Ev / Həmsədrlər / Məqalələr / 2009-cu il DAK tarixində son dərəcə məhsuldar bir il olacaq

2009-cu il DAK tarixində son dərəcə məhsuldar bir il olacaq

Sabir Rüstəmxanlı: ”Cənubi Qafqaz regiondakı bütün münaqişələrin məhz Azərbaycanın parçalanması, yəni 180 il bundan öncə Türkmənçay müqaviləsində təsbit olunan bölünmə ilə birbaşa bağlıdır”

ImageSon vaxtlar nəinki Acərbaycanın həm də böyük güclərin diqqətini bölgədə yaşayan türk millətinin tarixi problemlərinə yönəltməyi bacarmış DAK-ın bu günü və gələcək fəaliyyəti haqda məlumat almaq üçün DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlıya üz tutduq.

– Sabir bəy, DAK-ın son qurultayından xeyli zaman keçib, bu qurultaydan sonra təşkilatın fəaliyyətində hansı dəyişikliklər müşahidə olunur?

– Bu ilin iyun ayının 6,7 və 8-də Almaniyanın Köln şəhərində keçirilmiş Dünya Azərbaycanlıları Konqresinin X qurultayı DAK-ın tarixində çox əlamətdar hadisə oldu. Bu qurultaya dünyanın bir çox ölkəsindən 200-ə yaxın mandatlı nümayəndə gəlmişdi, elə bir o qədər də qonaq iştirak edirdi. İlk dəfə olaraq DAK heç bir yerdən – dövlətdən və başqa təşkilatlardan yardım almadan qurultayını yüksək səviyyədə keçirdi. İlk dəfə olaraq Avropa mətbuatı diqqətini bu təşkilata və qurultaya yönəltdi, Avropada fəaliyyət göstərən Türkiyə televiziyası qurultayın açılışını və bağlanışını peyklə bütün dünyaya yayımladı. Brüsseldə DAK-ın daimi qərargahı və bu qərargahda daimi fəaliyyət göstərən təmsilçilik yaradıldı. DAK 10 il fəaliyyət göstərsə də, təşkilatın alt qatı düzgün qurulmayıb. Məsələn, rəhbərlik dəyişən kimi təşkilatın saytını, bütün sənədləri də özü ilə götürüb gedirdi. İndi DAK-ın həmsədri olandan sonra görürəm ki, DAK-ın sənədləri, arxivi yoxdur, olan sənədlər də hərəsi İdarə Heyətinin bir üzvündədir. Hazırda bu işlər əsaslı bir şəkildə, tam mükəmməl və hüquqi qaydada qurulur. DAK beynəlxalq təşkilat kimi özünün alt yapısını, hüquqi və sənədləşmə işlərini də qaydaya salmaqdadır. Bunlar hamısı DAK-ın tarixində yeni bir dönəmin başlandığını göstərirdi.

– Amma Köln qurultayından sonra özünü DAK adlandıran başqa bir qrup da ortaya çıxdı və bu ictimai rəydə müəyyən bir anlaşılmazlıq yaratdı…

– Qurultaydan sonra bir qrupun da toplantı keçirib özünü DAK adlandırması müəyyən problemlər yaratsa da, bu ancaq qısa bir zaman üçün ad çaşqınlığı olaraq qaldı. Hamı da gördü və bildi ki, 30 nəfərlik toplantı ilə təkcə mandatlı nümayəndələrinin sayı 150 nəfər olan qurultayı yanaşı qoymaq olmaz. Son dəfə ABŞ-a səfərimiz zamanı da həmin qurumun təmsilçiləri ilə görüşlərimiz oldu və bu görüşlərdə də bildirdik ki, biz qarşılıqlı ittihamlara yol verməli deyilik və hərə öz fəaliyyətini bir-birinə mane olmadan davam etdirməlidir. Yəqin müəyyən zaman keçdikdən sonra bu iki qurum arasında müəyyən bir anlaşma yaranacaq və bu ikitirəlik aradan götürüləcək. Bu gün həmin proses gedir. Bu artıq xalqın istəyidir, ictimai sifarişdir. Bu birlik də elə bir şəkildə olacaq ki, DAK-ın bizim başçılıq etdiyimiz təşkilat olduğu hər kəs tərəfindən bilinəcək və qəbul ediləcək.

– Bu da bir həqiqətdir ki, ilk dəfə olaraq DAK dünya səviyyəsində çox yüksək dairələrdə görüşlər keçirdi və Azərbaycan həqiqətləri məhz DAK vasitəsilə dünyaya çatdırılmaqdadır. Yəqin bu görüşlər davam etdiriləcək…

– Qurultaydan bir qədər sonra bizim Avropada və ABŞ-da bir sıra görüşlərimiz oldu. Bu görüşlər haqqında mətbuatda da yetərincə məlumatlar gedib. Bu görüşlərin nəticələri də göz qabağındadır. Bu gün Avropa siyasətçilərinin, ABŞ rəsmilərinin, BMT yetkililərinin dilində İran adlanan yerdə insan haqlarının pozulması, Güney Azərbaycan türklərinin ana dilində məktəblərinin olmaması məsələsi səslənir və bu çox vacib işdir. Onu da etiraf etməliyik ki, bu vaxta qədər bu sahədə bizim fəaliyyətimiz zəif olub. Bundan sonra bu istiqamətdə fəaliyyətimiz güclənəcək. Bu yaxınlarda – dekabrın əvvəllərində Avropaya səfərimiz olacaq və bu səfərdə də bir neçə mühüm görüşlərimiz nəzərdə tutulub. Məsələn, Avropa parlamentində Qarabağ məsələsinə həsr olunmuş ”Qarabağ problemi beynəlxalq hüquq müstəvisində” mövzusunda konfrans keçirəcəyik. Eyni zamanda bu konfransda Cənubi Qafqaz regionundakı bütün münaqişələrin məhz Azərbaycanın parçalanması ilə, yəni 180 il bundan öncə Türkmənçay müqaviləsində təsbit olunan bölünmə ilə birbaşa bağlı olduğunu ortaya qoymaq istəyirik. Həmçinin İsveç parlamentində görüşlər keçiriləcək, bölgədə gedən proseslərlə bağlı DAK-ın mövqeyi isveçli deputatlara çatdırılacaq, Quzey Azərbaycan Respublikasının və Güney Azərbaycanın durumu, burda insan haqlarının vəziyyəti ilə bağlı mənim çıxışım olacaq. Bundan başqa Avropanın bir çox şəhərlərində fəaliyyət göstərən diaspor təşkilatlarımızla görüşlər keçiriləcək və 21 Azər gününün qeyd olunması üçün tədbirlər düzənlənəcək.

– Qeyd etdiniz ki, İsveç parlamentindəki çıxışınızda Quzey Azərbaycan Respublikasındakı duruma da toxunacaqsınız. ümumiyyətlə, DAK-ın Quzey Azərbaycanın iç siyasəti ilə bağlı mövqeyi necədir?

– DAK ölkənin daxili işlərinə qarışmır, bu, bir beynəlxalq təşkilatdır. Amma ölkənin daxili işlərinə qarışmır dedikdə, biz həmçinin o istəyimizi də ortaya qoyuruq ki, Quzey Azərbaycan Respublikasında demokratiya inkişaf eləsin, dövlət elə bir gücdə olsun ki, Quzey Azərbaycan Respublikası dünyanın bütün qitələrində yaşayan soydaşlarımızın cazibə mərkəzinə çevrilsin. Bu bizim istəyimizdir. Amma xaricdə keçirdiyimiz görüşlərdə daha çox ümummilli problemlərin, ərazi bütövlüyümüzün, Qarabağın işğalının, Güney Azərbaycanda yaşayan həmvətənlərimizin milli haqlarının və insan hüquqlarının pozulması kimi məsələlərə toxunulur.

– Dünya Azərbaycanlıları Konqresinin fəaliyyəti Quzey Azərbaycan Respublikasının anoloji fəaliyyət sahəsi ilə necə əlaqələndirilir? Qarşılıqlı münasibətlər nə yerdədir?

– Həm Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, həm Qarabağ məsələsi ilə bağlı, həm də xaricdə yaşayan soydaşlarımızın bir araya gətirilməsi, milli diaspor təşkilatlarının qurulması istiqamətində Azərbaycan dövləti də xeyli işlər görür. Milli Təhlükəsizlik Nazirliyi də bizim son qurultaylarımızda yaxından iştirak edib. Həm də köhnə ”KQB” kimi yox, məhz milli maraqları qoruyan təşkilat kimi bizim bütün qurultaylarımızda Qarabağ sərgiləri təşkil edilib, Xocalı soyqırımına həsr olunmuş sərgi göstərilir, azərbaycanlılara qarşı ermənilərin apardığı soyqırım siyasətinə, soydaşlarımızın öz dədə-baba torpaqlarından deportiasiya edilməsinə, millətimizə qarşı repressiya siyasətinin aparılmasına həsr edilmiş kitablar nümayiş etdirilir. DAK-ın qurultaylarından və toplantılarından istifadə edərək xaricdə yaşayan soydaşlarımızla körpü yaradılır və Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Bizim Quzey Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsi ilə də normal əlaqələrimiz var. Təbii ki, biz o komitənin işlərinə qarışmırıq və onlar da bizim işlərimizə qarışmırlar. Paralel görülən işlər var və bizim işimiz istəsək də, istəməsək də bir-birinə yardım edir. Amma Güney Azərbaycanla bağlı elə görüləsi işlər var ki, bu, Quzey Azərbaycan Respublikasının dinc qonşuluq siyasəti ilə üst-üstə düşmür və bu baxımdan dövlətin apardığı siyasət ayrıdır, bizim gördüyümüz iş ayrı. Bu məsələlərdə təbii ki, fikir ayrılığı var, amma diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, xaricdə yaşayan soydaşlarımızın vətənlə əlaqələrinin genişləndirilməsi, Azərbaycan mədəniyyətinin təbliği və s. məsələlərdə paralel və bir-birinə mane olmadan işlər görürük. Amma nəticə etibarı ilə bütün bu görülən işlər eyni məqsədə xidmət edir.

– DAK rəhbərliyində təşkilatın gələcək fəaliyyət proqramı və hansı işlərin görüləcəyi də müzakirə olunurmu?

– Bir qədər əvvəl söz açdığım Avropaya səfər zamanı Brüsseldə daimi qərərgahda DAK-ın İdarə Heyətinin canlı toplantısı keçiriləcək. Bu iclasda bu ilə yekun vurub, növbəti il üçün iş planını təsdiq edəcəyik. Bu günlərdə DAK həmsədri Firidun Pərviznia və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə Bakıda oldular. Bir çox görüşlərimiz keçirildi, xeyli iş görüldü. Xüsusilə Bakıda təhsil alan güneyli tələbələrin problemlərinin həll olunması, Güney Azərbaycanla müəyyən əlaqələrin qurulması istiqamətində müəyyən işlər görülüb. DAK-ın saytı yaradıldı www.D-A-K.org və mətbuat nümayəndələrinin də iştirakı ilə bu sayt ictimaiyyətə təqdim olundu. Təşkilati işlərlə bağlı da bir neçə məsələlər həll olundu. Eyni zamanda gələn il üçün görüləcək bir çox işlər ətrafında müzakirələr aparıldı. DAK-ın ikiillik fəaliyyət proqramı mövcuddur, amma yeri gəldikcə bu fəaliyyət proqramına bəzi korrektələr və əlavələr edilir. ABŞ görüşlərindən sonra da iş planına yenidən baxıldı və bu ilin axırları üçün görüləcək işlər müəyyənləşdi, gələn ilin birinci yarısında görüləcək işlərlə bağlı da təkliflər hazırlandı. Yəqin ki, Brüsseldə İdarə Heyətinin iclasında bütün təkliflər müzakirə olunaraq fəaliyyətlə bağlı daha dəqiq iş planı hazırlanacaq. İndilik onu deyə bilərəm ki, gələn ilin əvvəllərində bizim Avstraliyaya da səfərimiz gözlənilir. Bildiyiniz kimi bu ölkədə bizim xeyli sayda soydaşımız yaşayır və Avstraliyada ”Azərbaycanın səsi” radiosu fəaliyyət göstərir. Daha sonra yenidən ABŞ-da, Kaliforniyada grüşlərimiz olacaq. Bu ştatda da çox böyük diasporamız var, təəssüf ki, əlaqələrimiz zəifdir və biz indi bu əlaqələri gücləndirmək istəyirik. Bir sözlə, bu il müəyyən təşkilati işlər görüldü, hazırlıq işləri aparıldı, bir az əlimiz-qolumuz açılır, Allah qoysa 2009-cu il DAK tarixində son dərəcə məhsuldar və nəticəli bir il olacaq.

– Bir qədər öncə ABŞ-da keçirdiyiniz görüşlərin nəticəsi olaraq ilk dəfə İran adlanan yerdəki problemlərdən danışan beynəlxalq təşkilatlar Güney Azərbaycan məsələsini də dilə gətirdilər. BMT baş katibi Güney Azərbaycan türklərinin milli haqlarının pozulmasından danışdı. Demək olarmı ki, DAK 180 il öncəki parçalanma və bölünməni dünyanın diqqət mərkəzinə gətirməyi özünə hədəf seçib?

– Həm Avropada, həm də ABŞ-da İran adlanan yerə münasibət mürəkkəbdir, bu dövlətlərin öz siyasəti var və bu siyasəti əsas götürürlər. Tək bir faktı qeyd etmək kifayətdir ki, keçən əsrdə Güney Azərbaycanda məhz Azərbaycan türklərinin başladığı 3 inqilabın 3-ü də böyük güclərin xəyanəti ilə qan içində boğuldu. Sonuncu inqilabı da Azərbaycan türkləri başlasa da, nəticə fars şovinizminin xeyrinə oldu. Yəni İran adlanan yer məsələsində Azərbaycana münasibətdə hər kəs, hər bir xarici dövlət öz maraqlarını güdüb və bu maraqlardan çıxış edib. Onlara İran adlanan yerin bütövlüyü lazımdırsa, onu müdafiə ediblər, yox, İran adlanan yerə təsir göstərmək lazımdırsa, onda Azərbaycanı qaldırıblar, öz niyyətlərin həyata keçirdikdən sonra isə millətimizi güllənin qabağına verib, İran adlanan yerdəki mövcud rejimlərə yardım ediblər. Bütün bunlardan Azərbaycan dərs almalıdır. İndi Azərbaycan demokratik yolla, çox ağıllı bir şəkildə, silahsız dünyanın qəbul etdiyi sivil şərtlərlə mübarizəsini aparır. Biz də DAK olaraq bu mübarizəni dünyaya çatdırmalıyıq. Həm də çalışırıq ki, quru söz deyib keçməyək dillərə tərcümə olunmuş sənədlərlə bu məsələni dünyanın, aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların diqqətinə çatdıraq / Nəsimi, Vətəndaş Həmrəyliyi /

Həmçinin bax!

DAK həmsədri təşkilatın fəaliyyəti ilə əlaqədar növbəti səfərdədir

Təzyiqlər Sabir Rüstəmхanlını qorхutmur www.D-A-K.org -un ”OLAYLAR”a istinadən yaydığı məlumata görə, son vaхtlar ölkədə rezonans ...

Kommentera