Ev / İnformasiya / DAK haqqında / DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin “Amerikanın Səsi” radiosuna müsahibəsi

DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin “Amerikanın Səsi” radiosuna müsahibəsi

“İran adlanan yer xalqların, xüsusilə də 35 milyonluq Azərbaycan türkünün zindanıdır”

“Bu gün Güney Azərbaycan öz siyasi platformasını cızır, fars şovinist rejimi çökən kimi də azadlığına qovuşacaq”

Dünya Azərbaycanlıları Konqresinin (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə “Amerikanın Səsi” radiosuna müsahibəsində Misir və Tunis hadisələrinin İran adlanan yerə təsirləri, ərəb inqilablarının hərəkətverici qüvvələri, bu ölkədə “yaşıl hərəkat”ın durumu, milli haqları uğrunda mübarizə aparan azərbaycanlıların İran adlanan yerin hərəkatında rolundan danışıb.
– Ərəb inqilablarının İran adlanan yerə təsirləri nədir?
– İran adlanan yerdə Misirdən, Tunisdən, Şimali Afrikadan örnək alınaraq mitinqlər keçirilir. Orada rejimin içindən olan müxalifətin başında duran Mirhüseyn Musəvi və Mehdi Kərrubi fevralın 14-də bir mitinq çağırdılar. Mirhüseyn Musəvi və Mehdi Kərrubi evlərindən xalqın içərisinə buraxılmadı. Buna baxmayaraq, insanlar hələ bir gün öncədən evlərinin damına çıxaraq “Allahu Əkbər!”, “Diktator rəhbər!”, “Ölüm olsun diktatora!” şüarları səsləndirib. Etiraz aksiyaları zamanı üç nəfər qətlə yetirilib, bir neçə yüz adam xəsarət alıb, minlərlə adam həbs edilib. Artıq “yaşıl hərəkat”ı bir çox təşkilatlar, qruplar, o cümlədən Birlik Partiyasının gəncləri, siyasi məhbuslar təşkilatları da dəstəkləyib. Xalq da mitinqlərə çox maraq göstərir. Misir hadisələri zamanı ali dini rəhbər, ayətullah Seyid Əli Xameneyi demişdi ki, Misirdə xalq hərəkatı 1979-cu il inqilabından ruhlanıb. Orada da islam dövləti qurulacaq. Onun dediyinin əksinə olaraq, hətta fars şovinist rejiminin dostu olan “Müsəlman qardaşları” təşkilatı belə demokratik dəyişiklikləri dəstəklədi. Tunisdə də belə oldu.

– Ərəb dünyasında bir “Müsəlman qardaşları” təşkilatı var. İran adlanan yer də  islam dövlətidir. Buradakı inqilabi situasiyada “Müsəlman qardaşları”nın rolu nə ola bilər?
Misirdə olan “Müsəlman qardaşları” sünni təşkilatıdır. Vaxtilə onun İran adlanan yerdə tərəfdarları olub və Nəvvab kimi tərəfdarları olub. Sonra onlar baş nazir Rəzmanəyə terror etdilər və özləri də güllələndi. Fars şovinist rejimi “Müsəlman qardaşları” ilə əlaqədə olduğunu deyib. Ancaq bunlar sünni təşkilatıdır. İran adlanan yerdə isə şiə olanlar istəyirlər ki, sünni təşkilatları ilə əlaqə qurub dini ideya altında farsların hegemonluğunu təmin etsinlər. Öz növbəsində sünni təşkilatları İran adlanan yeri qəbul etmir. Çünki dünyada 1,5 milyard sünni müsəlmanın içərisində 150 milyonluq şiə və bunun içərisində 50 milyonluq farslar dini ad altında dünyaya hegemonluq etmək istəyirlər. Tunis müxalifətinin rəhbəri də Fransadan qayıdan kimi dedi ki, biz dini islahat və Xomeynini tanımırıq. Misirdə də “Müsəlman qardaşları” dünyəviliyi seçdi və təşəbbüsü ələ ala bilmədi. Misirdə hakimiyyət elə ötürüldü ki, ərəb dünyası da, Misir də, Amerika da, Qərb də ümumi razılığa gəldilər və irticaçı qüvvələrin bəhrələnməsinə imkan vermədilər. İran adlanan yerdə də bütün xalqlar Misir və Tunisdəki kimi diktaturaya qarşı birləşib.
– Mirhüseyn Musəvi bildirdi ki, ərəb inqilabları İran adlanan yerdəki hərəkatdan qaynaqlanıb. İran adlanan yerdə “yaşıl hərəkat” qalib gələcək. Siz “yaşıl hərəkat”ın qalib olacağına inanırsınızmı?
– Zaman-zaman İran adlanan yerdən Misir faydalanıb. Vaxtilə doktor Müsəddiq dövründə İran adlanan yerin nefti milliləşdirəndə Misir və qonşu ölkələr bundan faydalanıb. İran adlanan yerdəki islam inqilabından da bunlar faydalanıb. Amma son zamanlar 1979-cu il inqilabının 32-ci ildönümü olduğu bir vaxtda bütün region İran adlanan yerdəki rejimdən çəkinir. Farsla ərəblər arasında daim savaş olub. Nə farslar 1500 il öncəki yaranı unudub, nə də ərəblər farsların islamda şiə adı altında parçalanma yaratdıqlarını unudub. Ərəblər yaxşı bilir ki, farslar regionda hegemonluğu ələ almağa, jandarma olmağa çalışır. Bir tərəfdən terrorizmi dəstəkləyir, digər tərəfdən jandarma olmaq istəyir, nüvə silahı yaratmağa çalışmaqla dünyanı qorxu içərisində saxlayır. Digər tərəfdən isə İran adlanan yer xalqların, xüsusilə də 35 milyonluq Azərbaycan türkünün zindanıdır. Azərbaycan türkləri azadlıqlarını istəyir. Əhmədinejad Misirə çağırış edir ki, qalxın, səsinizi dəstəkləyin, kimi istəyirsiniz seçə bilərsiniz. Ona cavabda Mirhüseyn Musəvi bildirib ki, necə olur ki, İran adlanan yerin rəhbərləri Misirdə azad seçki, millətlərin azadlıqlarını, demokratiyanın qalib gəlməsini istəyir, amma İran adlanan yerə gələndə deyir ki, xalqlar hakimiyyətimizi dəstəkləyir. Azad seçki keçirin hamı görsün ki, xalq kimi dəstəkləyir. Heç olmasa xalqların bir mitinqinə icazə verin. Hesab edirəm ki, istər İran adlanan yerdə, istərsə də regionda demokratik hərəkatların qələbəsi xalqların da azadlığa qovuşmasına yol açacaq.
– Güney Azərbaycan Milli Hərəkatı nə yerdədir? Yaşılları müdafiə edir və ya müstəqil mübarizəyə üstünlük verir.
– Mirhüseyn Musəvi rejimin öz içərisindən çıxan müxalifətdir. O da azərbaycanlıdır və ali dini rəhbərin qohumudur. Hər ikisi Azərbaycanın Xaminə kəndindəndir. Söhbət kənddən getmir və siyasətdə qohum, dost anlayışı qəbul edilmir. İstər Musəvi, istərsə də digər müxalifət olsun Azərbaycan xalqının varlığını qəbul etməlidir. İndi hakimiyyət həssasdır ki, bölgədə kiçik bir hadisə belə baş verməsin. Əlbəttə, hər hansı hərəkat demokratiyanın xeyrinədir. Diktaturanın qalması İran adlanan yerdə bütün xalqların ziyanınadır. Rejimin daxilində ziddiyyət nə qədər çox olarsa, o qədər də bizim xeyrimizədir. İndi ziddiyyətlər rejimin zirvəsində gedir. Sonuncu hadisələr də göstərdi ki, ziddiyyətlər az qalır Əhmədinejadla Xamneyi qarşıdurmasına yüksəlsin. İcraedici qüvvələrlə qanunvericilər arasında mübarizə gedir. Parlamentlə prezident arasında savaş gedir. Rəfsəncani ilə Əhmədinejad arasında savaş gedir. Artıq hakimiyyətin yüksək zirvəsi xalqdan oğurladıqları varı bölə bilmir. İran adlanan yerdə iqtisadi durum da çox ağırdır. Bütün millətlər, xalqlar rejimə qarşıdır. Minlərlə insanın həbs edilməsinə baxmayaraq, insanlar geri çəkilmir. Bunların hakimiyyətə gəldiyi “Allahu əkbər!” şüarı indi özlərinə qarşı yönəlib. Pişəvəri demişkən “Tehran viran olmasa, Azərbaycan abad olmayacaq”. Tehranda qarşıdurma artan xətlə inkişaf edib hakimiyyəti devirməsə, Azərbaycan  azad olmayacaq. Necə ki, hadisələr Qahirədə başladı azadlıq gətirdi, vaxtilə Moskvada başladı və imperiya xalqları azadlıqlarına qovuşdu. Güney Azərbaycan da öz siyasi platformasını cızır və fars şovinist rejimi çökən kimi azadlığına qovuşacaq.

Həmçinin bax!

DAK Gənclər Təşkilatının sədri Samir Turan “Mediaforum”dakı debata qatılıb

”Məqsədlərimizdən biri Güney Azərbaycan problemini gənclərimizə mənimsətməkdir” ”Yəni gəncləri ”Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!” ...

Kommentera