Ev / İnformasiya / Elanlar / DAK ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi son qərarla bağlı bəyanat verib

DAK ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi son qərarla bağlı bəyanat verib

Image Dünya Azərbaycanlıları Konqresi (DAK) 2010-cu il martın 4-də Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımıyla bağlı qəbul edilmiş qərarı pisləyən bəyanat verib. www.D-A-K.org -a daxil olan məlumata görə, sənəddə bildirilir: ”1915-ci ilin aprelində Osmanlı imperiyasında baş verən hadisələri ermənilərə qarşı soyqırımı aktı kimi qəbul etmək yalnız Türkiyəyə deyil, bütövlükdə Türk Dünyasına qarşı haqsızlıqdır.

Ermənilərin uydurması olan bu soyqırımı aktı heç bir halda siyasi vasitəyə çevrilməməli, yalnız tarixçi alimlərin öhdəsinə buraxılmalıdır. Hadisələrə yalnız tarixi araşdırmadan sonra hüquqi-siyasi qiymət verilməsi istiqamətində addımlar atıla bilər. Əks halda heç bir dəlil-sübut olmadan yalnız sözdə dolaşan ”soyqırımı” ilə bağlı qərar qəbul etmək tarixi həqiqətləri ört-basdır edərək, türk millətinin şərəfli keçmişinə ləkə yaxmaqdır. Halbuki 1915-ci ildə Osmanlı imperiyasının ərazisində ”erməni soyqırımı”nın olmadığını bildirən Türkiyə Cümhuriyyətinin rəhbərliyi dəfələrlə Osmanlı arxivlərini açmağa hazır olduğunu, beynəlxalq ekspertlərin iştirakıyla Türkiyə və Ermənistan alimlərindən ibarət komissiya yaradılmasını və faktın araşdırılmasını təklif etsə də, qarşı tərəf bu təşəbbüsə qoşulmayıb. Bu amil 1915-ci ildə ”soyqırımı”nın olmadığını bir daha təsdiqləməklə yanaşı, erməni ideoloqlarının bu saxta faktdan ideoloji və siyasi təzyiq kimi istifadə etdiyini bir daha əyani şəkildə göstərir. 1915-ci ildə baş verməyən ”soyqırımı” tanımaqda maraqlı olan Avropanın və ABŞ-ın bir sıra siyasi dairələrinin son yüz ildə ermənilərin türklərə, xüsusilə də azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin üstündən sükutla keçirlər. Halbuki cəmi 18 il öncə Azərbaycanın Xocalı şəhərini dünyanın gözü qarşısında yer üzündən silən erməni silahlı birləşmələrinin dinc və silahsız əhaliyə qarşı necə dəhşətli qətliam törətdiyi konkret dəlil və sübutlarla ortadadır. Ancaq heç bir dəlil olmadan Osmanlı imperiyasının ”soyqırımı” hesabatını hazırkı Türkiyə Cümhuriyyətindən istəyən Avropa və ABŞ-ın bəzi siyasi dairələri Ermənistan Respublikasının Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini, bir milyon insanı öz yurd-yuvasından didərgin salmasını, Qərbi Azərbaycan və Qarabağ ərazisində törətdiyi qətliamların hesabını sormaqda maraqlı görünmür”. Bəyanatda qeyd olunur ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarı bölgədə sülhə və əmin-amanlığa ciddi təhlükə yaradan təxribat xarakterli sənəddir: ”Eyni zamanda ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilən ”erməni soyqırımı” adlı saxta sənəd Azərbaycan cəmiyyətinin Qərb və ABŞ dəyərlərinə etimadını azaldır, ABŞ-ın bölgədəki nüfuzunu ciddi şəkildə sarsıdır və ABŞ-Azərbaycan münasibətlərinə kölgə salır. Ona görə də DAK olaraq dünya ictimaiyyətini bölgədə münasibətlərin gərginləşməsinə xidmət edən bu qərarı pisləməyə, Azərbaycan ictimaiyyətinin bütün təbəqələrini isə Türkiyə ictimaiyyətindən daha çox fəallıq nümayiş etdirməyə və etirazlarını daha qabarıq şəkildə bildirməyə çağırırıq. çünki ABŞ Konqesinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma soyqırım qərarı işğalçı Ermənistanla sərhədlərini açmayan Türkiyəyə qarşı təzyiq xarakteri daşıyır”.

Həmçinin bax!

DAK Azərbaycan türklərinin soyqırımıyla bağlı bəyanat yayıb

Dünya Azərbaycanlıları Konqresi (DAK) 1918-ci ilin martında Azərbaycanın quzeyində və güneyində ermənilərin Azərbaycan türklərinə qarşı ...

Kommentera