Ev / İnformasiya / Mətbuat konfransları / Avstraliya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirildi

Avstraliya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirildi

”DAK olaraq Güney Azərbaycan problemini yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırdığımız üçün bizi susdurmaq istəyirlər”

Sabir Rüstəmxanlı: ”Düzdür, bizi susdura bilərlər, ancaq haqqı susdurmaq mümkün deyil”

Image

Bu gün saat 12.00-da Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Avstraliya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirdi. Tədbir bu günlərdə 84 yaşında dünyasını dəyişmiş Türk Dünyasının böyük oğlu, xalq şairi Bəxtiyar Vahabzadənin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlandı. Konfransı DAK həmsədri Sabir Rüstəmxanlı açaraq bildirdi ki, 28 yanvar-12 fevral tarixində özü də daxil olmaqla DAK-ın digər həmsədri Firidun Pərviznia və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə Avstraliyada səfərdə olublar:

”Bundan əvvəl Rusiyada mühüm görüşlər keçirdim. ümumiyyətlə, DAK rəhbərliyi ABŞ, Almaniya, Belçika, İsveç, Danimarka, Avstriya və s. ölkələrdə səfərdə olub. Bu səfərlər gəzinti məqsədi daşımır, yalnız Azərbaycanın tale xəritəsinə səyahətdir. Bizim miqrantların ürəyi hər zaman Azərbaycanla döyünür və daima bir gün Vətənə dönəcəkləri barədə düşünürlər. Ancaq biz istəyirik ki, azərbaycanlılar yaşadıqları ölkədə güclü diaspor təşkilatı yaratsınlar, lobbiçilik fəaliyyətilə məşğul olsunlar və Azərbaycana dostlar qazandırsınlar. Avstraliyaya da səfərimiz çox uğurlu oldu, mühüm görüşlər keçirdik. Qitə dövlətə bizi Avstraliya Azərbaycan Cəmiyyəti, Avstraliya Azərbaycan Türk Dostluğu Birliyi və 16 ildən bəri fasilə vermədən fəaliyyət göstərən ”Azərbaycanın Səsi” radiosu dəvət etmişdi”. Onun sözlərinə görə, səfər çərçivəsində ilk görüş Sidney şəhərindəki ”Türk Evi”ndə Avstraliyada Türk dilində nəşr olunan mətbu orqanların redaktor və təmsilçilərilə oldu. Bu yer yalnız Türkiyə türklərinin deyil, Avstraliyada yaşayan bütün türk kökənli insanların evidir. Bundan əlavə, Avstraliyadakı Türk Dayanışma Dərnəyində Türkiyə, Azərbaycan, Doğu Türküstan (Uyğur türkləri) diaspor təşkilatlarının nümayəndələrilə görüş keçirildi. Eyni zamanda DAK rəhbərliyi 16 ildən bəri fasilə vermədən fəaliyyət göstərən ”Azərbaycanın Səsi” radiosunun təsisçiləri və aparıcıları Gülzar və İmaməddin Qasımovların, Avstraliya Azərbaycan Cəmiyyətinin rəhbəri Əhməd Qeybinin qonağı oldu. İki saat çəkən görüşdə DAK-ın fəaliyyəti, Azərbaycanın taleyüklü problemləri, Güney Azərbaycan məsələsi barədə söhbət açıldı. Sabir Rüstəmxanlı qeyd etdi ki, səfər çərçivəsində ən mühüm görüşlər Avstraliyanın paytaxtı Kanberrada şəhərində baş tutdu: ”Avstraliya parlamentində parlamentin katibi Laurie Ferguson və onun köməkçiləri Paul Jeanroy və Joe Italiano tərəfindən qəbul edildik. Eyni zamanda parlamentin və Senatın yay tətilindən sonra keçirilən ilk iclaslarında iştirak etdik. Bundan sonra Avstraliya Senatında senator Maykl Forshaw və deputat Devid Havkerin rəhbərliyilə 12 senator və deputatın iştirakıyla keçirilən ”Dəyirmi masa”da bir neçə saat maraqlı dialoqumuz oldu. Görüşdə Azərbaycan Respublikasının regiondakı rolu, Ermənistanın işğalçılıq müharibəsinin nəticələri, Dağlıq Qarabağ münaqişəsi və problemin həlli yolları, İran adlanan yerdə Güney Azərbaycan türklərinin ağır durumuyla yanaşı, bölgədəki proseslər, Rusiya-Ukrayna, Rusiya-Gürcüstan münaqişələri, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, dünyada baş verən iqtisadi böhranın bölgəye təsiri, Azərbaycan-Avropa münasibətləri və əlaqələrin möhkəmləndirilməsi və s. məsələlər müzakirə edildi. Maraqlı burasındadır ki, onlar da görüşə hazırlıqlı gəlmişdilər. əllərində kitablar, xəritələr vardı. Biz də onlara Azərbaycan həqiqətlərini özündə əks etdirən kitablar verdik. Bundan sonra Avstraliya Xarici İşlər Nazirliyinə dəvət olunduq və orada nazirliyin müvafiq şöbələrinin mütəxəssisləri tərəfindən qəbul edildik”. Onun sözlərinə görə, DAK rəhbərliyi Kanberra şəhərində yaşayan Azərbaycan, Türkiyə və digər türklərlə görüş keçiriblər. Eyni zamanda DAK-ın təşəbbüsüylə fevralın 7-də Avstraliyanın Sidney şəhərində ”Türk Dünyasının bu günü və Azərbaycan-Türk diasporası fəaliyyətləri” mövzusunda konfrans təşkil olunub. Tədbirdə Sidney şəhərində yaşayan Azərbaycan, Türkiyə türkləri, eləcə də digər türk toplumlarının təmsilçiləri, ölkənin müxtəlif şəhərlərindən gəlmiş qonaqlar, Türkiyənın Sidneydəki konsulluğunun və şəhər bələdiyyəsinin nümayəndələri iştirak ediblər: ”Konfransda adıçəkilən mövzuda mən məruzəylə çıxış etdim. DAK-ın digər həmsədri Firidun Pərviznia və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə Türk Dünyasının müxtəlif problemlərindən və bu problemlərin beynəlxalq təşkilatlara çatdırılmasında diasporun rolu, xüsusilə İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinin ağır vəziyyəti, Ermənistanın əsassız soyqırım iddiaları, Azərbaycana qarşı yürütdüyü işğalçılıq müharibəsi və işğal olunmuş Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər barədə yaşadıqları ölkələrdə mətbuatla, müxtəlif təşkilatlarla ardıcıl iş aparmalarının zərurəti haqqında danışıblar. Bundan sonra çıxışlar ətrafında geniş müzakirə aparılıb. Daha sonra konfrans iştirakçılarının sualları cavablandırılıb. Bundan əlavə, konfransda DAK-ın Avstraliya nümayəndəliyi təsis olunub. Əhməd Qeybi DAK-ın Avstraliya nümayəndəliyinin rəhbəri təyin edilib. Bundan əlavə, İmamməddin Qasımov DAK həmsədrlərinin Avstraliyadakı Türk toplumlarıyla əlaqələndirmə üzrə müşaviri təyin olunub”. Sabir Rüstəmxanlı vurğuladı ki, DAK rəhbərliyi Avstraliya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onların qayğılarıyla maraqlanıb: ”Həm DAK rəsmiləri, həm də tələbələrdən Hasil Abbasov, Əli Həsənov, Tural Məmmədov, Abbas Abbasov və başqaları Avstraliyada türk düşmənlərinin apardığı əks təbliğatın qarşısını almaq, əlaqələrin daha da genişləndirilməsi və bu ölkədə yaşayan soydaşlarımızın problemlərinin həlli üçün Avstraliyada Azərbaycan səfirliyinin açılmasının vacibliyini qeyd ediblər: ”Bununla bağlı Azərbaycan hökumətinə müraciət ünvanlayacam. çünki məsələnin həlli vacibdir”. DAK həmsədri bildirdi ki, Avstraliyada Kərkük radiosunun qonağı olublar. Orada Azərbaycanın taleyüklü problemlərindən – Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Güney Azərbaycan məsələsi və s. danışlıb. Fevralın 8-də DAK rəsmiləri Azərbaycan, Türkiyə, Türkmən, Doğu Türküstan, Qırğız, özbək və Kıbrıs türklərilə gəzinti və piknikdə görüşüb. Fevralın 9-da isə Kanberra şəhərində DAK rəhbərliyi Türkiyənin Avstraliyadakı səfirliyinin təşkilatçılığıyla Atatürkün büstünün önünə plakat qoyulması mərasimində iştirak edib. Bundan əlavə, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı, Firidun Pərviznia, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və Avstraliya Azərbaycan Cəmiyyətinin sədri Əhməd Qeybi Avstraliyanın Viktoriya ştatında baş verən meşə yanğınları və bunun yüzlərlə insanın həyatına son qoymasıyla əlaqədar dövlət rəsmilərinə başsağlığı verib. Avstraliya Senatının üzvü Maykl Forshaw və Avstraliya Xarici İşlər Nazirliyinin Şimali, Mərkəzi və Şərqi Avropa Bölməsi üzrə Xarici İşlər və Ticarət şöbələrinin direktoru Barbara Kuperə ünvanlanmış müraciətdə belə deyilir: ”Avstraliyanın Viktoriya ştatında baş verən meşə yanğınları və bunun nəticəsində yüzlərlə insanın həlak olması bizləri kədərləndirdi. Diqqətinizə çatdırırıq ki, Azərbaycan xalqı da sizin dərdinizi və qəminizi bölür”. Qeyd edək ki, qarşı tərəf də müracəti cavablandırıb və kədərli hadisəni onlarla bölüşdüyünə görə DAK rəhbərliyinə öz minnətdarlığını bildirib. Səfər Avstraliyada Türkiyə türkcəsində nəşr olunan ”Yenivatan” və ”TurkishNewsWeekly” qəzetlərində geniş işıqlandırılıb. Sabir Rüstəmxanlı qeyd etdi ki, DAK, Türkiyə, Quzey Kıbrıs, Belçika və Avstraliyada Xocalı soyqırımının 17-ci ildönümüylə əlaqədar anma mərasimləri keçirəcək. Bunula bağlı yerli nümayəndəliklər hazırlıq işləri görür. DAK həmsədri vurğuladı ki, Nardaranda barəsində ölüm hökmü çıxaran şəxs həmin sözləri sifarişlə deyib: ”Düzdür, o sözü söyləyən adam indi ”mən həmin adamı tanımıram və bilmirəm o sözü demişəm, yoxsa yox”, – deyir. Onda həmin adam bu sözü narkotikin təsiri altında deyib. Bunun başqa cür yozumunu bilmərəm”. Sabir Rüstəmxanlı sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) onun mühafizəsi ilə bağlı dövlət qurumlarına müraciət etməsinin səbəbini də açıqlayıb: ”çünki mən bilirəm, bu işi nardaranlılar görməsə də, kimsə başqa bir qüvvə eləyə bilər. Dəfələrlə şahidi olmuşuq ki, birini atırlar ortaya, ancaq başqa adamlar öz işlərini görürlər. çünki bizi susdurmaq istəyirlər. Axı DAK olaraq Güney Azərbaycan problemini yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırırıq. Düzdür, bizi susdura bilərlər, ancaq haqqı susdurmaq mümkün deyil”.

Image

Image

Image

Image

Həmçinin bax!

Bu gün DAK rəhbərliyi İran adlanan yerdə cərəyan edən proseslərlə bağlı mətbuat konfransı keçirdi

Firidun Pərviznia: ”İran adlanan yerdə prezident yox, sistem dəyişməlidir” Babək Tağızadə: ”Yaxın zamanda DAK-ın rəsmi ...

Kommentera