Ev / Həmsədrlər / Müsahibələr / “Borçalıdakı soydaşlarımızın durumu narahatlıq doğurur”

“Borçalıdakı soydaşlarımızın durumu narahatlıq doğurur”

DAK həmsədri Sabir Rüstəmxanlı: ”Gürcüstan Azərbaycanın xoş münasibəti qarşılığında öz borcunu yerinə yetirmir”

Image ”Gürcüstan özünü demokratik dövlət kimi təqdim edir, eyni zamanda ölkənin taleyində həmişə mühüm rol oynamış Azərbaycan əsilli vətəndaşlarının təəssüf ki, hüquqlarını pozur. Onların işləmək imkanları yoxdur, ana dilində olan məktəbləri zorla gürcüləşdirilir, sərhədi keçib Azərbaycana gəlmələrində problemlər yaradılır”. www.D-A-K.org -un ”Trend”ə istinadən yaydığı məlumata görə, bu fikirləri Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanın ona xoş münasibəti, ən ağır vaxtlarda əl tutması, enerji təhlükəsizliyinə yardımı qarşılığında öz borcunu yerinə yetirmir. Qeyd edək ki, DAK-ın nümayəndə heyəti – DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli Novruz Bayramı qabağı Gürcüstanda səfərdə olub. Nümayəndə heyəti Gürcüstanda yaşayan azərbaycanlıların problemlərilə tanış olublar. Gürcüstanda fəaliyyət göstərən azərbaycanlıların qeyri-hökumət təşkilatlarının məlumatlarına görə, Gürcüstanda, əsasən Kvemo-Kartli regionunda (Borçalı) təxminən 500 min azərbaycanlı yaşayır. Gürcüstan azərbaycanlıları dövlət dilinin öyrənilməsi, doğma dildə təhsil, torpaq sahələrinin alınması və onlara dövlət orqanlarında yüksək vəzifələrin verilməsi ilə bağlı problemlərdən şikayətlənirlər. Sabir Rüstəmxanlı hesab edir ki, Gürcüstan azərbaycanlılarının problemləri Azərbaycanın Milli Məclisində deyil, Gürcüstan parlamentində müzakirə edilməlidir: ”Dünya Azərbaycanlıları Konqresi bu xahişlə Gürcüstan parlamentinə müraciət ünvanlayacaq. Parlamentdə müzakirələrdən əlavə, azərbaycanlıların problemləri ilə bağlı gündəlik iş aparılmalıdır”. O deyib ki, DAK Gürcüstan azərbaycanlılarının mövcud vəziyyətini Avropa Şurasının, prezident Mixail Saakaşvilinin diqqətinə çatdıracaq və bununla bağlı ciddi tədbirlər görülməsini xahiş edəcək.

Həmçinin bax!

DAK rəhbərliyi Şərqi Türküstanta baş verən hadisələrə münasibətini açıqlayıb

Sabir Rüstəmxanlı: ”Bu faciə uyğurların taleyində yeni bir dönüş nöqtəsi olacaq” ”Bu ilin payızında, inşallah, ...

Kommentera