Ev / İnformasiya / Mətbuat konfransları / Bu gün DAK rəhbərliyi İran adlanan yerdə cərəyan edən proseslərlə bağlı mətbuat konfransı keçirdi

Bu gün DAK rəhbərliyi İran adlanan yerdə cərəyan edən proseslərlə bağlı mətbuat konfransı keçirdi

Firidun Pərviznia: ”İran adlanan yerdə prezident yox, sistem dəyişməlidir”

Babək Tağızadə: ”Yaxın zamanda DAK-ın rəsmi internet səhifəsi olan www.D-A-K.org -un ərəb qrafikalı əski Azərbaycan əlifbası və fars bölməsi fəaliyyətə başlayacaq”

”Eyni zamanda DAK Gənclər Təşkilatının da rəsmi internet səhifəsi açılacaq”

Image

18 iyun 2009-cu il tarixində saat 13.00-da ”Trend” Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia İran adlanan yerdə iyunun 12-də keçirilmiş prezident seçkisi və onun nəticəsi, cərəyan edən son hadisələrlə bağlı mətbuat konfransı keçirdi. Tədbirdə DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli, DAK Məşvərət Şurasının sədr müavini Əli Hacı Ağaevli, DAK Nəzarət-Təftiş Komissiyasının sədr müavini Babək Tağızadə, DAK Mətbuat Xidmətinin rəhbəri Əli Nicat, DAK həmsədrlərinin Güney Azərbaycan məsələsi üzrə müşaviri Cavidan Elbars, DAK Gənclər Təşkilatının üzvləri, quzeyli, güneyli, kərküklü tələbələr, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mətbuat konfransını DAK həmsədri Sabir Rüstəmxanlı açaraq bildirdi ki, son günlər İran adlanan yerdə gedən proseslər dünyanın diqqət mərkəzindədir: ”Güney Azərbaycandakı hərəkatçılar vasitəsilə İran adlanan yerdəki durumla tanış olmuşuq. İran adlanan yer bu gün 1979-cu ildən sonra ciddi bir dövr yaşayır. Qonşu ölkədə gedən proseslər isə bizi narahat etməyə bilməz. çünki İran adlanan yerin yarısı türkdür və orada baş verən hadisələrin də regiona təsiri var. Hazırda İran adlanan yerdə seçkini yenidən keçirməklə bağlı çağırışlar var. Mirhüseyn Musəvinin türk əsilli olduğu bildirilir. Ancaq bir fakt da qeyd olunmalıdır ki, Güney Azərbaycan Milli Hərəkatı hakimiyyət uğrunda mübarizəyə qoşulmur. çünki soydaşlarımız fars şovinist rejiminin niyyətini yaxşı başa düşür”. O, İran adlanan yerdə seçkidən sonra xarici KİV-lərin fəaliyyətinə ciddi maneələr törədildiyini deyib: ”İndi məlumatları yalnız rəsmi mətbuat vasitəsilə almaq mümkündür. Seçkidən əvvəl süni demokratik ab-hava yaradılsa da, seçki sonrası ilk etiraz səslənən kimi rejimin mahiyyəti özünü göstərib. İran adlanan yerdə Mahmud Əhmədinejadın prezident olmasını istəmirlər. Güman olunurdu ki, seçkiləri Mirhüseyn Musəvi udacaq. Belə olan halda nəticə elan olunanda ciddi narazılıq yaradıb”. Sabir Rüstəmxanlı DAK-ın hazırda İran adlanan yerdəki hakimiyyət uğrunda mübarizə aparan iki qrupun (Mahmud Əhmədinejad və Mirhüseyn Musəvi) heç birini dəstəkləmədiyini deyib: ”Orada baş verənlərin regiona təsirini mütləq nəzərə almaq lazımdır. Ona görə də dinc əhaliyə qarşı repressiyalara son qoyulmalı, məsələ danışıqlar yolu ilə həll edilməlidir”.
DAK-ın digər həmsədri Firidun Pərviznia isə qeyd etdi ki, 30 ildir İran adlanan yerdə eyni siyasət yürüdülür: ”Guya ölkədəki qüvvləri islahatçı və mühafizəkar olmaqla iki qütbə bölüblər. Ancaq hər ikisinin də mahiyyəti eynidir, yəni sonucda 1979-cu ildə Ruhulla Xomeyni tərəfindən əsası qoyulan sistemə xidmət edirlər. Ona görə də İran adlanan yerdə hətta hakimiyyətə türk əsilli şəxs gəlsə də, bu, türklər üçün heç nə vəd etmir. Bu baxımdan Əhmədinejadın, yaxud Musəvinin hakimiyyətə gəlməsinin Güney Azərbaycandakı soydaşlarımız üçün fərqi olmayacaq. Axı Xamneyi də türk əsillidir. Ondan millətimizə indiyədək nə xeyir gəlib ki, prezident Musəvi olduqdan sonra nəsə bir yenilik olsun? Bizim millət azadlıq istəyir. Diktatura rejimi isə heç vaxt islahata getməz. Ancaq Azərbaycan türkləri yalnız sivil yolla mübarizə aparır. Bu gün Təbrizə, Ərdəbilə, Tehrana ordu yeridilib. Bəluçistanda, Xuzistanda rejimə qarşı savaş gedir. Bu rejim nəhayət böyük zərbə alacaq. Ancaq bir az zaman lazımdır”. Onun sözlərinə görə, İran adlanan yerdə hakimiyyətə kimin və hansı millət gəlməsinin fərqi yoxdur, bu ölkədə sistem dəyişməlidir: ”Ona görə də soydaşlarımız İran adlanan yerdəki proseslərə qoşulmamaqla düzgün mövqe tutdu. Biz də DAK olaraq Güney Azərbaycan türklərinin mənafeyinə xidmət edən siyasəti dəstəkləyirik”.
DAK həmsədrlərinin Güney Azərbaycan məsələsi üzrə müşaviri Cavidan Elbars vurğuladı ki, Mirhüseyn Musəvi 30 ilə yaxındır cinayətkar rejimə xidmət edən bir adamdır. İndiyədək də Təbriz bütün mübarizələrin başında dayanıb, ancaq heç bir nailiyyət əldə olunmayıb. Ona görə də indi soydaşlarımız gözləmə mövqeyində dayanıb. Onun sözlərinə görə, hazırda Təbrizə basqı güclüdür, şəhərə əlavə qüvvələr gətirilib, toqquşmalarda xeyli ölən və yaralananlar var, mətbuata qadağa qoyulub, daxildən məlumat bayıra çətinliklə sızır, xəsarət alan soydaşlarımız belə sonrakı taleyini nəzərə alaraq xəstəxanalara müraciət etmirlər.
DAK Məşvərət Şurasının sədr müavini Əli Hacı Ağaevli bildirdi ki, İran adlanan yer bu seçki oyununu çoxdan hazırlamışdı. Ona görə də qeyri-fars millətləri bundan yararlanmalıydı: ”Yəni Azərbaycan türkləri, bəluçlar, ərəblər indiki situasiyadan istifadə edərək ayağa qalxmalı, öz azadlıqlarını əldə etməliydilər. Bu, gözəl fürsətdir”.
DAK Nəzarət-Təftiş Komissiyasının sədr müavini Babək Tağızadə isə təşkilatın yaxın gələcəkdəki görəcəyi işlərə toxundu: ”Yaxın zamanda DAK-ın rəsmi internet səhifəsi olan www.D-A-K.org -un ərəb qrafikalı əski Azərbaycan əlifbası və fars bölməsi fəaliyyətə başlayacaq. Bunda məqsəd Güney Azərbaycan türklərini hərtərəfli məlumatlandırmaq və onların haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdır: ”Şah üsul-idarəsi dövründə Türkiyədə səfir olan İran adlanan yerin diplomatı ölkəsinə latın qrafikasına heç vaxt keçməməyi tövsiyə edir. çünki Türkiyə və Azərbaycanda əski əlifbadan latın qrafikasına keçilmiş və bununla da Güney Azərbaycan türklərilə əlaqə zəifləmişdi. O yazırdı ki, şah üsul-idarəsi belə bir addım atarsa, onda Güney Azərbaycan türklərinin Türkiyə və Azərbaycanla əlaqəsi daha da möhkəmlənəcək. Bu baxımdan DAK olaraq ərəb qrafikalı əski Azərbaycan əlifbası və fars bölməsi yaratmaq qərarına gəlmişik. Bundan əlavə, DAK Gənclər Təşkilatının da rəsmi internet səhifəsi açılacaq”.
Tədbirdə jurnalistlərin sualları da cavablandırılıb. Bu zaman Sabir Rüstəmxanlı qeyd etdi ki, hazırda DAK-ın rəsmi internet səhifəsi dünyada geniş izlənilir. Nəinki Güney Azərbaycan, hətta Quzey Azərbaycanda baş verən ictimai-siyasi prosesləri də DAK-ın saytından izləyirlər. Bununla bağlı təşkilata çoxsaylı müraciətlər daxil olur. Təəssüflər olsun ki, bəzi saytlar plagiatlıqla məşğul olur. Ancaq Güney Azərbaycanda gedən proseslərin dünya ictimaiyyətinə çatdırılması baxımından onlara heç bir irad bildirilmir. O, həmçinin vurğuladı ki, İran adlanan yerin mövqelərinin möhkəmlənməsinin əsas səbəbkarı ABŞ-ın bölgədə – məsələn, İraq və Əfqanıstanda apardığı siyasətdir: ”Həmçinin ABŞ-ın apardığı anti-müsəlman və s. bu cür siyasətləri nəticəsində İran adlanan yerin mövqeyi güclənir”.
DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli isə bildirdi ki, 200 ildir millətimizə qarşı tarixi ədalətsizlik var və 40 milyona yaxın Azərbaycan türkü bütün milli-mədəni hüquqlarından məhrumdur: ”Hesab edirəm ki, İran adlanan yerdə də bütün millətlərə azadlıq verilməlidir. Yalnız bununla bölgədə sabitliyə nail olmaq olar. Necə ki, keçmiş Yuqoslaviya parçalandı və onun tərkibindəki bütün millətlər azadlıq əldə etdi. Nəticədə bölgədə sabitlik yarandı, həmin millətlər, dövlətlər bir-birilə sülh şəraitində yaşayır. Eynilə İran adlanan yerdə də fars öz tarixi ərazisində müstəqil dövlətini qura bilər. Azərbaycan türkləri, bəluçlar, ərəblər azadlıqlarını əldə edə bilərlər. Bölgənin sabitliyi üçün bu mütləq baş verməlidir”.
Tədbirin sonunda DAK-ın İran adlanan yerdəki vəziyyətlə bağlı bəyanatı oxundu.

Image

Image

Image

Həmçinin bax!

Sabah DAK rəhbərliyi mətbuat konfransı keçirəcək

18 iyun 2009-cu il tarixində saat 13.00-da DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia İran ...

Kommentera