Ev / İnformasiya / Müraciətlər / DAK Azərbaycan kütləvi informasiya vasitələrinə müraciət edib

DAK Azərbaycan kütləvi informasiya vasitələrinə müraciət edib

Image Hörmətli KİV rəhbərləri!

1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri nəticəsində Azərbaycan iki yerə parçalanıb. ötən əsrin sonlarında Azərbaycanımızın Quzeyi 1918-ci il mayın 28-də qurduğu cümhuriyyəti yenidən bərpa etdi. Ancaq 200 ilə yaxındır Azərbaycanımızın Güneyi əsarət altındadır. İstibdad zəncirini qırmaq üçün Güney Azərbaycan türkləri 3 dəfə ayağa qalxıblar.

1905-1911-ci illərdə milli sərdar Səttarxanın başlatdığı Güney Azərbaycan Məşrutə Hərəkatı baş verib, 1921-ci ildə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında ”Azadistan” dövləti qurulub, 1945-1946-ci illərdə Seyid Cəfər Pişəvərinin başçılığı altında Azərbaycan Milli Hökuməti yaradılıb. Ancaq xəyanət nəticəsində bütün inqilablar qan içində boğulub, milli hökumətlər zor gücünə devrilib. Ancaq bütün bunlara baxmayaraq, Güney Azərbaycan türkləri azadlığa qovuşmaq, bütövləşmək istəyindən geri çəkilməyiblər. 1991-ci il oktyabrın 18-də Azərbaycanımızın Quzeyində müstəqil dövlətin qurulması öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Güney Azərbaycan türkünün bu arzusunun gerçəkləşməsinə böyük təkan verdi.
1995-ci ildən başlayaraq Güney Azərbaycanda yeni mərhələ başladı. Yüz minlərlə soydaşımız azadlıq simvolu Babəkin doğum gününü Bəzz Qalasında qeyd etmək üçün yürüşə çıxdı. Hər il Kəleybər şəhərinə axının gücləndiyini, millətin azadlıq istəyinin artdığını görən fars şovinist rejimi 2005-ci ildə zor tətbiq edərək yürüşün qarşısını aldı. Ancaq Azərbaycan türkləri yenə öz inadından dönmədi və 2006-cı il ”İran” adlanan rəsmi qəzetdə millətimiz ”tarakan”a bənzədildi. Təhqir xarakterli karikaturanın dərci böyük əks-səda doğurdu. Mayın 22-də soydaşlarımız ayağa qalxdı və bir anda aksiyalar bütün Güney Aərbaycanı bürüdü. ”Haray-haray mən türkəm!”, ”Yaşasın Azərbaycan” kimi şüarlarla meydanlara axışan Azərbaycan türklərinin qarşısını almaq fars şovinist rejimi yenə zora əl atdı. Nəticədə onlarla gənc və yaşlı həlak oldu, yüzlərlə soydaşımız yaralandı və minlərlə Hərakatçı həbs olundu. Ancaq təəssüflər olsun ki, dünya mətbuatı, o cümlədən Azərbaycan kütləvi informasiya vasitələri (bir neçəsi istisna olmaqla) bu hadisəyə laqeyd qaldı.

Dəyərli media mənsubları!

Bu gün Azərbaycanımızın Güneyində Milli Azadlıq Hərakatı gedir. Hər il, hər ay, hər həftə, hər gün soydaşlarımız təqib və təzyiqlərə məruz qalır, həbs olunur, işgəncə görür, dar ağacından asılır. çünki onlar ana dilində təhsil tələb edir, azad yaşamaq istəyir. Təsəvvür edin ki, öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Azərbaycan türkünün ana dilində bir dənə də olsun məktəbi yoxdur. Onlar 80 ilə yaxındır assimiliyasiya siyasətinə məruz qalırlar, fars dilində təhsil almağa məcbur edilirlər, öz mədəniyyətlərini inkişaf etdirə bilmirlər, yeni doğulan körpələrinə belə türk adı qoya bilmirlər. Buna dünya mətbuatı biganə qala bilər, ancaq Azərbaycan kütləvi informasiya vasitələri əsla laqeyd qala bilməz. Güney Azərbaycanda cərəyan edən hadisələr həmişə diqqət mərkəzində olmalıdır. çünki Azərbaycanımızın Güneyi öz tarixi torpağımızdır və orada soyumuz, dilimiz bir olan 35 milyondan artıq soydaşımız yaşayır. Onların haqq səsini dünya ictimaiyyətinə çatdırmaq hər birimizin borcudur. Xahiş edirik ki, Güney Azərbaycanda baş verən proseslərə laqeyd qalmayasınız!

Kommentera