Ev / Həmsədrlər / Müsahibələr / “2008-ci il DAK üçün uğurlu olub”

“2008-ci il DAK üçün uğurlu olub”

DAK həmsədri Sabir Rüstəmxanlı: ”Gələn il də həm diaspor təşkilatlarımızın xaricdə təşkilatlanmasını sürətləndirmək, lobbiçilik fəaliyyətini genişləndirmək, onların köməyilə Azərbaycana dostlar qazandırmaq, problemlərimizi çatdırmaq, həm də Güney və Quzey haqqında həqiqətləri dünyaya çatdırmaq üçün çalışacağıq”

ImageVətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı başa çatmaqda olan ili həmsədri olduğu Dünya Azərbaycanlıları Konqresi (DAK) üçün uğurlu sayır. Düzdür, bir neçə ay ərzində DAK-ın adı uğrunda gedən mübarizədən təəssüfləndiyini də gizlətmir. Ancaq hesab edir ki, 2008-ci ildə onun həmsədrliyi ilə fəaliyyət göstərən təşkilat Güney Azərbaycanın səsini dünyaya duyurmaq baxımından faydalı nəticələr əldə edib. Elə digər məsələləri də əhatə edən müsahibəni onun DAK-la bağlı hesabatı kimi də qəbul edə bilərsiniz.

– Küll halında götürəndə 2008-ci il DAK üçün uğurlu olub. Düzdür, köhnə DDAK özünü DAK adlandırmaqla müəyyən problem yaradıb. Yəni elə təsəvvür yarandı ki, ortada iki DAK var. Əslində onun biri elə əvvəlki DDAK-dır, o qədər də fərqlənmir, sadəcə, adını dəyişib. Ancaq bizim üçün çox uğurlu il oldu. Bu ilin iyulunda qurultayımızı keçirdik. Qurultay ilk dəfə olaraq təkcə Azərbaycan diaspor təşkilatlarının seçib göndərdiyi nümayəndələrin yox, həm də Türk Dünyasının dərnəklərinin iştirakı ilə keçirilib. Bu tədbirə Avropa mətbuatı, səfirliklər, konsulluqlar cəlb olunub. Avropadakı türk mətbuatı qurultayı yaxından işıqlandırıb. Bundan sonra bir sıra görüşlərimiz keçirilib. İlin sonunda xırdaca da olsa bunun haqqında hesabat vermək mümkündür. Bu il Amerikada uğurlu görüşlərimiz oldu. Həm Konqresdə, həm BMT-də, həm də oradakı səfirliklərdə, müxtəlif diaspor təşkilatları, türk federasiyaları və televiziyalarında görüşlər keçirdik. ölkəmizin durumu, torpaqlarımızın işğalı, Ermənistanın təcavüzü, Güneydəki soydaşlarımızın vəziyyəti, Azərbaycanın parçalanması ilə bağlı sənədlər, kitablar, filmlər təqdim etdik. çalışdıq ki, dediklərimiz söz olmasın, əyani şəkildə hər şeyi görə bilsinlər. Avropada da bir sıra maraqlı görüşlərimiz oldu. İki dəfə Belçikada görüşlər keçirdik. Bunun birində Azər-Türk Qadınlar Birliyi iştirak edib və orada qadın nazirlərlə, qadın cəmiyyətləri ilə görüşlər olub. Belçikadakı bərabər haqlar nazirinə Ermənistanda əsirlikdə olan 4500-dən çox azərbaycanlı barədə məlumat verilib. Tənzilə xanım onların təqribən yarısının qadınlar və uşqlardan ibarət olduğu barədə məlumat verəndə belçikalı nazir son dərəcə heyrətləndi və dedi ki, bizim indiyədək bu barədə heç bir məlumatımız olmayıb. Belçikaya ikinci dəfə dəvət aldıq. Bu dəfə böyük nümayəndə heyəti ilə görüşlər keçirdik. Orada DAK-ın 25-dək nümayəndəsi iştirak edirdi. 17 nəfər DAK İdarə Heyətinin üzvü, güneyli dostlarımız, fəallar orada idi. 5 gənc də aparmışdıq ki, təcrübə toplasınlar. Belçika Senatında 4 saatdan artıq davam edən görüşdə Azərbaycandan gedən alim və mütəxəssislər müzakirələrə qatıldılar. Mən bizim təşkilat, Güneydəki durum, Qarabağ barədə məlumat verdim. Eyni zamanda məqsədimizi dedim ki, biz Avropa Şurasının üzvüyük, Avropanı tanıyırıq. Amma təəssüf ki, Avropa bizi kifayət qədər tanımır. Bizim niyyətimiz də budur ki, tanısın. Brüsseldə DAK-ın Avropa nümayəndəliyinin iqamətgahını açdıq. Artıq orada daimi iqamətgahımız, işçilərimiz var. Onlar həm əlaqələndirmə işi görür, həm də gələcəkdə bir araşdırma mərkəzi kimi fəaliyyət göstərəcəklər. Biz Azərbaycanın gələcəyini və Avropada başqa diaspor təşkilatları qədər fəal işləməyini, həqiqətlərimizi dünyaya çatdırmasını istəyiriksə, hökmən Amerika və Avropada Azərbaycan institutları qurulmalıdır. Ola bilsin bunu Güney Azərbaycan qeyri-hökumət təşkilatları qura bilər. Bir də ümumi şəkildə Azərbaycan institutları qurulmalıdır ki, bunlar Avropa kontekstində Azərbaycanla bağlı araşdırmalar aparıb Avropaya çatdırsın. Bu, həm də Qarabağ məsələsi ilə bağlı informasiya məğlubiyyətindən xilas olmaq üçün çox mühümdür. İlk addım olaraq DAK-ın Azərbaycan nümayəndəliyini açdıq və hazırda onların saytı da fəaliyyət göstərir. İsveç parlamentində də görüş keçirdik. Görüşdə 10-a yaxın isveçli deputat iştirak edirdi. Onlar Azərbaycanın həm Quzeyi, həm də Güneyi ilə maraqlanırdı. Eyni zamanda Azərbaycanda mətbuatın vəziyyəti, söz azadlığı, seçkilər, siyasi partiyalarla bağlı maraqlı sualları vardı. Həmçinin Güney Azərbaycanda, İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan 35 milyon bacı-qardaşımızın indiki durumu ilə maraqlanırdılar. Dünyanın harasında olduqsa- həm BMT-də, həm ABŞ Konqresində, həm də Avropa ölkələrində- heyrətə gəlirdilər ki, necə ola bilər 35 milyonluq bir xalq indiyə qədər öz məktəbini yarada, öz dilində oxuya bilmir, bu qədər hüquqsuz vəziyyətdədir. Bu, doğrudan da utanc gətirən bir şeydir. Bəzi yerlərdə də sanki bu barədə ilk dəfə eşidirmişlər kimi danışırdılar. Təbii ki, BMT-də, ABŞ Konqresində bu barədə bilirdilər, dəqiq məlumatları var idi. Amma zəif fəaliyyət göstərməyimiz, bu barədə beynəlxalq təşkilatlarla az işləməyimiz hamını təəccübləndirirdi.

– Sadaladığınız bu görüşlərin məntiqi nəticəsi nə oldu?

– Sevinirik ki, bu görüşlərdə təqdim etdiyimiz sənədlərin əks-sədası olaraq BMT-də artıq İran adlanan yerdə insan haqları, xüsusən azərbaycanlıların hüquqlarının pozulması məsələsi müzakirə olundu və hətta bir bəyanat da qəbul edildi. Avropadakı görüşlərimizin bir hissəsi də oradakı dərnəklərimizdə oldu. Güney Azərbaycan Konqresi, Azərbaycan Federalistlər Partiyası ilə görüşlər keçirdik. İndiyədək DAK-dan uzaq qaçan, ancaq artıq DAK-ın fəaliyyətini izləyən bir sıra təşkilatlar bundan sonra əməkdaşlıq etmək təklifi ilə həmin görüşlərə gəlirdilər. Belçikada ofisimiz açılandan sonra İraq türkmanlarının birliklərinin nümayəndələrini, Avropa Türk Tələbə Birliyinin rəhbərini qəbul etdik. ümumiyyətlə, bu səfərlərdən razı qayıtdıq.

– Şübhəsiz ki, ümummilli məsələlərin həllində dünya azərbaycanlılarının gözü Bakıya dikilib. Bu mənada görüşləriniz zamanı həmin ölkələrdəki diplomatik korpusların diqqətini görə bildinizmi?

– Vaşinqtondakı görüşlərimizin təşkilində səfirimiz Yaşar Əliyev yaxından kömək elədi. BMT-dəki görüşümüzə bu qurumdakı səfirimiz Aqşin Mehdiyev yardımçı oldu. çünki seçki öncəsi idi və yalnız bir gün öncə görüş xahişi etmişdik. Avropa görüşlərini səfirlərin yardımı olmadan təşkil etmişdik. Amma Belçikada səfirimiz Emin Eyyubov, İsveçdə isə Rəfael İbrahimov dəvətimizi qəbul edib görüşlərdə iştirak etdilər. Onlar Qarabağ məsələsi haqda danışdılar və görüşləri təşkil etdiyimizə görə DAK olaraq bizə təşəkkür etdilər.

– Belə çıxır ki, Amerika və Avropadakı diplomatlarımızın Güney məsələsinə münasibəti İran adlanan yerdəki səfirimiz Abbasəli Həsənovdan fərqlidir?

– Səfirlərimiz Güney məsələsinin müzakirəsini gözləmədilər. Onlar əsasən Qarabağ məsələsi ilə bağlı sözlərini deyib getdilər. Bunu təbii sayıram. çünki ölkənin İran adlanan yerlə rəsmi münasibəti aydındır, dinc, qonşuluq siyasəti aparılır. Hərçənd ki, mən Abbasəli Həsənovun İran adlanan yerdəki mövqeyini qətiyyətlə pisləyirəm. O cür düşünən adam səfir qala bilməz. Avropada bizim gənc, amma istedadlı səfirlərimiz var ki, Qarabağla bağlı kifayət qədər peşəkar çıxışlar etdilər. İş qrafikləri ilə bağlı olaraq görüşlərin sonunadək qala bilmədilər.

– Azərbaycan dövləti Borçalıda yaşayan soydaşlarımızın problemlərinə qayğı ilə yanaşmağa müəyyən cəhdlər göstərir. Oradakı sosial problemlərdən tutmuş təhsil məsələlərinədək müxtəlif səviyyələrdə diqqətin şahidi oluruq. Bəs İran adlanan yerdəki azərbaycanlıların taleyinə niyə rəsmi səviyyədə çox laqeyd münasibət var?

– Məncə, televiziyalara, mətbuata gizlin bir şəkildə rəsmən qadağa qoyulub ki, Güney Azərbaycan türklərinin taleyi ilə bağlı heç bir şey danışılmasın, Təbrizin adı çəkilməsin. Biz ”Təbriz axşamı” keçirdik, mətbuat demək olar ki, susdu. Bu, səbəbsiz deyil. Yaxud bu yaxınlarda Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının yığıncağı keçirildi və orada ”Dünya Azərbaycanlıları Həmrəylik Xartiyası” qəbul olundu. Mən orada da çıxış edib sözümü dedim. O xartiyanın hazırlanmasına ciddi zəhmət çəkilib. Amma təəssüf ki, o sənəddə Güney azərbaycanlıları ilə bağlı heç bir şey yoxdur. Millətin taleyinə bu qədər biganə qalmaq olmaz. Düzdür, bizim vəziyyətimiz mürəkkəbdir, hər şeyi başa düşürük, amma dövlətçiliyin bir şərti də cəsarətdir. Digər şərti isə real vəziyyəti dünyaya çatdırmaq üçün diplomatik yolların axtarılıb tapılmasıdır. Biz bu gün İran adlanan yeri parçalamaq, yaxud sabah oradan Azərbaycanı qoparmaq haqqında danışmırıq ki. Mən keçirdiyim görüşlərdə də bunu açıq dedim. Biz sadəcə onu deyirik ki, dünyanın qəbul etdiyi beynəlxalq normalar var. Mən görüşlərdə deyəndə ki, Güneydə 35 milyon azərbaycanlı var, deyirdilər, bizdə ayrı rəqəm var, bizə çatan məlumata görə, 27 milyondur. Bildirdim ki, 27 milyonun 12 milyonunu da çıxıram, qalır 15 milyon. 15 milyon insanı boğmaq, məhv eləmək, farslaşdırmaq, məktəbsiz, dilsiz qoymaq olarmı? Yəni bunun diplomatik yolları var və dövlət olaraq biz o yollardan istifadə eləyə bilərik.

– Milli Məclisdə Şəhriyara qarşı sayğısızlıqla bağlı çıxış etdiniz. Sonradan şairin abidəsi qoyulacaq yerdə fəvvarə tikilməsi məsələsi ilə bağlı araşdırmalarınız oldumu?

– Şəhriyarın heykəlinin yerində fəvvarə tikilməsi Bakı şəhər rəhbərliyinin çox kobud səhvidir. Bu, onun millətə hörmətsizliyidir. Məncə, bu, təkcə İran adlanan yer faktoru deyil. Sadəcə olaraq, Şəhriyarın Azərbaycan ədəbiyyatındakı yerini bilmirlər. Mən həmin adamlara xatırlatmaq istəyirəm. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevə sual verirlər ki, sənin Azərbaycan ədəbiyyatında ən çox sevdiyin şair kimdir, o, düşünmədən çox inamla deyir ki, Şəhriyar. Bir halda ki, bu adamları vəzifəyə gətirən ölkə başçısı vaxtilə bu sözü deyib, Şəhriyara böyük sayğı göstərib, Şəhriyar bizim ədədiyyatımızın klassikləri ilə – Nizami, Füzuli, Vaqif, Sabir, Cəlil Məmmədquluzadə ilə yanaşı dayanan bir insandır, onda necə olur millətdən üzr istəmədən onun heykəli qoyulacaq yerdəki daşı götürüb əvəzinə fəvvarə tikirlər? Bu, analoqu olmayan kobudluq və millətə hörmətsizlikdir. Mən bu barədə fikrimi demişəm. Amma təəssüf ki, il ərzində parlamentdə cari məsələlər müzakirə olunanda bizim qaldırdığımız məsələlərin demək olar ki, heç birinə heç bir reaksiya verilmir. Ona görə də mən məsələ qaldırdım ki, yaxşı olar il uzunu verilən təkliflər barədə ilin sonunda hesabat təqdim olunsun. Ki, nə qədər təklif səslənib, onların neçəsi yerinə yetirilib, neçəsi barədə sorğu göndərilib, nəticəsi nə olub. Yəni görək qanunverici orqanın əlaqələri necədir və onun təsir gücü nə qədərdir. Təəssüf ki, o suala da cavab verilmədi. Amma yeni ildən Şəhriyarın heykəli məsələsi ilə ciddi şəkildə məşğul olacağam. Güman edirəm ki, bu məsələ elə-belə qalmayacaq. Şəhriyara Bakıda elə Şəhriyar adına mədəniyyət mərkəzinin ətrafında heykəl qoyulmalıdır. Bu məsələ də bir siyasi mülahizə ilə kənara qoyula bilməz.

– Etirazlara baxmayaraq, parlament konstitusiya dəyişiklikləri ilə bağlı referendumun gününü müəyyənləşdirdi. Müzakirələrdə iştirak etmədiyiniz üçün sizin mövqeyiniz bəlli olmadı…

– Mən ilk iclasda fikrimi dedim. Amma sonra gördüm ki, artıq bu məsələ hakimiyyətdə razılaşdırılıb. Dünənki (srağagünkü-E.P.) iclasda iştirak edə bilmədim. öncə televiziyaya çağırmışdılar. Amma əsas səbəb o idi ki, qardaşımın əməliyyat məsələsi var idi və xəstəxanada olduğum üçün iclasda iştirak edə bilmədim. İştirak etsəm belə, onsuz da əvvəlki gündən çıxışlara yazılmışdılar. O, çox böyük siyahı idi və ora əlavə adamın düşməsi mümkün deyildi. Etiraz edənlərin rəyi onsuz da nəzərə alınmadı. Azərbaycan üçün nə xeyirlidirsə, ona çalışmalıyıq. Görünür, hakimiyyətin indiyə qədər xüsusən Qarabağla, iqtisadiyyatla bağlı apardığı siyasətin davam etməsi daha xeyirli görünür. Hesab eləmirəm ki, bu, elə-belə, ani, yaxud parlamentin təklifi ilə qəbul olunmuş bir qərardır. Görünür, bu məsələ diqqətlə götür-qoy edilib. Konstitusiya müəyyən qruplaşmaların, qarşıdurmaların, diqqəti əsas məsələlərdən yayındırmağın qarşısını almaq üçün dəyişdirilir. Mən istərdim ki, konstitusiyaya başqa bir sıra dəyişikliklər də olsun. Əslində mənim təklifim bu idi ki, dəyişiklik olsa da buna ayrıca vaxt, vəsait sərf edib referendum keçirməyə ehtiyac yoxdur. Referendumu 2010-cu ildəki parlament seçkiləri ilə eyni vaxta salmaq olardı. Amma artıq qəbul olundu və parlament üzvü kimi qəbul olunan qanunlara hörmətlə yanaşmağa borcluyuq.

– İştirak etsəydiniz, dəyişikliyə səs verəcəkdinizmi?

– Yox, mən müzakirələrdə iştirak etməmişəm. Keçən dəfə səs verməmişdim.

– Bildiyimizə görə, bu gün Türkiyəyə səfərə gedirsiniz. Səfərdə məqsəd nədir?

– Bu səfər qeyri-rəsmi xarakter daşıyır. Sadəcə, yaradıcılıq işləri, yeni nəşr olunan kitablarla bağlıdır. Son olaraq onu demək istəyirəm ki, başa çatmaqda olan ildə qəzetinizin diqqətini hiss eləmişəm. Hesab edirəm ki, bu, normal bir şeydir. çünki mətbuat getdikcə siyasi partiyaların əlaltısı olmaqdan xilas olmalı və məsələlərə geniş yanaşmalıdır. Bu cəhətdən ”Yeni Müsavat”la bizim builki əməkdaşlığımız uğurlu olub. Mən qəzetin bütün əməkdaşlarını, həm də qəzet vasitəsilə bütün oxucuları və bütün millətimizi dünya azərbaycanlılarının həmrəyliyi bayramı və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, 2009-cu il uğurlu il olacaq. Xüsusən də bizim də DAK üçün çox uğurlu il olacaq. çünki indidən bütün il üçün iş planımız müəyyənləşib. Əsas işimiz gələn il də həm diaspor təşkilatlarımızın xaricdə təşkilatlanmasını sürətləndirmək, lobbiçilik fəaliyyətini genişləndirmək, o təşkilatların köməyi ilə Azərbaycana dostlar qazandırmaq, problemlərimizi çatdırmaq, həm də Güney və Quzey haqqında həqiqətləri dünyaya çatdırmaq üçün çalışacağıq. Bu mənada 2009-cu il bizimçün çox gərgin qrafikli il olacaq / Elşad PAŞASOY, Yeni Müsavat /

Həmçinin bax!

DAK rəhbərliyi Şərqi Türküstanta baş verən hadisələrə münasibətini açıqlayıb

Sabir Rüstəmxanlı: ”Bu faciə uyğurların taleyində yeni bir dönüş nöqtəsi olacaq” ”Bu ilin payızında, inşallah, ...

Kommentera