Ev / Xəbərlər / Mədəniyyət / Azərbaycanda Millli Musiqi Günüdür

Azərbaycanda Millli Musiqi Günüdür

Bu gün dahi bəstəkar, Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəylinin doğum günüdür.
www.D-A-K.org –un “Panoram.az”-a istinadən yaydığı məlumatına görə, Üzeyir bəy Hacıbəyli 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəylilərin ailəsində anadan olub. Üzeyirin atası Əbdülhüseyn Molla Məhəmməd oğlu Hacıbəyli öz dövrünün savadlı, ziyalı şəxslərindən idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairə, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olub. Üzeyir bəyin anası Şirinbəyim xanım Qarabağın məşhur Əliverdibəyovlar nəslindən idi. Üzeyir Hacıbəyli 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayır. Qori seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü deyəcək Müslüm Maqomayev ilə tanış olur. Seminariya illərindən başlanan dostluq sonralar həm də qohumluğa çevrilir. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohum olurlar. Belə ki, Üzeyir Hacıbəyov Məleykə xanımla, Müslüm Maqomayev Badigülcamal xanım Terequlova ilə evlənir.
Üzeyir bəy bədii yaradıcılığa publisistika ilə başlayıb. “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və s. başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib.
Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü, Milli Musiqi Günü keçirilir. Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur.
2009-cu ildən başlayaraq ölkəmizdə 18-28 sentyabr tarixlərində keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. /Ülviyyə HƏSƏNQIZI/

Həmçinin bax!

kelagayi

UNESCO Azərbaycan kəlağayısını qeyri-maddi mədəni irs siyahısına daxil edib

İpək sapdan toxunmuş dördkünc formalı ənənəvi qadın baş örtüyü olan kəlağayı və onun simvolu UNESCO-nun ...

Kommentera