə görə, azərbaycanlılar zindana atılır, haqsız insanlar təqib olunurlar. Dəqiq məlumata görə, Səid Mətinpur günahsız zindana salınıb onun xəstəliyinə rəğmən bir həftəlik evə buraxmırlar. Baxmayaraq ki, özlərinin qəbul etdikləri qanun buna imkan verir. Onlar yaxşı başa düşür ki, son 200 ildə İran adlanan yerdə yaşayan Azərbaycan türkləri həmişə azadlığın, demokratiyanın carçısı olublar, indi də milli azadlığın tərəfindədirlər. Açıq şəkildə etiraf edilməlidir ki, Azərbaycan dövlətinin varlığı 60 milyon Azərbaycan türkünün mənəvi dayağıdır. Bu dövlətin varlığı bütün dünyada yaşayan azərbaycanlılara mənəvi ruh verir. Bəlkə də Quzey Azərbaycanda kimlərsə bu barədə düşünmür. Ancaq Azərbaycanın Güneyində və xaricdə yaşayan azərbaycanlılar hər zaman qeyd edir ki, bu dövlət bizim mənəvi dayağımızdır.

– İran adlanan yerin müstəqil Azərbaycanın daхili işlərinə qarışmağa nə vadar edir? 

– Azərbaycan dövləti heç bir ölkənin daxili işinə qarışmır, heç bir ölkəyə terrorçu, kəşfiyyatçı göndərmir. Belə işlə Tehran rejimi məşğul olur. Bu gün Azərbaycanın güneyində azərbaycanlılar istəyir ki, hər hansı bir tədbirdə Azərbaycanın dövlət bayrağını dalğalandırsınlar. Tehran rejimi isə bu məsələyə qarşı çıxır, bu istəkdə bulunanları məhv edir. Məlumdur ki, bizim vaxtilə Təbrizdə konsulluğumuzun açılmasına necə nifrətlə yanaşırdılar. Bu məmləkətdə bütün farsdilli saytlara nəzər yetirsək siyasətçilərin danışıqlarına qulaq assaq görərik ki, onlar heç vaxt “Azərbaycan Cümhuriyyəti” ifadəsini işlətmirlər. Bunun əvəzinə, “Azərbaycanı şurəvi”, lap insafı olanda isə “Bakı dövləti” ifadəsini işlədirlər. Bu isə o deməkdir ki, farslar hələ də Azərbaycan dövlətinin varlığını qəbil edə bilmirlər. Elə buna görə də İraq və Əfqanıstandan sonra “dini fəaliyyətlərini” Azərbaycana qarşı yönəldiblər. Çünki bilirlər ki, Azərbaycan dövləti möhkəmlənsə, birinci növbədə Güneydə 35 milyon azərbaycanlını milli hərəkatı öndə gedə bilər. Artıq demək olar ki, bütün xarici ölkələrin səfirliklərinin hesabatlarında, media orqanlarında və siyasətçilər bəyan edirlər ki, Tehran rejimi hərtərəfli sıxıntı altındadır və burada azərbaycanın milli hərəkatı öndə gedir. Kifayət qədər insan tanıyıram ki, Tehran rejimində işgəncələrə məruz qalıb, zindana atılıb, indi isə xaricdə mühacir həyatı sürür. İndi həmin insanlar ona görə Tehran rejiminə sıcaq yanaşırlar, çünki bilirlər ki, bu ölkə dağılmaq ərəfisindədir. Ona görə də millətlər – Azərbaycan türkləri, ərəblər öz haqlarını, farslar demokratiya istəyirlər. Ona görə də Tehran rejimi bu millətləri basqı altında saxlayır, hətta Azərbaycan dövlətinə açıq şəkildə hədə-qorxu gəlirlər. 

– Tehran rejimi öz məqsədinə nail olmaq üçün hansı üsullara əl atır? 

– Tehran rejimi əvvəllər çalışırdı ki, Azərbaycanda kimsə din xadimlərini təhqir etsin, Azərbaycan qəzetlərində dinə, islama qarşı nə isə yazılsın. Onlar da başlasınlar ki ”vay islam əldən getdi”. Lakin bu fitnə-fəsad Azərbaycanda baş tutmadı indi də çalışırlar ki, Azərbaycanda bəzi adamları təhqir etsinlər, bu da heç kimin ürəyinə dəyməsin. İran adlanan yer əgər dövlətidirsə, müsəlmanların haqqını düşünürsə heç olmasa Türkiyədə olan hüquqları millətlərə versin. Baxmayaraq ki, Tehran rejimi Türkiyəyə də qısqanır. Amma Türkiyə müsəlman dövləti olaraq sərhədlərini Ermənistana açmaq niyyətində deyil. Hesab edirlər ki, Ermənistan Azərbaycana təcavüz edib. 20 ildir ki, 20 faiz torpaqlarını qəsb edib, 1 milyon insanı yurdundan-yuvasından didərgin salıb. Tehran rejimi isə şiəçilliyi istismar edir, üstəlik 35 milyonluq azərbaycanlıların hər şeyini alıb. Əli azərbaycanlıların qanına batmış cinayətkar Köçəryan və ya Sarkisyanla qucaqlaşıb öpüşən Əhmədinejad onlara qardaşım deyir. Əslində elə farsla erməninin oxşarlığı var, ona görə də son 20 ildə Azərbaycana qarşı gizli-aşkar siyasət yürüdürlər. Bir milyarddan artıq dəyəri olan silah Gürcüstan vasitəsilə Ermənistana ötürülür. Tehran rejimi Güneydəki torpaqlarımızdan sui-istifadə edərək silah və yanacağı Ermnistana ötürür. Vaxtilə Ter-Petrosyan deyirdi ki,”əgər bir gün İran adlanan yerdən gələn yol bağlansa, o gün bizim son günümüzdür”. Amma Tehran rejimi bilərəkdən Ermənistana silah və yanacaq verir. Tehran rejimi görür ki, Azərbaycan torpaqları işğala məruz qalıb, yeni müstəqil olmuş dövlətin 1 milyon qaçqını var, bu Azərbaycan dövlətinə iqtisadi-siyasi basqı gətirir, onun qol-qanad açmasının qarşısını almaqda Ermənistana dəstək verir. Məqsəd azərbaycanın başı üzərində “Damokl qılıncını” saxlamaqdır. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan Dağlıq Qarabağ problemini həll etsə, sürətlə inkişaf edəcək. Nəticədə Güneydəki 35 milyon Azərbaycan türkü görəcək ki, yarısı inkişafdadır, xoş gün görür, halı yaxşıdır, dünyaya inteqrasiya olub, müasir dünya ilə birgə addımlayır, niyə o geridə qalsın. Tehran rejimi Azərbaycan mətbuatında onun barəsində hər hansı yazı dərc edildikdə dərhal həmin mətbuat orqanının, jurnalistin üzərinə düşür, dərhal nota verir. Son yüz ildə İran adlanan yerin işi-gücü elə Bakıdakı casus yuvalarından nota vermək olub. Ancaq biri ondan soruşmur ki, “Səhər” kanalı niyə fəaliyyətini Azərbaycana qarşı qərəzli, həqiqətəuyğun olmayan məlumatlar yaymağa həsr edir. Əslində bu kanala heç vaхt müstəqil kanal adı vermək olmaz, çünki o, İran adlanan yerin ideologiyası əsasında fəaliyyətini qurub. Digər tərəfdən İran adlanan yerdə müstəqil mətbuat yoхdur, zindanlar jurnalistlərlə doludur. Hər hansı müstəqil fikir ifadə edən jurnalist, kino çəkən sənətçi dərhal zindana atılır. Adını da qoyur ki, narkotik satışı ilə məşğul olurdu. Belə həlda təbii ki, Azərbaycanda bu sahədə olan naliyyətlər Tehran rejimini qane etmir. Azərbaycanda demokratiyanın inkişafını, söz, fikir azadlığının olmasını, siyasi partiyaların sərbəst fəaliyyətini təbii ki, İranın gözü götünmür. Amma Azərbaycanın bugünkü durumu Tehranla müqayisə olunacaq səviyyədə deyil, indi Azərbaycanı İsveçlə müqayisə etmək mümkündür. Azərbaycanın təcavüzə məruz qalmasına baхmayaraq onun inkişaf dinamikasını qonşu dövlətlərlə müqayisə etmək yersiz görünür. Tehran rejimi isə bu inkişafa müхalifdir. Buna baхmayaraq, Azərbaycan dövləti qonşu ölkələrin daхili işinə qarışmır, müstəqil siyasət yürüdür. Bütün hallarda bizim Güneydəki soydaşlarımız azad, sərbəst, öz iradələrinə uyğun yaşamalıdırlar. Tehran rejimi isə qorхur ki, Azərbaycanın Güneyində yaşayan insanı görər ki, Quzeyində yaşayanın həyat səviyyəsi yüksəkdir, bütün insan hüquqlarından istifadə edir, azad yaşayır, İran adlanan yerdə yaşayanlar isə təzyiq altındadır, işgəncələrə məruz qalır. Bu isə Tehran rejiminə qətiyyən sərfəli deyil. Ona görə də Azərbaycana qarşı müхtəlif təхribatlar törətməkdə bulunur, müхtəlif yollarla onun inkişafına mane olmaq istəyir. Ancaq Tehran rejimi bilməlidir ki, Azərbaycan heç kim üçün хəlvət otağı deyil. / Alim /

 

Həmçinin bax!

DAK Gənclər Təşkilatının sədri Samir Turan “Mediaforum”dakı debata qatılıb

”Məqsədlərimizdən biri Güney Azərbaycan problemini gənclərimizə mənimsətməkdir” ”Yəni gəncləri ”Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!” ...

Kommentera