Aprelin 21-də Türkiyənin paytaxtı Ankara şəhərində professor, doktor Məhəmmədtağı Zehtabini anma mərasimi keçirilib. www.D-A-K.org –a daxil olan məlumata görə, tədbirdə müstəqil milli fəallarla yanaşı, Azərbaycan Respublikası və Güney Azərbaycanın tanınmış simaları iştirak ediblər.
Mərasimdə Məhəmmədtağı Zehtabi haqqında münsiflər heyəti (Fərhad Rəhimli, Hadi Qaraçay və Toğrul Atabay) tərəfindən seçilmiş məqalələr oxunub. Məqalələrin mövzusu Məhəmmədtağı Zehtabinin ədəbi yaradıcılığı, tarix və dillə bağlı fikirləri, eləcə də mərhumun özünün Güney Azərbaycana təsiri və s. olub. Konfransda Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Mehdi Nəimi də iştirak edərək Məhəmmədtağı Zehtabi haqda ətraflı məlumat verib.


