Ev / Xəbərlər / DAK təşkilati xəbərlər / DAK adından aldığınız pullar hara gedir?

DAK adından aldığınız pullar hara gedir?

…Mən dəfələrlə buna izah etməyə çalışmışam ki, güneylilərin məsələsinin sənə heç bir aidiyyatı yoxdur

…DAK-ı siz dağıdırsız eeee.., biz yox

…Azərbaycanda İlham Əliyevdən sonra kimsəni tanımıram

…cənab Sabir, sən Bakıda otura-otura diasporasan?

…Sabir İstanbulda mənə deyir ki, “Əjdər, indi sən azad adamsan?”, dedim, “bəli, istərdim ki, sən də azadlığın ləzzətini biləsən, çünki sən azad deyilsən…

…Sizdən əvvəl hansı mətbu orqana açıqlama üçün müraciət etdimsə, axşamdan Tənzilə Rüstəmxanlı zəng etdirib kimlərinsə hədə-qorxusu ilə bunun qarşısını aldı

…Bəyəm Tənzilə Azərbaycan Cümhuriyyətinin Təhlükəsizlik xidmətinin böyüyüdür?

…Yüz dəfə səninlə çörək yeyə bilərəm, amma mənim üçün Vətənin ağrıları şəxsi münasibətlərdən, hər şeydən ucada durur

Dünya Azərbaycanlılar Konqresində (DAK) son zamanlar bəzi qalmaqallı hadisələr baş verir. Əvvəlcə Daimi Şuranın sədri Əjdər Tağızadə DAK-ın buraxıldığı haqqında bəyanat verdi və həmsədrləri, o cümlədən də Sabir Rüstəmxanlını təşkilatın adından danışmamağa çağırdı. Sonra DAK-dan ona böyük bir bəyanatla cavab gəldi və Sabir Rüstəmxanlı İdarə Heyətində təmsil olunanların da dəstəyini alaraq, Əjdər Tağızadəni təfriqəçilikdə ittiham etdi. Xural.com olaraq hər iki bəyanatı da dərc etdik. Bir müddət sonra isə Əjdər Tağızadə redaksiyamızı aradı və DAK-da baş verənlər haqqında cəmiyyəti məlumatlandırmaq istədiyini bildirdi. Bir neçə dəfədən sonra Əjdər bəylə görüşə bildik.

Onun dedikləri maraqlı olduğu qədər də heyrətvericidir. Cəmiyyətin ümid kimi baxdığı təşkilatda baş verənlərin pərdə arxası adamı üzür və Əjdər bəyin açıqlamaları – əgər doğrudursa, o zaman gərəkdir ki, ölkənin hüquq-mühafizə orqanları əl-qolunu çırmalayaraq işə başlasınlar. Əjdər bəyin dedikləri doğrudursa, millətin adından ortada cinayət baş verir…

Oxucunun rəyini qabaqlamadan Əjdər Tağızadənin müsahibəsinin dərcinə başlayırıq və adı çəkilən hər kəsin cavab haqqının yayınlanacağını bildiririk.

III-sonuncu hissə

(I və II hissələri bu linklərdən oxuya bilərsiniz: DAK-ın bütün tədbirlərini Azərbaycan hakimiyyəti dəstəkləyib…Mirəşrəflə Sabir Rüstəmxanlı əlbəyaxa oldular… )

VHP-nin 200 manata işləyən işçiləri…

 

– İstanbul məsələsi nə idi?

– Qondarma soyqırımı ilə əlaqədar İstanbulda DAK-ın tədbir keçirməsi üçün icazə almışdılar. Mən DAK-ın Daimi Şurasının sədri ola-ola bundan xəbərim olmayıb, istədikləri adamı da siyahıya alıb, özləri ilə Türkiyəyə aparıblar. Bu adamların böyük əksəriyyəti də VHP-nın 200 manata işləyən işçiləridir. Necə olur ki, sən öz partiyanın adına aldığın pulla işçi tutursan, sonra da onu DAK-da da işlədirsən? O zaman DAK adından aldığın pullar hara gedir? Bütün mətbuatdan istifadə edir. Ola bilsin ki, kimlərinsə, o pula ehtiyacı var. Tənzilənin özünün bir neçə şəxsi saytı var, DAK-da bir şey olan kimi buraxır öz adamlarını… Ağıllarına gələni yazıb-pozurlar. Bəs onların haqqını nə ilə ödəyirsən? Hamısı dövlətin pulu deyilmi? O da mənə aşkardır ki, qudanın da pullarından buna gəlir (Nəqliyyat naziri Ziya Məmmədovu nəzərdə tutur – red.).

– Quda ilə ortaq işləri var?

– Əlbəttə, var. Azərbaycan o qədər kiçik bir dövlətdir ki, kimin nə işlə məşğul olduğunu gizlətmək faktiki mümkün deyil. İş o yerə çatıb ki, bir ara prezidentlik iddiasına da düşmüşdü. Bu adamdan bir DAK-a sədr olmaz, o da qalsın bir dövlətə prezident.

Qudanın pulları…

Bu adamın İran siyasəti ilə bağlı ümumiyyətlə heç bir anlayışı yoxdur. Elçibəy özü rəhmətlik etiraf edirdi ki, İranın çox mürəkkəb siyasəti var, heç onun Konstitusiyasından belə xəbəri yoxdur. Güneyin problemlərini dərk etmək üçün İranın siyasətinin incəliklərinə qədər bilmək lazımdır. Bilmirsənsə, öyrənmək, onlarla işləmək lazımdır. Sən bir quru toplantıya hazırlıqsız gəlirsən, necə güney-quzey problemi həll edə bilərsən? Bilməzsənsə, o zaman DAK-a sədrlik iddiası səndə haradandır?

Sabir yanında olan adamların biri ilə Parisdə bunların keçirilən qurultayına gedib. Mən buna izah edirəm ki, sən qəti ora gedə bilməzsən, çünki onlar bizə ziddirlər. Terrorçudurlar. Getmiyəsən. Getdi, sonra da bura gəlib, mətbuat konfransı keçirdi. 80 mindən çox adam var imiş orada… Qardaş, İran adlanan yerdən bunlar 80 min adam yığmışdılar. Bunlar milli hərəkata ziddirlər və güney azərbaycanlılara düşməndirlər. Necə sən gedib, onların toplantısında iştirak edə bilərsən? Parisə hətta II qurultaylarına da getdi. Hələ üstəlik Bakıda da bunların əlaltıları ilə əlaqədə oldu.

– Nə cür?

– ABŞ konqresindən biri Bakıya gəlmişdi. ABŞ həmin vaxtlar Əhmədinecatla nüvə məsələlərini gizli müzakirə edirdi. Amma Tehran rejiminin alnını qaşımaq üçün, konqresmen dedi ki, Azərbaycanın güneyi müstəqil olmalıdır. Bunlar elə bil sevincək oldular. Sabir onun yanına getmək istəyəndə dedim ki, sən ora getmə, sənin Güney məsələsi ilə işin olmasın. Güneylilər özləri bilər. Sabir dedi, gedəcəm. Dedim, getsən, bəyanat verəcəm. Getdi. Mənə də bir jurnalist zəng vurub mövqeyimi soruşanda dedim ki, Sabirin mandatı olmadığı üçün ora DAK adından getməyə də səlahiyyəti çatmır. Sabir də gedəndə Bakıdan bir sement zavodun sahibini və bir də Firudin Pərviznianı götürür, gedir ABŞ-a. Orada Eldar Qaradağlı durub deyir ki, sizin getdiyiniz görüşə mən də gedəcəm, Sabir də buna deyir ki, sənin adın o siyahıda yoxdur. Mahmudəli Çöhrəqanlını Ukraynaya gətirib onu Məşvərət Şurasına sədr seçmişdi, heç bu məsələdə onun da adı yox idi. Mahmudəli də həmin görüşə güneyli olduğu üçün qatılmaq istəyir. Sabir qoymur ki, adın protokolda olmadığı üçün gələ bilməzsən.

Bu adamda xəstəlik var…

Firudin də sonunda görüşə getməkdən imtina edir və bu güneyliləri yola salıb, Cahandar da yanında bu görüşə gedir. Mən dəfələrlə buna izah etməyə çalışmışam ki, güneylilərin məsələsinin sənə heç bir aidiyyatı yoxdur, yenə də özünü başbilən kimi bu işlərə qoşur. Biri buna hansısa əsasla başa salıb ki, sən elə güney məsələsini də özün əlinə al, sabah ABŞ güney məsələlərində işlərini görmək üçün ayırdığı pulu sənə versin. Hər şeyi özün idarə elə… Bu adamda xəstəlik var. Yanında nə deyirlərsə, ağlına batır. Amerikalı bəyəm sənin səviyyəndə olan bir adama planını cızar? Bunlar görüşəndən sonra da Dana çıxıb dedi ki, İran adlanan yerdə indiki rejimin alternativi xalq mücahididir. Niyə? Çünki əmr ABŞ-dan gəldi. Dedim gördün, səni necə oynatdılar? Bu sənin bildiyin siyasət deyil, bölgədə gedən siyasi proseslərdən sən xəbərsizsən. Sən şairsən, siyasətçi deyilsən axı. Kafa şairlik kafasıdır. Bu İstanbuldan gəlir Milli Məclisə, incik-incik deyir ki, 125 deputatı o toplantıya dəvət edib, heç kəs də gəlməyib. Bir şey də olanda tez deyir ki, o qədər yeyib-içmişik ki, toyda-mağarda. Bunun təfəkkürü ancaq yeyib-içməyə görə özünü tənzimləyir. Nə millət vəkillərindən, nə dövlət rəsmilərindən, nə də komitə nümayəndələrindən bir nəfər o tədbirdə iştirak etmədi. İstanbulda tədbiri keçirir, deyir ki, mən 30 min dollar borc eləmişdim.

Nazim İbrahimov DAK-ı necə dağıdır?

Xeyr, bir qəpik də borc eləməmisən. Siz dövlətin başqa bir orqanından qondarma soyqırımı tədbirini keçirmək üçün artıqlaması ilə pul almısınız. Deməli, nahara qədər “qondarma soyqırımı” ilə bağlı tədbir keçirdi, nahardan sonra da eyni adamları DAK-ın toplantısına yığdı. O nahardan sonra guya xərclədiyini iddia etdiyi 20 min dolları da bura gəlib Nazim İbrahimovdan alacaqdı. İndi Tənzilə də deyir ki, Nazim İbrahimov DAK-ı dağıdır. Nazim İbrahimov DAK-ı necə dağıdır? Hələ mənə də deyir ki, MTN səni DAK-ı dağıtmaq üçün ortaya atıb. DAK-ı siz dağıdırsız eeee.., biz yox.

4 prezident mənə dəstək verib…

Tənzilə hər yerdə deyir ki, “Əjdəri yüksək vəzifəli məmur dəstəkləyir.” Mən özüm hər yerdə demişəm ki, Azərbaycanda məni 4 prezident dəstəkləyib. Ayaz Mütəllimov da, Əbülfəz Elçibəy də, Heydər Əliyev də dəstəkləyib, İlham Əliyev də dəstəkləyir. Onların əleyhinə çıxırsınız? Tək bir il ərzində Azərbaycan hakimiyyəti rəsmi Tehrana 4 nota verib. Mən də hamıya demişəm ki, Azərbaycanda İlham Əliyevdən sonra kimsəni tanımıram. 33 ildir Vətənimdən sürgünəm, İsveçin, Avropanın vətəndaşıyam. Yüksək vəzifəli məmur məni dəstəkləyir deyəndə, çıx ad çək, denən filankəs Əjdəri dəstəkləyir də… Bəyəm mənim gəlirim İsveçdə azdır? Mən DAK-a bunlar kimi pul mənbəyi olaraq baxmamışam. Mənim bir idealım var – güneyli-quzeyli Azərbaycanın istiqlalı! “Azadlıq” radiosuna müsahibə verib, deyir ki, DAK diaspora təşkilatıdır. İndi mən sual verirəm, cənab Sabir, sən Bakıda otura-otura diasporasan? DAK-ın məqsədi Güney Azərbaycanın istiqlalıdır. Niyə bir dəfə çıxıb demirsən ki, DAK Güneyin istiqlalını istəyir. Mən bu dəfə İstanbulda olanda dedim, bizim o vaxt başımızdan vurdular ki, güney məsələsini qaldırmayın, kürd oyanar. İndi kürd oyanıb Türkiyəni parçalanmaya aparır, biz yatıb qalmışıq. Vəli Küçük Paşa həbs olunanda DAK-ın İdarə Heyətinin üzvü idi, getdi, kişi kimi 5 il yatdı, çıxdı həbsdən. Tənzilə ilə bu, o həbs olunmamışdan əvvəl sağında-solunda şəkil çəkdirirdilər, həbs olunanda da dedilər ki. “biz yanlış adamla salaməleyküm eləmişik”. Özü də bu dəfə Vəli Küçük Paşa İstanbulda ola-ola onu qurultaya çağırmadılar. Mən onunla görüşdüm, şəkillərimiz də yayıldı. Dedim, cənab general, Türkiyə ordusunun generalı mənim generalımdır.

vəli-küçük-paşaVəli Küçük Paşa həbs olunan kimi ona münasibətləri dəyişdi…

– Bəs onun özünün məsələyə münasibəti necə oldu?

– Çox pis oldu. Dedi, mən DAK üçün xidmət göstərmişəm. Mənim qəbahətim nə idi? Əlbəttə, hamı yaxşı bilirdi ki, Vəli Paşa günahsız zindana gedib. Sabirin çox paradoksal münasibətlərinin şahidi olmuşam – Fətullah Gülənin əhatəsində olanda Ərdoğanı bəyənmir, o birinin əhatəsində olan admların da yanında bunu bəyənmir. Belə siyasət olar?

İraqın quzeyində Kərkük var, orada türkmənlər yaşayırlar. Onlar 2 qrupa bölünüblər. Bir dəstə şiədir – Tehran rejimi ilə işləyir, bir dəstə də sünnidir. Bunların parçalanması çoxlarının xeyrinə olub. Bax, həmin Tehran rejiminin əlaltılarından birini DAK-a gətirib. Sonra da cəhd elədilər ki, DAK-ı Bağdada aparsınlar. Siyasətdən xəbəri olmayan Firudin Pərviznianı və 3 nəfəri də yanına salıb Bağdada göndərir. Həmin 3 nəfərdən birini də Gürcüstan hökuməti Rusiyanın cəsusu kimi tanıyır. Bunun məqsədli şəkildə edildiyini görürəm, amma daha Sabirə də bir şey demirəm.

Sən Kərkükə getməli idin, Kərbəlaya yox…

Bu nümayəndə heyətini də ora gedən kimi Kərkükə yox, Kərbəlaya aparıblar. Firudinə dedim ki, “sən ateistsən, kommunistsən, özün bilərsən. Mən də solçuyam. Bu, başqa bir şeydir. Amma sən DAK-ın həmsədrisənsə, o zaman ora niyə getmisən? Ora Malikinin, Tehran rejiminin əlindədir. Sən Kərkükə getməli idin, Kərbəlaya yox… İndi özlərini hər şeyi bilən kimi göstərirlər, nəticəsi də göz qabağındadır. İnsanlar hər hansı xəstəliyə tutulanda müalicə alırlar. Özündən razılıq da xəstəlikdir, bunun həkimi də psixoloqlardır. Get, özünü göstər, müalicəni al, bu xəstəlikdən də qurtul.

Mən DAK-ın Daimi Şurasının sədriyəm, mandatı da İstanbulda bir səbəbə görə verdim. Bunlar yanlarında İstanbula çoxlu gənc aparmışdılar, orada məni faşist kimi təqdim edirdilər. Əgər mən durub bunlara etiraz etsəydim, o saat durub deyəcəkdilər ki, “qondarma soyqırımı”na qarşı tədbir təşkil etmişdik, Əjdər gəldi, hər şeyi bir-birinə vurdu. Bunlar fürsət axtarırdılar ki, məni qaralasınlar. Bunların özlərinə də dedim ki, heç bir zaman bu oyunlara getmərəm. Sabir İstanbulda mənə deyir ki, “Əjdər, indi sən azad adamsan?”, dedim, “bəli, istərdim ki, sən də azadlığın ləzzətini biləsən, çünki sən azad deyilsən…” DAK-ın İstanbul qurultayında cəmi 6 nəfər güneyli iştirak edib, qalan adamları Sabir Rusiyadan, ordan-burdan yığıb aparıb. Əgər bu adam qanunsuz, nizamnaməyə zidd olaraq düz 4 dəfə DAK-a sərliyə özünü seçdirirsə, nəticəsi də bu olacaqdı da…

Elə bil DAK Sabirin obyektidir

Elə bil DAK diaspora təşkilatı deyil, Sabirin obyektidir. Necə ki, Sovet vaxtından qalma əmlaklar bir müddət özəlləşdirildi, eləcə də Sabir DAK-ı əmlak olaraq özəlləşdirdi. Əmlak Komitəsi bu təşkilatın sənədini Sabirin xeyrinə rəsmiləşdirə bilərmi? Qanunla bu mümkün deyil, o zaman elədiklərinə görə məsuliyyəti də o daşıyır, cavabdehliyi də… Mən ombudsman olaraq bir daha bəyan edirəm ki, Sabirin DAK adından bəyanatlar verməyə heç bir səlahiyyəti yoxdur. Avropa qanunlarına görə, artıq bu təşkilatın fəaliyyəti ilə bağlı araşdırma açılarsa, başdan-ayağa cinayət işidir. Kimsə deyə bilər ki, neçə ildir bunu niyə deməmişəm? DAK-ın qorunması, saxlanılması üçün dəfələrlə Sabir Rüstəmxanlıya xəbərdarlıq etmişəm ki, onun bu fəaliyyəti təşkilatı uçuruma aparır, bu təşkilatdan könüllü olaraq əl çəksin. Çəkməyib və doğrudan da DAK-ı dalana dirəyib. Artıq bunun üçün onun özü məsuliyyət daşıyır. Çünki mən əlimdən gələn qədər onun qarşısını almağa çalışsam da, ala bilmədim. Bu gün də sözlərimi mətbuat vasitəsilə cəmiyyətə açıqlayıram. Sizdən əvvəl hansı mətbu orqana açıqlama üçün müraciət etdimsə, axşamdan Tənzilə Rüstəmxanlı zəng etdirib kimlərinsə hədə-qorxusu ilə bunun qarşısını aldılar. Neçə sayt var ki, faktiki onları Tənzilə Rüstəmxanlı idarə edir. Mən də hesab soruşuram, kimin maliyyə vəsaitləri hesabına bu saytlar idarə olunurlar? Mən danışmayım deyə, haqqımda qara piar yayırlar.

Tənzilə Azərbaycanın təhlükəsizlik xidmətinin böyüyüdür?…

Tənzilə deyir ki, “Əjdər iki dövlət arasındakı münasibətləri pozur”. Dövlətlər öz aralarında hansı siyasəti aparırlarsa, özləri bilərlər. Amma biz DAK-ı yaradanda ilk növbədə İran rejiminə, Güney azərbaycanlıların hüquqlarının pozulması əleyhinə, Qarabağın işğalı məsələsinə etirazımızı bildirməyi düşünürdük. Sabir də DAK-a təsadüfən gələndə bunları bilməmiş deyildi. O zaman məni niyə iki dövlətin arasını vurmaqda ittiham edir? Bəyəm Tənzilə Azərbaycan Cümhuriyyətinin Təhlükəsizlik xidmətinin böyüyüdür ki, bu cür məsələləri o həll edir? Azərbaycan bir dövlətdir. Lazım olarsa, təhlükə hiss edərsə, özü istintaqını aparıb əsl günahkarları tapıb cəzalandıracaq. Bu, kimsənin həddinə deyil…

Bu adam nə iqtidar kimi iqtidardır, nə də müxalifət kimi müxalifət…

Sabir deyir ki, DAK inqilabçıların yeri deyil. Buna sənmi qərar verirsən? Mən Azərbaycanda olduğum müddətdə çox adamla söhbət etməli oldum. Burada hər kəsin ürəyində bir güney sevgisi var, güneydə də bir quzey sevgisi… Bu sevgini boğmağa heç kimin gücü çatmaz. Heç kimin… Bu sevgi əsrlərin tarixindən qaynaqlanır. Bu adam nə iqtidar kimi iqtidardır, nə də müxalifət kimi müxalifət. Müxalifəti necə bəyənmirsə, iqtidarı da elə bəyənmir. DAK-da da Müaviyə kimi deyir ki, mənə biət eləyin, baş əyin. İstanbulda da demişdim ki, bu baş heç kimə əyilməz, o da ola sənə… (Gülür…) Yüz dəfə səninlə çörək yeyə bilərəm, amma mənim üçün Vətənin ağrıları şəxsi münasibətlərdən, hər şeydən ucada durur. DAK-ı Azərbaycandan, Türkiyədən uzaqlaşdırmaq lazımdır, güneylilər ora quzeylilər qədər rahat gəlməlidirlər. Məndən də o qədər adamın xoşu gəlməyə bilər ki… O zaman təşkilatı oyuncağa çevirməliyəm? Bir düzgün qurultay keçirilməlidir. Bəlkə artıq bu DAK heç kimə lazım deyil, buraxmağın vaxtı çatıb? Qərarı DAK-ın üzvləri verməlidirlər, Sabir, Firudin yox. Əgər onlar seçki yolu ilə həmsədr seçiliblərsə, seçki yolu ilə də yenidən məsələyə baxılmalıdır. Qoy seçkilər hər şeyi göstərsin. Hər bir halda DAK-da açıq siyasət olmalıdır, hamı ilə də düzgün münasibət qurulmalıdır. / xural.com

Həmçinin bax!

Oğuz TV

حداد عادل ,پان فارسیستی در اختلالات روانی‌